Keçmişin məhvi
Qapımızın üstündə yuva
quran
Qaranquşlara bənzəyirsən.
Onlar da sənin kimi
Sevdirərlər özlərini,
Sevərəm..
Sonra qış gələr,
Vidalaşmadan saymazyana
Uçub
gedərlər..
Hər gün
Eşitməyə öyrəşdiyin səs
Bir gecədə yox olar..
Sanki gedişləri ilə
Ürəyinin içini qopararlar..
Nə musiqi,
Nə şeir,
Nə də ki, kitab
fikirlərini toplayar..
Qəribsəyərsən evində..
İçdiyin su,
Gəzdiyin yer,
Oturduğun stol,
Əlindəki telefon...
hər şey...
Sevdiyin hər şey sənə qərib olar...
Boğularsan dörd divarın
arasında...
Bəzən də darıxarsan...
Etməli
olduğun çox şey olduğu halda,
Heç
nə edə bilmədiklərin üçün...
Göz yaşlarınla solmuş çiçəyi
Həyata
qaytararsan...
Sonra televizorun
qara ekranından solduğunu görərsən...
İçində hayqıran qoca bir ürəklə
Qaçarsan aynanın qarşısına...
Ruhun cismindən qorxar,
Cismin ruhundan...
Söyərsən keçmişi,
Söyərsən uçub gedənləri,
Söyərsən özünü də...
Saralmış albomu qırışmış
əllərinə alıb,
bulud gözlərinlə
yağışdan keçirərsən
şəkilləri...
suallar verərsən özünə
Cavabsız suallar...
Səninlə birlikdə qocalmış
fincanınla
Çay
içərək ağır-ağır
düşünərsən...
"Həyat dedikləri budurmu?".
Aynur Mustafa
Ədəbiyyat qəzeti.- 2018.-
29 dekabr.- S.26.