Fransız dili dərsləri
Anastasiya Prokopyevna Kopılovaya
Qəribədir, nə üçün biz valideynlərimizin
qabağında keçirtdiyimiz günah hissini, müəllimlərimizin
də qabağında keçirdirik? Özü də məktəb
vaxtı olanlara görə yox, sonralar başımıza gələnlərə
görə.
Beşinci sinfə qırx səkkizinci ildə getmişəm. Kəndimizdəki
məktəb dördillik idi, buna görə də oxumaq
üçün əlli kilometr aralıya, rayon mərkəzinə
köçməli oldum. Anam bir həftə əvvəl
gedib öz tanışıyla danışdı, onlarda
qalmağım üçün razılaşıb
qayıtdı, avqustun axırıncı günü isə
kolxozdakı yeganə yük maşınının
sürücüsü Vanya dayı məni aparıb
yaşamalı olduğum Daşaltı küçəsində
düşürtdü, əşyalarımı evə
daşımağa kömək etdi, mehribanlıqla çiynimə
vurub getdi. Beləliklə, on bir yaşımda
müstəqil həyata başladım.
Qıtlıq vaxtı idi. Biz üç uşaq
idik, ən böyüyü mən idim. Xüsusən
yazda vəziyyət daha ağır olurdu, mən göyərmiş
kartofun gözlərini, yulaf və çovdar dənələrini
udurdum, bacımı da udmağa məcbur edirdim ki, mədəmizin
başını aldadaq, - belədə yemək haqda çox
fikirləşmirdik. Bütün yayı cidd-cəhdlə
toxumlarımızı sulayırdıq, amma bəhər
olmurdu, ya da elə az olurdu ki,
gözümüzə görünmürdü. Məncə,
təcrübəsizlikdən nəyisə düz eləmirdik.
Anamın məni rayona göndərməyə necə
ürək etdiyini bilmirəm. Atamız yox idi, çox pis
yaşayırdıq, yəqin, anam da fikirləşmişdi ki,
daha bundan betər ola bilməz.
Yaxşı oxuyurdum, məktəbə həvəslə
gedirdim, kənddə də savadlı uşaq kimi
tanınırdım: qoca nənələrin məktublarını
yazırdım, gələn məktubları oxuyurdum,
biçimsiz kitabxanamıza gələn kitabları oxuyurdum,
axşamlar kitablardakı əhvalatları uşaqlara
danışırdım, çox vaxt da özümdən nələrsə
əlavə edirdim. Xüsusən istiqraz məsələsində
mənə daha çox inanırdılar. Müharibə
vaxtı camaatda xeyli istiqraz kağızı
yığılmışdı, tez-tez uduş cədvəli gəlirdi,
onda mənim yanıma gəlirdilər. Deyirdilər
ki, əlim yüngüldür. Doğrudan
da, tez-tez uduş olurdu, əsasən xırda məbləğ
olsa da, kolxozçular hər qəpiyə sevinirdilər.
Xəbəri mən verdiyim üçün,
sevincdən mənə də pay düşürdü. Məni başqa uşaqlarla bir tutmurdular, hətta
arada yedizdirirdilər. Bir dəfə simic və
qənaətcil İlya dayı dörd yüz rubl udduğu
üçün mənə bir vedrə kartof vermişdi -
yazqabağı bu sərvət mislində idi.
İstiqraz
nömrələrindən başım
çıxdığı üçün anama deyirdilər:
- Kəlləli
uşaqdır. Sən belə elə... onu
oxutdur. Savad itməz.
Və anam heç nəyə baxmayaraq, məni
oxumağa göndərdi. Bundan qabaq kəndimizdən heç kim rayon mərkəzində
oxumamışdı. Mən birinci idim. Heç mən də nə edəcəyimi, təzə
yerdə məni nələr gözlədiyini bilmirdim.
Burda da yaxşı oxuyurdum. Başqa nə edə
bilərdim ki? - bura elə oxumaq
üçün gəlmişdim. Məktəbə hansısa
dərsi oxumamış getməyə cəsarətim
çatmazdı, buna görə də fransız dilindən
başqa bütün dərslərdən beş
alırdım.
Fransızcadan tələffüzə görə
axsayırdım. Sözləri asanlıqla yadımda saxlayırdım,
tez tərcümə edirdim, düzgün yazırdım, amma
düzgün tələffüz edə bilmirdim, nəslimizdə
heç kim bircə kəlmə də
xarici söz danışmamışdı, bəlkə də,
heç xarici dillərin mövcudluğundan da xəbərləri
yox idi. Sözlərin yarısını birtəhər
uzadırdım, o biri yarısını isə çeynə-tüpür
edirdim. Fransız dili müəlliməmiz
Lidiya Mixaylovna mənə qulaq asanda sifətini turşudub
gözlərini yumurdu. Yəqin ki, heç
vaxt buna oxşar bir şey başına gəlməmişdi.
O sözləri dəfələrlə düzgün şəkildə
deyirdi və məndən təkrarlamağımı istəyirdi,
mənimsə dilim ağac parçasına dönürdü,
ağzımın içində tərpənmirdi. Bütün zəhmətim əbəs idi. Amma ən dəhşətlisi, evə qayıdandan
sonra başlayırdı. Məktəbdə
başım qarışırdı, istər-istəməz
uşaqlara qoşulub oynayırdım, dərslərdə
yazıb-oxuyurduq. Amma tək qalan kimi
darıxmağa başlayırdım - evimiz üçün,
kəndimiz üçün darıxırdım. Əvvəllər bircə günlük də olsun,
ailəmdən ayrılmamışdım, buna görə də
yad adamların içində yaşamağa hazır deyildim.
Çox pis olurdum, ağrıyırdım.
Bu istənilən xəstəlikdən daha pis
idi. Ancaq bir şey istəyirdim, ancaq bir şeyi
arzulayırdım - evimizi, ancaq evimizi! Xeyli
arıqlamışdım, anam sentyabrın axırı gələndə
mənə görə bərk narahat olmuşdu. Onun yanında özümü tox tutdum, şikayətlənmədim,
ağlamadım, amma o gedəndə özümü saxlaya bilmədim,
ağlaya-ağlaya maşının dalınca qaçdım.
Anam kuzovdan əliylə işarə edirdi ki,
dayanım, ağlamayım, özümü və onu biabır
etməyim, amma onu başa düşmürdüm. Sonra o
maşını saxlatdırıb dedi:
- Get
yığış, - yanına çatan kimi əmr etdi. - Bəsdi
bu qədər, yığış gedək evimizə.
Onda ayıldım və qaçdım.
Təkcə darıxdığım üçün
arıqlamamışdım. Həm də çox
vaxt ac olurdum. Payızda, Vanya dayı rayon mərkəzindən
bir az aralıdakı Zaqotzernoya
çörək gətirəndə mənə tez-tez evdən
bağlama gəlirdi, təxminən həftədə bir dəfə.
Amma o mənə çatmırdı. Bağlamada ancaq çörəklə kartof olurdu, hərdən
də anam kimdənsə nəyinsə
qarşılığında aldığı kəsmikdən
bankaya töküb qoyurdu, öz inəyimiz yox idi. Gətirirlər - elə bilirsən çoxdu, iki
gündən sonra əl atırsan - heç nə yoxdu. Tezliklə gördüm ki, çörəyimin
çoxu sirli şəkildə harasa qeyb olur. Yoxladım, təxmin etdiyim kimi idi. Kartofla da eyni şey olurdu. Görəsən, kim götürürdü - təkbaşına
üç uşaqla əlləşən qara-qışqırıqçı
Nadya xala, qızlardan hansısa, ya da evin kiçiyi, Fedka - bunu
bilmirdim, amma bu haqda fikirləşməyə də qorxurdum, o
ki qaldı güdmək ola. Anamın
qardaşımla bacımın boğazından kəsib mənə
göndərdiyi ərzağın bu yolla itməyi xətrimə
dəyirdi. Amma özümü bununla
barışmağa da məcbur etdim. Anam
bunu bilsəydi də, heç nə dəyişməyəcəkdi.
Burdakı aclıq kənddəki aclığa
oxşamırdı. Orda həmişə, xüsusən də
payızda nəsə tapmaq olurdu, Anqara çayında
balıqlar üzürdü, meşədə quşlar
uçurdu. Burda hər şey mənim üçün yad
idi: yad adamlar, yad məhsul, yad torpaq. Balaca
çaya on dənə tor atırdılar. Bir dəfə bazar günü səhərdən-axşamacan
tilov atıb oturdum, cəmisi üç dənə çay
qaşığı boyda qumlaqçı (çəki
balıqları fəsiləsindən kiçik çay
balığı) tuta bildim. Bununla da
başını saxlaya bilməzsən. Daha
balığa getmədim - nahaq yerə vaxt itirmək nəyə
lazım? Axşamları bazarı gəzib
nəyi neçəyə satdıqlarını yadımda
saxlayırdım, ağzım sulana-sulana, boş əllə
evə qayıdırdım. Nadya xalanın
sobasında çaydan qaynayırdı, isti suyla qarnımı
doldurub yatmağa uzanırdım. Səhər
təzədən məktəbə. Vanya
dayının yük maşını gəlib qapıda
dayanana qədər beləcə keçinirdim. Nə qədər qənaət etsəm də,
bilirdim ki, ərzağın başına həmişəki
hadisə gələcək, iki gündən sonra yenə ac
qalacağam.
Bir dəfə
sentyabrda Fedka mənə dedi:
- Qəpik-qəpik
oynamaq istəyirsən?
- Qəpik-qəpik?
- nə dediyini başa düşmədim.
- Oyundu
da. Qumar oynayırıq. Pulun
varsa, gedib oynayaq.
- Yoxumdu.
- Məndə
də yoxdu. Elə-belə gedək baxaq. Görərsən necə maraqlıdı.
Fedkayla əkin sahələrini keçib qayalığa
çatdıq, buraları gicitkən basmışdı. Qayalığı
keçəndən sonra aşağıda balaca, hamar tala
gördük, uşaqlar burda oynayırdı. Yaxına gəldik. Uşaqlar bizi
görəndə özlərini
yığışdırdılar. Hamısı
mən yaşda olardı, təkcə biri bizdən
böyük idi. İri və möhkəm
bədəni, kürən saçları vardı,
güclü və sözükeçən olduğu bilinirdi.
Onu görən kimi tanıdım: yeddinci sinifdə oxuyurdu.
- Bunu nə
üçün gətirmisən? - O, narazı halda Fedkadan
soruşdu.
-
Özümüzünküdü, Vadik,
özümüzünküdü, - Fedka dedi. - Bizdə
yaşayır.
-
Oynayacaqsan? - Vadik məndən soruşdu.
- Pulum
yoxdu.
- Bax a,
birdən kiməsə burda olduğumuzu deyərsən.
- Bir o
qalmışdı! - mən incidim.
Daha mənə fikir verən olmadı. Qırağa
çəkilib baxmağa başladım. Hamı
oynamırdı, ya altı nəfər oynayırdı, ya da
yeddi nəfər, qalanları dayanıb baxırdı, əksəri
də Vadikə azarkeşlik edirdi. Buranın
ağası o idi.
Oyun elə də çətin deyildi. Hərə on
qəpikdən qoyurdu, qəpikləri dairənin içində
üst-üstə düzürdülər. Bir neçə metr aralıdan yastı daşı
atmaq lazım idi, amma daş dairədən qırağa
çıxmamalıydı. Sonra həmin
yastı daşla qəpikləri vurub üzünü
çevirmək lazım idi. Çevirə
bildinsə, növbətisini vururdun. Çevirə
bilməsən, oyun növbəti oyunçuya keçirdi.
Əgər daşı uzaqdan atanda qəpiklərdən
heç olmasa biri çevrilsəydi, onda bütün qəpikləri
o qazanırdı.
Vadik hiylə işlədirdi. Hamı bunu başa
düşürdü, amma heç kimin deməyə cəsarəti
çatmırdı. Amma həm də
yaxşı oynayırdı. Uzaqdan
daşı çox sərrast atırdı, qəpikləri
çevirəndə də daşı elə vururdu ki, qəpik
çox rahatlıqla çevrilirdi. Heç kim onun kimi vura bilmirdi.
Uşaqlar yenə ciblərini eşələyib qəpik
çıxarırdılar, qəpiyi olmayanlarsa qırağa
keçib baxırdı.
Məncə, pulum olsaydı, mən də oynaya bilərdim. Kənddə
yaşlı nənələrlə çox gəzmişdim, hər
şeyə diqqət cəmləməyə öyrəşmişdim.
Bundan başqa, dəqiq nişan almaq
oyunları oynayırdım. Nəyisə
nişangah seçib, ta ki ən yaxşı göstəricini
əldə edənə qədər daşla vururdum. Yəni
nişan almaqda təcrübəm vardı.
Amma pulum yox idi.
Anam pul göndərə bilmədiyi üçün
çörək göndərirdi, yoxsa çörəyi
burda da ala bilərdim. Kolxozda pulu hardan tapsın? Amma iki dəfə
məktubun içində beş rublluq əskinas
qoymuşdu. O pula bazarda beş dənə
yarımlitrlik süd ala bilərdim, biri bir rubldan. Qanım az olduğu üçün süd içməliydim,
tez-tez heç nədən başım fırlanırdı.
Üçüncü dəfə pul gələndə
ona süd almadım, xırdalayıb oyun talasına getdim. Yeri əla
seçmişdilər, qayalıqların arasında balaca tala.
Bura heç yerdən görünmürdü.
Kənddə bu oyuna görə
döyürdülər, məktəbdən qovmaqla, milisə
verməklə hədələyirdilər. Burda bizə
heç kim mane olmurdu. Yol da
yaxın idi, on dəqiqəyə çatırdın.
Birinci dəfə doxsan, ikinci dəfə altmış qəpik
uduzdum. Əlbəttə, pula heyfim gəlirdi, amma oyunda
möhkəmlənirdim. Getdikcə daşı atmağa
nə qədər güc lazımdırsa, o qədər sərf
edirdim, düzgün nişan
alırdım, daşın harda yerə düşəcəyini
və neçə dəfə fırlanacağını
hesablaya bilirdim. Axşam hamı gedəndən
sonra yenə bura gəlirdim, cibimdəki qəpikləri yerə
düzüb daşla vururdum, hava qaralana qədər məşq
edirdim. Artıq on atışdan
üçü, ya da dördü uğurlu
alınırdı.
Nəhayət, uduşa qaldığım gün gəlib
çatdı.
Payız isti və quraqlıq keçirdi. Oktyabrda elə
isti idi ki, köynəklə gəzmək olurdu,
yağış nadirən yağırdı, elə bil harasa əsən
külək buludu yolüstü bizim tərəfdən
salırdı. Göy üzü yayda
olduğu kimi açıq idi, amma gün artıq tez
batırdı. Qayalıqda köçəri
quşların səsləri əks-səda verirdi. Bizim talada otlar saralsa da, hələ yumşaq idi.
Oynamayan, daha dəqiqi, uduzan uşaqlar sarı
otların üstündə otururdu.
İndi hər gün dərsdən sonra bura
qaçırdım. Uşaqlar dəyişirdi, təzələri
gəlirdi, bircə Vadik bütün oyunlarda burda olurdu. Oyun onsuz başlamırdı. Təzə
uşaq da peyda olmuşdu, yekə başını
maşınla qırxdırmış bu iri uşaq Vadiki
kölgə kimi izləyirdi, ona Quşcuğaz deyirdilər.
Quşcuğazı məktəbdə heç
görməmişdim. Qabağa
qaçıb deyim ki, üçüncü rübdən bizim
sinfə gəldi. Demə, o, keçən il sinifdə qalmışdı və hansısa
yolla özünə yanvara qədər tətil düzəltdirmişdi.
Quşcuğaz da adətən udurdu. Vadikin dostu idi və Vadik ona altdan-altdan kömək
edirdi.
Bizim sinifdən Tişkin də arada talaya gəlirdi,
gözlərini tez-tez qırpan bu uşaq dərslərdə əl
qaldırmağı xoşlayırdı. Bilsə də,
bilməsə də, əlini qaldırırdı. Müəllim çağırırdı, o isə
susurdu.
- Bəs
nə üçün əlini qaldırmışdın? -
Tişkindən soruşurdular.
Gözlərini
qırpa-qırpa deyirdi:
- Bilirdim,
ayağa duranacan yadımdan çıxdı.
Onunla dostluq etmirdim. Kəndin havası başımdan
çıxmamışdı, susqun idim, həm də ev üçün darıxırdım deyə,
heç kiminlə danışmaq, yoldaşlıq etmək istəmirdim.
Onlar da mənə qarşı can atmırdılar, ona görə
də tək idim, tənha qalmışdım. Tənha
idim - çünki kənddə deyildim, kənddə dostum
çox idi.
Oyun vaxtı Tişkin heç orda olduğuma fikir
vermirdi. Gələn kimi uduzub yoxa çıxırdı, bir
də bir neçə gündən sonra gəlirdi.
Mənsə, udurdum. Mən hər gün
udmağa başlamışdım. Artıq
oyunu hesablamağı bacarırdım. Çox
vaxt uduzurdum, düzdü, tutaq ki, üç oyun, dörd oyun
dalbadal uduzurdum, sonrasa bütün kassanı udub uduzduğumun
üç qatını qazanırdım.
İndi həmişə pulum olurdu. Amma oyuna
çox aludə olmurdum, gecəyə qədər oynamaq mənə
lazım deyildi, mənə ancaq bir rubl lazım idi, gündə
bircə rubl. Bu pulu udan kimi bazara gəlib süd
alırdım (süd satan nənələr
daşın döydüyü qəpiklərə baxanda
mızıldanırdılar, amma hər halda süd verirdilər),
evə gedib nahar edirdim və dərslərimi oxumağa
başlayırdım. Heç vaxt doyunca yeyə
bilmirdim, amma süd içə bilirdim, bu fikrin özü məndə
doyumluluq hissi yaradırdı və əlavə güc verirdi.
Mənə belə gəlirdi ki, başgicəllənmələrim
də azalmışdı.
Vadik əvvəl-əvvəl udmağımı sakit
qarşılayırdı. O özü də udurdu, udduğum
pulların içində onun pulu olmadığına əmin
idim. Hərdən məni tərifləyirdi də: baxın,
deyirdi, görün necə atmaq lazımdı, baxın öyrənin.
Amma tezliklə udan kimi oyundan çıxdığımı
hiss elədi:
- Nədi,
udan kimi aradan çıxırsan? Yaman bicsən ha! Oyna.
- Dərslərimi
oxumalıyam, Vadik, - dedim.
- Dərs
oxuyanlar bura gəlmir.
Quşcuğazsa
o tərəfdən söz atdı:
- Belə
oyun oynamırlar. Buna görə adamı
yüngülvarı əzişdirirlər. Başa düşdün?
O gündən
Vadik ondan qabaq atmağıma icazə vermirdi, məni lap
axıra saxlayırdı. O yaxşı atırdı, amma mən
daha yaxşı atırdım. Adətən
birinci atışdan qəpiklərin hamısı
çevrilirdi. Özüm də buna təəccüblənirdim.
Vadiksə ondan yaxşı oynayanları
bağışlamırdı. Axı bunu
hardan bilə bilərdim? Həmin payız
bunu da öyrəndim.
Bir dəfə yenə bütün qəpikləri
çevirdim.
Onları yığmağa gedəndə Vadikin
ayağını qəpiklərdən birinin üstünə
qoyduğunu gördüm.
- Uduzdun!
- Vadik qışqırdı.
Onun yanına gedib ayağını qaldırmağa
çalışdım. Amma o məni itələdi və qəpiyi
özü götürüb göstərdi. Qəpiyi fırlatdığını gördüm.
- Sən
qəpiyi fırlatdın, - dedim, - gördüm.
O
yumruğunu burnumun altına dirədi.
- Bəs
bunu görmədin? İynə gör nə iyi
verir.
Razılaşmalı oldum. Dava başlasaydı, heç kim mənə havadar çıxmayacaqdı, hətta
buralarda veyillənən Tişkin də.
Vadikin hirsli gözləri üzümə dikilmişdi. Yaxınlıqdakı
qəpiyi daşla vurub çevirdim. "Eybi
yox, - fikirləşdim, - onsuz da indi udacağam". İkinci qəpiyi vurmaq istəyəndə kimsə
dizimin dalına vurdu, üzü üstə yerə
yıxıldım. Hamı güldü.
Quşcuğaz dalımda dayanıb
hırıldayırdı.
- Neynirsən?
- soruşdum.
- Kim dedi
ki, mən elədim? Yuxunda gördün?
- Bura ver!
- Vadik daşı əlimdən almaq istədi, vermədim. Hirs qorxumu yox eləmişdi, artıq heç nədən
qorxmurdum. Nə üçün? Nə üçün belə edirlər? Onlara nə etmişəm?
- Bura ver!
- Vadik qışqırdı.
- Bayaq qəpiyi
sən fırlatdın! - qışqırdım.
- Gördüm mən. Gördüm.
- Bir də
de görüm, - üstümə gəlib dedi.
- Sən
fırlatdın, - bu dəfə səsim asta
çıxdı, çünki nələr
olacağını bilirdim.
Quşcuğaz yenə məni daldan vurdu. Vadikin
üstünə getdim, o sifətimə kəllə atdı,
yerə yıxıldım, burnumdan qan açıldı.
Ayağa durmağa macal tapmamış
Quşcuğaz üstümə şığıdı.
Aradan çıxıb qaça bilərdim, amma
bu ağlıma da gəlmədi. Vadiklə
Quşcuğazın arasında fırlanırdım, əlimlə
burnumu tutmuşdum və dayanmadan təkrarlayırdım:
-
Fırlatdın! Fırlatdın! Fırlatdın!
Onlar növbəylə məni vururdular. Bir o, bir bu,
bir o, bir bu. Sonra bir nəfər də onlara qoşuldu, bu
üçüncü də ayaqlarıma vurmağa
başladı. Evdə ayaqlarımın
göyərdiyini gördüm. Çalışırdım
yıxılmayım, hətta o anda da yıxılmağı
eyib sayırdım. Amma axırda onlar məni
yerə yıxa bildilər və əl çəkdilər.
- Nə qədər
ki, sağsan, əkil burdan! - Vadik dedi.
Ayağa durub axsaya-axsaya getməyə başladım.
- Kiməsə
desən, özünü ölmüş bil! - Vadik dalımca
qışqırdı.
Cavab vermədim. Hirsdən və utancdan nitqim tutulmuşdu.
Amma təpəyə çıxan kimi özümü saxlaya
bilmədim, var gücümlə qışqırdım:
-
Fırlatdı-ı-ın!
Səsimi yəqin ki, bütün qəsəbə
eşitdi.
Quşcuğaz dalımca gəlmək istədi, amma bir
neçə addım atandan sonra dayandı, deyəsən Vadik
onu saxladı.
Təpənin üstündə beş dəqiqə
dayandım, talada təzədən oynamağa başlayan
uşaqlara baxdım, sonra təpəni aşdım, quru
otların üstünə yıxıldım və bərkdən
ağlamağa başladım.
Həmin
gün dünyada məndən bədbəxt adam
ola bilməzdi.
Səhər qorxa-qorxa güzgüyə baxdım. Burnumda qan
qurumuşdu, sol gözümün altı göyərmişdi,
sol yanağımsa qançır olmuşdu. Bu halda məktəbə getmək olmazdı, amma getməyə
də bilməzdim, dərs buraxmağa cəsarətim
çatmırdı. Bəs bu
qançırı, göyü necə gizlədim? O saat
gözə girir.
Gözümü əlimlə tutub sinfimizə girdim,
yerimə oturan kimi başımı aşağı saldım. Tərs kimi
birinci dərs fransız dili dərsiydi. Lidiya
Mixaylovna sinif rəhbəri olduğu üçün bizə
başqa müəllimlərdən daha çox diqqət
göstərirdi və ondan nəsə gizlətmək çətin
idi. O içəri girib salamlaşırdı və bizə
oturun deməmişdən qabaq bütün uşaqlara diqqətlə
nəzər salırdı. Hər nə qədər
gizlətməyə çalışsam da, əlbəttə
ki, üzümdəki qançırı o saat gördü,
sonra bütün sinif mənə baxmağa başladı.
- Belə,
- Lidiya Mixaylovna jurnalı açanda dedi, - bu gün
aramızda yaralı var.
Hamı gülüşdü, Lidiya Mixaylovna isə yenə
mənə baxmağa başladı. Onun gözləri azca
çəp idi, amma artıq hara baxdığını tuta
bilirdik.
- Nə
olub? - o soruşdu.
-
Yıxılmışam, - bəhanə fikirləşmək nə
üçünsə dünəndən bu yana
yadıma düşməmişdi.
- Oy, yaman
pis yıxılmısan. Bu gün
yıxılmısan, ya dünən?
- Bu
gün. Yox, dünən gecə, qaranlıqda.
- Hi,
yıxılıbmış! - Tişkin sevinc içində
qışqırdı. - Onu yeddinci sinifdən Vadik
döyüb. Qumar oynayırdılar, bu tərslik
elədi, buna görə də payını aldı. Mən gördüm. Amma deyir ki,
yıxılmışam.
Çaşıb qaldım. Görəsən, o,
doğrudan, heç nə başa düşmür, ya bilə-bilə
edir? Qumar oynadığımıza görə
bizi məktəbdən qova bilərdilər. Qorxudan
beynimdə fikirlərim qarışdı: bitdi, hər şey
bitdi. Hə, Tişkin. Tişkin belə
Tişkin imiş. Sevindirdi. Məsələyə aydınlıq gətirdi.
Nə deyəsən?
- Səndən,
Tişkin, başqa şey soruşmaq istəyirdim. - Lidiya
Mixaylovna eşitdiyi xəbərdən təəccüblənmədi,
bayaqkı səs tonuyla dedi. - Çıx lövhəyə,
bir halda ki, danışmağa başlamısan, çıx, dərsi
danış.
Özünü
itirmiş, birdən-birə sustalmış Tişkin lövhəyə
çıxandan sonra Lidiya Mixaylovna mənə dedi:
- Dərsdən
sonra qalarsan.
Hər şeydən çox məni direktorun yanına
aparacağından qorxurdum. Bu o demək idi ki,
bugünkü söhbətdən əlavə, səhər məni
sıranın qabağına çıxarıb, belə
çirkin işlə məşğul olmağa nəyin məcbur
etdiyini danışdıracaqlar. Uşağın nə
etməyindən asılı olmayaraq - pəncərə
sındırıb, dava edib, tualetdə siqaret çəkib -
direktorumuz Vasili Andreyeviç məhz belə soruşurdu:
"Səni belə çirkin işlə məşğul
olmağa nə məcbur etdi?". O, əllərini
dalında çarpazlayıb əsgər addımlarıyla
sıranın qabağında gəzə-gəzə deyirdi:
"Danış, danış. Səni gözləyirik.
Bax, bütün məktəb səni gözləyir.
Görək bizə nə deyəcəksən".
Şagird bəraət üçün nəsə
mızıldamağa başlayan kimi direktor sözünü kəsirdi:
"Sən mənim sualıma cavab ver. Sualım nə
idi?" - "Məni nə məcbur etdi?" -
"Ay sağ ol. Nə məcbur etdi?
Sənə qulaq asırıq". İş, adətən göz yaşlarıyla
qurtarırdı, bundan sonra direktor sakitləşirdi və biz
siniflərə gedirdik. Əsas çətinlik
yuxarı siniflərlə olurdu, onlar ağlamaq istəmirdilər,
direktorun da sualına cavab verə bilmirdilər.
Bir dəfə birinci dərsimiz on dəqiqə gecikdi. Çünki
direktor doqquzuncu sinifdə oxuyan birini sorğu-sual edirdi, amma
cavab ala bilmədiyi üçün axırda uşağı
kabinetinə apardı.
Maraqlıdır, görəsən, mən nə deyəcəyəm? Birbaşa
qovsaydılar yaxşı olardı. Bu fikir ağlıma
gələn kimi sevindim, çünki kəndə qayıda
biləcəkdim, amma elə həmin an da
qorxdum: bu vəziyyətdə kəndə də qayıda bilməzdim.
Özüm məktəbi atsaydım - bu başqa məsələ...
Onda elə bilərdilər ki, etibarsız adamam,
məqsədlərimə çatmaq istəmirəm, onda
hamı məni lağa qoyardı. Yox, belə
də yox. Burda qalıb dözərdim,
öyrəşərdim, amma kəndə qayıtmazdım.
Dərsdən sonra koridorda qorxudan əsə-əsə
Lidiya Mixaylovnanı gözləyirdim. O, müəllimlər
otağından çıxıb məni sinfə apardı. Sinifdə keçib yerində oturdu, mən ondan
mümkün qədər aralı olmaq üçün
üçüncü sırada oturmaq istədim, amma o məni
çağırıb birinci sıranı göstərdi.
- Qumar
oynadığın düzdür? - Birbaşa mövzuya
keçdi. Özü də çox bərkdən dedi, elə
bilirdim məktəbdə bu haqda pıçıltıyla
danışmaq lazımdır, qorxum bir az
da artdı. Danmağın mənası yox idi,
Tişkin artıq məni satmışdı.
-
Düzdür, - pıçıldadım.
- Hə,
necədi? Udursan, uduzursan?
Bilmədim nə desəm yaxşı olar.
-
Olduğu kimi de. Yəqin, uduzursan.
-
U...uduram.
-
Yaxşı. Deməli udursan. Bəs pulları nə edirsən?
Əvvəl-əvvəl Lidiya Mixaylovnanın səsinə
öyrəşə bilmirdim. Bizim kənddə
adamlar bərk danışırdı, Lidiya Mixaylovnanınsa səsi
incə və yumşaq idi, asta çıxırdı. Başa düşmək üçün diqqətlə
qulaq asmalıydın. Bunu
fransızcanın boynuna atmağa hazır idim, əlbəttə,
xarici dil öyrənəndə, dilin yad sözlərə
yatana qədər fikrin yayınır, səsin asta
çıxır. İndi də Lidiya Mixaylovna
elə danışırdı ki, elə bil fikri başqa yerdə,
daha vacib işlərin yanındaydı, sualı elə-belə,
sözgəlişi verirdi. Amma
suallarından qaçmaq mümkün deyildi.
-
Udduğun pullarla nə edirsən? Konfet
alırsan? Yoxsa kitab? Bəlkə
də, yığırsan. İndi
çoxlu pulun olmalıdı.
- Yox,
çox deyil. Bir rubl uduram.
- Sonra
oynamırsan?
- Yox.
- Nə
üçün cəmi bir rubl? Onu nə edirsən?
- Süd
alıram.
- Süd?
Bu səliqəli, ağıllı və gözəl
müəllimə qabağımda oturmuşdu, paltarı da
gözəl idi, vurduğu ətrin iyini duyurdum, üstəlik,
o, hansısa hüsnxətt, ya da tarix müəllimi deyildi,
fransız dili müəllimi idi, bu dərsin özündə
də nəsə sirli bir şey var idi, mənim kimi adamlar bunu
başa düşməzdi. Başımı
aşağı salmışdım, yalan deməyə də cəsarətim
çatmırdı. Həm də, nə
üçün onu aldatmalıydım?
O susub mənə
baxmağa başladı, başımı hələ də
qaldırmamışdım, amma onun nəzərlərini
üstümdə hiss edirdim. Əlbəttə, baxmalı nəsə
vardı: onun qabağında döyülmüş,
üzü-gözü əzilmiş, əynində köhnə,
çiyinləri sallanan pencək və atasının
yığılmış tünd-yaşıl rəngli qalife
şalvarı olan uşaq oturmuşdu. Hələ
əvvəllər də Lidiya Mixaylovnanın
çarıqlarıma diqqətlə baxdığına fikir
vermişdim. Sinifdə çarıq geyinən
bircə mən idim. Növbəti payız
məktəbə bu çarıqlarla getmək istəmədim,
anam məcbur qalıb evimizdəki yeganə qiymətli əşyanı
- tikiş maşınını satıb mənə çəkmə
aldı.
- Hər
halda qumar oynamaq lazım deyil, - Lidiya Mixaylovna fikirli halda dedi. -
Bunsuz da keçinmək olar. Keçinmək
olar?
Bununla
canımı qurtara bildiyimə inanmayaraq yavaşdan dedim:
- Olar.
Bunu ürəkdən deyirdim.
Düzünü demək lazımdırsa, o günlər
mənim üçün xüsusən çətin
keçirdi.
Kolxozda məhsul çox az olmuşdu, buna
görə də Vanya dayı daha rayon mərkəzinə gəlmirdi,
gətirməli heç nə qalmamışdı. Anamın mənim üçün narahat olduğunu
bilirdim, amma bu, vəziyyətimi yüngülləşdirmirdi.
Axırıncı dəfə göndərdiyi
bir kisə kartof elə tez qurtarmışdı ki, elə bil
onunla heyvan yemləmişdin. Yaxşı ki, həyətdəki
tövlədə bir az kartof gizlətmək
ağlıma gəlmişdi, indi onunla dolanırdım. Dərsdən qayıdan kimi gizlicə tövləyə
girib cibimə bir neçə dənə kartof
basırdım, sonra qayalığa qaçıb xəlvət
yer axtarırdım ki, ocaq qalayım. Həmişə
yemək istəyirdim, yuxuda da mədəmin
quruldadığını hiss edirdim.
Nəhayət, bir gün dözməyib talaya
düşdüm. Alçalacağımı bilirdim, amma məni
döyüb qovlamaqlarıyla barışmaq bundan az alçaldıcı deyildi. Vadiklə
Quşcuğazın gəlişimə necə münasibət
göstərəcəyi və mənim özümü necə
aparacağım maraqlı idi. Hər
şeydən çox, aclıq məni məcbur etmişdi.
Mənə bir rubl lazım idi. Bu dəfə süd üçün yox,
çörək üçün. Pul
qazanmağın başqa yolunu bilmirdim.
Yaxına gələn kimi oyun öz-özlüyündən
dayandı, hamı mənə baxmağa başladı. Vadikin
başında qulaqlı papaq, əynində qolları qısa
dama-dama köynək vardı. Vadik
qırmızı gödəkçəsində
forslanırdı. Yaxınlıqda
üst-üstə yığılmış paltoların,
gödəkçələrin üstündə
beş-altı yaşlı uşaq oturmuşdu.
Quşcuğaz
dedi:
- Nə
üçün gəlmisən? Deyəsən,
çoxdandı döyülmürsən.
-
Oynamağa gəlmişəm. - Özümü sakit
saxlamağa çalışaraq Vadikə baxdım.
- Sənə kim dedi ki, - Quşcuğaz çəmkirdi, - səninlə
oynayacaqlar.
- Heç kim.
- Vadik,
indidən döyək, yoxsa bir az gözləyək?
- Nə
var üstünə düşmüsən, Quşcuğaz, -
Vadik mənə baxa-baxa dedi. - Uşaq oynamağa gəlib də.
Bəlkə, hərəmizdən on rubl udacaq.
- Sizdə
on rubl yoxdu, - sırf qorxacaq görünməmək
üçün dedim.
- Bizdə,
sənin yuxunda gördüyündən də çox var. Nə
qədər ki, Quşcuğaz hirslənməyib, səsini kəs.
Yoxsa bilirsən, o hirsli adamdı.
- Vurum
onu, Vadik?
-
Lazım deyil, qoy oynasın. - Vadik uşaqlara göz vurdu. - O,
yaxşı oynayır, biz onun kimi nişan
ala bilmirik.
Artıq Vadiki tanıyırdım. Deyəsən,
maraqsız oyunlardan boğaza yığılmışdı,
buna görə də əsəblərini sakitləşdirmək
və əsl oyunun dadını hiss etmək üçün
mənə icazə vermişdi. Amma gərək
ona ilişməyəydim, əks halda başıma gələcəkləri
bilirdim. O döyməyə səbəb tapardı,
Quşcuğaz da yanındaydı.
Ehtiyatla oynamağa başladım,
çalışırdım kassaya toxunmayım. Hamı kimi
daşı atırdım, sonra da qəpikləri çevirməyə
başlayırdım. Həm də tez-tez
dala boylanırdım ki, Quşcuğaz heç nə eləməsin.
Əvvəl-əvvəl rublu heç arzulamırdım
da, iyirmi-otuz qəpiklə kifayətlənirdim, bir tikə
çörəyə çatırdı.
Amma əvvəl-axır olmalı olan şey oldu. Dördüncü
gün rublu udub gedəndə məni yenə döydülər.
Düzdür, bu dəfə yüngül oldu,
amma hər halda üzümdə işarə qaldı. Dodağım partlamışdı. Məktəbdə bütün dərsi
dodağımı dişləməli oldum. Nə qədər gizlətməyə
çalışsam da, Lidiya Mixaylovna onu gördü. Qəsdən məni lövhəyə
çağırıb fransızca mətn oxutdurdu. O mətni
sağlam dodaqla tələffüz edə bilmirdim, o ki qaldı
partlaq dodaqla ola.
- Bəsdir,
bəsdir! - Lidiya Mixaylovna üzünü
turşutdu. - Bu nədir? Yox, gərək səninlə
ayrıca məşğul olum. Başqa
çıxış yolu yoxdur.
Beləliklə, mənim üçün ağır və
əzablı günlər başladı. Hər gün
səhərdən Lidiya Mixaylovnayla tək
qalacağımı, onun dediyi dilə yatmayan, ancaq kiməsə
əzab vermək üçün
düşünülmüş sözləri təkrarlamağa
məcbur olacağım vaxtı fikirləşirdim.
Sən demə, bu da hələ hamısı deyilmiş. Birdən Lidiya Mixaylovna dedi
ki, ikinci növbənin dərsi başlayana qədər
vaxtımız az qalır, yaxşı
çalışa bilmirik, ona görə də axşamlar onun
evinə gəlməyimi tapşırdı. O, məktəbin
yanındakı müəllimlər evində
yaşayırdı. Evin o biri başı -
böyük tərəfi direktorun idi. İşim
lap çətinləşdi. Onsuz da təbiətən
utancaq idim, hər xırda şeyin üstündə
sıxılırdım, müəllimənin tərtəmiz
evində isə az qala heykələ
dönürdüm, nəfəs almağa da qorxurdum. Müəllimə deməsəydi
ayaqqabılarımı çıxarıb içəri
keçmirdim, stoldan o qədər aralı otururdum ki,
axırda özü məni yaxına çəkirdi,
danışdırmaq üçün də xeyli
çalışmalı olurdu. Fransız
dilindən irəliləyiş edə bilməmişdim.
Amma, qəribədir ki, evdə məktəbdəkindən az oxuyurduq, hələ guya orda ikinci növbə
bizə mane olurdu. Lidiya Mixaylovna daha çox məni
sorğu-suala tuturdu və özü haqda
danışırdı. Guya o da məktəbdə
fransızcadan axsayırmış və heç də
başqalarından pis olmadığını sübut etmək
üçün məhz bu dili seçibmiş. Bu əhvalatı mənə görə
uydurduğundan şübhələnirdim.
Bir küncə qısılıb evə
buraxılacağım anı səbirsizliklə gözləyirdim. Otaqda
çoxlu kitab vardı, pəncərənin
qabağındakı tumbanın üstünə radio qoyulmuşdu.
Radionun valoxudanı da vardı - bu o vaxtlar
üçün nadir əşya idi, mənim
üçünsə, ümumiyyətlə, möcüzə
idi. Lidiya Mixaylovna val oxudurdu və
valdakı yumşaq kişi səsi fransızca öyrətməyə
davam edirdi. Nə edirsən et,
fransızcadan heç yerə qaça bilməzsən.
Əynində yüngül ev paltarı və
yumşaq ayaqqabı olan Lidiya Mixaylovna otaqda gəzişirdi, hər
dəfə mənə yaxınlaşanda titrəməyə
başlayırdım. Hələ də onun
otağında oturduğuma inana bilmirdim, burdakı hər
şey mənim üçün gözlənilməz və
qeyri-adi idi, hətta buranın havası da bayırdakı
havadan fərqliydi. Hərdən özümdən
asılı olmayaraq ağlıma bir fikir gəlirdi, guya mən
bu həyata qıraqdan baxıram, bu fikir ağlıma gələn
kimi bir az da büzüşüb köhnə
pencəyimə bürünürdüm.
Lidiya
Mixaylovnanın onda iyirmi beş yaşı
olardı. Hələ də onun düzgün
cizgili siması, azca çəp gözləri, qısa kəsilmiş
qara saçları yadımdadır. Amma
sonralar fikir verdim ki, əksər müəllimlərin
simasında sezdiyim qəddarlıq ifadəsi onun simasında
yox idi. İndi fikirləşirəm ki, deyəsən
o bizdə müəllim işləməyə gələnə
qədər ərdə olmuşdu, çünki bütün
hərəkətlərində cəsarət və təcrübə
vardı. Bundan başqa, mənə həmişə
belə gəlib ki, fransızca və ispanca öyrənən
qızlardan, başqa dilləri - tutaq ki, rusca və ya almanca
öyrənən yaşıdlarından daha tez yetişir.
Lidiya Mixaylovnanın dərs qurtarandan sonra məni yeməyə
çağırması indi də yadıma düşəndə
utanıram. Nə qədər ac olsaydım da, o saat
iştahım qaçırdı. Lidiya Mixaylovnayla bir
stola oturmaq! Yox, yox! Ondansa bir də bura gəlməmək
üçün bütün fransızca kitabını səhərə
qədər əzbərləmək daha yaxşıdır.
Tikəm boğazımda qalardı. O
vaxtacan elə bilirdim ki, Lidiya Mixaylovna bizim yediyimiz adi yeməklərlə
yox, nəsə möcüzəvi bir şeylə qidalanır.
Onu o qədər fərqli hesab edirdim. Mənə yemək təklif edən kimi yerimdən
sıçrayıb, tox olduğumu deyə-deyə qapıya tərəf
atılırdım. Lidiya Mixaylovna mənə
inciklik və təəccüblə baxırdı, amma məni
heç cür saxlamaq olmazdı. Mən
qaçırdım. Bu bir neçə dəfə
baş verdi, ondan sonra Lidiya Mixaylovna daha mənə
yemək təklif etmədi. Ondan sonra bir az
rahatlaşdım.
Bir dəfə
dedilər ki, bir kişi aşağıda
mənimçün bağlama qoyub. Vanya dayı gətirib, əlbəttə,
Vanya dayı - başqa kim olacaq ki! Çox
güman evdə heç kim olmayıb,
Vanya dayı da tələsdiyi üçün dərsdən
çıxmağımı gözləyə bilməyib, məktəbə
qoyub.
Güclə dərsin axırını gözlədim, zəng
vurulan kimi aşağı qaçdım. Məktəbin
xadiməsi Vera xala küncdəki faner qutunu göstərdi, belə
qutularda poçtla nəsə göndərirdilər. Təəccübləndim:
nə üçün qutuda? Anam, adətən ərzağı
kisədə göndərirdi. Bəlkə,
heç bu mənə gəlməyib? Yox,
qapağında mənim adım və oxuduğum sinif
yazılıb. Yəqin, Vanya dayı burda
yazıb ki, səhv düşməsin. Bəs
nə üçün anam bu dəfə qutuda göndərib?
Bax ha, gör necə intelligent olub!
Qutunu evə aparmağa səbrim çatmadı. Əlbəttə
ki, içindəki kartof deyil. Çörək
üçün də balacadır, həm də narahat. Həm də ki, çörəyi təzə
göndərmişdilər, hələ
qurtarmamışdı. Bəs onda qutuda nə
var? Pilləkənin altına baxdım,
haçansa orda balta görmüşdüm, baltayla qurunun
ağzını açdım. Pilləkənin
altı qaranlıq idi, ordan çıxıb ətrafa
boylandım ki, görən olmasın, qutunu pəncərənin
qırağına qoydum.
Qutuya baxan kimi ağlım başımdan
çıxdı. Üstdə səliqəylə böyük ağ kağıza bükülmüş
makaron qoyulmuşdu. Bax, buna varam! Yan-yana düzülmüş
uzun sarı makaronlara baxanda gözlərim qamaşdı, mənim
üçün bundan daha dəyərli heç nə ola bilməzdi. İndi başa
düşdüm ki, makaronlar sınmasın deyə, anam
onları qutuya yığıb. Ehtiyatla
makaronlardan birini götürdüm, baxdım, içini
üfürdüm, acgözlüklə xırtıldatmağa
başladım. Sonra ikincini,
üçüncünü yeyə-yeyə qutunu harda gizlədə
biləcəyimi fikirləşməyə başladım, evdəki
taxçada siçanlar daraşa bilərdi. Anam axırıncı pulunu verib mənimçün
makaron alıb, qoymaram bunu da kartof kimi əkişdirsinlər.
Birdən özümə gəldim.
Makaron... Doğrudan da, anam makaronu hardan alıb?
Bizim kənddə heç vaxt makaron olmayıb.
Bəs onda bu nə işdi? Tez-tələsik
makaronları qırağa çəkib yeşiyin dibinə
baxdım, orda da bir neçə böyük qənd
parçası və iki dənə hematogen1 vardı. Hə, bağlamanı anam göndərməyib.
Bəs onda kim? Bir də qutunun
qapağına baxdım - mənim adım və oxuduğum
sinif. Maraqlıdır, çox
maraqlıdır.
Qutunun qapağını təzədən yerinə vurub
ikinci mərtəbəyə çıxdım, müəllimlər
otağına girdim. Lidiya Mixaylovna artıq getmişdi. Heç nə olmaz, harda yaşadığını
bilirik, taparıq. Deməli belə: yemək istəmirsən,
onda otur evində - ərzağın gəlsin. Belə.
Amma yox, keçməz. Əlbəttə,
bunu anam göndərməyib: o göndərsəydi
kağız da yazardı, bu var-dövləti hardan
tapdığını qeyd edərdi.
Məni qoltuğumda bağlamayla görəndə Lidiya
Mixaylovna özünü elə apardı ki, guya heç nə
başa düşməyib. Onun qabağına, stolun
üstünə qoyduğum qutuya baxıb soruşdu:
- Bu nədir?
Nə gətirmisən? Nə
üçün?
- Bunu siz
göndərmisiniz, - səsim titrəyə-titrəyə dedim.
- Nə
göndərmişəm? Nə
danışırsan?
- Bu
bağlamanı məktəbə siz göndərmisiniz. Bilirəm, sizin işinizdi.
Lidiya Mixaylovnanın qızardığı gözümdən
qaçmadı. Zənnimcə, bu yeganə an idi ki,
qorxmadan gözlərinin içinə baxdım. Artıq müəllim olduğu da yadımdan
çıxmışdı. İndi
sualı mən verirdim, özü də fransızca yox, rusca.
Qoy cavab versin.
- Mənim
göndərdiyimi hardan bildin?
- Bizim kənddə
makaron olmur, hematogen də olmur.
- Necə?
Heç olmur? - O elə ürəkdən
təəccübləndi ki, özünü ələ
verdiyinə də fikir vermədi.
-
Heç olmur. Bilmək lazım idi.
Lidiya Mixaylovna birdən gülməyə başladı,
məni qucaqlamaq istədi, amma mən qırağa çəkildim.
-
Doğrudan da, bilmək lazım idi. Heç
ağlıma gəlməyib. - O, bir dəqiqə fikrə
getdi. - Amma hardan biləydim? Mən şəhər
adamıyam. Deyirsən heç olmur? Bəs sizdə nə olur?
- Noxud
olur. Ağ turp olur.
- Noxud...
Ağ turp... Bizdə, Kubanda isə alma
olur. İndi bilirsən nə qədər alma
var orda? Əvvəl Kubana getmək istəyirdim,
sonra nə üçünsə bura gəldim. - Lidiya
Mixaylovna köks ötürüb dedi. - Hirslənmə. Yaxşılığını istəyirdim. Makaronların məni satacağını hardan biləydim?
Eybi yox, bundan sonra ağıllı olaram.
Makaronları götür...
-
Götürməyəcəyəm.
- Nə
üçün belə edirsən? Çox vaxt
ac olduğunu bilirəm. Mək tək
yaşayıram, pulum çoxdu. Nə istəsəm ala
bilərəm... Tək adamam, özüm də az
yeyirəm, kökəlmək istəmirəm...
- Mən
ac deyiləm.
-
Xahiş edirəm, mənimlə söz güləşdirmə.
Qaldığın evin sahibəsiylə
danışmışam. Bu makaronlardan
özünə dadlı nahar bişirsən, nə olar? Nə üçün sənə bircə dəfə
kömək etməyim? Söz verirəm,
bir də bağlama filan göndərməyəcəyəm.
Amma xahiş edirəm, bunu götür. Oxumaq üçün qarnın tox olmalıdır.
Gör məktəbdə nə qədər
qarnı tox, başı boş uşaq var. Amma sən
ağıllısan, sən oxumalısan.
Onun səsi əsəblərimi sakitləşdirirdi. Onun məni
yola gətirəcəyindən qorxub dodaqaltı nəsə
mızıldana-mızıldana qapıya tərəf
atıldım.
Amma dərslərimiz bununla qurtarmadı, yenə də
Lidiya Mixaylovnanın yanına gedirdim. İndi ancaq dərslə
məşğul olurduq. Çox güman
Lidiya Mixaylovna mənim tərsliyimlə
barışmışdı. Vaxt
keçdikcə xeyri də oldu, yavaş-yavaş danışığım
səlisləşirdi, fransızca sözlər daha əvvəlki
kimi ağzımdan tökülmürdü, qanadlanıb harasa
uçmaq istəyirdi.
-
Yaxşıdı, - Lidiya Mixaylovna mənə ürək-dirək
verirdi. - Bu rübdə beş ala bilməyəcəksən,
amma gələn rüb mütləq alacaqsan.
Bir də heç vaxt bağlama söhbətinə
qayıtmamışdıq, amma həmişə gözdə-qulaqda
idim. Hardan biləsən ki, Lidiya Mixaylovnanın
ağlına nə fikir gələcək. Özümdən
bilirdim: hansısa iş alınmayanda təslim olmurdum,
alınmağı üçün əlimdən gələni
edirdim. Elə bilirdim ki, Lidiya Mixaylovna daim mənə
göz qoyur və izlədikcə vəhşiliyimə
gülür, bu məni hirsləndirirdi, amma qəribə də
olsa, bu hirs məndə özümə inam yaradırdı.
Daha əvvəlki zəif və köməksiz
uşaq deyildim, vaxt keçdikcə bu evə də, Lidiya
Mixaylovnaya da öyrəşmişdim. Əlbəttə,
hələ də bir az utanırdım,
çarıqlarımı stolun altına soxub
büzüşürdüm, amma indi özüm ona suallar
verirdim, hətta arada mübahisə də edirdim.
Sonralar bir dəfə də mənə yemək təklif
etdi, yenə də imtina etdim. Bu mövzuda geriyə
addım atmazdım.
Yəqin
ki, ev məşğələlərini
yekunlaşdırmaq vaxtı çatmışdı, dediyim
kimi, danışığım səlisləşmişdi,
qalan şeylərisə məktəbdə də öyrənə
bilərdim. Hələ qarşıda uzun illər
vardı. Hər şeyi indidən öyrənsəydim,
sonra nə edəcəkdim? Amma bunu Lidiya
Mixaylovnaya deməyə ürək eləmirdim, o isə məşğələləri
davam etdirirdi. Fransız dili işgəncəm
hələ də davam edirdi. Bir yana
baxanda, bu heç işgəncə də deyildi. Vaxt
keçdikcə özüm də hiss etmədən bu dilə
qarşı marağım yaranırdı və boş
vaxtlarımda lüğətlə dərs kitabını
götürüb keçmədiyimiz mövzulara
baxırdım. Əzab həzzə
çevrilirdi. Arada özündənrazılıq da
edirdim: alınmırdı - alınacaq, özü də
başqalarından da yaxşı. Xəmirimiz
başqa şeydən yoğrulmamışdı ki. Bircə
Lidiya Mixaylovnanın evinə gəlməli olmasaydım... Mən
özüm, özüm də bacarardım...
Bağlama
məsələsindən iki həftə sonra Lidiya Mixaylovna
gülümsəyib soruşdu:
- Daha
qumar oynamırsan? Yoxsa yenə də hardasa
yığışıb oynayırsınız?
- İndi necə oynayaq? - Pəncərədən
bayırdakı qarı göstərib təəccüblə
soruşdum.
- Bəs
bu nə oyun idi? Necə oynayırdınız?
- Neyləyirsiniz?
- Ehtiyatla soruşdum.
-
Maraqlıdır. Biz də uşaqlıqda
oynayırdıq. İndi bilmək istəyirəm
ki, eyni oyundu, ya başqasıdı?
Oyunun qaydalarını danışdım, əlbəttə
ki, Vadikin, Quşcuğazın və oyun vaxtı işlətdiyim
bəzi xırda hiylələrin üstündən
keçdim.
- Yox, -
Lidiya Mixaylovna başını yellətdi. - Biz başqa
cür oynayırdıq. Bax.
Lidiya Mixaylovna ayağa durub stulu divarın
qabağından çəkdi, çantasından xırda pul
çıxarıb yerdə oturdu.
- Bura gəl,
bax. - Qəpiyi yüngülcə divara vurdu, qəpik cingildəyib
yerə düşdü. - İndi sən
vurursan. Amma elə atmalısan ki, qəpiyin
mənim qəpiyimə yaxın düşsün, bir əlin
barmaqları çatacaq qədər yaxın. Elə olsa, udursan. Vur.
Vurdum. Qəpik divarın küncünə
düşdü.
- O-o, -
Lidiya Mixaylovna əlini yellətdi. - Çox uzaqdı. İndi sən başlayırsan. Amma yadında
saxla, mənim qəpiyim sənin qəpiyinin üstünə
düşsə, lap küncü də düşsə, onda mən
ikiqat uduram. Başa düşdün?
- Başa
düşməli nə var ki?
- Oynayaq?
Qulaqlarıma
inanmadım:
- Sizinlə?
- Nə
olacaq ki?
- Siz axı
müəllimsiniz!
- Nə
olsun? Müəllim adam deyil? Hərdən müəllim olmaqdan, öyrətməkdən
yorulursan. Həmişə öz-özünə
qadağalar qoyursan: onu olmaz, bunu olmaz. - Lidiya
Mixaylovna pəncərədən bayıra baxmağa
başladı, gözləri yol çəkdi. - Hərdən
müəllim olduğunu unutmaq yaxşıdır, yoxsa elə
adam olarsan ki, hamı səninlə
darıxar. Məncə, müəllim hər
şeyi ciddiyə almamalıdır, ancaq öyrətməklə
məşğul olmamalıdır. - O birdən-birə
canlandı. - Uşaqlıqda dəcəl qız idim, valideynlərim
mənə görə çox əziyyət çəkib. Elə indi də tez-tez qaçmaq, tullanmaq istəyirəm.
Bir də görürsən burda tullanmağa
başlayıram, evdə qaçıram. Adam
yaşlananda qocalmır, uşaq olmağı tərgidəndə
qocalır. Məmnuniyyətlə hər
gün tullanıb-düşərdim, amma divarın o tərəfində
Vasili Andreyeviç yaşayır. O çox ciddi
adamdır. Qəpik-qəpik
oynadığımızı bilməməlidir, yaxşı?
- Biz
axı oynamırıq. Siz, sadəcə, mənə
necə oynamaq lazım olduğunu göstərdiniz.
- Biz
oynaya bilərik. Amma sən məni Vasili
Andreyeviçə satma.
İlahi,
dünyada nələr olurmuş! Bir neçə
ay qabaq, Lidiya Mixaylovna qəpik-qəpik
oynadığımı direktora deyəcək deyə, ürəyim
əsirdi, indi isə o, məndən onu satmamağımı
xahiş edir.
- Hə,
nə deyirsən? Oynayaq? Xoşuna
gəlməsə oynamarıq.
- Oynayaq,
- qərarsızlıqla dedim.
-
Başla.
Qəpikləri götürüb başladıq. Lidiya Mixaylovna
doğrudan da, haçansa oynamışdı, mənimsə hələ
əlim yatmamışdı, qəpiyi necə
vuracağımı, haçan hardan vursam yaxşı
olacağını hələ bilmirdim. Əlbəttə
ki, tərəf-müqabilimin Lidiya Mixaylovna olması məni
daha çox sıxırdı. Belə bir
şeyin mümkün olduğu heç yuxuma da girməzdi.
Amma yavaş-yavaş fikrimi oyuna cəmləməyə
başladım. Birdən Lidiya Mixaylovna oyunu saxladı:
- Yox, belə
maraqlı deyil. - Gözünün üstünə
tökülən saçları arxaya atıb dedi. -
Üçyaşlı uşaqlar kimi oynayırıq, gəl
doğrudan oynayaq.
- Onda
axı puldan oynayacağıq, - cəsarətsiz halda dedim.
- Əlbəttə. Bəs əlimizdəki nədir? Qəpik
oyununu puldan oynayarlar da. Oyunun yaxşı tərəfi
də budur, pis tərəfi də. Uduşa
kiçik məbləğ də qoya bilərik, nə də
olmasa, maraq yaranacaq.
Nə edəcəyimi bilmədən susdum.
- Yoxsa
qorxursan? - Lidiya Mixaylovna məni
qıcıqlandırmağa çalışdı.
- Bir o
qalmışdı! Mən heç nədən
qorxmuram.
Cibimdə
bir az xırda pulum vardı. Lidiya
Mixaylovnanın qəpiyini özünə qaytarıb pulumu
çıxardım. Nə olar, gəlin
doğrudan oynayaq, Lidiya Mixaylovna. Nəyimə
lazım, özünüz istədiniz. Vadik
də əvvəlcə məni ciddiyə almamışdı,
amma sonra qabağımı almaq üçün yumruğa əl
atdı. Orda öyrənmişdim, burda da
öyrənərəm. Fransız dili qədər
çətin olmayacaq ki. Fransızcanı
öyrənirəmsə, bunu da öyrənərəm.
Amma Lidiya Mixaylovna əvvəlcədən şərt kəsdi. Onun əlləri
böyük olduğu üçün baş və orta
barmağıyla ölçəcəkdi, mənsə oyunun
qaydasında olduğu kimi, baş və çeçələ
barmağımla. Bu ədalətli şərt
idi, razılaşdım.
Təzən oynamağa başladıq. Ayaq
üstündə dayanıb qəpiyi atırdıq, sonra diz
üstə oturub məsafəni ölçürdük.
Lidiya Mixaylovna çox səs-küy
salırdı, qışqırırdı, əllərini
bir-birinə vururdu, özünü müəllim yox, qız
uşağı kimi aparırdı. Amma hər
halda o udurdu. Qısa vaxtda səksən qəpik
uduzdum, güclə də olsa, bunu otuz qəpiyə sala bildim,
amma gözümü yumub-açan kimi gördüm ki,
artıq borcum əlli qəpik olub. Yox, belə
olmazdı, cibimdə üst-üstə bir rubldan bir az çox pul vardı, belə getsə, tezliklə
hamısını uduzacaqdım. Belə
danışmışdıq ki, oyun qurtaran kimi uduzduğumuz məbləği
verək.
Elə bu
vaxt hiss etdim ki, Lidiya Mixaylovna məni udmağa
çalışmır. Məsafəni
ölçəndə barmaqlarını tam
açmırdı, mənim barmaqlarımın rahatlıqla
çata bildiyi məsafəyə onun barmaqları
çatmırdı. Bu, xətrimə dəydi,
ayağa durdum.
- Yox, -
dedim, - mən belə oynamıram. Nə
üçün uduzmağa
çalışırsınız? Bu
düzgün deyil.
-
Barmağım doğrudan ona çatmır, - o
özünü təmizə çıxarmağa
çalışdı. - Əlim elə bil
taxtadandı.
-
Çatar.
-
Yaxşı, çalışacağam.
Növbəti gün cəmisi onbeş-iyirmi dəqiqə
dərs oxuduq.
Mən fransızca mətn oxudum, Lidiya Mixaylovna
düzəlişlər etdi, təzədən oxudum və
oynamağa başladıq. İki dəfə
uduzandan sonra udmağa başladım. Artıq
əlim oyuna yatmışdı.
Yenə pulum olurdu. Yenə bazara qaçıb donmuş
fincanda süd alırdım. Fincanın
üzündən donmuş təbəqəni ehtiyatla
sındırıb sovururdum, südün dadını hiss
edirdim, həzzdən gözlərimi yumurdum. Sonra fincanın dibindəki təbəqəni
sındırıb əridirdim, onu da bir tikə qara
çörəklə yeyirdim.
Heç nə olmaz, yaşayarıq, hələ
müharibənin vurduğu yaraları sağaldaq, söz veriblər
ki, hamı xoşbəxt olacaq.
Əlbəttə, hər dəfə Lidiya Mixaylovnadan pul
alanda özümü birtəhər hiss edirdim, amma
özümü bununla sakitləşdirirdim ki, bunu
düzgün yolla udmuşam. Heç vaxt oynamaq üçün
can atmırdım, həmişə Lidiya Mixaylovna özü təklif
edirdi. Etiraz etməyə cəsarətim
çatmırdı. Elə zənn edirdim
ki, oyun Lidiya Mixaylovnaya sevinc bəxş edir, o əylənirdi,
gülürdü.
Kaş
ki, bunun nəylə qurtaracağını biləydik...
...Üzbəüz
diz üstə oturub hesab haqda mübahisə edirdik. Deyəsən, ondan qabaq da nə üçünsə
mübahisə etmişdik.
- Başa
düş, ay key, - Lidiya Mixaylovna əl-qolunu ölçə-ölçə
sübut etməyə çalışırdı, - nə
üçün səni aldadım? Hesabı mən
aparıram, sən yox, ona görə də mən
yaxşı bilərəm. Mən
üç dəfə dalbadal uduzmuşam.
Bir-birimizin
sözünü kəsib qışqırırdıq, bu vaxt
təəccüblü, amma ötkəm, cingiltili səs
eşitdik:
- Lidiya
Mixaylovna!
Donub qaldıq. Qapıda Vasili Andreyeviç
dayanmışdı.
- Lidiya
Mixaylovna, burda nə baş verir?
Lidiya Mixaylovnanın rəngi qızarmışdı,
yavaş-yavaş ayağa durub üst-başını səliqəyə
saldı, saçını düzəltdi.
- Vasili
Mixayloviç, əvvəlcə qapını döyəcəyinizi
gözləyirdim.
-
Qapını döydüm. Amma eşitmədiniz.
Burda nə baş verir? Xahiş
edirəm deyəsiniz. Direktor kimi bilməyə
haqqım var.
- Qəpik-qəpik
oynayırıq. - Lidiya Mixaylovna sakitcə cavab verdi.
- Qumar
oynayırsınız? Bununla?.. - Vasili Mixayloviç barmağıyla məni göstərdi,
mən qorxudan büzüşüb kandara çəkildim ki,
o biri otağa girim, məni görməsin. - Şagirdlə oynayırsınız? Düz başa düşdüm?
- Düzdür.
- Nə
deyim, heç bilmirəm... - Direktor dərindən nəfəs
aldı, elə bil havası çatmırdı. - Sizin hərəkətinizə
ad qoymaq çətindir. Bu cinayətdir, əxlaqsızlıqdır.
Bu... bu... İyirmi ildir məktəbdə
işləyirəm, hər şey görmüşəm, amma
beləsini...
O əllərini
havada oynatdı.
Üç gündən sonra Lidiya Mixaylovna getdi. Getməmişdən
qabaq məni dərsdən sonra qarşıladı, evə
ötürdü.
- Kubana
gedirəm, - sağollaşanda dedi. - Sən oxu, heç kim sənə toxunmayacaq. Günahkar
mənəm. Sən oxu.
Saçımı qarışdırıb getdi.
Onu bir də heç vaxt görmədim.
Qışın ortasında, yanvar tətilindən
sonra məktəbə mənimçün bağlama gəldi,
poçtla göndərmişdilər. Yenə pilləkənin
altındakı baltayla qapağını açdım.
Üstdə səliqəylə kağıza
bükülmüş makaron vardı. Altdan isə qalın
kağıza bükülmüş üç dənə
qırmızı alma tapdım.
Əvvəllər almanı ancaq şəkillərdə görmüşdüm, amma o saat bildim ki, bunlar almadır.
1973
Hematogen - qan
artıran dərman
Valentin Rasputin
Tərcümə
etdi: Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.28-31.