Ədəbi dilimiz və Anadil quşu
Orta məktəblərdə
ədəbi dilimizin öyrənilməsi, danışıq
standartına çevrilməsinin qarşısını alan ləhcələşmə fəsadları
barədə yazmış ("Ədəbi dilimiz və
dilçilərimizin konseptual yanlışı",
"Ədəbiyyat qəzeti", 15 dekabr 2018-ci il) və diqqəti
bu fəsadlara yol açan qaynağı - saxta orfoepiya
qaydalarını nişan vermişdim. Xoşdur
ki, xeyli ədəbiyyatçı, dil və ədəbiyyat
müəllimi, alim, yazıçı həmin yazını bəyəndiyini
mənə şifahi və yazılı təbriklərlə,
bəziləri isə hətta təşəkkürlərlə
ifadə etdilər. Narazılığın
miqyası həqiqətən böyük imiş. Zaman-zaman ümidsizliyə qapılan
ziyalılarımız ümidlərini hazırda dilimizin
qorunması ilə bağlı Prezident fərmanına
bağlayıblar.
Yazımın məhz dilçilər arasında xoş
qarşılanmayacağını bilirdim. Anti-konseptual
"konseptuallıq" başlıqlı məqalənin
("Ədəbiyyat qəzeti", 22 dekabr 2018-ci il) müəllifi Nizami Cəfərov məni tənqid
etdi. Tənqidi təbii qarşıladım.
Və buna münasibətim barədə bir qədər
sonra.
Yazım qəzetdə dərc olunmazdan öncə ədəbi
dilimizlə bağlı başqa bir xoşagəlməz məqamla
rastlaşdım. Söhbət teleradio
yayımçılarının ədəbi dil normalarına
riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr
aylarında Milli Televiziya və Radio Şurasının
apardığı monitorinqlərin nəticələrindən
gedir. Aparıcılara
tutulan iradlara bir baxın. Bəzilərini
diqqətə çatdırıram. Dil monitorinqçilərinin
doğru hesab etmədikləri mötərizəsiz, doğru hesab
etdikləri isə mötərizələrdədir: "izləyicilər
[izdəyicilər]", "tənzimlənməsi" - [tənzimləmməsi], "qanlı"-
[qannı], "abonentlərə"- [abonentdərə],
"məhdudiyyətlər"- [məhdudiyyətdər],
"xəbərləri ilə" [xəbərrəriynən],
"sonra" [so:ra], "dövlət" [dö:lət].
Deməli, vəziyyət dilçilərimizin
ucbatından, həqiqətən də, fəlakətli həddədir. Saxta orfoepiya
virusları məktəb dərsliklərindən indi də
televiziyaya yoluxmaqdadır. Qeyd olunan məqalədə
çəkdiyim misalların biri "dövlət"in
"dö:lət" kimi ədəbi dilimizə zidd olan tələffüzünə
aid idi və bu adidən-adi, hamının (bəzi dilçilər
istisna olmaqla!) bu yanlış bildiyini mötərizədə
o "bəziləri" yazdıqlarımın da diqqətinə
çatdırmaq üçün S.Vurğunun səs
yazısından sitat gətirməyə məcbur oldum.
İndi məcburam "dö:lət" tələffüzünü
ədəbi dilin tələffüz qaydası bilənlərin
nəzərinə çatdırım ki, nə Cümhuriyyət
dövründə, nə sovetlər zamanında, nə də
müstəqillik illərində Azərbaycana rəhbərlik
etmiş şəxslərin heç birinin dilində bu
biabırçı tələffüz səslənməyib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev də nitqlərində
"dövlət" sözünü ədəbi dil
qaydasına uyğun olaraq elə yazıldığı kimi tələffüz
edir. "Orfoepiya" dilçilərinə isə
dərs olmur ki olmur. Çünki təqdim
və təbliğ etdikləri ədəbi dil orfoepiyası
deyil, ləhcə orfoepiyasıdır.
Ləhcələşmə fəsadlarına
açılan yolun qarşısına iri bir şlaqbaum
qoymağın vaxtı çatıb. Bir daha təkrar edim,
Azərbaycan ədəbi dili xalqımızın tarixində
bir sivilizasiya faktıdır. Ağrılı
bir paradoksdur ki, sovet dövründə, az-çox mədəni
muxtariyyətimiz olduğu zamanlarda bu dəyəri qoruyub
inkişaf etdirə bilmişiksə, indi müstəqil bir
dövlətdə tənəzzülə uğradırıq.
Hazırda ana dilimiz öz doğma yurdunda
ayağından asılmış bir durumdadır. Anadil
quşu kimi!
Bu arada başqa dillərə aid dilçilərin
orfoepiya araşdırmaları ilə tanışlıq
üçün ingiliscə xeyli ədəbiyyat oxudum. Tanış
olduğum araşdırmalar məlum yazımda ifadə etdiyim
qənaətləri bir daha möhkəmlətdi.
Fərqli dillərə aid elə bir tədqiqata rast gəlmədim
ki, orfoepiyanı məhz ədəbi dildə (bəli, məhz
ədəbi dildə!) nitq standartlarını tədqiq edən
və müəyyənləşdirən sahə kimi nəzərdən
keçirməsin. Bütün araşdırmalarda
orfoepiyanın məqsədi yazı dilindən uzaqlaşmaq
yox, əksinə, yazı dilinə maksimum
yaxınlaşdırmaq, bu dilin meyarları əsasında nitq
mədəniyyətinin gəlişdirilməsi zərurətilə
əlaqələndirilir. Elmi yazılarda ədəbi
dilin belə bir tərifi də yayğındır: "Ədəbi
dil yazıda istifadə olunaraq standartlaşan bir dil şəklidir".
Bu dilin məişət
danışığı normalarından hansı
ölçüdə fərqlənməsinin müxtəlif
xalqlarda fərqli təzahürləri olur.
Bizimkilərin isə çalışdıqları
(çəkdiyim misallardan da aydın görünür!),
orfoepiyanı necə qələmə verirlər versinlər,
odur ki, ədəbi dilimizin elitarlığını zədələməklə
onu ləhcələşdirmə perspektivinə istiqamətləndirsinlər. Hələlik
bunu "dilçilərimizin konseptual yanlışı"
adlandırmışıq.
Məqaləmdə
rus, ingilis dillərinə aid "orfoepiya"nın
necə başa düşüldüyündən,
norveçlilərin ədəbi dili qazanmaq yolunda hansı əziyyətlər
çəkdiyindən danışmışam. İndi də
bir az ərəb dili haqqında. Onlarda vahid ədəbi dil var, tədris mərkəzlərində
bu ədəbi dildə yazı, danışıq və tələffüz
vərdişlərini aşılayırlar. Müasir ərəb
ədəbi dili (ərəblər bunu "əl-luğatu-arabiyyətu-l-fusha",
yəni "ən bəlağətli ərəb dili"
adlandırırlar) mahiyyətcə "Quran" mətninin
dilindən və klassik ərəb ədəbiyyatından
qaynaqlanır. Məişətdə olduqca fərqli ləhcələrində
danışanların hamısını birləşdirən
bir "fusha" da var ki, yazılı nə varsa, hər
şey bu dildədir, bu dildə gedir bütün rəsmi
danışıqlar, bu dildə səslənir nitqlər. Hətta bəzən teatr tamaşaları da ki, məqsədlərindən
biri məhz ədəbi dilin təbliğidir. İndi onların istifadəsində olan bu dil klassik ərəb
dilindən bir qədər fərqlənsə də, dəyişməz
qalan tələffüz qaydaları var və hansı
sözü ədəbi dildə necə tələffüz etmək
lazımdır deyə, heç bir problemləri yoxdur. Bizdə bu var, çünki dilçilərimiz belə
istəyirlər.
Çin ədəbi dili də yazı dili əsasında
formalaşıb. Onların orfoepiyası sözlərin tələffüzündə
daha çox intonasiya, avaz qaydalarını təsbit edir.
Bizimkilər isə "qovmaq" feilinin ədəbi dildə
tələffüz normativini "qo:max"
kimi təsbit ediblər. Yəqin ki, bu təhrifli
yanaşmanı "orfoepiya"dan dialektologiya sahəsinə
"qovmağın" da vaxtı çatıb.
Sloveniyalıların ədəbi danışıq və
yazı dili maksimum dərəcədə bir-birinə
yaxındır, onlar yazıdakı hərflərin demək
olar hamısını eynilə tələffüz edirlər. Buna uzun
dövr ərzində millət olmaq davasının nəticəsi
kimi gəlib çıxıblar. Hərçənd
fonetikası, sintaksisi bir-birindən xeyli fərqli 46-ya
yaxın yerli ləhcələri var. Savadlı sloveniyalılar
danışıq vərdişlərini ədəbi dillərinə
uyğunlaşdırmağa çalışırlar.
Qayıdıram Nizami Cəfərovun tənqidi
yazısına. Müəllifə elə gəlir ki,
"Azərbaycan ədəbi dilinin tarixində yazını
fetişləşdirir"əm. Sonra da yazır:
"Halbuki bütün ədəbi dillər kimi, Azərbaycan
ədəbi dilinin də həm fonetik, həm leksik, həm də
qrammatik normaları yazılı yox, şifahi nitqin məhsuludur".
Bunu kim bilmir ki?! Bəllidir
ki, lap sadələşdirib deyək, insanlıq əvvəl
danışıb, sonra yazı ortalığa
çıxıb və bu yazıya aid nə varsa, şifahi
nitqin məhsuludur.
Hörmətli Nizami müəllimə həm də elə
gəlir ki, Azərbaycan dilində necə yazırıqsa,
mütləq mənada o cür də tələffüz etməliyik
maksimalizminə varıram. Axı, qeydlərimdə
bu yoxdur. Yazı dilini ədəbi dil üçün
etalon kimi qəbul etmək zərurətindən yazanda Azərbaycan
dilinin teatr dili, televiziya dili, rəsmi dil kimi fərqli auditoriyalarda fərqli
tələffüz xüsusiyyətlərində ifadə edilməsi
mümkünlüyü və reallığından
yazmış, bunlar da yazı dilindən böyük məsafədə
ola bilməz deyə, vacib məqamı nəzərə
çatdırmışam. Bir daha qeyd edim, hətta bunlar da - biri-birindən
mahiyyətcə fərqli bu tələffüz xüsusiyyətləri
də ədəbi dil vərdişləri hələ yetərincə
gəlişməmiş orta məktəb şagirdlərinə
standart Azərbaycan ədəbi nitqinin normativləri qəbilindən
tədris edilə bilməz və edilməməlidir də.
Məqaləmdə bunun mümkün fəsadlarına
diqqət çəkmişəm.
Təəssüf ki, müəllif məqaləmdəki
nümunələrin heç birinə münasibət
bildirmir, üstündən keçir, sadəcə, yazır
ki, "həm ayrı-ayrı sözlərin dəqiq orfoepik
variantlarının müəyyənləşdirilməsində,
həm də onların mənimsənilməsi
metodlarının təkmilləşdirilməsində problemlər
var".
Yazısının son cümlələrindən belə
anladım ki, bu
problemlərin həlli də dilçilərimizin öhdəsinə
buraxılsa, nəzərdə tutulan təkmilləşdirmə
çətin alınar.
Tənqidi
qeydlərdəki son cümlələri isə təbəssümsüz
oxumaq olmur: "Mən mətləbi uzatmamaq üçün
Nəriman müəllimin "yanlış"
saydığı bir sıra ədəbi tələffüz
normalarının ayrı-ayrılıqda təhlilinə
keçmədim. Əslində, buna elə bir ehtiyac da yoxdur… Tarixən (və tamamilə təbii olaraq!)
formalaşmış həmin tələffüz normaları tələb
edir ki, məsələn, "Nəriman müəllim"
yazaq, ancaq "Nərman məllim" deyək. Yaxud bu
"məsələdə dilçilər
haqlıdır" yazaq, ancaq "bu məsələdə
dilçilər haxlıdı" deyək...".
İndi mən hörmətli Nizami müəllimə nə
deyim?!
Yüz minlərlə azərbaycanlı Nəriman Nərimanov
haqqında çəkilən sənədli filmlərə
baxıb, onun haqqında illərlə televiziya kanallarında
verilişlər gedib. Bunların hər birində "Nəriman
Nərimanov" səslənir.
Bakı metrosunun qatarları "Nərimanov"
stansiyasına çatanda məlum elanla, necə deyərlər,
"Nərimanov" orfoepiyası ilə çatır. Və bu
qatarlar "Nərimanov" orfoepiyası ilə də yoluna
davam edir.
Uzaq-yaxın ətrafımda elə birisi yoxdur ki,
"haqlı" sözünü "haxlı" kimi tələffüz
etsin.
Bakıda H.Cavid adına 132 nömrəli məktəbi
mənimlə eyni ildə bitirmiş köhnə dostlarım
arasında çilingər də var, biznesmen də,
riyaziyyatçı da, maliyyəçi də. Heç biri
"haqlı"ya "haxlı" demir. Nə
illah edirəm mən də hörmətli Nizami müəllim
sayaq "haxlı" deyim, heç alınmır da.
Kimin haqlı, kimin "haxlı" olmasını qoyun
ictimaiyyətimiz özü müəyyənləşdirsin.
Nəriman Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.15.