Qanad gətirməkdən
qorxan adamam
Onda kəndimizdə kəndimiz
vardı
Duzumuz duz idi, qəndimiz
vardı
Sözün and çağıydı - andımız vardı
Qanad gətirməkdən
qorxan adamam.
Evlərin hər yeri çöllük-çəmənlik
Dünya
nə mənlikdi, nə də ki, sənlik
Bu günə qalasan səni, bu günlük
Qanad gətirməkdən
qorxan adamam.
Yaz idi, ya da
ki...yazağzı idi
Dizəcən çəmənlik, çiçək azıydı
Ətirdən bihuşdum
Yamyaşıl dənizdə üzür,
üzürdüm
Qanad gətirməkdən
qorxan adamam.
Mən sənə nə deyim, ay yeni dünya
Ye də bu bazarı,
doy, yeni dünya
Sonra da arxamca söy,
yeni dünya
Qanad gətirməkdən
qorxan adamam.
Yenə
də, yenə də həmən uşağam
Bu bic doğulandan min mil uzağam
Həmişə, hər yerdə
uduzacağam
Qanad gətirməkdən
qorxan adamam.
Üzürdüm çəməndə, qaçır, qaçırdım
Adam olmağımın səddin
keçirdim
Qanad gətirmişdim, uçur,
uçurdum
o vaxtdan, o vaxtdan, o vaxtdan bəri
Qanad gətirməkdən
qorxan adamam.
***
Salam, günəş
qapısına kilid vurulan
son dustaqxana,
son məhkum, əleyküm-salam.
Ziyarətinə gəlmişəm, tənha
dağdağan,
Üzü, sözügülər şairlərə salam olsun
son dilənçilər, son yalançılar,
talançılar
üstündə çiçək
bitən səngər,
son əsgər, salam!..
***
Əziz
dostlar
Biləsiz ki
mən sizinlə güldüm, getdim
elə sanmayın getmişəm,
mən sizinlə qaldım, getdim.
Rejissor da, rol ayrıdı
mənə ayrı
rol ayrıldı
imtina etdim, ayrıldım
gülənlərə gülüb
getdim.
Həyat
özü zarafatdı,
kim nədisə, ona satdı
hamının başını
qatdı
gedib-gəldim, gəlib-getdim.
Gecələr günəş doğur,
xəbəriniz varmı
heç
İçmək, yaddaşını
səkkiz yazan ayaqların
arasında itirmək
oxuduğun mahnı
zümzümədən
mızıltıya dönüncə.
gündüzlər sönüncə
gecələr gündüzə
dönüncə.
Kor barmaqların işıq dirəyində
düyməni basıb
göydə Günəşi,
Ayı yanaşı yandırınca.
Allergiya
verir adamlar, allergiya
gecəm gündüzə
döndü
sübhəcən gəzirəm
indi
kimsə yox... küçə itləridi
gecə quşları - fahişələr
polislər bir də
bir də mən -
gecəsi gündüzə
dönən.
***
Əli göyə açılı
Dili dualım mənim
Halalım mənim
məni bu bataqlıqdan
dualar qurtara bilməz.
Sən oruclu, namazlı qadınsan
amma, Allah yox ki, Allah haqqı
əli mənə uzansın.
Sən öz inamınla
Yaşa
imanınla
Aldanmaq,
aldanmaq
"Səadət" deyilən
budur, deyəsən
Dili dualım mənim
Halalım mənim.
***
Əlbəttə, gələcəksən
Əlbəttə, güləcəksən
Əlbəttə... (dilim gəlmir deməyə).
Günlərin bir günü
eskalatorda üzümə
baxacaqsan
- Bu adam odur, - deyib
Növbəti dayanacaqda unudacaqsan.
Qalacaqsan,
əlbəttə
Güləcəksən, əlbəttə
solacaqsan, əlbəttə.
Sənə gələnlər gələcək
Səndə gülənlər güləcək
Səndə solanlar solacaq
Sən...hardasa qalacaqsan,
əlbəttə.
Ölkəm
Bir ovuc torpağam, bir qom günəşəm
Gəlsənə, qızınsana, yolçu,
yolun dolanbac,
səbircə uzun
qəbircə uzaq.
mənim ölkəmdə
hər şey pulsuzdu
"utopik" - deyə
bilərsən
öyə, söyə
bilərsən
az adam yaşayır mənim ölkəmdə -
hamısı da mağaradan,
qəbilədən qovulmuş,
kafir
hamısı da mühacir
Öz-özünü qovanlar.
avtobusum, qatarım pulsuz -
Lüksemburq kimi.
toxum götürür
ancaq
Nuhun gəmisi
Mənim
ölkəmdə
millətçi, dinçi
yox
Sənçi, mənçi yox
İnsançı var, İnsan var
Ölkəmin vətəndaşları
Torpaq, Günəş
adamları.
***
Acı olur xəzəllərin tüstüsü
Şəkilləri xəzəllərə qatmışam
hava bumbuz
soyuq ocaq çatmışam
imisti evləri də xatirələr soyudar
budaqlara yaşıl yarpaq
(hamının gedəni gəldi)
bizlərin də gedənləri qayıdar
yaman olur
duman olur
xəzəllərin tüstüsü
acı olur, göz yaşardır
göz çıxardır
xəzəllərin tüstüsü
əl dondurur, saç yoldurur
xatirənin istisi
ocaq sönüb, külə dönüb
..........................
yarpaq-yarpaq tökülür
gözlərinin yaşı
da
burum-burum tüstülənir
ocaq başında
o şəkil - xəzəl
adam.
Eşq qoxuyur
Nə geyinib süslənmisən
Əynin-başın eşq qoxuyur.
Sevincdən, ya dərddən
ağla
Gözün yaşı eşq qoxuyur.
Pisliklər gəlməz eyninə
Nə geysən gəlməz əyninə
Girməzsən yerin qoynuna
yolun daşı eşq qoxuyur.
Baxışınla bir tor toxu
qoy heç yozulmasın yuxum
qalıb azı,
gedib çoxu
Ahıl yaşı eşq qoxuyur.
Canım
İndi
saat 2:30
Gedib gəzəkmi,
canım?
Elə-belə yaşayaqmı
Birtəhər öləkmi, canım?
Oksfordda
Melisam var
Meracım, çox-çox canım
var
elə bilmə bir Sənim var
Məni böləkmi, canım?
Saat dedim, saat yox
ki
Həyat
dedim, həyat yox ki
Tazə
yox ki, boyat
yox ki
Gedək, gələkmi, canım?
Saçın
Bir üzün Ağ dənizdi, bir üzün Qara dəniz
Üzundə üzər saçın
içində sevda havası
üzündə süzər
saçın.
Nə haldayam, nə halda
Yol yoldadı, mən yolda
Bakıda,
İstanbulda
Əlimdə azar saçın.
Yenə
də qan eylə, gül
dodaq dustağıdı
dil
telini yan eyləgil
üzünü cızar
saçın.
Yaşa, ölüm, yaşa
Sən çaqqal kimisən, həmişə çoxsan
mən də tək-tənhayam, sırf
sevda kimi.
həmişə məğlubsan
bu çoxluğunla
həmişə qalibsən
səltənətinlə.
Sən kim olursan
ol, bir zad
deyilsən
bir ocaq isidən bir od deyilsən
şəkil misallısan,
həyat deyilsən
oyna, gülüm, oyna.
Gəldi-gedərisən, heç bilmədin ki
fanisən, faniyə
heç gülmədin
ki
sən heç doğulmadın, heç ölmədin ki
yaşa, ölüm, ölüm, yaşa.
Adam belə-belə
çıxıb gedir də
Hamı
ondan gedər, O da hamıdan
divarlardan şəklimiz
gedər başdaşına
qonar
Sonra orda da solar
qəbrimiz qazılar
qəbirlər üstdə
necə ki sevgimiz sevgidən doğulmuşdu
ürpənmə...həyat
belə şey
özünü aldadıb
yaşa
Özünü aldadan yaşındı
hələ
öldürsən, üzünə
güləcəm
birinci dəfə deyil ki, güldürürsən
birinci, sonuncu deyil ki
Sən məni
öldürürsən.
***
Üzündə yozulmaz təbəssüm
göz yaşı donmuşdu
...bir də gördüyü
yuxu
yarı-yarımçıq.
***
Səadət fəslidi payız
Pəncəmdə balıqlar üzür
saralmış adamlar tökülür budaqlarımdan
mətbəx gülür,
amma
bir qadın şərqi oxuya-oxuya
...çay dəmləyirsə
gecəni nota düzüb
yatağında buludların
üstündə
sevda havasına süzüb, özün bilirsən.
Əllərin əlimdə damcılayırdı
Qızılgül üstündə qar
danəm
Birdənəm.
Əllərin donan sərçə
qanadı
əllərin əlimdə
buz bağlayırdı
əllərin əlimdə
qan ağlayırdı
ömürlük həbs
olunmuşdu
əllərimə əllərin.
Nə yaxşı əridi əllərin
mənim əllərim
də azad oldular -
həbsxana gözətçiləri
də həbsdədi axı
Əlimdə əridi
əllərim ağladı
- damcıladı
əllərin ayaq gətirdi, qaçdı
yoruldu ağlamaqdan
Əllərim də kiridi.
KƏRAMƏT
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.11.