Müdrik ömrün
ovqat icmalı
Bu kitabı mənə
dostum, çağdaş
nəsrimizin dəyərli
nümayəndəsi Əlabbas
göndərmişdi. Üz qabığında
"Mənim mənalı
dünyam. Ovqat ayələri"
adını oxuyanda öncə düşündüm
ki, bu da
növbəti memuar-xatirə
janrında yazılmış
bir əsərdir.
Kitab bir neçə janrı - lirik gündəliyi, fəlsəfi traktatın fraqmentlərini və aforistikanı özündə
birləşdirir - bu,
millət, vətən
sevdalısı ağsaqqal
söz adamı Əli Vəlioğlunun
"fikir bioqrafiya"sıdı. Düzdür, müəllif öz yazılarını təvazökarlıqla
"beynin icmalı"
adlandırır. Bunu
müəllifin özü
də etiraf edir: "Mən hər gün beynimin icmalını tuturam". Əli Vəlioğlunun deyim təcrübəsi yaşanılan hər günün dəyərini
bilməkdən, ömrü
bir bütövlük
kimi qavramaq tələbatından gəlir.
Fərqli mövzularda, fərqli
zaman kəsimlərində
yazıya alınmış,
cilalanmış, nömrələnmiş
bu "fikir kvantları" bütöv
mətn təsiri bağışlayır.
Bəzən müəllif bu və ya digər
fikrin doğulma zamanını da xronoloji ardıcıllıqla
və dəqiqliklə
qeydə alır, yəni onların varlığını "aktlaşdırır". "Beyin
icmalı"nı yazıya alma üslubunu usta isə rəngsazın
işinə bənzədir:
"Üzü yuxarı
uzanıb fikirlərimi
dəftərə yazıram.
Elə bil evin tavanına
bəzək vururam".
Aforistik düşüncəyə, lakonik
yazı üslubuna, sərrast ümumiləşdirmə
bacarığına sadəcə
öyrənməklə, oxumaqla
qətiyyən yiyələnmək
olmaz - birincisi, gözlənilməzlik elementi,
ikincisi, həyat təcrübəsinin ümumiləşdirilməsi
olmalıdır.
Əli Vəlioğlu
fitrətən bu təcrübənin və
istedadın daşıyıcısıdı.
Romanın dəbdə olan bir vaxtında, Əli müəllimin bu janra ("aforizm", "deyim",
"qanadlı ifadələr"
və s.) sədaqəti
doğrudan da hörmətə layiqdir. Hər gün
"şüuraltı axın"ın
- fikir xaosunun nizama salınması, yazıya alınması məsuliyyətli və ağır bir işdir, müəllifdən
həmişə ciddi
intizam tələb edir. "Beynim
fikirləşir, ağrısı
ürəyimə düşür".
Yeri gəlmişkən,
filologiyamızda aforistikanın
janrlar sistemində yeri hələ də tam və layiqincə müəyyən
edilməyib. Əlbəttə,
kiçik resenziya xarakterli bir yazıda aforizmlərin modellərini, qapalı struktura malik olması, iki antitezi özündə birləşdirməsi və
s. bu kimi məsələlərin izahı
mümkün deyil.
Adətən biz klassiklərin (Nizami Gəncəvi, Səməd
Vurğun...) yaradıcılığından
poetik ümumiləşdirmələri,
qanadlı ibarələri
seçməklə işimizi
bitmiş hesab etmişik. Janrın nəzəri problemləri
isə həllini gözləyir.
Deyimlərin, aforizmlərin sırasında
seirə çevrilə
bilməyən elə
poetik detallar, təbiət müşahidələri
də yer alır ki, bunu
ancaq şair ürəyi duya bilərdi. Sübut üçün bir neçə örnək gətirmək istərdim:
"Ağacın sərin
kölgəsinə yığışmışıq. Yandırıcı isti də başını
bu sərinliyə soxub".
"Sinifdə pıçıltı
var, yoxsa xəzan buraya köçüb";
"Fənərin işığını
gözümə salıb
özünü məndən
gizlətdi";
"Qaranlıq günəşi
yatırmamış gəlmir".
Deyimlərin aforistikliyi göstərir ki, Əli Vəlioğlu
dilimizin resurslarından
şair kimi yararlanır. Deyimlərin təhkiyə tempi, lirizmi və strukturu onun düşüncə manerasını
müəyyənləşdirməyə,
belə demək mümkünsə, düşüncə
"nəbzini" tutmağa
imkan verir. Əli Vəlioğlu aforizmləri ilə nəyisə isbat etməyə, dəlil-sübutlar
gətirməyə çalışmır:
Məsələn: "Bütün
qorxular qaranlıqla oyanır".
Aforistik deyimlərdə fikir doğrudan da "oynayır", nitqin imkanları aydın təqdim olunur. Bir də
ki, aforizm, sadəcə, yalnız söz oyunu deyil, təzadlı anlamların metafora vasitəsilə bir-birilə
uzlaşmasıdır. Müdrik insanın "Fikir icmalında" bir çox anlayışlar (yol, ölüm, həyat...) metaforik məna qazanır:
"Tabut-ölüm adlı atın yəhəri";
"Küsmək - qəzəbin
qənaət üsulu".
Onun deyim üslubuna sakit ekspressivlik və lirik emosionallıq xasdır. Aforizmlər, sanki sinəsində
qafiyələrin, rədiflərin
"dincə qoyulduğu"
vaxtda, idrakla ürəyin sınırında
zühur edir. Günün ovqat havası ilə, düşüncənin
əxlaqı ilə süslənmiş aforizmlər
hardansa, "yuxarıdan"
nazil olur. Bəlkə ona görə də Əli Vəlioğlu bu deyimləri "ovqat ayələri" adlandırır?
Bu deyimlər həm də yaşamının ayrılmaz
tərkib hissəsidir.
Özünün də
dediyi kimi: "Mən hava ilə,
beynim fikirlərlə
yaşayır".
Bu maraqlı və
ibrətli deyimlərin,
müdrik ifadələrin
özəlliyi ondadır
ki, fikrin gözəlliyi oxucuya təsir edir, adamın içinə bir ömrün havasını doldurur.
Ə.Vəlioğlunun elə deyimləri var ki, cövhərində
mifoloji düşüncənin
obrazını yaşadır. Məsələn:
"Güzgü də
ayaqqabısını tərsə
geymiş balaca uşaq kimi, sağımızla solumuzu
tərsə salıb".
Güzgünün funksiyası və
uşağın ayaqqabını
tərs geyməsi motivini bir məna
çevrəsində verməsi
uğurlu müşahidədir.
Şair
uşaq həssaslığı
və mifik "gözü" ilə hər təbiət hadisəsində, hər məişət detalında
bir duyğusal-assoriativ
məntiq axtarır:
"Stol həmişə
ağırlığını gödək qıçına
salır".
"Külək qapını
döyəndə elə
bilirəm, atam əsasını qapıya
söykəyir".
"Şimşək buludları ağlayana qədər çubuqladı".
"Qatırı söyüdə
bağlamışdılar. Onlar
sonsuzluqdan doyunca dərdləşdilər".
Bir başqası
olsaydı, bəlkə
də, sonuncu örnəkdən bir şeir düzüb
qoşmuşdu, amma Əli Vəlioğlu bir lakonik deyimə
bir dünyalıq mənanı yerləşdirir. Hələ 100 il bundan öncə rus yazıçısı
M.Prişvin deyirdi: "Uçan durnaların nadir səsi kimi,
bizə qısa, güclü sözlər lazımdır".
Əslində, Ə.Vəlioğlunun yazı
üslubu bu tövsiyənin gerçəkləşməsidir.
Ömrünün ixtiyar, müdriklik çağını yaşayan, hər
günün "beynində icmalını" aparan,
muncuq-muncuq dəftərə düzən qocaman şair bilir
ki, onu qabaqda qara məchulluq, uzaqda "axırıncı
aşırım" gözləyir. Bir şeyi artıq bilsə də
("Başdaşıma yazılacaq illərdən birini indidən
bilirəm - 1940"), amma bir həqiqəti də yaxşı
anlayır: "Həyatda sonuncu sözümün nə
olduğunu bilsəydim, bağladığım
kitablarımın adına indidən o
sözü verərdim".
Bütün söz adamları
kimi, Əli Vəlioğlunu da yaşadan
da bu İlahi sirdir...
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.17.