"Hər şey tanışdır
köhnə nağıltək..."
Bakı Kitab Mərkəzində
Kamal Abdulla ilə görüş
Çoxdan,
lap çoxdan oxuduğum və böyük bir filosofun dedikləridi:
"Dahi, mütəfəkkir adamlar ən adi, xırda işlərində
belə, yenə də dahi, mütəfəkkir olaraq
qalırlar...".
Dekabrın
26-da Bakı Kitab Mərkəzində akademik, yazıçı Kamal Abdulla ilə olan
görüş zamanı bu görkəmli fikir-söz
adamını dinləyə-dinləyə yenə də həmin
o deyimi xatırlayırdım. Yəni mütəfəkkir
adamlar ən adi münasibətlərində belə, yenə də
seçkin və bitkin, mütəfəkkir olaraq qalırlar...
Görüş zamanı verilən hər sualı bu
cür fikir ucalığından cavablandırdı, mövqe,
münasibət mükəmməlliyi ilə yenə də hər
kəsə bir köynək daha yaxın oldu Kamal müəllim. Elə təkcə
Dədə Qorqud şəxsiyyəti barədə olan incələmələri
bəs edərdi ki, belə bir görüşün doyumsuz,
şanslı iştirakçısı olasan. Səmimi,
doğma siması, əmin-arxayın oturuş-duruşu,
gözlərinin inamlı təbəssümü də
anlatmaqda idi ki, belə deməkdə, "belə məğrur
dayanmaqda" haqlıyam: "Mənim çox sevdiyim, məşhur
Argentina yazıçısı Borxesin belə bir sözü
var; deyir ki, ədəbiyyat idarə edilən yuxudur. Təəssüf ki, bəzən bu yuxu məsələsini
bir çox yazıçılar əsərlərindəki qəhrəmanları
yatızdırmaqda görürlər. Yəni
qəhrəman yatır və nəsə bir yuxu görür,
qəhrəman yuxudan oyanır və bu yuxusunun
yozulmasını istəyir. Əslində,
belə hallarda yuxu yazıçının yuxusudu.
Bütövlükdə... Bütövlükdə
əsər yuxudur. Onun qəhrəmanının
yatıb yuxu görməsi ilə hələ ədəbi yuxu
dediyimiz o sirli, o həssas məqama yaxınlaşa bilmərik.
Yazıçı mənim aləmimdə
gördüyü, bildiyi şeylərdən yazırsa,
artıq bu, ədəbiyyatın krizisidir. Yəni
gör sən nə hala düşmüsən ki, artıq bilmədiyin,
təsəvvürünə gəlməyən şeylərdən
yaza bilmirsən. Sovetlər dönəmində
bu məsələyə ayrı cür baxırdılar.
Belə ki, yazıçını istehsalata,
fabrik və zavodlara ezam edirdilər, gedib orada müşahidə
aparsınlar, bəzən fəhlə kimi
çalışsınlar. Bu da bir
üsuldu. Bu da sosializmin
baxışıydı. Amma başqa
baxışlar da var. Məsələ gördüyün
şeylər haqqında yox, düşünə bildiyin,
ağlına gələn şeylər barəsində
yazmaqdadı. Burda, əlbəttə, gedib
fantastikaya yuvarlanmamalısan. Çıxılmazlığa
dirənməməlisən. Mənə elə
gəlir "Kitabi-Dədə Qorqud" bütöv halda, bəlkə
də, bir xalqın gördüyü yuxudur. Nə müəllifinin
adını bilirik, nə kim tərəfindən
yazıya alındığını. Sadəcə,
Dədə Qorqud adını qoymuşuq müəllifə.
Mənim qənaətimə görə, Dədə
Qorqud şəxsiyyət deyil, bir prinsipdi. Yəni bunu
Homer haqqında da deyirlər. Məşhur
alimlər deyirlər ki, Homer şəxsiyyət deyil. O,
yunan şəhərlərini, yunan əxlaqını, yunan mədəniyyətini
birləşdirən bir prinsipdi. Ona görə
də "Dədə Qorqud" əsərini biz tarixdən kənar
bir əsər kimi qəbul edirik. Dastanın
bir qolu bizi gətirir XI-XII əsrlərə, o biri boyu
qaytarır VI-VII yüzilliklərə, sonrakı boy XVI-XVII
yüzilliklərə söykənir. Bax bu antitarixilik
"Dədə Qorqud"un
mayasındadı. Bütün bu hadisələrin
içindən də Dədə Qorqud keçir. Şəxsiyyət ayrı-ayrı tarixi səhnələrdən,
yüzilliklərdən necə keçə bilər? Ona görə də, mənim fikrimcə, Dədə
Qorqud bir prinsipdi, "Dədə Qorqud" dastanları
xalqın təfəkkürünün məhsuludur".
Bu fikirləri səsləndirdiyi məqamda Kamal
Abdullanın özü də nağıl və əfsanələrimizdən,
əsatirdən çıxıb gəlmiş, gəlib də
bizləri bütün olmuş və olacaqlardan agah edən
nağıl, dastan, ustadnamə söyləyicilərindən
biri kimiydi.
Eynən nağıllardakı aqil, müdrik söyləyicilər
kimi başlamışdı sözünə: "Nədən
başlayıb, nədə qurtaracağıq, onu bilmirəm.
Necə qurtaracağıq, onu da bilmirəm...".
Bu səbəbdən də söyləyəcəklərinin
sonunun əvvələ, əvvəlinin sona, axıra
varması təbii (həm də qaçılmaz,
qanunauyğun) görünürdü. Bu
danışılanlar doğma, müstəqil Azərbaycanımızın
bugünkü parlaq həyatına heyranlıqdan
qaynaqlanırdı. Eyni zamanda dünəndən,
Nuh əyyamından keçib gəlirdi, keçmişi gələcəyə
calamaqda idi. Adətən insan böyük bir məsuliyyət
önündə sözü nədən başlayıb - nədə
bitirəcəyini (və necə bitirəcəyini) özü
üçün kəsdirə bilməyəndə belə
başlayır: "İstərdim ki, sizə bir əhvalat
danışım. Bugünkü Azərbaycan mənzərəsi
ilə bağlı bir əhvalat. Bəlkə
də, ədəbiyyat əhvalatından daha çox,
multukultural əhvalatdı. Mən üç il bundan əvvəl Azərbaycandakı müxtəlif
sinaqoqlara, məscidlərə, kilsələrə gedəndə
müxtəlif din adamları ilə
görüşürdüm. Bu din adamları
keşişlər, mollalar, ravvinlər idi. Sinaqoqların birində mən bir ravvinlə
qarşılaşdım. O mənə öz əhvalatını
danışdı. Mən bu əhvalatı
üç hissəyə bölərdim və mənim aləmimdə
bu bir dram əsəri mislindədi. Deməli, təqribən
15 il bundan əvvəl dünyanın
hansısa bir ölkəsində sinaqoqda çalışan bu
adama deyirlər ki, sən yaxın günlərdə Azərbaycana
gedib orada çalışmalısan. Ravvin dəhşətə
gəlir; Azərbaycan çox uzaq, özü də müsəlman
ölkəsidi. Böyük problemlər
yaşayır. Əmin-amanlığı
şübhə altındadı. Orada necə
fəaliyyət göstərə bilər? Təhlükəli
günləri ola bilər. Ailəm,
uşaqlarım var... Bu ravvin əlacsız-əlacsız
gəlib öz rəhbərlərindən xahiş edir ki, məni
dünyanın hansı səmtinə istəyirsinizsə
göndərin, ancaq Azərbaycana getməyi istəmirəm.
Onun göz yaşlarına baxmırlar və
ravvini məcburən Azərbaycana işləməyə
göndərirlər. Bununla mənim sizə
danışmaq istədiyim tarixçənin birinci hissəsi
bitir. İkinci hissəni mən sizə
danışmayacam, özünüz təsəvvür edəcəksiniz...
Üçüncü hissə cəmi bir neçə
cümlədən ibarətdir; bu gün həmin ravvin Azərbaycan
vətəndaşlığına qəbul edilmək
üçün ölkəmizin başçısına
müraciət edib. Azərbaycan, Azərbaycanın
əsl siması bax, budur. Ölkəmiz
sürətlə inkişaf edir. Şəhərlərimiz,
kəndlərimiz, obalarımız gözəlləşir.
Mən deyərdim ki, təkcə bu
saydıqlarım dəyişmir, sözün həqiqi mənasında,
Azərbaycan insanı dəyişir. Özü
də mənən dəyişir. Biz get-gedə
daha ağıllı oluruq. Bu çox vacib məsələdir...".
Kamal müəllim nağıl, dastan, əsatir əsintili
bu açıqlamaları fonunda yazmaq, yaratmaq
ehtirasının, arzusunun qaynaqlandığı nəsnəni
insanın təmizlənmək, çərçivə və
sədlərdən xilas olmaq, öz azadlığında
yaşamaq ehtiyacı olduğunu önə çəkdi. Eyni zamanda vurğuladı
ki, yazmağa başlamazdan öncə yazmağa hazır
olmalısan: "Mən heç vaxt başa düşmürdüm
ki, necə ola bilər sən birdən-birə
oturasan və beş-altı saat yazıb-işləyə biləsən?
Gərək o məqam, o an gəlsin ki, sən
oturub işləyə biləsən. Mən həmişə
yazmaya bilməyəndə yazmağa başlayıram. Amma əsas odur ki, yazmağa başlamamışdan əvvəl
hər şeydən təmizlənməyi bacarasan, hər
cür qayğılardan, sıxıntılardan xilas
olasan".
Sonra
"Unutmağa kimsə yox"un məqamı
gəldi.
Yollar
getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə
yox xatırlamağa,
Unutmağa da kimsə yox.
Yaradıcı
insanın ovqatından bəhs edərkən Kamal müəllim
bildirdi ki, deməzdim mən bu şeiri bədbin olanda
yazmışam: "Bu şeirdə iki qat var,
xatırlamağa kimsənin olmaması, ikinci qat unutmağa da
kimsənin olmamasıdır. Bütövlükdə isə məsələ
belədir ki,
hamı yadımdadı, ürəyimdədi".
Baxtinin
"insan yalnız yaradıcılıq prosesində
özüdür" fikrinə də özünəməxsus
cavabı oldu Kamal müəllimin: "Baxtinin bu fikrində
böyük həqiqət var. İnsan həyatda o qədər
dəyişkən, bir-birindən fərqli məqamların
içində olur ki, bəzən onun özünə elə
gəlir o dəyişmir, özünü saxlaya bilir. İnsan cürbəcür dostların əhatəsində
olur; dəyişən, dəyişməyən dostlar var.
Ən maraqlısı dəyişən dostlardı. Bu,
dinamikadı... Təsəvvür edin, Davidin
lüt heykəlinə baxırsan və onun
çılpaqlığının fərqinə varmırsan.
Ancaq o heykəlin boğazına gətirib bir
qalstuq assan, çılpaqlıq, dəyişiklik o saat
özünü büruzə verəcək. Bu mənada
da insanın tək-tənha, susqun vaxtına bir balaca nəsə
əlavə etsən, o saat bilinəcək ki, burada nəsə
yeni bir yaşam var...".
Bütün
metaforaların mifologiyaya aparıb
çıxardığını əminliklə vurğulayan
akademik qeyd etdi ki, özümüzdən də xəbərsiz
biz o metaforalarla danışırıq, o metaforalarla
yazırıq: "Yazmaq məsələsinə gəldikdə
isə mən çox tez yazıram. Və
çalışıram ki, yazanda dil çərçivələri
ilə bağlı hissdən uzaq olum, aralanım. Bu səbəbdən də çox vaxt məni dil
pintiliyinə görə günahlandırırlar. Bu ondan irəli gəlir ki, mən
çalışıram yazdığımla təsvir etdiyim
arasında sərhəd olmasın. Dil sərhədi.
Dil ətraf mühitlə insan arasında bir maneədir.
Pis mənada demirəm. Mən
çalışıram ki, bu sərhədi qırıb
keçim. Yazını bitirdikdən sonra
isə çox ciddi şəkildə redaktə etmək
imkanı qalır. Belə redaktələr isə mənə çox ləzzət eləyir. Bəzən elə olur ki, bütöv bir cümləni
sintaktik xarakiri edirsən. Bu çox
maraqlı bir məqamdı.
Kamal müəllim öz
yaradıcılığını başdan-ayağa
eksperimental bir laboratoriya kimi xarakterizə etdi. Bəzi şeirlərinin
bir misrasından hekayə, esse yarandığını, burdan
povestə, romana yeni yol açıldığını dedi. "Yarımçıq əlyazma"nın "Beyrəyin
taleyi" və "Casus" pyeslərinin birləşməsindən
yarandığını açıqladı.
Qətiyyətlə
dedi ki, yeni yazmağa başlayanlar özlərindən əvvəl
o yolu gedənlərə ehtiram, böyük məhəbbət,
böyük sədaqət bəsləməsələr,
heç nəyə nail ola bilməzlər:
"Ancaq inkarçılıqla, hər şeyin üstündən
xətt çəkməklə heç nəyə nail olmaq
olmaz. Ona görə də elə eləmək lazımdır
ki, sizdən əvvəl gedənlər desin ki, bizdən sonra
gələnlərə salam olsun".
Söz gəlib çıxdı Kamal müəllimin
müəllifi olduğu, özünün də çox
sevdiyi şeirin üzərinə. Bu, "Köhnə
nağıltək"dir. Müəllif bu gözəl
şeirin pərdəsini köhnə nağıl kimi
açdı. Bir daha yaşadı və
dinləyiciləri də yaşatdı o şeirdə. O
qədər səmimiyyətlə ki, yazımızın
adını da o şeirdəki bir misradan aldıq.
O unudulmaz
görüşdə Kamal müəllim ədəbiyyatımızın,
bədii fikir tariximizin çox mühüm məqamlarından,
problemlərindən özünəməxsus
inandırıcılıqla söz açdı. Azərbaycan Yazıçılar Birliyinin dərgilərinin
çox normal şəkildə nəşr olunduğunu qeyd
etdi. Eyni zamanda "Ədəbiyyat qəzeti"nin son illərdə işıq üzü
görən saylarından intellektual zövq
aldığını bildirdi: "Qəzet öz hədəflərini,
ədəbi məramını birmənalı şəkildə
müəyyən edib və bu çox təqdirəlayiqdir".
Yaradıcı
insan təbiətinin bədii əsərdə öz ifadəsini
tapmasının effekti barədə də maraqlı
açıqlama verdi Kamal müəllim.
Bildirdi ki, qəhrəmanı ədəbiyyat adamı olan xeyli
sayda əsərlər var: "Belə bir əsəri
yazmağı qarşıma qoymadığım
üçün cavab verməyə də tərəddüd
edirəm. Mənim aləmimdə şair son dərəcə
həyatsevər, son dərəcə nikbin, hərdən
çox təlatümlü xarakterə malik bir insandır.
Bu obraz mənim üçün çox
maraqlıdı. Deyim ki, mən Füzuli ilə
bağlı bir hekayə yazmışam və orada Füzulini
məhz özümün təsəvvür etdiyim şəkildə
ifadə etmişəm. Çalışmışam
o məqamları verim ki, Füzuli şeir yazmadığı
məqamlarda hansı ovqatda olub, kimi sevib, kimə nifrət
edib? Həyatda Nizami haqqında əfsanələr
gəzir. Ancaq biz bilmirik gerçək yaşamda Nizami
necə bir adam olub. Nəsimi
necə olub? Şəxsiyyətlə onun
yaradıcılığını birləşdirməyə,
eyniləşdirməyə çalışanlar göylə
yeri bir-birinə calaşdırmaq istəyənlər qədər
sadədildilər. Çox nadir adamlarda
olur ki, onun şəxsiyyəti
yaradıcılığını tamamlayır.
Çünki qələm adamı öz əsərində mənfi
qəhrəman da yaradır, müsbət, ideal obrazlar da... Eyni zamanda, xoşagəlməz halları da qələmə
alır. Amma özü şəxsiyyətcə
böyük insan olur. Bütün bunlar
çox maraqlı və birmənalı cavabları olmayan
suallardı. Əsas məsələ ruhda,
iç dünyasında gedən
çırpıntılardı. Bir müşahidəmi deyim;
coşqun dəniz dalğaları sahil qayalarına
çırpındıqca təsvirolunmaz dərəcədə
şəffaf, ağ köpüklər əmələ
gəlir. Mən o ağ köpüklərin
gözəlliyindən həmişə heyrətə gəlirəm.
Mən o mənzərəni seyr edərkən
başa düşmüşəm ki, nə üçün qədim
yunanlar Afroditanı köpükdən yaradıb. Afrodita yunanlara görə köpükdən
doğulub. Yəni
çırpıntının, təmizlənməyin
dünyaya gətirdiyidi. Yazıçı
qələmi bu gözəlliyi dolğunluğu ilə təsvir
etdiyi yerdə möhtəşəmdi.
Mən hər dəfə hər hansı əsəri
yazıb qurtarandan sonra elə bilirəm ki, indicə Xəzər
dənizinin bu başından o başına üzə-üzə
keçmişəm. Amma gerçək həyatda mən ola bilsin heç on metrlik bir məsafəni
də üzə bilmərəm. Ən əlyetməz,
ən istəkli, ən yerinə yetməz arzularıma
yaradıcılıq müstəvisində
çatmışam. Dünyanın ən füsunkar
gözəlləri ilə tanış
olmuşam, ən möhtəşəm insanları ilə
ünsiyyət qurmuşam, dünyanın ən gözəl
nemətlərini dadmışam, xeyli arıqlamışam
(gülür), ən böyük şeyləri həyatımda
özüm üçün hiss etmişəm
yaradıcılıq müstəvisində. Yazdığın,
son cümləni qoyduğun ana qədər sən
yazdığının ağasısan. Yazandan
sonra isə onun əsirisən, əlindən heç nə gəlmir".
Gündəlik
yazmağa hələ tələbəlik illərindən
başladığını söyləyən
yazıçı həmin qeydlərinə tarix
qoymadığını da bildirdi: "Sonra o qeydlər
öz-özünə dönüb oldu "Tarixsiz gündəlik"
adlı povestim".
Sonra Kamal
müəllim həmin o tarix qoymadığı gündəliyin
çox maraqlı bir hadisəsini də dinləyənlərə
çatdırdı: "Moskvada aspiranturada oxuduğum illər
idi. 1973-1976-cı illər... O zaman Aspirantlar evində
qalırdım. Orada müxtəlif peşələr
üzrə çalışan aspirantlar vardı. Günlərin bir günü eşitdik ki,
yazıçı Anar Moskvaya gəlib. Gördüm,
aspirant dostlarım yazıçı ilə görüşməyə
çox həvəslidirlər. O zaman mənim Anar müəllimlə
tanışlığımız birtərəfli idi. Yəni mən onu bir yazıçı kimi
yaxşı tanıyırdım. Amma şəxsi
tanışlıq yox idi. Xeyli
götür-qoydan sonra Anar müəllimi aspirantlarla görüşə
dəvət etdik. Düzü, təklifimizi
qəbul edəcəyindən ehtiyatlanırdıq. Amma Anar müəllim bu dəvəti qəbul etdi,
bizim Aspirantlar evinə gəldi, unudulmaz bir görüş
oldu. Aspirantlar arasında yeganə filoloq mən
olduğum üçün Anarın
yaradıcılığı barədə məruzəni də
mən etdim. Və o isti görüşdən sonra mən
hiss etdim ki, Azərbaycan ədəbiyyatı ancaq ədəbiyyatçılar
üçün deyil...
Azərbaycan ədəbiyyatının, bəlkə də,
ən zəif tərəfi odur ki, o, adətən (və
indinin özündə də) ədəbiyyatçıların
inhisarında qalıb. Neftçilərin, mühəndislərin,
iqtisadçıların, həkimlərin sahəsinə
çox zəif şəkildə daxil olub. Bu sahədə ancaq şəxsi tanışlıq
önə keçib. Əslində isə
ədəbiyyat bütün xalqın ədəbiyyatıdı.
Mən bunu ilk dəfə Anar müəllimlə olan həmin
o görüşdə hiss etdim. Gördüm ki, Anar müəllimin
yaradıcılığına təkcə filoloqlar yox,
aspiranturada təhsil alan və çox
istedadlı olan gənc bir iqtisadçı, həkim,
tarixçi, mühəndis necə heyranlıqla, maraqla
yanaşır. Mən sizə deyim ki, Anar o vaxt
da, elə indinin özündə də Azərbaycan ədəbiyyatının
əsl mayakı, ədəbiyyatımızın əsl
sütunu kimi bütün nəsilləri özündə birləşdirir".
Ən maraqlı açıqlamalardan biri də
yazıçının "Bir, iki, bildirki" əsərinin
süjet xətti və səhnə təcəssümü barədə
oldu. Söhbətin
bu yeri daha çox unudulmaz yaxşılıqlar, əbədi
(və insanı insan yapan) haqlar barəsindəydi: "Məni
dram əsərləri yazmağa dostlarım ruhlandırdı.
Və bu ruhlandırma məsələsi mənim
üçün çox önəmli, hərəkətverici
bir qüvvədi. O dostlardan biri rəhmətlik Həsənağa
Turabov olub. İkinci şəxs isə Vaqif
İbrahimov idi. Və bir də gözəl tərcüməçi,
gözəl ədəbiyyatçı Natiq Səfərov...
Onlar məni ruhlandırırdı və mən də
çalışırdım ki, onlara nəyisə sübut
edim ki, istəsəm yaza bilərəm... Onu da
deyim ki, fikrimcə, mənim dramlarım səhnəyə
qoyulmaqdan daha çox, oxunmaq üçündür; nəsr,
poeziya məqamları bir-birini əvəz etməsi
baxımından. Ancaq günlərin bir
günü mən bu pyesi birnəfəsə qələmə
aldım. O səslər hardansa gəlib doldu
qulağıma. Orada bir söz var, elə sonuncu
dəfə də o adla tamaşaya qoyublar - "Səsindən
yapış". O "Səsindən
yapış"da bir həlimlik, həzinlik, həzinliklə
də yanaşı, səmimiyyət var. Bu pyesi yazan kimi gətirdim
Vaqifə. Vaqif hər şeyə son dərəcə diqqətlə,
zərrəbinlə baxan adam idi. Son dərəcə yüksək zövqü
vardı. Oxudu və məni də çox intizarda
saxlamadan "Mən bu əsəri tamaşaya qoyuram" -
dedi. Bu əsərin tamaşa taleyi son dərəcə
mistikadı. Belə ki, bir dəfə baş rolun
ifaçısı xəstələndi... Vaynşteyn
bunun musiqisini yazırdı. Gözəl bir musiqi
yazıb bizə təhvil verdi, amma iki
gün sonra dünyasını dəyişdiyini eşitdik. O,
öz əsərini bizə təhvil verəndə
soruşmuşdum ki, sənin bu əsərdə ən
çox nə xoşuna nə gəldi? Dedi: "İndi mən
artıq ölümdən qorxmuram". Mənə
çox maraqlı gəldi. Və mən
sonralar gördüm ki, onun sözlərinin böyük mənası
var imiş. Şarovski danışır
ki, Vaynşteyn dünyasını dəyişəndə onun
yanında olub. Xatırlayır ki, o, dünyasını
çox rahat, qorxudan-filandan uzaq şəkildə dəyişdi...
Görün bunlar bir-birini nə dərəcədə
tamamlayır. Bunlar öz yerində. Deyim ki, Vaqif çox gözəl bir tamaşa
qurmuşdu. Bu uğur mənim yazdığımdan daha
çox Vaqifin tamaşasının təsiriydi... Əsər sonralar da dəfələrlə
tamaşaya qoyuldu. Məncə, heç pis
də qarşılanmadı. Ancaq Vaqifin
tamaşasının yerini heç nə verə bilməz...".
Tədbirdə çıxış edən xalq
yazıçısı, AYB-nin sədri Anar vurğuladı ki,
Kamal Abdulla sözə, ədəbi dəyərlərə və
insani münasibətlərə sədaqətli bir
yazıçıdır. Orijinal dəst-xətti
var. Və Kamalın əsərləri ədəbi dəyər,
meyar baxımından Nobel mükafatına layiq
görülmüş yazıçıların
yaradıcılığından heç də
aşağı deyil.
Elə tədbirin lap əvvəlində Bakı Kitab Mərkəzinin rəhbəri Günel Rzayeva da qısa təqdimatı zamanı bu barədə fikirlərini ifadə etmişdi. Qeyd etmişdi ki, Kamal Abdullanın çoxşaxəli yaradıcılığı boyunca yaşanmış və yaşadığımız dünya, eyni zamanda başqa dünyalar haqqında insani duyğuları, yuxuları və təsəvvürləri xüsusi effektlə nəql olunur. Görkəmli bir söz adamı kimi o, özünəməxsus, bənzərsiz üslubu, təhkiyəsi ilə fərqlənir, oxucunu zaman-məkan sərhədini aşmağa, başqa, yeni hisslər yaşamağa sövq edir.
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.6-7.