Bu Ramiz Qusarçaylıdır…
60 yaşı münasibətilə
Ürək fikirlə
xışlanıb,
Duyğu-duyğu
naxışlanıb,
Sinəmdə səpin
başlanıb, -
Altdan şumlana-şumlana,
Üstdən ləklənə-ləklənə.
Neçə illərdir bu sətirlərin
müəllifi Ramiz Qusarçaylı ilə səmimi dostluq
münasibətindəyəm. Qubada yaşayır və yolu Bakıya düşəndə
görüşürük, fürsət
düşdümü təzə şeirlərindən birini mənə
oxuyur. Mən də ildə heç olmasa,
bircə dəfə Ramizin rəhbərlik elədiyi "Ay
işığı" ədəbi məclisinin
qonağı oluram. Bu məclislə
Qubanın, Şabranın, Xaçmazın, Siyəzənin
ürəyi dolu şairləri toplanır, şeirlər
oxunur, müzakirəsi keçirilir, bu şeirlərin bəyənilənləri
Ramizin köməkliyilə mətbuatda dərc olunur. Ramiz Qusarçaylı o bölgənin ədəbi
mühitində artıq böyük qardaş
missiyasını yerinə yetirir. Məhz onun
qayğısıyla "Ay işığı"nın şairlərinin yazıları bir
neçə dəfə kitab halında çap olunub.
Bu dekabr ayında Ramiz
Qusarçaylının 60 yaşı tamam olur. Mən onun əlli
yaşı tamam olanda "Söz göyərdən
şair" ("525-ci qəzet") və "Mən
düşdüyüm yol ayrıdı" ("Ədəbiyyat
qəzeti") məqalələri ilə mətbuatda ürək
sözlərimi ifadə etmişdim. Ramizin
2005-ci ldə çapdan çıxan "Bir çiçək
axşamı" şeirlər kitabına geniş bir ön
söz yazmışdım. Amma Ramiz
Qusarçaylı elə şairdir ki, hər dəfə onun
şeirlərinə (lap çoxdan yazdıqları ilə son
şeirlərinə də) dəyər verməkdə çətinlik
çəkmirsən. Hələ ilk şeir kitabı
çapdan çıxanda Xalq şairi Osman Sarıvəlli gənc
şairin şeirləri barədə yazmışdı:
"Sevindiricir haldır ki, Ramiz ürəyinə yaxın
hissləri, görüb-götürdüyü hadisələri
qələmə alır. Şeirlərində
bir istilik, səmimiyyət var, fikrini obrazlı ifadələrlə,
poetik detallarla verməyə çalışır".
Və mən burada qeyd etməyi lazım bilirəm -
R.Qusarçaylının şeirləri barədə B.Vahabzadə,
N.Xəzri, M.Araz, M.Aslan, M.Yaqub, Z.Yaqub, V.Arzumanlı kimi
tanınmış söz adamları fikir söyləyiblər:
"Hamımızın gördüyü hadisələri
obrazlı şəkildə ifadə edir", "misraları
dəqiq və poetikdir", "fikrini özünəməxsus,
orijinal və məcazi şəkildə oxucuya
çatdırır", "onda söz əllaməçiliyi
yoxdur, hisslər büllur kimi saf", fikirlər su kimi
dumdurudur" və s. Bu sırada mən mərhum xalq
şairimiz Nəbi Xəzrinin sözlərini
xatırlayıram: "Mən poeziyamızın sabahına gedən
yolda elə bil qaranlıq bir tuneldə
idim. Çox az
şeirlər məni isindirirdi. Lakin Ramiz
Qusarçaylının şeirlərini oxuduqdan sonra mənim
üçün qaranlıq tunel qurtardı. İşıqlı
bir aləmə düşdüm".
Ramiz Qusarçaylı
bugünkü şeirimizdə ənənəyə ən
sadiq qalan, lakin "köhnə havalarda" təzə söz
deməyi bacaran şairlərimizdəndir. Şeirimizdə
bir-birindən fərqli müxtəlif üslublar, qollar,
şaxələr mövcuddur. Amma
qoşmalı, gəraylılı, hecalı bir qol var ki,
heç vaxt öz sanbalını itirmir, bu şərtlə
ki, müasir poetik təfəkkürün işığı
səpələnsin o şeirlərə. Şablon,
trafaret, artıq tamamilə öz poetik dəyərini
itirmiş bənzətmələr, metaforalar o şeirlərə
qatılmasın.
Dağı kəsə-kəsə
axıvr dağ çayı,
Axır Qara çayı,
axır Ağ çayı.
Suların üstündə xəzəl
oynayır,
Suların özü də
gözəl oynayır.
Sənə bu yerlərin yazı gəl
deyir,
Şehli nəvazişi,
yazı gəl deyir.
Gəl as ürəyini bir gül
boyundan,
Yarpız yarpağından,
sünbül boyundan.
Təbiətə, onun
gözəlliklərinə yalnız bu dərəcədə
munis olan bir şair belə şeiri yaza bilər. Ramizin təbiətə
bağlılığı, yaşadığı Qubanın bənövşələrini,
çiçək axşamlarını, gilənarlarını,
Çartəpə lövhələrini, qarını, küləyini,
gecəsini, Ay işığını şeirdə poetik
lövhələrə çevirməsi onun doğrudan da, təbiət
duyumlu bir şair olduğunu sübut edir. Hətta belə bir təsəvvür
yaranır ki, Ramizin bu şeirləri sözlə yox, rəssam
fırçası ilə qələmə alınıb.
Amma o, duyğuların rəsmini çəkir.
Bu misraları oxuyandan sonra təbiəti, yaz
güllərini, Quba axşamlarını sevməmək
mümkündürmü?
Azərbaycan poeziyasında
dağlara aid yüzlərlə, minlərlə şeirlər
yazılıb.
"A dağlar" nidası şeirimizin ən
zərif ahənginə çevrilib. Amma
Ramizin "Gecələr dağlara baxa bilmirəm"
şeiri nidalar və dağ gözəlliklərinin təsviri
üzərində qurulmayıb. Bu şeirdə
İnsan, dağ və daş obrazları hissin, duyğunun tənhalığından
baş alır.
Dağdan da ağırdır daş
tənhalığı,
Ürək tənhalığı,
baş tənhalığı.
Asılıb zirvədən
qış tənhalığı
Gecələr dağlara baxa
bilmirəm.
Bu Araz, bu da ki, Samur daşları,
Bürüyüb yamyaşıl
mamır daşları
Dağ çəkir sinəmə
çadır daşları
Gecələr dağlara baxa
bilmirəm.
Mən Ramizin təbiət
şeirlərində küskün bir bənövşə
obrazını da gözdən qaçırmıram. Qurbanidən
üzü bəri bənövşəyə yüzlərlə
şeir həsr edilib və açığını deyim ki,
bu şeirlərin əksəriyyətini bir yerə
yığsan, bir bənövşə yığnağı
yaranar. Çünki o şeirlər
çölün bənövşələridir, poeziyanın
bənövşələrinə çevrilə bilmirlər.
Amma Ramizin "Qurudub göndərmə bənövşələri"
şeirinə baxın:
Əlimə alınca əlim qurudu
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər
saxla,
Çıcxart ürəyini, üstə
sər, saxla,
Mənə də ölməyə
bir az yer saxla,
Qurudub göndərmə bənövşələri.
Ramiz Qusarçaylı təbiəti
fəsil-fəsil oxuyan şairdir. Onun təbiəti "mütaliəsi"nin çox sayda bəhrələrini güllərə,
çiçəklərə, payıza, qışa həsr
elədiyi şeirlərində görürük. Ramiz "Payız şəkli" şeirində
doğrudan da, payızın şəklini çəkir.
Özü də "yumru-yumru" qafiyəsi əlində
..."boyalar yumru-yumru, yamaclar yastı-yastı, qayalar
yumru-yumru. Xəzəllər
xışıl-xışıl, ilğımlar
işıl-işıl, mürgülər
mışıl-mışıl, röyalar yumru-yumru".
Çiçəklər xəzəldir,
Xəzəllər
çiçək.
Açıb yaxasını
yağışa, çənə.
Yarpaqlar sapsarı xatirələrtək,
Səpilib payızın qədəmlərinə.
Özündən ayrılır bar
ağacları,
Özünə yüklənir
meşələr yenə.
Görən kim
qarğıyıb qarağacları,
Dibinə qəm
düşür yarpaq yerinə.
Gözəl şeirdir və
payız haqqında ən yaxşı şeirləri yan-yana
düzsək, heç şübhəsiz, Ramiz
Qusarçaylının şeiri öz poetik ahənginə, məzmununa
görə seçiləcək.
Ramiz Qusarçaylı Vətən
duyğulu şairdir-bəlkə də, bu ifadə şablon səslənər,
çünki Azərbaycanda yaşayıb Azərbaycanın
sevincinə, kədərinə şərik olmayan şairi mən
Vətənsiz şair hesab edərdim. Ramizin onlarla şeirində Vətən
"Dərbəndin içinə yıxılan
daşlardır", "Şuşa torpağıdı",
"Hönkürən Samurdu, dolan Arazdı", "Təbrizdi",
"Xocalıdı", "Bəstiənigardı",
"Zəminxarədi", "Divanidi", "Quba
daşlarıdı". Bu gün yurd sevgisindən,
yurd duyğusundan azmı uzaq olan var? Amma bu
haqda danışmayaq. Çünki bizim
öz içimizdəki yurd sevgisini Ramiz kimi şairlər daha
da gözəlləşdirir, zərifləşdirir. Yurdu sevmək, onun gözəlliklərindən vəcdə
gəlmək, onun daşını, qayasını,
çiçəyini sevməkdən başlayır ki, öncə
bu haqda söz açdım. "Ayaqlarının donu təzəcə
açılan balaca qızcığac xəstəxanada yuxudan
oyanıb dedi ki, Şuşada - evimizdəyəm. Qapımızdakı ərik ağacı
çiçəkləmişdi". "Buy,
az çiçəkləmə, ərik ağacım"
şeiri mən deyərdim Ramizin ən kədərli, həm də
ən işıqlı şeirlərindən biridir.
Qeyrət başı bağlı,
dərd başı açıq.
Səhər ürək götür,
dərd başına çıx...
Ağaclar Şuşada
qurğuşun açır,
Bu yaz çiçəkləmə,
ərik ağacım.
Dərdə bax,
can dözür, qan dözür belə,
Yaralı daşları kim üzür belə,
Ağla Mehri belə, Zəngəzur
belə,
Bu yaz çiçəkləmə, ərik
ağacım...
Ramizin "Namus" şeiri isə
mühasirə zamanı ermənilərin əlinə
keçməsin deyə, yeganə qızını güllələyən
naçar atanın dilindən söylənilir və
doğrudan da, bu şeiri oxuyandan sonra içində
hönkürürsən:
Əl saxla, xain balası,
Qoy namusumu basdırım.
Gözümün ağı, qarası
Bircə qızımı
basdırım.
Bu yerlər boşalır,
qaçır,
Allah da baş alıb qaçır,
Öpüb torpağı,
ağacı,
Yalayıb qummu,
basdırım.
Sayan sayıb, nə say tutum,
Ölüb bu dərdə
toy tutum?!
Harda özümə toy tutum, -
Harda özümü basdırım?!
Mən Ramiz Qusarçaylının bu tipli şeirlərində Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Xəlil Rza kimi ustad şairlərdən gələn təsir dalğalarını da hiss edirəm. Sadəcə təsir-təkrar, təqlid, yamsılama yox. O şair ki, özünün fərdi üslubunu yaradır, o, kimdən təsirlənsə belə, öz fərdiliyini itirməyəcək. Məsələ burasındadır ki, Ramiz Qusarçaylı da o ustadlarla həmrəy olduğunu ifadə edir, eyni həyəcanın, eyni nigarançılığın axarına qoşulur.Poeziyanın bu qolu həyat hadisələrinə, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərə şair-vətəndaş mövqeyi ilə seçilir.
Ramiz Qusarçaylının şeirləri öz poetik intonasiyası, bədii təsvir vasitələrinin orijinallığı ilə də diqqəti cəlb edir və heç bir misal gətirmədən deyirəm ki, bu yazıda Ramizin şeirlərindən gətirdiyim parçalara diqqət edin, müasir şeirimizin ifadə, məzmun gözəlliyi ilə tanış olun.
Bu, Ramiz
Qusarçaylıdı. Azərbaycanın bədii təfəkkür
mərkəzlərindən biri olan Qubada yaşayan Ramiz
Qusarçaylı. Şeirləri də özünə,
özü də şeirlərinə oxşayan altmış
yaşlı müasirimiz. "Söz göyərdən
şair".
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2018.- 22 dekabr.- S.26.