Müəmmalı Lorka məzarı
Yazıçı Marta Osorionun
şair-dramaturq Federiko
Qarsia Lorka haqqında kitabı nəşr edilib: "Bir ölümün müəmması". Marta
Osorio mərhum ispan şairinin bioqrafı hesab olunur. Kitabda Aqustin Penyon və Emiliya Lyanos arasındakı məktublaşmadan ümumi
nəticə çıxarılıb.
İspan
əsilli, hazırda
ABŞ vətəndaşı olan Aqustin Penyon
Qarsia Lorkanın birinci bioqrafı sayılır. Emiliya
Lyanos isə mərhum şairlə dost
olub. Bu yazışma
ötən əsrin
50-ci illərində baş
tutub.
Məlumdur ki, Qarsia Lorka
1936-cı ilin avqustunda,
İspaniyada Vətəndaş
müharibəsi başlayandan
bir ay sonra güllələnib. Əsas ehtimal bundan
ibarətdir ki, onu SEDA ultrasağçı
partiyanın döyüşçüləri
Qranada yaxınlığında,
Alfakar adlı məkanda qətlə yetiriblər. İndiyə qədər hesab edilirdi ki, şairin
qəbri buradakı qardaşlıq məzarlığında,
digər güllələnənlərlə
yanaşı uyuyur.
2009-2014-cü illərdə
həmin qəbri tapmaq ümidi ilə işlərə başlanıldı. Bu işə
maliyyə vəsaiti ayırmış, yerli hökumətin nümayəndəsi
Xuan Fransisko Arenasın mətbuata verdiyi müsahibədən
kiçik çeşmə:
"Müharibə vaxtı
və ondan sonra bu məkan
hərbçilər üçün
atıcılıq yeri
hesab edilib. Yaşlı sakinlərin "qardaşlıq
məzarlığını atıcılıq meydanına
çevirməzlər" etirazına hərbçilər
əhəmiyyət verməyiblər.
Bəzi ədəbiyyatşünaslar və
ekspertlər tam əmindir
ki, Qarsia Lorkanın məzarı məhz burada yerləşir. Şair güllələnmiş
adamlarla bir yerdə basdırılıb.
Təxminən iki anarxist və məktəb müəllimi ilə bir yerdə".
Beləliklə, 2009-cu ildə, 51 gün ərzində məzar axtarıldı. ABŞ-ın CNN
telekanalı məlumat
verdi ki,
bu işlə Tarixi Abidələrin Bərpası Assosiasiyası
məşğul olacaq.
Təşkilatın üzvləri İspaniyanın
cənubundakı Alfakar
kəndinin yerli rəhbərliyinə müraciət
ünvanladı. Müraciətdə kənd sakinlərindən
Viznar adlanan yerdə kütləvi qəbiristanlıqda qazıntı
işlərinə başlanılması
rica edilirdi. Adamlar etiraz etmədi. Lakin yenə də Lorkanın qəbri tapılmadı.
İspaniyanın "El Mundo" qəzetinin məlumatı isə sensasiya doğurdu. Məlumata əsasən
digər ekspedisiya yerli sakinlərin söylədikləri ilə
uyğunluq təşkil
edən qəbri tapdılar. Həmin qəbirdə şairlə
yanaşı, müəllim
Dioskoro Qalindo, müfəttiş Fermin Roldan, rəssam-bərpaçı
Migel Kobo, eləcə
də Fransisko Qaladi və Xoakin Arkolyas da basdırılıb. Budəfəki axtarışları Qranada Universitetinin əməkdaşları və
"Condor Georadar" şirkətinin
rəhbəri Luis Avial
öz üzərlərinə
götürmüşdülər. Adıçəkilən şirkətin istehsal
etdiyi avadanlıqla yerin 18 metr dərinliyində
nəyin yerləşdiyi
müəyyən edilib.
Ekspedisiya üzvləri öz
fəaliyyətlərini 1930-cu illərin sənədlərinə
əsasən qurublar.
Radiolakator üç seksiyadan
ibarət - eni 2, uzunluğu 6 metr, dərinliyi 90 santimetrlik məzar aşkarlayıblar.
Bura 6 insanın meyiti rahatlıqla yerləşərdi.
Həmin
çala hazırda şairin şərəfinə
ucaldılan abidənin
yaxınlığında yerləşir.
Şirkətin rəhbəri Luis Avalın dedikləri maraq doğurdu. O bildirmişdi ki, məzara sonradan müdaxilə edilib: "Təsəvvür edin ki, qəbir qazılır. Məntiqlə düşünsək, neçə ildən sonra torpaqda hər hansı qazıntı olmamalı idi. Ancaq görünür ki, kimsə qəbri açıb".
O, əvvəlcə fikirləşib
ki, hansısa kəndli burada ağac əkməyi qərara alıb. Ancaq yaşlı sakinlər ona dedi ki, qohumları
Qarsia Lorkanın meyitini qəbirdən çıxarıblar. Ekspedisiyanın
üzvlərinin gəldiyi
nəticə də qəzetlərin əsas xəbərinə çevrildi:
"Bütün sümükləri
DNK analizinə verməklə
Lorkanı tapmaq". Yeri gəlmişkən, Lorkanın qəbrini axtarmağın əleyhinə
olan indiki qohumları indi DNK analizinə razıdırlar:
"Təki məşhur
qohumumuzun məzarı
tapılsın". Lorkanın güllələnməsinin
digər xırdalıqlarına
gəlincə, yazılır
ki, Qarsia Lorka sosialist təmayüllü olmaqla bərabər, adı homoseksuallığa meyilli
şəxs kimi hallanıb. Ancaq general Franko rejiminin
şairi gözdən
salmaq üçün
böhtan atdığı
ehtimalı da irəli sürülür.
Elə Marta Osorionun kitabından da aydın olur
ki, Lorkanın məzarını burada axtarmaq vaxt itkisidir. Məsələ burasındadır ki, yazıçının əlinə
şairin birinci bioqrafının arxivi keçib. Penyon şairin tanışı
Emiliya Lyanosun fikirlərinə əsasən
yazıb: "Məzar
orada deyil. Qarsia Lorka güllələnəndən
sonra həqiqətən
də basdırılıb.
Amma sonra qohumları tərəfindən oradan çıxarılaraq başqa
yerdə dəfn edilib".
Maraqlıdır, hansı səbəbə görə şairin qəbri tapılmayıb? Bunun bir
neçə səbəbi
var. Birincisi, general Frankonun
hakimiyyəti dövründə,
ümumilikdə 1930-70-ci illər
ərzində Lorkanın
nəinki adını
çəkmək, ümumilikdə
qəbrinin axtarışı
qadağan edilib.
Çünki rejimin tərəfdarlarının
Lorkanı öldürməsi
ört-basdır edilib.
Daha doğrusu, cəmiyyətin
söz-söhbətindən yayınmaq üçün
ümumilikdə həmin
mövzuya toxunmağı
lazım bilməyib.
General tərəfdarlarının mirzələri daim deyiblər ki, Vətəndaş müharibəsində
hər cür özbaşınalıq ola bilər. Yəqin, Lorka belə anarxiyanın qurbanı olub: "Müharibə zamanı baş verən minlərlə belə hadisənin fonunda Lorkanın ölümünü
çox da şişirtməyin".
Lorkanın qəbrinin tapılmamasının
ikinci səbəbi İspaniyadakı solçularla
bağlıdır. Son iki onillikdə Lorkanın ölüm səbəbi siyasiləşdirilib.
Onun tərcümeyi-halında dəyişiklik
bundan ibarət idi ki, Lorka
ümumi ideya naminə, solçu fikirlərinə görə
qətlə yetirilib.
Hesab ediblər ki, Lorka solçuluq ideologiyası ilə
general Frankonun adamlarının
qəzəbinə tuş
gəlib. Məhz buna
görə də onun qəbrinin tapılması Franko diktaturasına sərfəli
olmayıb. Qəbir tapılsaydı,
dünya solçuları
onun ziyarətinə gələcəkdilər. Əksəriyyət, xüsusən
tarixçi Migel Kabalyero tam əminliklə
söyləyir ki, Lorkanın qəbri yalnız qardaşlıq məzarlığında ola bilər. Çünki rejimə qarşı
açıq fikir səsləndirən insan həmin qəbirlərin sırasındadır.
Ancaq hələ siyasiləşməyən
tədqiqatçıların fikirləri də maraq doğurur. Onlar hesab
edir ki, Lorka siyasi baxışına
görə qətlə
yetirilməyib. Çünki şair siyasətdən uzaq olub. Onu varlı atasının düşmənləri - Lorka
nəsli ilə düşmənçilik edən
yerli torpaq sahibləri də öldürə bilərdi.
O illərdə ərazilər
uğrunda mübarizədə
vahid idarəçilik
çoxlarının arzusu
idi. Ehtimallardan biri də budur ki, Lorkanı
yalnız Stalinin xeyrinə casusluğuna görə həbs etmək, öldürmək
olardı. Ancaq indi
qəbir tapılmır.
Qohumlarına ünvanlanan çoxsaylı
suallar da cavabsız qalır. Ya ailə sirrini kiməsə açmaq istəmədiklərinə görə
susurlar, ya da ümumiyyətlə bu barədə məlumatları yoxdur.
Lakin bu barədə beynəlxalq mətbuat susmur. Ədəbiyyat araşdırmaçıları,
eləcə də müstəqil jurnalistlər
arxivlərə baş
vurur, köhnə sənədləri qaldırırlar.
"The Guardian" qəzeti
yerli polis arxivindən
əldə etdiyi məlumatları üzə
çıxarmaqla gənc
şairin necə və kimlər tərəfindən öldürülməsinə
yeni aydınlıq gətirdi. Qəzetdə dərc edilən
məqaləyə əsasən
ispan şair və dramaturqu Federiko Qarsia Lorka general Frankın Qranadadakı yerli hakimiyyəti tərəfindən
güllələnib. Onun 1936-cı ilin avqustunda qətlə yetirilməsi dəqiq tarixdir. Sənədə əsasən
Frank rejimi onu "sosialist" və
"mason" hesab edib.
Şairin Qranadadakı evində
axtarış aparılıb.
Bunu bilən Lorka şair dostunun evində gizlənib.
Vətəndaş müharibəsi başlayanda
isə evini mühasirəyə alıblar.
Onu Fuente Qrande adlanan
məkana gətiriblər.
Üzünə durmuş şəxslərin
ifadələri oxunandan
dərhal sonra şair güllələnərək
basdırılıb. Harada
və necə basdırılması barədə
detallara varılmır.
39 il yaşamasına baxmayaraq, Qabriel Lorka İspaniyanın görkəmli şəxsiyyətləri siyahısına düşüb. Pablo Nerudanın sözləri ilə deyilərsə, belə şair 100 ildə bir doğulur: "Mən hələ heç bir şairin şeirlərində belə zəka və istedada, qanadlı ürəyə və büllur şəlalə altında işıldayan sətirlərə rast gəlməmişəm. O, insanlara xoşbəxtlik bəxş edən sevinc planeti idi".
Doğrudanmı, Qarsia Lorka sosialist
ideologiyasına xidmət
edən ziyalılardan
olub? Araşdırmalar nəticəsində
müəyyən edilib ki,
Lorka insan
hüquqları uğrunda öz
fikirlərini səsləndirsə də, kasıb təbəqənin
müdafiəsində dursa da,
heç bir
partiyanın üzvü olmayıb, özünü Yer planetinin sakini və
hamının qardaşı sayıb. Qarsia
Lorka baş vermiş hadisələrdən sonra
duyub ki, nə vaxtsa həbs ediləcək. Həyatına yarana biləcək təhlükəni qabaqlamaq üçün
Madriddən Qranadaya getməyi qərara
alıb. Bu məqsədlə müəllimi
Antonio Rodriqesdən borc
pul istəyib. Və gülə-gülə
deyib: "Tufan
yaxınlaşır, mən evə qayıdıram. Məni orada şimşək vurmaz".
Lakin bütün bunlara baxmayaraq, ölüm gənc şairi
məhz doğma məkanında
haqlayıb.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.23.