Hər günüm sənə boylanır
Qarışıb xaraba şəhər,
Hərə öz aləmindədir.
Dərdli
gizli otağında,
sevincli dünyadan uzaq,
Şair söz aləmindədir.
Məni
məndən alan,
möcüzə dolmuş
hər günümü
səndən uzaq tuturam.
Fayda yox
Hara üz tutsam,
Hər günüm
sənə boylanır.
Özbaşına hadisələr,
Burda nə yaman qol açır?
İlahi,
fikri çəkdikcə
ağlıma,
Fikrə
dəqiqələr geniş
yol açır...
Çoxalır gah suallar,
Yox olur gah suallar,
Yuxum da gah qoyub
qaçır
Məni
gecəylə baş-başa...
Özümə bir günüm
qalır,
O da ki,
Sənə boylanır.
Saatın
hər gedişində,
günəşin hər gəlişində,
İlin
gizli fəsilində...
Bir ağacın kölgəsində,
bir aşiqin ölkəsində.
Ya bir evin ortasında,
ya küçənin
lap sonunda,
Hər günüm sənə boylanır..
Gülümsəyən
o çiçəyin, ətri
həmin ətir deyil..
Yenə
şeir yazdım, amma...
Sətir həmin sətir deyil.
İndi
tamam başqa məna...
İndi
girib başqa dona.
Çalışma gözdən itməyə
Hər günüm
sənə boylanır.
Xəbərsiz kimi adlamaq istərəm
Hərdən bir sevginin qiyamətini.
Hərdən bir qürura ağız açıram..
Yalvarıram, düz saxla qamətini.
Gücüm yoxdu...
birdəfəlik götürüb
qamətimi də
Hər günüm
sənə boylanır.
Düşünürəm, bəlkə də, dünya dardı,
Bəlkə də, tükənib
qaçmağa yerim
Bəlkə, ölsəm də dəyişməz həyatım.
Ordan da bu dünyaya
boylanacam...
Nə qədər bu dünyadayam,
Nə qədər ki, bu dünya var,
Gecə-gündüz bil, ey adam,
Hər günüm sənə boylanır...
Şəlalə Nuriyeva
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.26.