Faniliyin əyaniliyi

 

Fərid Hüseynin "Səmərqənd divanı" poetik silsiləsi haqqında düşüncələr

 

Bakının nəfəs kəsən bürkülü yay günlərindən birində şair dostum Fərid Hüseynlə görüşdük, adətimizə uyğun olaraq yaşadığımız binanın həndəvərində axşam gəzintisinə çıxdıq. Fərid Səmərqənddən yenicə qayıtmışdı, içində bir təlatüm dolaşdığını hiss etdim. Bu qədim şəhər onu əməlli-başlı sehrləmişdi. Necə sehrləməsin?! Bir şəhər ki, dünyanın ən böyük cahangirlərindən olmuş Əmir Teymurun ürəyini fəth etmişdi!

Fərid qoluma girib "Səmərqənd haqqında yeni poema yazmışam, gedək, sənə oxuyum" - dedi. Beləcə, Fəridə "Səmərqənd divanı" yazdıran sehrə, əfsuna həmin gecə mən də yoluxdum.

Fransız filosofu Anri Berqsonun fikrincə, insanın daxilindəki zaman çölündəki zamandan fərqlidir. Xarici aləmdəki zaman "keçmiş-indi-gələcək" düzümündədir, amma insanın daxilindəki zamanda belə bir ardıcıllıq yoxdur. Daxili aləmdə zamanlar iç-içə keçə bilir. Fəridin "divan"ında isə çox qəribədir, zamanlar güzgülü zal kimidir; hansı tərəfə dönsən, fanilik duyğusunun dəyişməz əksi ilə üz-üzə qalırsan.

İndi dörd yanı tarix qoxuyan,

ruhlar mühasirəsində yaşayan -

qılınc nal səslərinin

dilinin batdığı bu şəhərdə nəfəs alıram -

kiminsə ahının üstünə.

Onsuz da, tale günün birində

başımızı aşağı əyir - sinəmizə

insan öz könül evində

qurşanır etiraf ibadətinə - tövbəyə

qəlbinə səcdə edir beləcə.

Tarixin adətidir səssiz yaşamaq,

bizim adətimizdi

itən addım səslərini dinləmək:

qanlı saraylarda,

sağalmayan yaralarda.

Çox şey bizə

danışılan kimi deyil deyə

dünyaya baxıram

gözüdolusu nabələdliklə...

Bəzi sufilərin fikrincə, fəna Allahın hədiyyəsidir. Fənafillah məqamına yetməkdən ötrü insan özünü dünya nemətlərindən məhrum etməlidir və cismindəki nəfsdən, "fanilərin əbədiyyət tamahından" xilas olmalıdır. İnsanı dünyaya bağlayan ən güclü qüvvə nəfsdir, bəzən insanda nəfs o qədər güclü olur ki, o, dünyasını dəyişəndən sonra belə, əbədi yaşamaq istəyir. Ruhların mühasirəsində, "qılınc və nal səslərinin dilinin batdığı bu şəhərdə" qosqoca tarix sənin qulağına ahəstə pıçıldayır: Ey insan! Sən fanisən! Fərid bu faniliyi poetik detallar vasitəsilə göstərir, hiss və duyğular peşəkarlığın və texnarlığın sayəsində modern bir "divan" formasını alır.

Müəllif dəfələrlə Xəttata müraciət edir ki, onun ismini dəri üzərinə yazmasın. Tarixin dərinliklərində hələ də cidd-cəhdlə mübhəmliyini qoruyan, deşifrə edilməmiş sirli işarələr o Xəttatın (Xəttat qədim dövrlərin bütün xəttatlarının ümumiləşdirilmiş obrazıdır) özünə də agah deyildi. Digital zaman xəttatların işini daha da çətinləşdirib, vaxt və məkan sürətlə dəyişdiyindən xəttat zamanın sürətindən geri qalır. Həyatla ölüm arasındakı məsafə, sanki bir az da qısalıb, insanın əbədiyyət ehtirası daha fərqli və dürlü fəlakətlərə yol açır. Zatən, xəttatlar işlərini görüb əsrlərin üfüqündə çoxdan gözdən itiblər. Bizim dövrün xəttatları, sadəcə, sələflərinin nəqqaşlığını təkrarlayırlar. Fənafillahdan çox bəqabillah eşqiylə dünyaya bağlanmış insanların taleyi yenə məzar daşlarında əyaniləşir.

 

Bayramlarda ev-ev

baş çəkdiyin adamları,

gün gəlir

məzar-məzar ziyarət edirsən,

beşikdən qəbrə

yol göstərən ox işarəsini,

süslə,

kufiylə,

nəstəliqlə,

"çəkə",

yaza bilərsən, Xəttat.

"Səmərqənd divanı"nda müəllif qoca Şərqin qovğalı keçmişinə, sanki zamanın hündürlüyündən baxır. Əbədiyyət qalası olan bu dünya onu qılıncıyla fəth etmək ehtirasıyla alışıb-yanan, ölkələri oda verən, yağmalayan o qədər fatehləri, cahangirləri diz üstə çökdürüb ki!..

Qəlbin sarı simə keçən,

sifətlərin kölgələnən,

əllərin hönkürən,

səbrin üzü qaralan yerdə dayanmışam.

İndi yaşadığım anlar

səbəblərə gözünün ucuyla da baxmır,

yarasa gözlərində ölüb

zamanın qaranlıq sifəti,

gələcəyimizdə qeybə çəkilib

bu günümüzün bərəkəti.

Maraqlı arxitektonikaya malik olan bu poetik silsilə xalq yazıçımız Anar müəllimin söylədiyi kimi, "Şərq və ümumtürk poeziyasına xas məcaz, təşbeh və bənzətmələri stilizə edir, bəzilərini isə yeni yozumda, fərqli şəkildə təklif edir. Bununla da "divan" adına bəraət qazandırmağa çalışır".

Bütün zəfərlər, qələbələr faniliyin ötəsində qalır. Mətn hüzn haləsinə bürünüb. Fərid bu məşum həqiqəti orijinal formada, yeni təşbeh və metaforalarla təqdim edir:

Tarix suyun ehtirası öldürdüyü kimi,

öldürür qələbələri, zəfərləri,

həyatın qart üzündə.

Daha əcaib doğulur,

məğlubiyyət nəvələri.

Səmərqəndə virtual tarixi ekskursiyadan Fərid əlidolu qayıtdı - "Səmərqənd divanı" ilə. Şərqin digər qədim şəhərləri - Şiraz, Hicaz, Təbriz, Ərdəbil və sair də öz ruhunda belə poetik silsilələri hifz edir və o sirlər də kağıza köçürülmə məqamını gözləyir.

Fərid Hüseynin "Səmərqənd divanı" poeziyamızda və həm də onun yaradıcılığında yeni mərhələyə keçidin başlanğıcı sayıla bilər. Şair dostumu bu münasibətlə ürəkdən təbrik edir və yeni poetik silsilələrini gözləyirəm.

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.25.