Ağrılarım - doğmalarım

Dözə-dözə dincəlirəm

 

Görkəmli tənqidçi ədəbiyyatşünas alim Dövlət Mükafatı Laureatı, professor Nizaməddin Şəmsizadənin 64 yaşı münasibətilə təbrik edirik!

 

Reanimasiya

 

Bir ayağım Avropada,

            biri Asiyada

                        Özüm reanimasiyada.

Avropadan ayağım kəsilib

Güman qalıb Asiyaya

Ümid yoxdur çıxam yaya

Mən bütöv adam deyiləm.

Nifrət edirəm dünyaya!

Gözüm kor, bədənim yara,

Qolum sınıq,

            ayağım kəsik.

                        gəzə bilirəm,

                                  gözəlliyi görürəm.

Özüm üçün xəyaldan

Yeni ömür hörürəm.

Xoşbəxtlik sarayı tikirəm

Qara-qura fikirlərdən.

Özüm-özümə gülürəm.

Xatirə karvanının sarvanıyam mən

            Bir yanım Avropa,

                        biri Asiya.

                                   Özüm

Reanimasiya - ömürlə ölüm arasında

Son dayanacaq...

Kimi gedəcək, kimi qalacaq.

Biri meyitxanada, biri toyxanada.

Yuxusuz həkimin kal səsi:

                        - Kəsilir xəstənin nəfəsi:

Nəfəs verin, sistem vurun.

Daha gecdir, qanı donub.

                      Xəstə yaşamaqdan yorulub.

 

18.12.18

 

Yaşayıram?!

 

Yaşayıram, arabada

Dünya adlı xarabada.

əllərimi ayaq edib,

bədənimə dayaq edib,

guya ömür sürürəm.

Gözlərim toranlıqdı

Həyatım qaranlıqdı.

Ağrılarım - doğmalarım

Dözə-dözə dincəlirəm

Bir ayaq üstə dururam.

Xəyallardan ev qururam.

 

Dünyanın milyon yaşı var

 

Dünyanın milyon yaşı var

Haqqı, nahaqqı göstərən tərəzisi var,

daşı var.

əbədini ötəridən

ayıran yaddaşı var.

Dünyanın milyon yaşı var,

Zəlzələsi, vulkanı, çiçəyi var,

                                   daşı var...

bir müqəddəs bir "Quran"ı,

                                   Allahı,

Sevgiləri, göz yaşı var.

Dünyanın üzərində

insan adlı zərqaşı var.

Ey pul yığan, sərvət yığan,

Millət söküb, dövlət yığan.

Kreslodan bərk yapışıb

Duran adam.

Yaman adam, yalan adam.

Adamlara pislik edən

Duman adam, tüstü adam.

Bəstə adam,

İçi çürük, xəstə adam.

Yastı adam, usta adam.

Dünyanın milyon yaşı var.

Ölümü var, başdaşı var.

Yadda saxla:

Hərdən ağla.

Nəfsini yığ, özünü saxla.

 

Nizaməddin Şəmsizadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.7.