Bazar gününün qonaqlığı

 

hekayə

 

Çoxdan bilirdim ki, məndə nəsə bir qabiliyyət var, ancaq o qabiliyyətin olduğunu o qədər yaxşı dərk etmirdim. Onu da yəqin bilirdim ki, mənim həmin mübhəm qabiliyyətim vaxtsa özünü biruzə verəcəkdir. Lap bu yaxınlarda bəlli oldu ki, sən demə, məndə güclü bir ədəbi qabiliyyət varmış. Qonşum bərbər Bəşirin şeiri qəzetdə çıxan gün, ömrümün 49-cu qışında həmin qabiliyyətim özünü göstərdi, göstərdi. Hirsim, bağışlayın, istedadım qəfildən fontan vurdu, ilhamım cuşa gəldi. Vaxtı itirmədən döşəndim dəftər-kağıza. Düz səhərə qədər yazdım. Həmin gündən böyük bir şövq sönməz bir həvəslə ədəbiyyat aləminə soxulmağa girişdim.

Əvvəlcə nəzmdən başladım. Evdə, işdə, harda gəldi gecəni gündüzə qatıb yazdım. İş yerimdəki danlaqlara, hədə-qorxulara, töhmətlərə sinə gərdim, həyatın bu cür sınaqlarına dözümümü getdikcə artırdım. Bəs ? Şair olan kəs gərək dözümlü ola (şairin, Allah eləməmiş, lap dərisini soyarlar).

Bir-iki həftə bundan əvvəl yaradıcılığımda yeni istiqamət götürdüm. Yağlı bir töhmət alıb işdən evə dönən günün gecəsi nəzmdən keçdim nəsrə. Başladım bir-birinin ardınca satiralı, yumorlu, o kim demişkən, duzlu-məzəli hekayələr yazmağa. Az yazdım, çox yazdım bir axşam oxucu kütləsi ilə yaxından tanış olmaq üçün arvad-uşağı yığdım başıma. Açdım qovluğu, tökdüm əsərlərimi.

Həmin axşam arvad-uşağı öz satiralı, yumorlu hekayələrimlə möhkəmcə güldürdüm. Hekayələrimin birində qızğın mübahisə baş verdi. Deməli, təsəvvür eləyirdim ki, bir müəllim qırx yaşında zurna çalmağı öyrənir ki, yay tətillərində toylara getsin, yaxşıca pul qazansın. Bu hekayənin adını arvadım "Qırxında başlayan" üç nöqtə, qızım isə üç nöqtə sonra "Gorunda çalar" qoymağı təklif edirdi. Sonda gəncliyin təklifi ilə razılaşmalı olduq.

Oxucu auditoriyasını genişləndirmək məqsədilə bazar günü dostum Ələddini evə qonaq çağırdım. Kiçik çay süfrəsi təşkil edib qovluğu ortaya çəkəndə o, təəccüblə üzümə baxdı.

- Bilirsənmi, - deyə içimi arıtlayıb sözə başladım, - iki-üç həftə olar ki, bədii yaradıcılığa başlamışam.

Ələddin elə bir heyrətlə üzümə baxdı ki, bəlkə , buynuz çıxartsaydım belə heyrətlənməzdi.

Ən gülməli bildiyim hekayələrimdən birini onun qabağına qoyaraq oxumasını xahiş etdim. O, bir mənə, bir hekayəyə baxdı, sonra əlacsız adam kimi hekayəni götürdü. Ora-burasına baxandan sonra, başladı ürəyində oxumağa.

İndicə, ikinci abzasa keçənə qədər uğunacağını yəqin bilirdim. Qeyri-ixtiyari öz dodaqlarım da qaçdı. Lakin Ələddinin turşumuş sifətini görəndə məəttəl qaldım. Bir az keçməmiş onun üz-gözü elə hala düşdü ki, elə bildim bu dəqiqə hönkürəcək. Amma hönkürmədi. Zalım oğlu, ağzını açdı ki, nəsə desin, alınmadı. Birdən-birə rəngi göyərdi, ağzı köpükləndi   özündən getdi, bayıldı.

Bədbəxt Ələddin bütün vücudu ilə, varlığı ilə elə bil nəyəsə etiraz edirdi.

Bu hesabla mənim oxucularımla ikinci görüşüm uğursuzluqla nəticələnsə , ədəbi yaradıcılığa qətiyyən təsir göstərmədi. İndi oturub həmin əhvalatı nəzmə çəkirəm.

 

Akif İmanlı

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.27.