Gözlərini soruşdum,

"Gördük" dedilər.

Uzaqlara dikilmişdi səssizcə...

 

Öz yalanlarım

 

Mən öz yalanlarımla inandırdım özümü,

Mən öz yalanlarımla baş-başayam hər gecə.

Mənə yağış pay verər, mənə külək bağışlar,

Mənə bu cür doğmadı, bu şəhərdə hər küçə.

 

İllərin ağrısı var, hər çiynimdə yük kimi,

Məni taqətdən salan səbəblərin sayı yox!

Mən bu ömrü büsbütün itirmişəm yazıq,

bu bir gün, beş gün bunun ili, ayı yox.

 

günahkar tapıram, günah var ortada.

Gözlərimdə görünür hər ağrının əl izi.

Yenə yetişdi axşam, yenə gəlir ağrılar.

Yenə ayaq səsləri silkələyir dəhlizi.

 

Yaralarım qan verir hər günəş qürubunda.

Mən ürək adamıydım, ürəyimi qırdılar.

Məni qınamaq üçün sən tələs, yubanma.

Təkcə deyəcəyim bu: yordular dost, yordular...

 

Getməkdən heç danışma

 

Yuxulu gözlərində gizlənər arzularım,

Yuxulu gözlərində ürək boyda həqiqət.

Mənim umub-küsdüyüm o gözlərdə, ilahi,

qədər hıçqırtı var, qədər sükunət.

 

Üsyan havasındadır hər səhər-axşam başım,

Göy üzünə ümidlər çilənməkdə qan kimi.

Səni Yer kimi sevdim, səni göy kimi sevdim,

Bacarmadım sevməyi adi bir insan kimi.

 

Bu sevginin yükünü çiyinlərin daşımaz,

Bilirəm, çox ağırdı əzilərsən, sınarsan.

Amandı, mənim kimi ürəyə bel bağlama,

Bir gün öz odun düşər, öz odunda yanarsan.

 

Göz yaşların acıdır gözlərimi, sil daha.

Səndə günah gəzir, suçlamağa qıymaram.

Yanımda qalmağınla sağalarmı yaramız?

Getməkdən heç danışma, getməyə qoymaram...

 

Torpaqların vətən olan tərəfi

 

Torpaqların vətən olan tərəfi,

qan azlığından əziyyət çəkir həmişə.

 

Odur ki, qanını torpağa verir övladlar,

son cümləsinəcən...

yaxşı ki,  bütün qan qrupları  torpağa düşür.

Taqətsiz vətənin üstünü örtməksə,

buluda düşür, ağaca düşür, yarpağa düşür...

Yoxsa...

 

Yoxluğunun kabusu

 

Sənsiz uzaqlar çəkilməz,

uzun gecələr.

Yoxluğunun kabusudur,

Bütün səssiz küçələr.

Gözlərim uzaqlarda yorğun düşər,

Nəfəsim sinəmdə ağırlaşar.

Səni hansı səslə unudum,

Səni hansı sükutla xatırlayım?

Bir gün günəşi birgə salamlasaq,

Əllərini səmadan çəkmə.

Əllərim əllərini göydə axtarır...

 

İndi kim bilir hardasan?!

 

İndi kim bilir hardasan?!

Kim bilir könlündən hansı rəsmim asılmış?!

Düşünə bilirsənmi hansı buludun

                        altında necə darıxdığımı?

Gözlərimdən gözlərinə uzanan yoldayam,

Uzaq şəhərlərin darıxmağı ağır olurmuş,

Həm bir az acı, həm bir az şirin.

Bu gecə əllərinlə yuxuda həmsöhbət idim.

Gözlərini soruşdum,

"Gördük" dedilər.

Uzaqlara dikilmişdi səssizcə...

 

İntiqam YAŞAR

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.3.