Fiqaro - kasıb, zəhmətkeş,
optimist nəslin nümayəndəsi...
Bilmirəm, Bomarşe adı ağlımda haradan
ilişib qalmışdı. "Dəlisov gün
və ya Fiqaronun toyu" pyesini də tamamən unutmuşdum.
Bircə onu bilirəm ki, Barokko dəbdəbəsini
xatırladan bu ismi özlüyümdə dəfələrlə
təkrarlayıb səslənməsindən zövq
alırdım.
Hollivud
filmlərinin birində (filmin adını unutmuşam) bir zənci
övlad dünyaya gətirən anaya "övladının
soyadı nədir?", - deyə sorur. Soyadı eşidincə, çox sadə səslənir,
deyərək, o zaman çalışın adını
gözəl qoyun, məsləhətini anaya verir. Çünki həyatda özünü ifadə etməyin
bir yolu da özünü təqdimetmə zamanı şəxsiyyət
vəsiqəsi kimi ortaya qoyduğunuz ad və
soyadınızdır. Yəqin, elə buna
görə dastanlarımızın qəhrəmanları
triumfa yüksəlməyincə adsız qalırdı. Axı, adı qazanmaq lazımdır. Yəni mənasız olduğun halda,
sözünün məntiqi, keyfiyyəti olmadığı
halda, ya da düzgün yerdə oturmadığın halda
adının qonşuluğuna "məna" təxəllüsü
əlavə etməklə xüsusi məzənnəyə
minmək mümkün deyil, axı. Amma istənilən
halda, belə cəhdlərin olması şəxslərin həmin
təqdimata, gurultuya ehtiyacın olması mənzərəsini
bizim üçün aydın edir.
Təsadüfi deyil ki, Pablo atasının deyil, məhz səslənişi
gözəl olan, diqqətçəkən ana soyadını
özünə təxəllüs edirək Pikassoya
çevrilir.
Və yaxud Pyer Oqyüsten Karon keçmiş həyat
yoldaşına məxsus ərazinin adını - "de
bomarşe"ni
öz soyadı kimi qəbul edir. Dünya
ədəbiyyatı səhnəsində Karondan daha çox,
Bomarşe kimi xatırlanır.
Puşkinin Bomarşeyə qarşı xüsusi
simpatiyası mövcud idi. Fransız
komedioqrafı kimi ona pərəstiş edirdi. Şairin qələmə aldığı
"Motsart və Salyeri" pyesində Bomarşe obraz olaraq, ad
kimi, rəvayət kimi qəflətən pyesin sonlarında
peyda olur. Pyesdə Salyerinin dostu olaraq verilən
Bomarşe əhvalatını Motsartın dilindən
eşidirik. Dahi bəstəkar Bomarşenin
həqiqətən kimisə zəhərləyib
öldürdüyünü sorunca, Salyeri "Yox, onun buna
hünəri çatmaz" cavabını verərək
Motsartın şərab badəsinə zəhər
tökür. Və onu əbədi
ölüm yuxusuna yola salır. Əlbəttə, öz
uğurları ilə Motsart Salyerinin əsəblərinə az toxunmurdu. "Yazıq"
Salyeri nə edə bilərdi axı?
Deyilənə görə, "Fiqaronun toyu" əsəri
pyes olaraq deyil, Motsartın opera bəstəsindən sonra daha
çox populyarlıq qazanmışdı. Təsəvvürünüzə
gətirin ki, Barokko dəbdəbəli teatr salonları
Motsartın bəstəsindən lərzəyə gəldiyi
zaman Şərq xurafat dalğasının qara pəncəsi
altında əzilməkdə idi. Dahi bəstəkarın
məşhur operasından bir əsr sonra Seyid Əzim
Şirvani "Guş qıl" müxəmməsi ilə əsrlərdir
qəflət yuxusunda yatan Şərqə musiqinin heç də
günah olmadığı həqiqətini var gücü ilə
bağırmağa çalışırdı. Dahi
Üzeyir Hacıbəylinin "Arşin mal alan"
musiqili komediyasında "oxu - oxuma" dilemması
arasında qalan Əsgər kimi cəmiyyətin
ziyalısı da "Yuxarı tüpürürsən
bığdı, aşağı tüpürürsən
saqqal" yolayrıcının arasında qalmışdı.
İndi nə edəsən, güldürəsən,
yoxsa ağladasan? Çətin
seçimdir. Hər halda, kortizol - orqanizmin
yalnız musiqi dinləyən zaman ifraz etdiyi ən gözəl
hormondur. Tədqiqatlar isə göstərir
ki, musiqi yaddaşın möhkəmlənməsi
üçün əsas yardımçılarından biridir.
Xurafata isə möhkəm yaddaş qətiyyən
lazım deyildi.
Yadımdadır, illər əvvəl Bəhram
Bağırzadə müsahibələrinin birində
rayonlarımıza qastrol səfərlərinə getdikləri
zaman insanların onları "Güldürənçilər
gəldi" - deyə qarşıladıqlarını
söyləmişdi. Keçmiş KVN-çilər
sonrakılardan fərqli olaraq, düşündürərək
güldürməyi çox yaxşı bacarırdılar.
Haqverdiyevin həyatdan gəlmə qəhrəmanları
kimi özümüzə gülmək olduqca yaxşı hal
olsa da, düşünərək özümüzə "dəyişmək
lazımdır" deyə bilirikmi? Sual,
budur. Yoxsa elə qəbirüstünə
gedib kimisə məzara yola saldığımız an, o
dünyanın labüdlüyünü düşünüb
islah olunmaq fikrinə gəliriksə, oradan uzaqlaşınca hər
şeyi unuduruqmu? Eləcə də
gülüşümüzü teatr salonlarında heç nə
olmamış kimi qoyub tamaşa salonunu tərk edirik? Yəni teatra gedirik? Yəni yeməyə
yeyirik, həzm etməyi unuduruq? Həzm
prosesi orqanizmin ən qəliz mexanizmidir. İnanıram
ki, mədədəki bu funksiya beynimizdə də mövcuddur.
Sadəcə, mexanizmi işə salmaq
lazımdır.
Hə, Bomarşe haradan ağlıma gəldi axı? Həftə
sonu idi. TV kanalları çevirən zaman
maraqlı heç nə tapmadığımda cizgifilminə
kökləndim. Dəfələrlə
baxsam belə, gedişatın nə olduğunu bilsəm belə,
"Tom və Cerri" cizgi filminə yenidən baxmağı
qərara aldım. İlahi, Tom nə edir?
Kütlə qarşısına çıxan məşhur
pişik Motsartın Fiqarosunu oxuyur. Bəli,
bu, Motsartdır. Necə olub ki, bu vaxta qədər
buna nəzər yetirməmişəm. Təcili
Yutub kanalını açıram. Cizgi
filminin müxtəlif bölümlərinə nəzər
salıram. Cerrinin addımından
tutmuş, Tomun qaçışına qədər, pianoda
ifasına qədər hər şey klassikadır. Və qəribəsi budur ki, məktəblərimizdə
tədris olunan musiqi dərsindən fərqli olaraq, cizgi filmində
"filan opera neçənci ildə yazılıb?",
"filan bəstəkarın neçə komediyası
var?", "nə vaxt doğulub, nə vaxt dünyadan
gedib?" kimi yorucu suallar, rəqəm yığını
şagirdlərin beyninə doldurulmur. Axı
orada həzm prosesi getməlidir, cənablar. Axı
lazımsız rəqəmlərlə, A,B,C,
yoxsa D variantı ilə kilidlənən beyinlər boğula
bilər. Oraya nəfəslik lazımdır.
Hava lazımdır, əfəndilər. İcazə verin balacalarımız yüklənmiş
tədris proqramından oyanıb dünyaya baxsınlar, nəfəs
alsınlar. İcazə verin, lütfən.
Bomarşenin qəhrəmanı adi, sıravi kütlə
adlandırdığımız camaatın içindən
çıxmış qəhrəman idi. Elə
Bomarşenin özü kimi. Bəli, müəllif
böyük çabalardan sonra istəyinə nail olur. Saatsaz oğlu, saat mexanizmində yeniliyə əl
ataraq kralın diqqətini öz üzərində cəmləyə
bilir. Birbaşa hökmdarın saatsazı
olaraq kralın iqamətgahında yerləşdirilir. Musiqidən xəbərdar olduğu üçün
kral övladlarına arfa dərsləri də verir. Yəni yazıçı yazıçı olana qədər
böyük, əhatəli həyat yolu keçmiş olur.
Belə həyat təcrübəsi olan insanlar, sanki
soyuqdan istiyə və ya əksinə - istidən soyuğa
keçirmiş kimi, fərqli temperaturların içində
necə inkişaf etməyin mümkünlüyünü, qəribəliyini
mənə aşılayır. Əlbəttə,
"bir nəfəri cəzalandırmaq istəyirsənsə,
ona istədiyini ver" məsəli yadımıza
düşür. Bomarşe istəyinə nail olmuşdu.
Amma içində yatan aşağı təbəqənin
genetik yaddaşı özünü büruzə verirdi.
Zadəgan həyatı alt təbəqənin qəbul
etmədiyi müəyyən əxlaq çərçivələri
ilə böyük ziddiyyət təşkil edirdi. Eynilə Fiqaro kimi. "Sən mənə
vəzifə ver, ora göndər, bura göndər, mən sənin
ailənə xidmət edim. Sən isə mənim
qadınımı yatağa çək?" sualını
Fiqaro özünə verir. Əslində,
bu, Bomarşenin narahatlığı idi. O, zadəgan həyatında
qəbul olunmuş müəyyən dəyərləri dəyərsizlik
kimi qəbul edirdi. Bunları həzm edə
bilmirdi.
Həmçinin müəyyən inqilabi fikirlər, cəmiyyətdə,
dövlətçilikdə yazıçının qəbul
etmək istəmədiyi hadisələr bədii priyomlarla alicənab,
zəkalı Fiqaronun dilindən deyilirdi. Zəkalı Fiqaro
hökmdar sarayından öyrəndiyi yollarla mətndə əleyhinə
ola biləcək "və"
bağlayıcısını, asanlıqla "və ya"ya
çevirərək böyük məsuliyyətdən xilas
olmuş olur. Yəni hər şey bu qədər
sadə.
"Bartolo - Mən qətiyyətlə deyirəm ki, bu
bağlayıcı cümlənin iki bərabər hissəsini
bitişdirmək üçün yazılmışdır. Özü də
"və"dir.
Fiqaro - Mən qətiyyətlə deyirəm ki, o,
cümlənin bir-birinə qarşı qoyulan iki hissəsini
ayırmaq üçün yazılmışdır. Özü də
"və ya"dır. (Ürəyində): O əgər
tülküdürsə, mən də onun quyruğuyam. İstəyir
lap latınca desin, mən də onun üçün yunanca
qırıldadaram".
Bəlkə, elə buna görə XVI Lüdoviq pyesin səhnələşdirilməsinə
qəti qadağa qoymuşdu. "Yəni çörəyimi yeyə-yeyə
mənə naxələf çıxmaq?".
Aristokratiyaya necə gülmək olar axı?
İstənilən halda, aristokratiya əsas ilhamverici
qüvvə kimi, yazmaq həvəsini artıran obyekt kimi daima
yazıçılar üçün mövzu rolunda olub. Necə ki,
ilkin yunan tamaşalarında, Roma teatrlarında xalqın
qarşısına hakim dairələrin fiqurları
çıxırdı. Xalq göstərilən
tamaşaya, bəlkə də, yazıçının mətnaltı
sözlərini duymadan gülürdü. İslah
olurdu, ya olmurdu, nəticə çıxarırdı ya
çıxarmırdı - bu, sonrakı məsələdir.
Azərbaycan ədəbiyyatında da qələm
ustaları xalqın anladığı, daha doğrusu, hər
şeyə hırıldadığı bir üslubdan istifadə
edərək onu islah etməyə çalışır. Amma anlada
bilmir ki bilmir. Bir addım önə gedən
məktəbləşən, savadlanan cəmiyyət nədənsə
tənbəlliyindən yenə də hər şeyi unudur.
Bir də görürsən bürünürlər,
saqqallaşırlar. İbadətdirmi
bütün bunlar? Yox, əlbəttə,
yox. Ömründə kitab üzü
açmayan insan sənə ibadət dərsləri verməyə
başlayır. Absurddur.
Bəzən ssenarisini yazdığımız sicilləmə
seriallara da "rədd olsun" deyə qışqırmaq
istəyirik. Bizim mesajımız nədir? Axı
burda nə bir estetika var, nə normal fikir təlqin olunur, filan
obraz niyə yenə də gündəmə gəlməlidir
axı, sualını verəndə - kütlə bunu istəyir,
cavabını almış oluruq. Hə,
pulsuz çörək və tamaşa. Ziyalı
da yeməlidir axı, "yaxşı, verin o mənasız
ssenarini". Davam edək... "Ekologiya,
budur. Ağ salırsan, qara çıxır..."
Fiqaro və Fiqarokimilər, Rablelər, Bomarşelər,
Panuqanlar - hamı yaşadığı cəmiyyəti dəyişə
bilir. Avropa gülə-gülə dəyişə bilir.
Hərdən Allahsızlaşır da. Hər şeyi məntiq süzgəcindən
keçirərək qəbullanır. Kitabsızlıq,
oxumağı əzab olaraq qavramaq. Ya da
oxumaq istədikdə isə yersiz dərs yükləmələri
ilə kitabdan iyrəndirilmək cəmiyyəti bir daha, bir
daha geri salır. Qızlar
qaçırılır, qadınların başı qırxılır,
ehtiraslar artır, hamının başı olmalı olduğu
yerdə olmur, istəklərlə reallıq üst-üstə
düşmür, Məşədi İbadlar isə hər
şeyi pul ilə satın alır. Hər şeyi...
Biz bacarmadıq, Üzeyir bəy, bacarmadıq.
Günel EYVAZLI
Ədəbiyyat.-
2018.- 22 dekabr.- S.19.