Təxəyyülün
fantastik və absurd forması
Fantastika və absurd arasındakı fərq nədədir?
Təxəyyül hansı sərhəddən sonra
imkansız hadisələr uydurur?
Fantastika və absurdu öncə ayırd etməyə çalışaq. Danışdığımız
hadisə nə vaxt absurd, nə vaxt fantastik don geyinir? Absurd bir hadisənin şəkil dəyişməsidir.
Fantastika isə hadisənin bəzənməsidir.
Absurd mövcud olan reallığı plastik
kütlə kimi ovuclarında əzir və səliqəsiz,
eyni zamanda da sərt bir yeni reallıq kimi önümüzə
qoyur. Əslində, absurd olan hadisədə
qeyri-adi heç nə olmur. Bütün
feillərin leksik mənası təhrif olunmadan bizə təqdim
edilir. Absurd olan hekayədə insan böcəyə
çevriləndən sonra onun xarakterlərini
daşıyır. Frans Kafkanın
"Çevrilmə" uzun hekayəsində Qreqor Zamza
qeyri-adi heç nə etmir. Onun
düşdüyü situasiya qeyri-adidir. Və
ya pulun fərqli bir məna ifadə etməsi üçün
öncə onun mövcud olduğu sistem pula fərqli məna
yükləməlidir. Məşhur
türk rejissoru Onur Ünlünün "Leyla ilə Məcnun"
teleserialında bakkal obrazının pulu
"100...200...200...100...200" sayması fantastik bir kadr
işi deyil. Xeyr, heç gülmək
üçün də deyil. Bakkalın
olduğu mühit pula önəm vermədiyi kimi, sayına da
önəm verməyəcək. Rejissor
bunu demək istəyir. Bakkala iki yüz
türk lirəsi lazımdır. Artıq
qalan pul onun üçün bir şey ifadə etmir. Bu, absurd deyil, absurd onun pulu o cür qeyi-müəyyən
saymasıdır. Gəlin indi bu kadrı
fantastik biçimdə "izləyək". Bakkalın əlində anidən hansısa qüvvə
ilə iki yüz lirənin peydə olması fantastikdir.
Say sisteminin o mağazada, sadəcə, iki yüzə qədər
olması fantastik ola bilərdi. Bunu bizim şüurumuz qəbul etmir. Fantastika bir mövhumun varlığını ya əskildir,
ya da bizə məlum olmayan sehrli qüvvə ilə
çoxaldır, genişləndirir. Simurq
quşu "Məlikməmmədin nağılı"nda
fantastik obrazdır. Niyə?! Çünki bir quşun daşıdığı
məna yükündən daha artığını
daşıyır. Danışa bilir, məsələn.
Yol göstərir, məsələn. Biz bilirik ki, bu, mümkünsüzdür. Absurd olan hadisə isə heç də
mümkünsüz olmur. O, bizim başımıza gələ
bilər. Elə bir hadisəni biz yarada bilərik.
Müasir roman sənətində fantastik janrda ən
populyar əsərləri amerikalı yazıçı Stivin
Kinq yazıb. Onun romanlarında axtarsaq da,
absurd deyəcəyimiz heç nə tapa bilməyəcəyik.
Sehrli qalalar, od döyüşçüləri,
qeyb ola bilən uşaqlar, danışan meşələr,
yatan evlər və sairə. Bu detalların hər
biri fantastikdir. Pol Osterin "Nyu-York
trilogiyası"nda obrazın özünü təqib etmək
üçün detektiv tutması isə absurddur. Nəsə sual var bu feilin altında. İnsanın özünə qarşı
şübhəsi, keçmişini öyrənmək
üçün atdığı birinci addım, ya da bunun
kimi yoza biləcəyimiz onlarla məna.
İndi təxəyyülün hansı andan sonra
fantastik forma almasını aydınlaşdırmaq
üçün öncə hekayənin yaranma
ehtiyacını kəşf edək. İlk hekayə qurmaq
ehtiyacı hansı zərurətdən yaranıb?!
Şərq nağılları iki xətt üzrə cərəyan
edir; sevgi və qəhrəmanlıq. İki nəfərin
sevgisi, ya da bir nəfərin digərlərini xilas etmək
üçün göstərdiyi şücaət barədə
minlərlə nağıl. Baxaq, hansı
anda fantastik detallar peyda olur?! Ölümsüzlük
meyvəsi, məsələn. Bu,
adamların arzularının işarəsidir. Adamlar ölmək istəmir və belə bir şey
uydurur. Ya da öləndən sonra da
yaşayacaqlarına ümid edirlər. Məlikməmməd
quyuda qalsaydı, hadisələr ürəkaçan
olmazdı. Hər kəsin ümid etdiyi qəhrəman
reallıqla üz-üzə qalacaq və uduzacaqdı.
Amma ağ qoç və qara qoç,
simurq quşu, şüşədəki div ürəyi
nağıla yeni bir cığır açır. Adamlar da bu cığırla "özlərini xilas
edir".
Zamza isə
iş həyatından bezdiyi üçün, kapitalizmə
nifrət etdiyi üçün böcəyə çevrilir.
Yaşadığı cəmiyyətin eybəcərlikləri
onun üzərində böcək forması alır. Və ya insanın daxili tədirginliyi onun
özünü izlətməsi üçün detektiv
tutması ehtiyacını doğurur.
Bir sözlə, fantastika təhkiyəçinin
arzularından, ümidlərindən, absurdizm isə
imtinasından yaranır.
Hər iki anlayışın tarixinə nəzər
salaq.
Fantastika absurdizmdən çox-çox qocadır. Əfsanələrin
yaranma tarixi insanların ilk dini ayinləri kəşf etdikləri
zamana qədər gedib çıxır. Xeyir
və Şər mübarizəsinə həsr olunmuş
onlarla dastanda igidlərə kömək olacaq fantastik detallara
rast gəlirik. İnsanların axirət
inancları, qalib olmaq həvəsi, iqtidarda dayanma istəyi, nə
olur-olsun bütün çıxılmazlıqlardan qurtulmaq
eşqi onların təxəyyülündə belə bir
cığır açıb. Fantastika
düşüncə forması deyil, düşüncənin
şəkillərindən biridir. Dünyanın
gözəl vaxtlarında fantastik təxəyyül öz
parlaq dövrünü yaşayırdı.
Bəs absurdizm necə və nə vaxt yarandı?
"Yaşamaq,
sonunda heç nə olmayan axtarışdan ibarət həyatdı"
deyən Kamyu İkinci Dünya müharibəsindən sonra
absurdizm anlayışına yeni bir forma verdi.
Amma bu terminin tarixi on doqquzuncu əsrə
dayanır. Danimarkalı filosof Soren
Klerkeqard hər şeyin insan məntiqi ilə idarə
olunmasına və şəkil almasına inanırdı.
O, həm də inanırdı ki, məntiqin də çata
bilmədiyi nüanslar var. İnsan başqa cür yaşaya
bilər. Bunun üçün məntiqin qəbul
etdiyi hər şeyi "heç nəyə" çevirmək
lazımdır. Hər şeyin dəyəri
sıfırlanmalı və hər şey ağlasığmaz
bir boşluqla əhatə olunmalıdır. Bu zaman insan təxəyyülü yenilikçi və
sərhədsiz inkişaf edə bilər. Nitsşenin
"Tanrı öldü!" həyəcanı absurdizmin
ilkin təməlini daha da gücləndirdi. Tanrı olmadan insan öz dəyərini bir
inancsızlıqla əvəzləməli idi. Bəs bu inancsızlıq necə və haradan gəlməli
idi? Bu şəraiti isə Böyük Vətən
müharibəsi yaratdı. İnsanların
içindəki acı və istirab, ölümə yaxın
olma, köməksizlik, tək qalmaq, darıxmaq və gözləmək
zaman-zaman şüurüstünə çıxdı. Və insan özünə yenidən - bu
sadaladıqlarımızın üzərində dayanan - dəyər
yüklədi. "Mən kiməm?"
sualı bəşəriyyət üçün yenidən
verildi.
Hər şeyin yaxşı olacağına inanan təxəyyül
fantastikanı uydurmuşdusa, hər şeyin yaxşı
olmadığını görən və ya yaxşı
olanların onu xilas etmədiyinə şahid olan təxəyyül
də absurdizmi yaratdı. Zamzanın bezdiyi cəmiyyət onu
böcəyə çevirdi, Sartr azadlığı bezdirici formada
təqdim etdi, Kamyu çıxış yolu axtardı və nəticədə
postmodern eranın (bəlkə də, sonunda) absurdizm ironiya və
məsxərənin "vətəninə" çevrildi.
Kiçik bir qeydlə həm də nihilizmə bənzəyən
absurdizmi ondan ayıraq. Absurd düşüncənin təməlində,
yuxarıda dediyimiz kimi, hər şeyə heç nə deyə
biləcək bir etiraz forması var. Mövcud reallıqdan
imtina bacarığı var. Nihilizm isə ətalətdə
olan düşüncə formasıdır. Pessimizmin və
ruhdan düşmənin caynaqları arasında can verən
insanın düşüncəsi. O, heç vaxt müqavimət
göstərmir.
Dövrümüzdə, xüsusilə də
çağdaş amerikalı yazarların mətnlərində,
Qərb təfəkkürünün davamçıları
olan avropalı rəssamların və bəstəkarların,
daha çox yəhudi heykəltəraşların nümunələrində
absurd incəsənət yüksəlir. Türkiyə
ədəbi mühitində absurd romanlara rast gəlsək də
(Hakan Gündayın romanları, məsələn), tamamilə
absurd ideyalarda yaradıcılıq yolu seçən
yazıçı yoxdur.
Populyarlığına, məşhurluğuna gəldikdə
isə fantastik janr detektiv janrla birləşib həmişə
- istər kino, istər ədəbiyyat sahəsində -
birinciliyi qazanır. Absurd nümunələrin də öz izləyici
(və ya oxucu) kütləsi var.
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.30.