Formanın müqəddəs sirri
Seyid Əzim Şirvani
V yazı
Ey
şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü - ehtişamı
dağılan.
Olmayıbdır
cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan.
Yazıya Seyid Əzim Şirvaninin məhz bu rübaisi ilə
başlamağımız təsadüfi
sayılmamalıdır. Və bu təkcə Gəncədə
şeyx Nizaminin məqbərəsinin vəziyyətini
gördükdən sonra yazılan mətn deyil. Məqbərənin
uçuq yerlərinə baxıb eynən öz taleyini görən
şair bədii formanın diktə elədiyi hər şeyi
"unudur", zəmanədən böyük dərdini məhz
özgə dilində izhar edir. Formanın dili
idarə etməsi bu mətndə sona yetir. Bu o deməkdir
ki, bu gün hara gedirsən get, həmin mətləb səninlə
olacaq.
Zakirdən fərqli olaraq, Seyid Əzimdə satirik
kontekstə keçid "yarğanlar şəklində"
hiss edilmir. Seyid Əzimin bu tipli mətnlərində vəziyyəti
duyaraq, yaşayaraq, ondan çıxış yolunun
qaldığını güman edərək yazmaq tərzi
hiss edilir. Başqa bir tərəfdən -
forma baxımından da Seyiddə bu keçid, sanki öz
intonasiyasına ironiya ilə süslənir. // Nə
üçün saz elədin bir belə hədyan, Seyyid - //
Ki, dedin hər kəsə bir növ ilə böhtan,
Seyyid...// Yəni, bu qədər dərd varkən könül
pərdəsini aralayıb qeybdən gələn səsləri
dinləməyin bir mənası varmı?!
Saqi, mey
ver bizə kim, dövlət olub yar bu
gün,
Şövqdən
cünbüş edir sabitü səyyar bu gün,
Dövr
edər vəcd ilə nöh gümbədi-dəvvar bu
gün,
Mən gərək
nuş qılam badeyi-gülnar bu gün,
Badə içməkdə mənim bir qərəzim var
bu gün.
"Alimləri məzəmmət edən
cahillərə"
Var, əlbəttə. Bu axınlar bir-birini kəsmir.
Çünki hər ikisi məlhəmdir.
Seyidin
satirasında gülüş özünü töhmətləndirib,
yəni yüksək, ali dəyər kimi qəbul
etdiyi şeylərə rişxənd edib bunları
nişangahda saxlamaqla şərtlənir. Onlara işarə
edir, işarələrin sayını və
sırasını sıxlaşdırıb insan xislətinin
işıq düşməyən yerlərini göstərir.
Neçə
dövlətli var Allah alacaq dövlətini,
Çün hürər sahibinə it kimi nəccar bu
gün.
Seyidin bu
tipli şeirləri şübhəsiz ki, didaktika deyil, onlarda şairin
tükü-tükdən seçən iti zehni, fəhmi,
göylərdən yerə enmiş xəyalı ("Yerdəkilərin
göyə şikayəti") gözlərinin
aldığı mənzərədə bircə nöqtədən
də vaz keçmir, bütün diqqətini bu kimi halların
seçilib məsxərəyə qoyulmasına sərf edir. Bütün mətnlərini diqqətlə oxuduqda
belə bir nəticə hasil olur ki, Seyid hər şeyi ondan
gözlənənlərin tərsinə edir, ondan aşiqanə
şeir tələb edənlərin qarşısına bu
adamların çürük mənəviyyatını
ifşa edən mətnlərlə çıxır. Deyir ki,
Cümlə biqeyrətü bihümmət olub xəlqi-cahan.
Cümləsi cifə üçün badə verib
iymani.
Şübhəsiz ki, bu hələ satirik formanın tam
şəkildə oturuşması, məzmunun köhnə
intonasiya qəlibindən çıxması anlamına gəlmir. Ancaq
bütün bunları çözə bilmək
üçün onun bütün ömrü boyu
yazdığı qəzəllərinə baxmalıyıq, bu
iki aləm - könüldən gələn səslərlə
zəmanənin dərdlərinin tədqiqi heç bir məqamda
kəsişmir, sanki qəzəlləri özü
üçün, satirik şeir və məktubları isə
son dərəcə lazım olan bir nəsnə kimi ictimaiyyət
üçün yazırdı. Yəni
Axundzadənin irəli sürdüyü "sosial ədəbiyyat"
prinsipi onun şəxsində tam olaraq doğrulurdu.
Bu könül nəğmələrini, ürəyin ən
dərin guşələrindən gələn səsləri
oxuduqda eşqlə bağlı duyğular duman kimi çəkilir,
bunun yerini insan və onun taleyi ilə bağlı heç
zaman silinməyən nisgil tutur. Seyid Əzimin
intonasiyasındakı "becidlik", bütün mətni
bürüyən şuxluq havası həmin o mistik halənin
üzə çıxmasına sona qədər mane olur.
Qəzəl janrında insanın hisslərini
ovlayan həmin o mistik halə - irrasionallıqla iti fəhmin -
rasionallığın vəhdəti bizim çözə bilməyəcəyimiz
alt qatda, formanın ruhunun zirzəmisindədir.
Yuxarıda vurğuladığımız nisgil deyir ki,
dünyada insanla bağlı hər şey onun bu
dünyadakı izinin əvvəl-axır itməsinə
işarədir, hətta yaddan çıxmasın,
unudulmasın deyə, elədiklərimiz onu daha artıq unutmağa
xidmət edir (məhz buna görə şair deyirdi: Seyyida,
ölmərəm, aləmdə səsim var mənim...), bir
gün bir quş nəfəsində can verdikdə hər
şey sönür, unutmaqdan başqa çarə
qalmır...Qəzəldə unutmamaq adına edilən
bütün cəhdlər ... unutdurmaq üçündür.
Bütün
bədii mətnlərdə - ayrı-ayrı janrlarda ifadə
edilən mətləblərin sonucu budur, əgər biz bu
gün də Seyid Əzimin qəzəllərindən təsirləniriksə,
demək, həm də onun duyğuları ilə, demək, həm
də bədii formanın ümumi olaraq ötürdüyü
nəsnələrlə danışa, yaxud bunlara baxıb susa
biliriksə, demək, qəzəl bir janr kimi hisslərin gələcəyə
ötürülüb hifz edilməsidir; Məhəmməd
Füzulidə qəlbin dərinliklərindən gələn
hisslər külçə şəklindədir, onlara
yazılan şərhlər oxunduqca gözlərimiz
qarşısında heç rastlaşmadığımız
və tanımadığımız bir mənzərə
yaranır, bayaq anidən (-!)
zövq aldığımızla indi şərhdə
rastlaşdığımız mənzərə fərqlidir,
hər şey burda donuşluq kimidir, hər şeyi həm
anlayır, həm də çox yad bir şey kimi
qavrayırıq (dumanlı şəkildə
xatırlayırıq-!), yəni şeir bizi aldadır, daha
gözəl və munis şeyləri göstərmək
ümidiylə bizi içindən çıxa bilmədiyimiz
bataqlığa çəkib aparır, C.Cabbarlının
Füzuli haqqında sözü bu mənada doğru və
dürüstdür. Bu "fırça" Füzulidə
hisslərin cəzb edilməsi və aldadılmasıdır, sən
bütün dünyanı, bütün real olan şeyləri
unutmalısan, bu, anadilli qəzəlin başlanğıcı
deyil, özü-özünü yeniləməsi, daha
doğrusu, sırf milli lad üstünə gəlməsi
üçün qəlbin, hisslərin dərinliyinə səfər
anlamındadır. Poeziyamızdakı dominant
rola malik "Füzuli hissiyyatı" (yəni Füzuli
poetikasına həssaslıq-!) xüsusi
araşdırılmalıdır, bu həssaslığın
ayrı-ayrı imzalara paylanması, orda görünməsi və
ifadəsi ən müxtəlif ifadə tərzlərinin
yaranıb formalaşmasına səbəb oldu. Burada əsas məqam həmin həssaslığın
təsiri ilə "yeni doğulan" şairin Füzulinin
özündən kardinal şəkildə fərqlənməsidir;
Seyid Əzim Şirvani nümunəsini göstərmək
olar. Bu keyfiyyət daha sonra Məhəmmədhüseyn
Şəhriyarda ifadə olundu, xüsusən onun
intonasiyasının yeri, göyü, dünyanı
ölçmək ehtirasında. Yatmış hamı,
bir Allah oyaqdır, daha bir mən // Məndən aşağı
kimsə yox, ondan da yuxarı.//
Seyid Əzimdə "səfər marşrutu" dəyişir. Seyid Əzimdə qəzəl
əksinə, həyata, gerçəkliyə açılan pəncərədir,
ilk misralardan həyatın erotikaya qədər uzanan
nüansları görünür: // Əmərəm ləblərini
ta nəfəsim var mənim // Tutiyəm şəkkərə
ey gül həvəsim var mənim...", yaxud // O qara
xalı mənə versələr qanın içərəm
// Nə üçün mənzil edib arizi-canandə....//
Sonra bu ixtiyari mənzərə Füzulidə olduğu kimi dərinlərə
işləyir, ancaq əks istiqamətdə, amorf hisslərin
donuşluğuna doğru yox, həyat və sənətin
ciddi mənalarına doğru, demək, Füzuli bədii
formanın, yəni həm də poetik təfəkkürün
haçalandığı yerdir, Seyid bütün ənənəvi
janrların içini ziddiyyətlərdən yoğrulmuş
həyatla doldurur, daha dəqiqini
onun özü deyir: // Gətirmək tazə üslubə gərəkdir
köhnə dünyanı...// Və bu, heç bir halda
Füzulinin yeni üsluba tərcüməsi anlamına gəlməməlidir,
əksinə, Füzulinin fərqli nəfəslə
yazılan qəzəllər üstündə
açılması, Seyid Əzimə qoşulmasıdır,
bunun özü də çox maraqlıdır, bir şairin
başqa bir şairin intonasiya, üslub ladında təkrar
oxunması onların hər ikisinin fərqli cəhətlərinin
üzə çıxmasına yardımçı olur;
(Baxın: Nalədəndir ney kimi avazeyi-eşqim bülənd
// Nalə tərkim qılmazam ney tək kəsilsəm bənd-bənd
// - // Bənd-bəndim kəsələr eylemərəm tərki-fəğan
// Qoy nəva ney tək edim ta nəfəsim var mənim.//) bir
tərəfdən o, özünün də dediyi kimi,
sözü yoxdan var edir, digər tərəfdən isə bu
yeni sözlə gerçəkliyin dramatizmini açmaq istəyirdi,
ancaq qəzəl o hissləri, o şərti qəbul etmirdi. Elə forma və şəkillər var ki,
insanın, yazan adamın dərdini arxa planda saxlayır, hətta
şair buna cəhd etdikdə belə forma və dərinliklərdən
gələn cazibə qüvvəsi müəllifi dəf edir.
Qəzəldə bu mənada (sözün geniş mənasında)
ictimai məzmunu, bu məzmunla dərinləşən insan
hisslərini adekvat şəkildə ifadə etmək çox
çətindir, ən azından formanı idarə edən
ritm bunu əngəlləyir... Seyid XIX əsrin səksəninci
illərində Dağıstanın Yaqsay kəndinə - ana
babasının yurdunu ziyarətə gedir. Ona ürəyinin
yağını yedirmiş babasının yurdunu düşmən
əlində gördükdə qəlbi parçalanır və
yazır ki,
Sərvəra,
üç aydı getmişdim Dağıstan seyrinə,
Bu səfərdən olmuşam xeyli pərişan gəlmişəm.
Görmüşəm
biganə dəstində babamın mülkünü,
Qeyrətimdən
qönçətək
bağrım
olub qan gəlmişəm...
İfadənin
mənasındakı ambivalentlik dərhal diqqəti cəlb
edir: bağrın qönçə tək qan olması iki
planda boy verib göstərir, adətən məlum mövqedə
işlənən və demək olar eyni hisləri oyadan (qəzəldə
hər bir obraz işarədir, simvoldur, bu işarəylə
müvafiq estetik yaşantı görünüb yox olur...) və
daşlaşdığından poetik dilin frazeologiyasına
çevrilən, belə olduğu üçün də
artıq fərqli bir hiss oyatmayan bu ifadə ikinci planda
"biganə dəstində" nitq səviyyəsi (diskurs-!)
ilə yenilənir, həm artıq lal olub susmuş mövqeyə
gülür, onu
yamsılayır, həm də biganə dəstinin
reallığını nümayiş etdirir; yaxud Seyidin həyatı,
acınacaqlı təhsil illəri ilə bağlı
başqa bir mətnə də baxmaq olar.
Diyari-Şamə
ol gün kim,
məni
hökmi-qəza çəkdi,
Nə
möhnətlər gör ol
viranədən
bu binavə çəkdi...
İfadə və poetik fiqurlar həmin dərdin məzmununu
arxa planda saxlayır, ona, sadəcə, işarə edir. Seyyid Əzim
həm real həyatda, həm də şeirləriylə
dünya səyahətinə çıxır, bunun əsas
anlamı təzələnmək, insanın dərdini
dürüst ifadə etməyən fiqurlardan qurtulmaq idi.
XIX əsr təkcə rus poeziyasında deyil,
bütün dünyada poeziyanın qızıl dövrü
hesab edilir, mərkəzdə Puşkin olmaqla Jukovski,
Batyuşkov və b. ilə başlayan bu əsr
Tütçevin mətnlərində dolğunlaşdı.
Ədəbi prosesdə bircə məqam da təsadüf
xarakteri daşımır. Uzun illər bəzən
eyni fırçayla çəkilən təsvirlər
növbəti əsrdə özünün əksinə
çevrilir. XIX əsrdə lirik qəhrəman
dərin psixoloji analizə tuş gəlirdi, şairlər qəhrəmanın
qəlb hisslərini təsvirlə kifayətlənmir, bu qəlbi
bütünlüklə açıb göstərmək istəyirdilər.
Eyni hadisə bizim poeziyada tam fərqli müstəvidə
baş verirdi.
Ta ki
müstəcmii-ülum oldum,
Nəzəri-əhli-əsrə
şum oldum...
Eylədim
taki hər büsatə güzər,
Məni
gördükdə xəlq söylədilər:
Budu gəldi
səfahətin kani,
Hacı
Seyyid Əzim Şirvani...
Seyid
özü haqqında deyirdi: əsl tiynətim məhəbbət
torpağından məxmur olmuşdur, şairin öz "mən"i,
poetik dəst-xətti və poetik xarakteri haqqında söz deməsi
yəqin ki, ilk növbədə, özünü
başqalarından fərqləndirməsi anlamına gəlir.
Və bu sözlər təkcə onun lirikasına aid deyil,
satirik mətnlərində də bu sevginin dərdlə
baş-başa qaldığı səhnələr var.
Füzuli qəzəli, sanki xəyaldakı bir kadrın, bir
fraqmentin içindədir, yol axtarır, dərdini
danışır, yaxud, sanki artıq dərddən
ölmüş, dünyadan köçmüş aşiqin
tarixçəsini danışır, bu yaşantılar
nöqtəbənöqtə bir yerə
yığışıb həmin dar kadrın (həm də
bütün dünyanı tutan fraqmentin) içində yolun
olmadığını söyləyir, könlünə
üz tutur, hər şeyi xatırlamaqla dəyərləndirilir,
işığı sönməkdə olan xatirələrə
toxunduqca dünya anidən işıqlanır, ancaq hər
şey olub bitib...
Diyari-hicrdə
seyli-sitəmdən oldu xərab,
Fəzayi-eşqdə abad gördügün
könlüm.
.... Fəraqın
odunu gördükcə mum tək əridi,
Səbatü səbrdə fulad gördügün
könlüm.
Seyidin qəzəlindəsə yalnız indiki zaman var, fərqli
intonasiya keçmişi və gələcəyi də indiləşdirir.
Eyləməz
aşiqi bir lütf ilə xürrəm, ya rəb
Bu nə rəftarıdır ol sərvi-xuramanımda?
Yaxud:
Tapacaqdır
məni hər yerdə kim, olsam guya
Olmasam mən
qalacaqdır qəmü qayqudə bəla...
S.N.İvanov
qəzəl janrı ilə bağlı tədqiqatında
yazırdı: "...Müasir dillə ifadə etməli
olsaq, qəzəl janrı müvafiq estetik norma və tələblərə
tabe olan məzmun və forma vasitələrinin müəyyən
"işarə sistemidir". Qəzəlin
estetikasını anlamaq onu "zamanda" anlamaq deməkdir, yəni
ondan nəyi tələb etmək, yaxud etməməyi dəqiq
müəyyənləşdirmək lazımdır. Bu halda "hərfən görmək" və
qavrayış naturalizmi refleksi və sadəlövh realizm
axtarışları qeyd-şərtsiz rədd edilməlidir.
Hər bir qəzəl təkcə orada nəyin deyilməsi ilə
yox, daha çox nələrin deyilməməsi ilə,
hansı mətləblərin üstünə sükut pərdəsinin
enməsi ilə maraq doğurur, belə ki, poeziyadakı "sona kimi deyilməmək"
fərqləndirici xüsusiyyəti yalnız janrın
kanonları ilə münasibətdə açıqlanır. Qəzəl janrında bu vasitələr şərtidir
və heroqlif məqamındadır, ancaq hər hansı şənətin
şərtiliyi onun həqiqətdən uzaqlaşması demək
deyil, əksinə, məlum bədii təfəkkür çərçivəsində
ona yaxınlaşmaq cəhdidir".
***
Bilinən, yaxud bilinməyən qədim tikililəri
qaim-qədim bədii mətnlərlə müqayisə etmək
yerinə düşər, ya düşməz, bilmirəm. Müasir dövrdə qədim
tikililəri qorumaq, hifz etmək adına
atılan hər bir addım nəticədə onlara qəsd
xarakteri daşıyır, bu artıq məlum həqiqətdir,
o tikililər, sanki əbədiyyət üçün
inşa edilib. Onlar bir bütöv vahiddir, bərpaya
yatmırlar, əks halda, adi "xışıltıdan"
uçulub-sökülər.
Qədimliyi, sonsuzluğu, zamanın bitib-tükənməzliyini
göstərən gənclik (əbədiyyət-!)
havası... Qəzəl janrında da belə bir
keyfiyyət var, onu müasir düşüncə relsi üzərinə
gətirmək olmur, əksinə, ən müasir texnika ilə
yazılan mətnləri onlara yaxınlaşdıran kimi qəzəlin
içindəki sürət təşnəliyi, zamanı
ötüb-keçmək inadı hərəkətə gəlir,
zamanı zamansızlığa çevirir. Qəzəldə yalnız bir fəsil, cavanlıq, gənclik
(əbədiyyət) var və o, bütün zamanı bircə
ana çevirib müdrik olmaq istəyir. Pozulması
yasaq edilən qaydalar burdan irəli gələ bilər. Qəzəl dəmir qayda-qanuna tabe olan həcmcə
maksimum həddə özünə sıxılmış
vahiddir, eyni zamanda, həm janr, həm də formadır. Fikrimizcə, bunun da bir məntiqi var, adicə
addımın belə kənara atılması, çölə
kölgəsi düşən qarışın belə,
formanı zədələdiyi janrdan məqsəd bütün
enerjini gözəlliyin fəth edilməsinə yönəltməkdir.
Qəzəldə var olan şərti-metaforik qat
qatılaşdıqca, tanrını, ilahi qüvvələri,
kosmosu müxtəlif simvolik adlar altında gizlətdikcə,
bir məqamda yenidən "yerə", sanki ilk dəfə vəsf
edilən gözəlin çöhrəsinə
qayıdır, yəni, o çöhrədə
dünyanın bütün görünən və
görünməyən cəhətlərini eyni anda ifadə
edir. Həm də yeri-göyü oynadan tərəddüdlə.
Pol Valerinin sözlərincə desək, "... Şeir səslə məna arasında uzanıb gedən
tərəddüdür".
Baxın:
Meyvəsi
oxşamasaydı ləbinə dildarın
Bağban
əkməz idi bağda bir nəxli-rütəb
Forma insanı Tanrının içində,
Tanrını, kosmosu insanın taleyi və qədərində
tamaşa kimi göstərir, seyr etdirir. Diqqət edin,
eyni qəlibli məcaz və təşbehlər və əzmlə
dəfə-dəfə təkrarlanan və buna taleyin
hökmü kimi tabe olan elementlərin olması bu formanın özülünün
ilahi səbirdən (əbədiyyətə qədər yol
gedən) yarandığını bəlləyir. Bir
yapon filmində usta son dərəcə çətin, öyrənilməsi,
demək olar, mümkünsüz olan fəndi şagirdinə
birdəfəlik başa salmaq üçün onu hovuza, suyun
içinə salır, səhəri dirigözlü
açmağa məcbur edir, məqsəd - zanbaqların necə
açılmasını öz gözləri ilə görmək,
buna şahid olmaqdır. Bu təcrübə beynə, ürəyə,
insanın ruhuna hopduqdan sonra dünyada hər şey sənə
tanış gəlir, hər yer, məkanın
hər bir qarışı hissinə toxunan kimi o zanbaq kimi sirr
söyləyir. Hər şeyi tükü-tükdən
seçirmiş kimi anlayır, həm də heç
xatırlamırsan...
İnsanın səbrini daşdandıracaq təmrinlərə
mütləq və qaçılmaz şəkildə əməl
edilməsi hər kəsə bir məqamda (görüb də
dərhal unutduğu-!) öz taleyi ilə görüşmək
şansı verir, olur, ya olmur, bu artıq başqa məsələdir.
Çıxır
can cismdən bir dəm, yetir cananımı, ya Rəbb!
Görüb
rüxsarını təslim edim bu canımı, ya Rəbb!
Burada yenilik yalnız həmin gözləntiylə
bağlıdır, həmin o bircə məqamda - öz taleyi
ilə görüşən aşiqin dərhal unutduqları
ilə bağlıdır. Şeirdə yaddaş oyanır: nələri
unutmuşam? Bu sirr möhür bəndində
belə açılmır, möhür bəndə məhz
açılmamağın möhrü basılır. Qəzəldə o dəhşətli gözlənti,
gözlərin yol çəkməsi (yolları çəkməsi-!)
gözlərini açan kimi hiss ediləndir. Bundan fərqli
olaraq, deyək ki, rübai həmin gözləntidən, faciəylə
başa çatmış qədərdən
qaçmağın yolu və ifadəsidir, ancaq....
Seyidin şeirdə ifadə üsulu bitməzlik, tükənməzlik
effekti yaradır. Yəni M.Füzulidəki o dar məkanda
oynanılan "oyunlar" burda geniş məkana çıxır,
durulur və ərzi tutur. Bu nəhayətsizlik,
bitməzlik effekti Seyidin satirik mətnlərində mənanın
lay-lay doğulması, konkret əhvalatın fraqmentlərə
bölünüb qüsuru (sanki hansısa çöhrədəki
qüsuru) dəfə-dəfə əks etdirməsi şeirin
formasının orijinallığından irəli gəlir.
Məhz bunun sayəsində şeirdə yeni mətləb
icad edilir. Seyidin bir çox şeirləri
məhz mətləb icadı ilə diqqəti cəlb edir.
İt demə,
ol dəxi bizim birimiz,
Belə
ölmüşlərə fəda dirimiz...
Yaxud:
Biri bəy
olmaq üçün on ikisı kafər olur,
Tutar axır olan həm qəzəbi-rəbbani.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.18-19.