Dünya yaxşılarındı
Gürcüstanda orta məktəbin səkkizinci sinfində dərslərimiz bir - iki ay olardı başlamışdı. Payızın barlı-bəhərli, gözəl
vaxtlarıydı. Bir gün
məktəbimizdə hay-küy
qopdu ki, Telmanın "Azərbaycan
pioneri" qəzetində
şeirləri çıxıb.
Abunə yolu ilə məktəbimizə xeyli "Azərbaycan
pioneri" qəzeti gəlirdi. Qəzetlər əl-əl gəzdi.
Bizim tərəflərdə görünməyən iş idi
-bir şagirdin "Azərbaycan pioneri" qəzetində
üç şeiri çap olunmuşdu. İndi - az qala 40 ildən
yuxarı bir zamandan sonra düşünürəm ki, o çap
olunmuş şeirlərin sevincinin yaratdığı o hiss-həyəcanın
ürəyimdə qopardığı
"fırtına"dan görən necə salamat
qurtarmışam! Sevincimdən, qürurumdan, bir az da
"fors"umdan yerə-göyə sığmırdım.
Bütün arzularımızın ünvanı kimi
baxdığımız Bakıda mənim - aylı-ulduzlu gecələrdə
göy üzündən aşağı "enməyən"
və buna görə də özünü gələcəyin
böyük şairi kimi "görən" bir kənd
uşağının şeirlərini çap etmişdilər.
Əlbəttə, sağ olsunlar, çox sağ olsunlar! O
gündən poçtalyon Abdulla mənə məktub
daşımaqdan yoruldu. Azərbaycanın bütün
rayonlarından, hətta İrəvandan, Göyçədən
və digər yerlərdən mənə dostluq məktubları
gəlirdi. Əlbəttə, bu məktublarda mənim
"şair" olmağımdan söz açan yox idi,
oğlanlı-qızlı məktub yazanların hamısı
üçün mən yeni bir dostluq ünvanı idim.
"Şair"liyimin belə "şöhrət"
sevincini yaşadığım günlərdə mənə
heç bir məktuba bənzəməyən, iri zərfli bir
məktub da gəldi. Bu iri zərfli məktub gəlişi ilə
məni nəinki məktəbdə, bütün eldə-obada
"xalq şairi" elədi. Məktubu "Azərbaycan
pioneri" qəzetinin baş redaktoru Əmrah Əmrahov
göndərmişdi. "Salam, hörmətli Telman!" Məktub
belə başlayırdı. Şeirlərim (belə demək
mümkünsə) haqqında xoş sözlər yazan və
"Azərbaycan pioneri" qəzeti ilə əməkdaşlığı
davam etdirməyi arzulayan Əmrah Əmrahov dəniz haqqında
şeirimdən bir neçə misranı məktubda nümunə
də gətirmişdi:
"...Dalğası
göy çəmənlik,
Suyu
çiçək dənizim!
Mənim
göyçək dənizim!..".
O vaxta qədər
mən dənizi ancaq xəyallarımda təsəvvür
edirdim. Gördüyüm Kür çayı, Ağ göl,
bir də Kür çayının Rustavinin içindən
keçən qolunun bir tərəfində
yaradılmış şəhər çimərliyi idi. Əsl
dənizi - Xəzər kimi böyük dənizi (onda belə
düşünürdüm) qardaşım Elimxan evlənəndə
gəlinimizin cehiz gətirdiyi ağ-qara televizorda
görmüşdüm. Və o yazdığım şeir də
məhz o "televizor dənizi"nin təsiri, "bəxşişi"
idi. Baş redaktor qeyd edirdi ki, "dənizdən uzaqda
yaşayan bir yeniyetmə şeir həvəskarının dənizi
belə duyması onun gələcəkdə yaxşı
şair olacağına inam yaradır...".
Ədəbiyyat
müəllimlərimin "çox yaxşı və xeyirxah
insan" adlandırdıqları Əmrah Əmrahovun həqiqətən
də qayğı və xeyirxahlıqla dolu həmin məktubunu
uzun illər əziz bir xatirə, yadigar kimi qoruyub
saxlayırdım. Çox təəssüf ki, Bakıda
"kirayə köçləri" zamanı hara qoydumsa,
sonralar tapa bilmədim.
Beləcə,
hələ Bakıya gəlib çıxmamış bilirdim
ki, Bakıda yaxşı insanların yaxşılarından
olan xeyirxah bir insan yazıçı -jurnalist, "Azərbyacan
pioneri" qəzetinin baş redaktoru Əmrah Əmrahov da var.
Orta məktəbi
bitirməyimə bir-iki ay qalırdı. Arzum sənədlərimi
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə
vermək idi. Bu zaman "Azərbaycan gəncləri" qəzetində
bir müsabiqə elanı çıxmışdı: Azərbaycan
Dövlət Universiteti ilə "Azərbaycan gəncləri"
qəzeti jurnalistika fakültəsinə daxil olmaq istəyənlər
üçün yazı müsabiqəsi keçirir. Bu
müsabiqənin qalibləri universitetə qəbul
imtahanlarından sonrakı müsabiqədən azad edilirdilər:
yəni yazı müsabiqəsinin qalibisənsə qəbul
imtahanlarında üstünlük qazanacaqsan. Müsabiqədə
iştirak edən 178 abituriyentdən 16 nəfər qalib
adını qazandı və xoşbəxtlikdən mən də
"Zəhmət eşqi" adlı oçerkimlə o qaliblərdən
biri oldum...
Nəhayət,
ali məktəblərə qəbul zamanı gəlib
çatdı. Şübhəsiz, Bakı vağzalında
"Bakı-Tbilisi" qatarından düşən kimi həmin
gün "Azərbaycan pioneri" qəzetinə - Əmrah
müəllimin ziyarətinə getməyi əsas işim bildim.
...Əmrah
müəllimlə üz-üzəyik. Həyəcanımı
gizlədə bilmirəm. Təsəvvür elədiyimdən
də xeyirxah, doğma görünür adama. Eynəyinin
arxasından həmsöhbətinə elə mehriban, elə məhrəm
baxır ki, deyirsən bu insan olan yerdə heç bir çətinlik,
ədalətsizlik ola bilməz. Mən
sıxıla-sıxıla "müsabiqə qalibi"
olmağımı necə deyəcəyimi
düşününcə özü məni təbrik elədi,
dedi ki, universitetlə "Gənclər" qəzetinin
("Azərbaycan gəncləri") o müsabiqəsinin
qalibi olmaq böyük uğurdur. Qəbul olunandan sonra bizim qəzetlə
də əlaqəni kəsmə...
Əmrah
müəllimlə söhbətdən sonra adama elə gəlirdi
ki, dünyada ancaq yaxşılar yaşayır, dünya ancaq
yaxşılarındı... Sonrakı görüşlərimizdə
də dəfələrlə bunun şahidi oldum və Əmrah
müəllimin dost-tanışlarından da bunu eşitdim... Və
yaxşı ki, dünya yaxşılarındı...
...Bəli,
artıq XXI əsrin 18-ci ilinin son ayları da
yır-yığış üzrədir. Noyabrın 23-də Əmrah
Əmrahovun 95 yaşı tamam olmalıydı...
Əmrah Əmrahov
1923-cü ildə Bakının Kürdəxanı kəndində
anadan olub. Kənddə birinci sinfə gedəndən bir
neçə ay sonra gözlərində problemlər
yaranıb və göz həkimləri ona oxumağa, məktəbə
getməyə icazə verməyiblər. Düz beş il
müalicə olunduqdan sonra yenidən məktəbə gedib. Nəhayət,
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin
hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildən isə universitetin filologiya fakültəsinin jurnalistika
şöbəsinə qəbul
edilib. Həm də paralel
olaraq "Azərbaycan
pioneri" qəzetində
müxbir işləyib.
1950-ci ildə universiteti bitirdikdən sonra taleyini "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Ömrünün
sonuna kimi düz 38 il
bu qəzetdə çalışıb. Əvvəlcə ədəbi işçi,
şöbə müdiri,
məsul katib və sonra baş
redaktor olub.
Bədii yaradıcılığa şeirlə
başlayan Əmrah Əmrahovun ilk yazıları
"Azərbaycan pioneri",
"Abşeron kolxozçusu"
qəzetlərində çap
olunub. Oçerk və hekayələri
bütün dövri mətbuatda dərc edilib. Bədii tərcümə ilə də məşğul olan Əmrah Əmrahov əsasən uşaqlar və yeniyetmələr üçün yazıb.
"Ürək vətən
üçün döyünəndə",
"Əbədi şöhrət",
"Zastavaya gedən yol", "Ulduzlar gecə parlar", "Dağ bənövşəsi",
"Gizli aləmlər",
"Yaxşıların dünyası",
"Lalələr Apreldə
açır" və
digər kitabları o
dövrdə məktəblilər
tərəfindən maraqla
qarşılanırdı. Düzdür, onda dövr başqa, tələblər
başqa idi.
"Azərbaycan pioneri"
qəzetinə rəhbərlik
edən bir yazıçı dövrün
ideoloji diktələrinə
əməl etməli,
"partiyalı"lığını heç vaxt unutmamalı idi - uşaq yazıçısı
olsaydı belə! Ancaq Əmrah Əmrahov pioneri, komsomolu vəsf etməklə yanaşı,
(bu reallığı
etiraf etməkdən çəkinməyək) həm
də çalışırdı
ki, bu pioner,
komsomol "libaslı"
Azərbaycan övladları
cəsur, çalışqan,
vətənini, torpağını,
yurdunu sevən, ana dilinə hörmət edən, tərbiyəli, böyük-kiçik
yeri bilən, ləyaqətli vətəndaşlar
kimi böyüsünlər
- oçerklərində, hekayələrində,
povestlərində qarşısına
qoyduğu başlıca
məramlardan biri də məhz bu idi. Əlbəttə,
bu gündən o dövrə baxanda hər şeyə ancaq ağ
və qara rəngdə baxmaq, yarıyacan dolu stəkana yarıyacan boşdu demək çox asan olsa da, gerçəkliyə
baxış bucağından
yetərli sayıla bilməz. Mütəxəssislərin
bu gün də çəkinmədən
mütərəqqi təhsil
sisteminə aid etdikləri
o zamankı sovet təhsil sistemi oxuyub təhsil (həm də ali) almamızda,
maariflənməmizdə əhəmiyyətli
rol oynayıb. O başqa məsələ ki, tariximiz təhrif
olunur, yanlış öyrədilir, soy-kökümüzə,
milli kimliyimizə aid səhifələrə yabançı
şeylər yazılır,
xalqımızın tarixi
şəxsiyyətləri, istiqlal xadimləri ya unutdurulur, ya düşmən kimi təqdim olunur, ya da
onların əvəzinə
bizə "qanı qanımızdan olmayan"
"dədə"lər, "baba"lar sırınırdı.
Bunları yaşamışıq
axı! Şübhəsiz,
Əmrah Əmrahov kimi "Azərbaycan pioneri" qəzetinin redaktoru qismində "partiya nomenklaturası"nda
vəzifə tutan yazıçı və şairlər, həmçinin
digər sənət adamları "partiyalı"
düşünməli, "partiyalı" danışmalı
və "partiyalı" yazıb-yaratmalıydı.
Ömrünün sonuna
kimi 15-ə yaxın kitabı nəşr edilən Əmrah Əmrahov da sovet ideologiyasının tələblərinə uyğun
oçerk, hekayə və povestlər yazmış, "Lenin baba
yolu ilə kommunizmə doğru inamla irəliləyən pioner balaları" vəsf etmiş və ya bir
az yumşaq
desək, vəsf etməli olmuşdu. Ancaq Əmrah Əmrahovun əsərlərindəki
uşaq obrazlarının
çoxu bu günümüz üçün
də xarakterikdir: o uşaqlar yaxşı oxuyur, düzlüyü sevir, kəndlərinin, el-obalarının rahatlığını
pozan, yaxşı günlərini istəməyən
"pis adamlar"a qarşı mübarizə
aparmağa çalışırdılar.
"Zastavaya gedən
yol" povestində məktəbli Raqiflə Hüseyn sərhədçilərlə
dostluq edir, onların silahdaşına
çevrilir və uşaqların ayıq-sayıqlığı,
cəsurluğu sayəsində
neçə sərhəd
pozucusu vaxtında aşkar edilib yaxalanır. Rus sərhədçiləri
azərbaycanlı uşaqların
qəhrəmanlığına heyran qalırlar. "Uşaqları
fərəhləndirən bu
idi ki, onlar
doğma vətənimizi
necə dərin məhəbbətlə sevdiklərini
öz hərəkətləri
ilə göstərmişdilər"
("Zastavaya gedən
yol").
"Lalələr Apreldə açır" povestində 1915-1920-ci illərdə
Bakıda və onun ətraf kəndlərində baş
verən hadisələrdən,
zülmkarlara qarşı
mübarizədə uşaqların
öz ata-babalarına
layiqli köməkçi
olmalarından, bu uşaqların gələcəyə
böyük ümidlərlə
baxdıqlarından söhbət
açılır. "Babası ona hər şeyi danışdı. Bildi ki,
Hüseyn uzun illər Mantaşovun neft mədənlərində
işləyib. Orada da şikəst olub. Əlimərdan bir həqiqəti
daha dərindən duyur. Demək, bu adamlar nə
qədər ki, sağlamdırlar, qollarında,
qıçlarında güc-qüvvət
var, varlılara-kasıbların qanını
zəli kimi soranlara lazımdırlar, elə ki, şikəst
oldular, yorulub əldən düşdülər,
heç kim onları saymır. Belə də hökumət olar? Belə də dünya
olar? Onun atası da bu haqsızlığa qarşı vuruşmuşdur.
İndi Əlimərdan
da özünü balaca saymırdı - on iki yaşı vardı..." ("Lalələr Apreldə açır").
Bu gün Əmrah
Əmrahovdan söz düşəndə onu tanıyan hər kəs ilk öncə Əmrah müəllimin çox yaxşı, xeyirxah bir insan
olduğunu deyir, sonra yazıçılığından,
jurnalistliyindən danışır. Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının əməkdaşı,
Əmrah Əmrahovun qohumu Gülər Məmmədova yazıçı
haqqında belə danışır:
- Əmrah əmi xalam Sevil xanımın həyat yoldaşı idi. Övladları olmadığına görə
bizim hamımızı övlad
gözündə görürdülər.
Əmrah
müəllim uşaqlara
qarşı çox mehriban, intizamlı idi. Kürdəxanıda onların bağına
yığışanda vaxtının
çoxunu uşaqlara
ayırırdı. Şeir oxuyur,
nağıl danışır,
tapmacalar, yanıltmaclar
öyrədirdi. Həmişə də deyirdi ki, uşaqlara onların ağlını,
düşüncəsini inkişaf
etdirən nağıllar
danışın. "Cırtdan"ı, "Təpəgöz"ü
dinləyən uşağın
qəlbində hansı
arzular oyanar?!. Elmira xalanın qızı Nərgiz çox nağıl istəyən idi, biz bir az böyük
olduğumuza görə
hiss edirdik ki, o nağılların çoxunu
Əmrah əmi özündən uydurur və sonralar həmin nağılların
hekayə şəklində
çap olunduğunu görürdük. Böyüklərin
məclislərində şeir
deməyi də vardı: Səməd Vurğundan, Rəsul Rzadan, Əliağa Vahiddən, türk şairlərindən Nazim
Hikmətdən, Fazil Hüsnü Dağlarcadan...
Əmrah əminin Kürdəxanıya gəlişi
xüsusi bir bayram ovqatı yaradırdı... Dostları
Baləli müəllim,
Əli müəllimlə
(həm də bacanağı) bir yerə yığışanda
görüşləri gözəl
bir elmi-ədəbi məclisə çevrilirdi...
Gülər xanım qeyd edir ki, ötən
əsrin səksəninci
illərinin sonlarına
doğru Əmrah müəllim çox əsəbi olmuşdu:
- Dağlıq Qarabağda
erməni şovinistlərinin
məkrli çıxışları,
əsassız torpaq iddiaları Əmrah müəllimi çox əsəbiləşdirir, özündən
çıxarırdı. 1987-ci ilin noyabrında Mixail Qorbaçovun iqtisadiyyat məsələləri
üzrə müşaviri
Aqanbekyanın "Humanite"
qəzetinə müsahibəsi,
orada səsləndirilən
irticaçı fikirlər
Əmrah müəllimi
çox qəzəbləndirmişdi.
Deyirdi ki, bu ermənilər heç vaxt bizə olan nifrətdən, düşmənçilik
mövqeyindən əl
çəkən deyil...
Verilən torpaqlardan ağızlarında şirə
qalıb...
...Əmrah əminin 1988-ci il noyabrın
18-də axşam saatlarında
akademiya bağında
gəzişərkən ürəyi
dayanmışdı...
...Bəli, yaxşı insanları itirmək çox ağır olur. Çünki belə yaxşılar
yaxşılığın, insanlığın var olub
yaşamasında, övladlarımızın üzü
yaxşılığa, xeyirxahlığa doğru
böyüməsində əhəmiyyətli rol oynayır.
...Əmrah
Əmrahovla sonuncu görüşümüz də "Azərbaycan
pioneri" qəzetinin redaksiyasında olmuşdu. Artıq qəzetin
redaktorluğundan çıxmışdı, məsləhətçi
işləyirdi. Dedi yaradıcılıq necədir, təzə
çap olunmuş şeirlərimi göstərdim. Jurnalı
aldı, baxdı. "Dünya" şeirinin sonunu ucadan
oxudu:
...Başına dolanım, ay el, ay oba,
Başına dolanım, ay dünya
sənin!
Sənə neyləmişəm oğul
adında,
Sənə neyləmişəm ağıl
adında?
Mənim
ölümümdən bircə
gün keçsə
Görən qalarammı sənin
yadında!..
O bəndi oxuyandan sonra göz dolusu köks ötürən Əmrah müəllim, sanki öz-özünə dedi:
- Həə, unudulmamaq
gözəl şeydir.
Ölümdən sonrakı
xoşbəxtlik, bəlkə
də, elə budur...
Doğulandan 95 il, öləndən 30 il sonra səndən danışırıq, Əmrah
müəllim! Çünki səndən danışmaq
elə bu yalan dünyanın yaxşı işlərindən
danışmaqdır.
10-23
noyabr, 2018
Telman Nəzərli
Ədəbiyyat qəzeti.- 2018.- 22
dekabr.- S.28.