Bir quru sözdən
ötəri
Daha "bir nəzər". Səhv nəzərləri sərf-nəzər etmə
vaxtı
Əvvəli ötən
sayımızda
Satirik
şeir isə nə konkret şəxsə hədəflənir,
nə də müəyyən bir hadisənin nəticəsi kimi
ortaya çıxır. Daha doğrusu, burada hədəf
də, səbəb də, şübhəsiz ki, var, amma ilkin təkan
şəklindədir; o qədər tipikləşdirilmiş və
prototipindən "arınmış"dır ki, onu
xatırlatmır. Nəfi və Sabirdən
gətirilən misallar üzərində deyilənləri
aydınlaşdırmağa çalışaq. Tahir adlı birisi Nəfiyə "it" deyir.
Şair onun (hədəf) cavabını verməli
və elə verməlidir ki, həmin bu Tahir əsrlər boyu
bədnam olsun (yəni baş vermiş hadisə, həcvin səbəbi
və məqsədi aydındır). Şair deyir:
Bana Tahir
efendi "kelb" demiş
İltifatı bu sözde zahirdir.
Malikidir
mazhəbim benim zira
İtikadımca kelb tahirdir.
Məlumdur
ki, İslam məzhəblərində it murdar heyvan
sayılır, - tək malikilikdən savayı. Nəfi
də Tahir əfəndinin həcvində məhz bu məlumatdan
(həcvin məzmunu) çıxış edir. Eyni
zamanda, "tahir" sözü çoxmənalıdır
(şəxs adı olan "tahir" həm də "təmiz"
anlamını verir). İlk iki misrada hadisəni dilə gətirən,
sonra məzmunu diqqətə çatdıran böyük sənətkar
son misrada həmin çoxmənalılığa istinad eləyərək, hədəfi
bir yox, iki variantda "darmadağın edir": 1) mən
malikiyəm, etiqadıma görə it - təmizdir (bu,
sözün müstəqim mənasında verilən
cavadır - yəni "sənin söyüşün mənə
keçmir"); 2) mən malikiyəm, inancım budur ki, it -
Tahirdir (sözünü özünə qaytarır, amma hədəfindən
fərqli olaraq bədii məzmunda)!
İndi
Sabirin məşhur şeirlərindən birini xatırlayaq:
Oğlumuz,
ay Xansənəm, bir yekə pəlvan imiş!
Bəxtəvər
olsun başın, bəxtimiz oğlan imiş!
Durmuş
idim kuçədə, bir də nə gördüm həman
Ağrısını
aldığım Feyzi gəlir lap piyan
Çatcaq
urub bir qoca saili, qusdurdu qan
Gözdərinə
döndüyüm, sanki bir aslan imiş,
Bəxtəvər
olsun başın, bəxtimiz oğlan imiş!
Burada da hədəf(lər) məlumdur - tərbiyəsiz,
avara, əyyaş və gücsüzlərin qənimi olan
oğul (adı da verilir - Feyzi), onun bu xüsusiyyətlərinə
şahid olub, bunları pəhləvanlıq, hünər sayan
ata (adı verilmir), onun oğlunun "igidliyini" muştuluq
verdiyi ana (Xansənəm). Amma bu məlum hədəflər
o qədər tipikləşdirilib ki, yüzlərlə
Feyzinin, Xansənəmin heç biri söhbətin ondan
getdiyini düşünmür (yaxud da hər biri sözü
özünə götürür). Ataya gəldikdə,
adı çəkilməsə də öz dili ilə
ifşa olunan bu obraz az qala bütün Azərbaycan
türklərini, bütün müsəlman aləmini simvolizə
edəcək qədər tipikdir. Şeirin konkret hadisə ilə
(Feyzinin sərxoş halda dilənçini döyməsi)
bağlı yazılması da bu yerdə heç bir əhəmiyyət
kəsb etmir. Belə ki, şairin tənqid etdiyi əsl mətləblər
(cəhalət, övladlarını məktəbdən
yayındıran valideynlərin əsassız bəhanələri
- guya məktəbin uşaqları "alagic, dəngəsər",
"heyvərə", "bietiqad" etməsi və s.)
üçün vəsilədən başqa bir şey deyil.
"Ay başı daşlı kişi..." sərlövhəli
eyni ideyalı (tərbiyəsizliyin, nadanlığın tənqidi)
şeirdə bu şərtilik bir qədər də artır və
şair nə ata-ananın, nə oğulun adını çəkməyə
ehtiyac belə duymur. Adı çəkilən yeganə
personaj- tamam kənar bir adam -
"qonşumuz Ağcanın əri"dir ki, onun prototipini
axtarmaq da oxucu üçün maraqlı deyil. Çünki
oxucu bunun mətləbə qətiyyən dəxli
olmadığını yaxşı anlayır:
Ax, nə
yaxşı kişidir qonşumuz Ağcanın əri,
Oğlu
söydükcə fərəhdən açılır
balü-pəri;
Yoxsa ay hərzə
kişi, bir quru sözdən ötəri
Darıxırsan, deməyirsən ki, uşaqdır
uşağım?!
Nə ədəb
vaxtıdır, qoy söysün, ufaqdır uşağım!
Kişi, az söylə mənə bir dəxi "məktəb"
sözünü,
Yəni məktəblə uşaq kamil edərmiş
özünü?
Bir
söyüşdən yana az danla bu tiflin
üzünü!
Sözü
ləzzətli, şirin dilli uşaqdır uşağım!
Şairin ictimai fikrə çatdırmaq istədiyi mətləb
- insanın erkən yaşlarından tərbiyə alıb
sosiallaşması məsələsidir (ailə tərbiyəsinin
vacibliyi, məktəbin, təhsilin ədəb mənbəyi
olması, uşaqları təlim və tərbiyə
ocağı kimi məktəbə vermək zərurəti və
s.), qalan hər şey, necə deyərlər, təfərrüatdır. Amma satirik
şeirin cövhərini, gülüşün məğzini
də həmin bu təfərrüat təşkil edir. Beləliklə, satirik şeirdə hədəf, səbəb,
nəticə, məzmun kimi anlayışlar həcvdəkindən
prinsipial şəkildə fərqlənir.
Ancaq yaddan çıxarmayaq ki, Sabirin şəxsində
türk-İslam poeziyasında yeni tipli satiranın meydan
qazanması hələ xeyli sonranın hadisəsidir. Eyni zamanda, yeni heç də köhnə
ilə aradakı körpüləri yandırmaqla yox, onun
orqanik davamı kimi meydana çıxacaqdır. Bu yerdə Y.V.Çəmənzəminlinin "Sabir
Zakirin həcvlərindən doğma şairdir" fikrinə
haqq verməmək mümkün deyil. Bir kiçik əlavə
ilə ki, Sabir təkcə Zakirin deyil, bütövlükdə
türk-İslam həcv sənətindən doğma sənətkardır. Diqqət yetirsək, Sabir poeziyasında kamala
çatan yeni tipli satirik şeirin ilk əlamətlərini
"Zəfərnamə"də də görə bilirik.
Əsərin tədqiqatçılarından
(onların sayı isə çoxdur) Namiq Sinan haqlı olaraq,
burada Qərb tipli satira anlayışı ilə ənənəvi
Osmanlı həcv anlayışının sintez edildiyini
yazır. Sinan Ziya paşanın Londonda bir
müddət olması faktına istinad edərək "Zəfərnamə"də
ingilis satirik şeirinin, xüsusən Robert Brouninqin
"Üzük və kitab" ("The Ring and the Book")
adlı əsərinin təsirinə düşməsi
ehtimalını da gözdən keçirir, arada doğrudan
da, oxşarlığın olduğunu təsbit edir. Oxşarlıq isə ondadır ki, Brouninq öz əsərini
9 müxtəlif şəxsin dilindən verilən mətnlər
şəklində (təxminən, Sabirin "Bir məclisdə
on iki kişinin söhbəti" şeiri tipində) qələmə
almışdır. Ziya Paşa da "Zəfərnamə"də
bu üsulu əsas götürmüşdür. Təhlillərin
müəyyən təsirlənmə ehtimalını rədd
etmədiyini söyləyən Sinan nəticədə bu qənaətə
gəlir ki, "Zəfərnamə": "Şəkil və
ruh etibarilə əskiyə bağlı görünsə də,
mündəricəsi, istifadə etdiyi qavramlar və kəlmələr
baxımından yeniliklərlə zəngindir. Bir qənaətə
görə, "əskinin yenisi"dir. Divan ədəbiyyatında
XVI yüzildən bəri örnəklərinə rastlanan, Məntiqinin
"İmam Pəndi qəsidəsi"ndə, Güftinin
müxtəlif şəxsiyyətlər haqqındakı təsvirlərində,
Havayi, Tırsi, Süruri və Kani kimi həzlçilərin əsərlərində
tutulan yolun davamı və təkamülüdür". (Qeyd:
klassik filoloqlar "həzl" terminini zarafat, məzhəkə
məzmunlu şeirləri bildirmək üçün işlətmişlər;
müasir türk ədəbiyyatşünaslarından bəziləri
də bu termindən istifadə edir, bizim "həcv"
dediyimiz şeirləri bu cür adlandırır, "həcv",
"həcv etmək" dedikdə "tənqid"i, "tənqid etməy"i nəzərdə
tutur, bir sıra hallarda isə "həcv" və "həzl"i
sinonim sözlər kimi işlədirlər - N.M.) Ümumiləşdirsək,
demək olar ki, "Zəfərnamə" satiraya
yaxınlaşdığı bütün tərəfləri
ilə birlikdə klassik həcv nümunəsidir; müəllif
özünün
ictimai-siyasi, iqtisadi proseslərə tənqidi
münasibətini əks etdirən fikirləri ənənəvi
formatda parlaq bir şəkildə ifadə edə
bilmişdir.
...Həcviyyatın
daha bir keyfiyyət əlamətinə keçməyin vaxtı
gəlmişdir ki, bu da nə qədər ictimai əhəmiyyət
daşısa belə, onun yaranışından sonuna qədər
hər şeydən öncə və ən cox ədəbiyyatdaxili
təzahür olmasıdır. Həcv, yuxarıda qeyd etdiyimiz
üzrə, şairlər (folklorda aşıqlar) arasında
deyişmə və rəqabət zəminində əmələ
gəlmiş və sonradan hansı funksiyanı qazanmasından
asılı olmayaraq, heç vaxt bu "doğuluş əlaməti"ni (bəlkə də, travmasını) itirməmişdir.
Müxtəlif dövrlərdən gətirilən
misallar bu fikri əsaslandıracaq qədər arqument verir.
Suni öz müasiri və həmpiyaləsi Hafizi-Lənglə
münasibətlərini nəzərdə tutaraq
yazırdı:
Hafizi-Lənglə
bir ayaq içdüm
Umar
idüm ki, razı ola yekə.
Sun bizə,
saqi, ciftə əlümə
Nedəlüm, qayil olmadı bu təkə.
(Hafiz Lənglə bir badə şərab içdim,
Ümid edirdim ki, bununla kifayətlənər. Saqi, bizə
daha iki badə şərab gətir. Neyləməli,
bu təkə birinə qail olmadı).
XVIII əsrdə
Osmanlı "rəisi-şairan"ı Osmanzadə Taib
dövrün şairləri haqqında yazdığı şeirdə zəmanəsinin
ən böyük sənətkarı sayılan Nədimdən
bir kəlmə də bəhs etməmiş, Nədim bundan qəzəblənmiş,
demişdi:
Zahirde
egerçi cümleden ednayız
Erbabı-nazar yanında leyk alayız.
Saymazsa
hesaba nola ahbab bizi,
Biz zümrei-şairanda müstesnayız.
XIX əsrdə
isə Rza Tevfiq əsərlərindən birinə lağ eləyən
Süleyman Nazifə həcv ruhlu belə bir şeirlə cavab
vermişdi:
Ben
çetin bir kayayım bu vahşetgehte
Bana çarpan poyraz yeli kırılır.
Dizime
çıkmadan dağılır gider
Çirkablı zilletin seli kırılır.
Beni
dişliyemez yılanlar bile
Sürtünür, kaşınır, geçer hergele.
Yumruk, şamar vuran küstahın hele
Demirden
olsa da eli kırılır.
Fikrimi
sarsmadı şimdiye degin
Arsızca
sözleri bilmem ne beyin
Bana cifte
atan şaşkın eşegin
Kendi ciftesile beli kırılır.
Bendedir
şivesi aşık ağzının
Ona sesi uymaz yaban kazının.
Öyle
hödüklerin bozuk sazının
Namım anıldıkca teli kırılır.
Hər
biri yüz il fasilə ilə baş
vermiş 3 müxtəlif hadisə və bunları əks
etdirən həcv ruhlu üç şeir. Aşkar
görünür ki, Suni-Hafizi-Ləng, Nədim-Osmanzadə və
Rza Tevfiq-Süleyman Nazif qarşıdurmalarının hər
biri özünütəsdiq istəyindən irəli gəlir
və bu mənada deyişmə xarakterli həcvlərdə kəskin
mahiyyət fərqi axtarmağın mənası yoxdur.
İstisna
hal kimi yenə "Zəfərnamə"ni
xatırlaya bilərik. Nədir bu istisnalıq?
Qeyd etdiyimiz kimi, əsərin qəsidə hissəsi
İzmit mütəsərrifi Fazil paşanın dilindən
verilmişdir. Fazil paşa həm də şairdir. Əsərdə
onun şairliyi ilə bağlı deyilir:
Olaraq
müstenidi şimei affü safhın
Natini
Fazıl eder, Hayrı kulun da şerhin.
Genc iken
söylemişti yine zemmü kadhın
Fazılı-pire
ateh gelse de söyler medhin
Soy köpek, kalmasa da dişleri, durmaz battal.
Yesü
hırman ile benzim sararıp solmuş idi
Ehli matlub saçımla çille dahi dolmuş idi.
Mutasarrıflığa
bir kıta sebeb olmuş idi
Bu kasidem beni valilige eyler isal.
Fazil paşa daim sədrəzəmə yarındığını, bunu vərdiş halına gətirdiyini, taqətdən düşüb, ölənəcən onu mədh edəcəyini söyləyir. Qocalıb dişləri tökülsə də it soyundan olduğunu vurğulamaqla Əli paşanın nəzər-diqqətinə çatdırır ki, hələ hürməyə yararlıdır. Mütəsərrüf vəzifəsinə gətirilməsinə görə gəncliyində yazdığı bir qitəyə (mədhə) minnətdar olduğunu etiraf edir, gizlətmir ki, indi də bu qəsidəni yazmaqla valiliyə ümid bəsləyir. Burada vəzifə, nüfuz, sərvət hesabına şairləri satın alaraq, yeniliklərin qarşısını kəsmək, bu yolla varlığını qoruyub saxlamaq istəyən köhnə siyasi sistemin çürüklüyü də, yaltaq və dişsiz şairlərin yaramazlığı da eyni tərzdə həcv edilir. Amma Ziya paşa bununla da dayanmır, Fazil paşanın dilindən verdiyi qəsidəyə təxmis yazmağı da "şairi-köhnə əda" Hayri əfəndiyə "həvalə edir". Yəni "Zəfərnamə"nin təxmis hissəsi də guya köhnə şairlərdən biri tərəfindən yazılıb. İlk baxışda elə görünə bilər ki, həcvin bir ucu da əski ədəbiyyata, onun daşıyıcılarına gedib çıxır. Doğrudan da, Hayri əfəndini "köhnə ədalı şair" adlandırmaqla Ziya paşa nəyi qəsd edir? Tədqiqlərdə bu məsələnin də üzərinə işıq salınır.
Davamı gələn
sayımızda
Nizaməddin MUSTAFA
Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.31.