Yatmıram ki, gecələr...
Hekayə
Ağlayıram... yatmıram ki, gecələr...
Sücayət
İndi mənim dərindən
aldığım hər nəfəs idman təmrinlərindən
daha çox "ah"dır. Bu yaşda bu "ah"ları
çəkməyə haqqım varmı, görəsən!? Cavanların imtiyazına tamah salmırammı?
Eşq yolunda ah çəkmək kimi şirin əzabı
Tanrı onlara qıyıbmı barı!?
Axı əsrimizdə oğlanlar daha suyuşirin, qızlar daha əlçatan
olub.
Bir oğrun baxışa can qurban eləyən
cavanlar da yoxa çıxıb artıq. Əl telefonları
var, internet var, göz görüb-üz utanmayan hansı istəkdə
desən elektron yazışmalar var... bir də
açıq-saçıqlıq. Yazıq məhəbbət
başına haranın daşını salsın ki...
olsun...
Televizoru açıram. Müğənni gileyini
etibar edir mənə: - Sevgiyə
naz nə gərəkdi!
Qız isə ondan da çox
yanıqlıdı: - Sevgisiz naz
ola bilməz!
Yadıma sən
düşürsən. Yadımdan çıxmışdınmı məgər!?
Səninlə münasibətimin on ili də
ötdü. Bu on ildə, Tanrı zalımı,
səndən bir dəfə də olsun naz görmədim.
Mənə elə gəlir ki, sən nazın nə
olduğunu da bilmirsən. Yox, yanıldım, bir dəfə
nəsə buna oxşar bir şey olmuşdu...
Yadındadırmı, məndən
növbəti dəfə qaçaq düşdüyün
günlər idi. Telefonu söndürüb, bizi
dağa-daşa salmışdın. Axır ki, ümid
qapısı açıldı...
Heç cür qayıtmaq
fikrin yox idi. Qəlbini isidən sözlər eşitdin məndən.
O qədər gözü-könlü tox idin ki, bu xırda
yanğılar da ruhuna od saldı. Sən
istəyirdin, yalan
da olsa, həmişə məndən
ümidverici sözlər eşidəsən. Amma... yalan
danışa bilirdimmi!?
Dedim, biz bir-birimizə "sevirəm"
deməsək də, bir-birimizi sevirik axı. Rus şairi
Yesenin şərqli məhəbbətini necə də
ğözəl ifadə eləyib:
Çəkib açan zaman qara
çadranı,
"Sevirəm"
sözünü əllər deyərdi.
Sən isə bir dəfə
mənə tələsik "sizi sevirəm" demişdin.
Bu etirafı bir daha öz dilindən
aydın eşitmək üçün özümü
eşitməzliyə vurmuşdum:
- Nə dedin?
Cəsarətin
çatmamışdı "...sevirəm"i təkrar eləyəsən. Həm də elə
bilmişdin bu aciz etirafınla hər şeyi həll etmiş
olacaqsan...
Yanıma qayıtmaq üçün
bir sıra şərtlər qoymuşdun qarşımda:
- Qayıdacam... amma məni gəzməyə
aparacaqsınız, muzeyləri göstərəcəksiniz,
bir də qışqırmayacaqsınız!
Mən də ürəklə söz
vermişdim:
- Səni gəzməyə də
aparacam, muzeyləri də göstərəcəm,
qışqıracam da.
- Yoxxx!..
Razılaşmışdım:
- Səhv eləyib, mənə ziyan
vuracaqsan, deyəcəm: "Bizi zərərə
saldığın üçün minnətdaram. Belə
şeyləri tez-tez elə!".
Gülmüşdün...
Elə səhəri gün də
qayıtmışdın. Onsuz da arxayın idim
ki, şərtsiz də qayıdacaqsan. Ona
görə belə danışıram ki, siyasətdən kənar,
biclikdən kənar, kin-küdurətdən kənar sevirdin məni.
Onda əhvalın da
yaxşı deyildi; hardansa sinənə əl boyda bir
qızartı düşmüşdü.
Götürüb səni həkimə
apardım. Kabinetdə üst köynəyini çıxaranda mənə
baxdın və sifətində işıq gördüm;
qaşınla-gözünlə nəsə anlatmaq istəyirdin
mənə. Əsl şirvanlı
him-cimiydi. Onda bu hərəkətin ruhuma od
salmışdı... İndi də yadıma
düşəndə, sənin yoxluğun dağ kimi dikəlir
gözlərim önündə; canımı qoymağa yer gəzirəm.
Sənin mənə on ildə ilk və sonuncu
nazın idi bu.
Həkimin yanından çıxanda:
- Nə deyirdin? - Soruşdum.
- Həkim fikirləşməzdi ki, bəs
- dedin -bu qız nə əcəb yad kişinin yanında
soyunur...
- Soyunmaq belə olur məgər!?
- Yozmayın da... - Gülümsər
gözlərinlə üzümə baxmışdın.
Bəli, sən naz eləmək fənnindən
xəbərsiz idin və buna görə də məni yandırıb-yaxa bilmədin.
Bəlkə də, ev
qızlarının çox halda
qarıyıb-qalmasının səbəbi elə bu - olmayan
"naz"dı. Amma el arasında deyildiyi kimi,
"dingiş" qızlar bir göz qırpımında ərə
gedir. Çünki onlar naz da bilir,
nazın qədrini də. Şəhriyar deməyib məgər:
Çoxlar incikdi ki,
sən onlara naz eyləmisən,
Mən də incik ki,
mənim nazımı az eyləmisən.
Bəli, sən belə
şeylərdə naşıydın. Odur ki, bir igid
ömrü qədər münasibətimiz olsa da, sən
özünü mənə şirin sala bilmədin. Məhəbbət iştəklərimə də bir
mütilik görürdüm səndə.
Düzünü bilsən,
istəyirdim məni süründürəsən, istəklərimə
biganəlik göstərəsən, şıltaqlıq eləyəsən,
tez ram olmayasan.
Lakin bütün bunlardan səndə əsər-əlamət
yox idi. Bəlkə
də, bu mənə olan böyük sevgindən irəli gəlirdi.
Axı mən sənin ilk məhəbbətin
idim. Bəzi qısqanclıqlarıma da,
üzü-üzlər görmüş, amma gəlin
olmuş, ana olmuş bic qadınlar kimi ehtirasla Allaha, imama
yalandan qəsəm eləməzdin. Az
qala güclə eşidilə biləcək, halal və
qısa cavab verərdin:
- Nə olubsa, sizinlə olub...
Bir dəfə də
olmuş olsa "sən" deməmişdin mənə. Mən sənin
üçün həmişə "siz" olmuşdum.
Bəlkə də, aramızdakı bu soyuqluq da burdan irəli
gəlirdi...
İndi isə sən yoxsan. Hərdən
ayılıram ki, gözlərim bir nöqtəyə
ilişib qalıb.
Belə hal bir dəfə də
başıma gəlmişdı. Onda orta məktəbi
təzə bitirmişdim. Kəndli təfəkkürüylə
evlənmək vaxtım olmadığından sevə bilmək
vaxtım da deyildi. Odur ki, aramızda ruhi məhəbbət
olan qızı kənddən çıxarıb, rayon mərkəzinə
- qohumları gilə aparmışdılar ki, bir-birimizi
görməyək.
Bığ yeri təzəcə tərləmiş
bir cavan idim, eşqim də xəyali... Həyətimizdəki
göy çəmənliyə ağzı üstə
düşüb, hönkürtüylə
ağlamışdım.
İndi isə yarı
yaşını adlamış kişiyəm... ürəyim
qan ağlayır...
Tez-tez göynərtilər
baş qaldırır sinəmdə; xatırlayıram - səhərdir,
pilləkənlərdə əvvəlcə doğma ayaq səsləri
eşidilir, sonra açar cingiltiləri gəlir. Qapını
açıb, içəri girirsən. Nə
durub qabağına gedirəm, nə səni qucaqlayıb
bağrıma basıram, nə də üzünə xoş
baxıram. Guya sən bu evin qanuni
arvadısan, borcunu yerinə yetirirsən əlidolu
bazarlıqdan qayıdırsan.
Dərindən nəfəs alıb,
könül rahatlığıyla işə
başlayıram...
Son vaxtlar az qala hər
səhər çıxıb gedəcəyin günü
gözləyirdim. Ürəyimə daman
başıma gəldi.
Fikirləşirəm,
ayaqların əvvəl səni mənim yanıma gətirərdi. İndi ürəyin
necə var gəlib başqa yerə gedirsən? Heç
çaşıb mənim yanıma gələn avtobusa mindiyin
olubmu görəsən!?
Axı, sən mənim
yanımda həyata atılmışdın. Axı, məhəbbət
iştəklərini də məndən
görmüşdün. Mənim
qanunlarımla da oturub-durardın. Tez-tez yadıma
düşür; yanımda on adam
olsaydı, sənə yüz sual versəydilər belə, sən
mənim üzümə baxıb, cavab verərdin. Hiss eləyirdim
ki, bundan inciyən də olur. Amma sən mənim
yanımda beləydin. İndi isə başqa biriylə işləyirsən.
Hər səhər mənə verəcəyin
salamı ona verirsən, axşam da onunla xudahafizləşib
gedirsən. Sənin və mənim
tanıdığım şairə Məftunxanım demişkən,
fikirlər məni dara çəkir...
Son günü, ağlıma
da gəlməzdi, bu son gün olar, səni könlünün
quşu uçmuş gördüm. Otağımda yerə
düşən çöpü götürdüyün
halda, ayağına dolaşan sellofan torbalarını belə
"görməmişdin". Düzü,
bu mənə qəribə gəlmişdi.
Düşünmüşdüm, bu qızdan çıxmayan iş, nə əcəb bunları
götürməyib. Hətta çağırmağıma da
incik gəlirdin və başını dik tutub, sözlü
adam kimi baxırdın üzümə, yəni: "Nə istəyirsiniz!?".
Demə, gedəcəksənmiş.
Heç səni
qınamalı da deyildi. Odla-su arasında qalmışdın.
Evdə "İşdən çıx!" deyirdilər,
işdə isə mən vardım...
Sonuncu gün ağzına
necə dil vermişdilərsə, mənimlə hikkəylə
danışırdın. Hətta cavabı aylarla fikirləşmək tələb
eləyən sual qarşısında qoymuşdun məni:
- Saat altıya qədər
vaxtınız var, qərarınızı bildirin. Bəsdir məni
küçələrə atdığınız! Mən də istəyirəm qadın olum, ana olum, ailəm
olsun. Qəbul edirsinizmi məni!?
- Axı bu, indi mümkün deyil.
- Nə vaxt mümkün olacaq!? Atam-anam öləndən sonra?
- Allah eləməsin!
- Yoxsa özününkülərin
üzünüzə bərələn gözlərindən
qorxursunuz!?
Sən bu sözləri hardan tapıb
deyirdin!? İlahi, lap çaşıb qalmışdım!
Məni ittiham eləyirdin:
- Bütün bunlar sizin mənə
laqeydliyinizin nəticəsidir!
Mən sözün həqiqi
mənasında sənin qarşında təmizə
çıxarılması mümkün olmayan günah işlətmişdim. Bu günahla
da sən mənim namusum olmuşdun. Özün
də bilirsən ki, bu, təsadüfün nəticəsiydi.
Həmin günün axşamı səni yola salanda, təşvişə
düşdüyümü görüb təsəlli
vermişdin mənə:
- Belə münasibətlərin
axırı belə də olmalıydı!
- Yox, səni tək qoya bilmərəm!
Sən məni əbədi olaraq özünün arxanda hiss edə
bilərsən!
Amma sonralar. Dəfələrlə
üzümə dirənib qalan umacaqlı
baxışlarını görsəm də, dəfələrlə
özümü o yerə qoymamışam. Bir dəfə,
səndən çıxmayan iş, qəribə bir etiraf elədin
mənə:
- Bir gecə sübhə qədər
yuxu aparmadı məni. Səhəri
dirigözlü açdım. İdarəyə
gələndə gördüm ki, xəstələnib, işə
çıxmamısınız. Heç
bilirsiniz, siz olmayanda neyləyirdim? Köynəyinizi,
paltarınızı iyləyirdim.
O günü - işdən gedən
günü səndə harasa-kiməsə böyük bir
ümid gördüm. Kiməsə-nəyəsə
arxalandığını hiss etdim. İllərlə mənə
xoş dəqiqələr bəxş etdiyin halda, o
günü özünü mənə haram bildin...
Son
görüşümüz gəlib durur gözlərim
önündə. Başını qoymuşdun köksümə.
Sinəmə şeh kimi oğrun, utancaq,
xırda öpüşlərin düşürdü. Məni
qanuni haqqın bilmədiyindən məhəbbət işdəklərində
belə az qala razılığımı
gözləyirdin...
İki gün sonra isə üsyana
qalxmışdın: "İşdən və
çarpayıdan başqa nə bilirsiniz axı!?".
Allahın
böyüklüyü onda deyil ki, O, yaradandı. Bir də
ondadır ki, O, bağışlayandır. Bizə günahlarımızı yumaq
üçün Kəbə verib. Mənim də sənin
qarşında günahım az deyildi. Mənə
sənin Kəbə qapıların lazım deyildi, vaxtın
lazım idi...
***
Sən
yığışıb getdin. Getməmişdən əvvəl gəlib
mənimlə xudahafizləşdin: "Sağ olun!". Dinmədim. Sənə
"yaxşı yol" deməyə dilim gələrdimi!?
Gülməli çıxmazdımı "mənim taleyimdən
getdiyin üçün sənə yaxşı yol
arzulayıram" deyəydim!?
Bir daha "Sağ olun!" - deyib, qapıya
yönələndə dilləndim:
- Dayan, maşınla aparım.
- Yox! - deyib, tələsik
eşiyə çıxdın.
Mən tez qalxıb, sən məni
görməyəsən deyə, pərdənin dalından pəncərədən
baxmağa başladım. Sən yolu keçib, əlindəki
çantanı oturacağın üstünə qoydun. Arxan mənə dayandın. Bir
azdan avtobus da gəldi və minib qabaq cərgədə əyləşdin.
Maşın uzaqlaşanacan
gözüm dalıyca qaldı. Bir dəfə də
olsun çevrilib illərlə gəlib-getdiyin,
yaşayıb-işlədiyin, qəmlənib-şadlandığın,
sevib-sevildiyin məkana baxmadın. Sənin
getməyindən çox, bu məni yandırıb-yaxdı.
Nə ağrısız
ayrılırdın məndən!
Dözmədim. 30-35 dəqiqə
sonra əl telefonuna iki dəfə fasiləsiz zəng elədim,
cavab vermədin. "Yaxşı yol!"
deyəcəkdim sənə.
***
Yadıma 20 Yanvar faciəsi
düşür. Rus-erməni birləşmələri
Bakıda qırğın törədəndə İlham
adlı bir gənc də həlak olmuşdu. Bu itkiyə
dözməyən Fərizə - İlhamın həyat
yoldaşı nağıllardan bizə tanış
olan fədakarlıq göstərmişdi - intihar eləmişdi.
Bu böyük məhəbbətin
qarşısında indi baş əyirəm.
Rus qadınları da XIX əsrdə
öz sevdiyi insanların dalıyca Sibirə gedərdilər. Amma sən, nə
qədər xahiş elədimsə də, iki gün
qalmadın. Hər şeyi altı altda,
üstü üstdə qoyub getdin. Bu hərəkətin
qırxı çıxmamış körpəsini ərinin
üstünə atıb gedən gəlini xatırlatdı.
Sən bu boydamı nifrət eləyirdin mənə!? Can
sınağı olsaydı neyləyərdin görəsən!?
İndi fikrimdəki
yalnız sənsən. Sənin yarımçıq taleyin
düşündürür məni. Bu
taleyi axı mən vermişəm sənə. Sən necə
xoşbəxt olacaqsan!? Mənim yanımdan gedəndən
sonra heç bu barədə fikirləşmisənmi?
Bayaqdan işçilərə
qız-qadın kimi baxırdım. Sən gedəndən
sonra onlar mənimçün adi işçi olub.
Gecələr mürgü
döydüyüm anlar olur ömrümdən indi. Daha
dost-tanışı da təbəssümlə
qarşılaya bilmirəm. Qulağım səsdədi; hər an zəngini
gözləyirəm.
Sən ürəyimin
söykənəcəyi olsan da, məni bu kimsəsiz
dünyada tək qoyduğun üçün ayaqlarına getməyi
özümə sığışdırmıram.
Bu məhəbbət sönənə
kimi ona çır-çırpı atacam. Daha onu
alovlandırmaq fikrim yoxdu. Bilirəm, vaxt gələcək,
bu gedişin ağrısını duyacaqsan. Hələ ki mənim "haqsız işlərimdən,
laqeydliyimdən, danlaqlarımdan" səngər qurub,
ayrılıq iztirablarını dəf eləyirsən. Haçansa geri qayıtmaq arzusu sinəni yumruqlayanda,
çalın-çarpaz əllər uzanacaq qarşına.
Görəcəksən... vicdanındı.
Onda ayılacaqsan ki, mənim taleyimə
qayıtmaq haqqını uduzmusan.
Şairlər ömrü
boyu gözəllərin vəfasızlığından
yazıb. Bu yazılara həmişə şübhəylə
baxmışam. Sənin gedişindən
sonra yanıldığımı dərk etdim.
Dərk etdim ki, demə,
qadın səninlə olanacan səninmiş.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti. - 2018.- 22 dekabr.- S.24-25.