Doğumun unuduluşu

 

Ruh

 

Siz heç sevgidən ölən adam görmüsüzmü? Mən görmüşəm. Ancaq real həyatda deyil. Sənətin fenomenal estetika bucağında kəsişən bir ömürdə şahid oldum bu nadir yaşamaq, var olmaq formasına. "İynəboyu şeirlər" yazan Faiq İsmayılovun yaradıcılığında rast gəldim  sevinc və kədərin poetik izdivacına. Bir-birinin əksi olan bu iki duyğu sifətimdə eyni anda canlandı, təzahür etdi.  Ruhum və bədənim isə, ayrı-ayrılıqda qəzaya uğradı, sanki. Çünki Faiqin həyatı da şeirləri kimi zülmət qaranlıqda iynə boyda işıq axtaran, ümidli bir sevginin qurbanına çevrilmişdi. Sevgisizliyin yoxluğunda varlığını göstərmişdi. Faiqin şeirləri həyatda reallaşmayan, ardı gəlməyən arzuları, gələcəyi, qovuşma anını kadrarxasında davam etdirmişdi. Xatirələr, yaddaş və gələcək qısa ömürə sığışa bilməzdi. "Hər ölüm erkən"  həqiqətən də. Faiqin qısa ömrü poeziya sənətində varlığın estetik proyeksiyasıdır. Daha məzmunlu və daimi davamıdır. Sonsuzluğun gözəllik və aşiqlik duyumudur.

Faiqin poeziyasında  bədən, ruh və sənət qavramı sərbəst, azad və modern məna daşıyır. Ruhun ədəbiyyatdakı idrak modeli bioqrafiya, xarakter, tip qavramları ilə kəsişir. Şairin ruhu və bədəni anlayışına bizim poeziya və ədəbiyyatşünaslıqda ötəri nəzər salınıb. Daha çox kövrək, duyğulu, şeiriyyətli bir şair obrazı canlandırılıb. Halbuki, şairin ruhunun daxili qatı, şüuraltı vəziyyəti poeziyada daha həssas və vacib olan struktur və ifadə estetikasını yaradır. Şairin  daxili həyatının verilmiş, kəsilmiş, montaj edilmiş və poetik pasajlarda  ruh, kölgə arxetipi kimi görünüb yoxa çıxan hissələrinin davamlılığı, yaddaşda və duyğularda yaşaması qətidir. Şeir digər sənətlərdən montajlanmış, tarıma çəkilmiş, daraldılmış keyfiyyəti ilə kəskin şəkildə  fərqlənir. Axı "başqa sənətlər şeirə nəzərən zaman və məkan içində  çox yer tutur. Bir konsert bir saat çəkir, bir simfoniya saat yarım. Süleymaniyyə məscidi bir məhəllə boydadır.  Reyms katedralı, Versal sarayı möhtəşəm   və böyükdür. Normal ölçüdə olan heç bir heykəli cibdə gəzdirmək mümkün deyil. Çünki bir neçə tondur. Bir tablo bəzən böyük bir divarı zəbt edir. Bir roman aşağısı üç-dörd yüz səhifədir. Səhnəyə qoyulan faciə və ya komediya gecəmizin 2-3 saatını məşğul edir. Halbuki, bir şeir üç-beş dəqiqəyə  bitir.  Nəhayətdə şeir sadə və asandır.  Təbiətən qısadır. Çünki kəlmələr xəyal gücünü işə salır".

Şeir insan kimi bədən və ruha malik orqanizmdir. Deməli, ruh metaforu, ruhun estetik obrazı əbəs yerə deyildir. Bayaqdan bu barədə boş yerə söhbət etmirik. Hərçənd ki, "həddən çox şey bilirik bu dünyada". Bu baxımdan ədəbi təcrübə ilə şairin yaşayış tərzi birləşərək  bütöv bir qavramı,  ruhu, yaddaşı həyatın yaşanılan və yarımçıq qalan anlarını mənalandırır. Yəni poeziyada mövcud  olan daxili bütövlük, nizam, üsyan, inkar və disharmoniya ruhun ən zəruri estetik, poetik, şeiriyyətli kateqoriyada yaradıldığını əyaniləşdirir. Və bu hal şairin və şeirin ruhunu tədqiq etməyə imkan verir. Ruh, şair və şeirin çoxsəsli, polifonik cəhətlərini görmək üçün əlverişli şərait yaranır. Faiq İsmayılovun şeirlərinin duyğu estetikası, ruhsal qatı və quruluşu münbit estetik ərazi və şəraitlə qarşılayır oxucunu. Əhməd Həmdi Tanpınarın "Hər şeir bir əsərdir" tezisi ilə etik və estetik planda uzlaşır. Axı "sənətdə kəmiyyət axtarmaq (illah da şeirdə)  şeir toplusunu tək bir əsər kimi görmək axmaqlığın ən, ən gülüncüdür". Bu baxımdan Faiq İsmayılovun hər şeiri də müstəqil əsərdir. Elə də yanaşmaq daha düzgün və obrazlıdır.

 

"Düşmənimiz ölüm"

 

...Məni maraqlandıran Faiqin ruhi vəziyyəti, bir gül ləçəyi qədər kövrək və incə şəxsiyyətidir. Yoxsa onun "quş balası kimi yoluq-yoluq, şoranlıq otu kimi qırıq-qırıq misraları" ortaya çıxa bilməzdi. Bəs niyə məhz quş balası kimi yoluq-yoluq? Çünki Faiqin şeirləri o qədər zərif, nəzakətli, ritmik və həssasdır. Nəzakətli? Sən Allah, şeirin də nəzakətlisi, nəzakətsizi olar heç? Əlbəttə ki, olar. Niyə olmasın. Faiqin şeirləri yaşından və intellekt səviyyəsindən asılı olmayaraq hər kəsə xitab edə biləcək potensialdadır. Ancaq hər kəslə öz bacarıq və potensialı nisbətində ünsiyyət qurur. Fərqli zövq, ifadə və struktur mərtəbələri yaradır.

Faiqdə şair kimi məncil, eqoist  iddia yoxdur. İddiasız, təmkinli vəziyyəti ilə şairdir. Şeir kimi ömür yaşamaq hər şairə qismət olmur. Məhz ruhun poeziyadakı yeri bu məqamda önəmlidir. Şoranlıq otu heç vaxt diqqət cəlb etməyən, təşbehə, məcaza çevrilməyən bitkidir. Ancaq Faiqin həyatında, yaşadığı mühitdə şehli şoranlıq otu bənövşə qədər dəyərlidir, müqəddəsdir. Vətən, məkan anlayışı şeirin dilində bir kəsəkdən, torpaqdan, şoranlıq otundan və ya hər hansı bir ağacdan başlayır. Ancaq sənətin, poeziyanın tarixinə baxanda Faiqin ömrü və ölümü bir quş balasının yoluq, şoranlıq otunun qırıq vəziyyəti kimi yarımçıq, kədərli ovqat ifadə edir. Gənc yaşında dünyasını dəyişən Faiqin poeziyasında ölümün obrazı qabarıq olmasa da, ümumi, semantik qatda güclüdür: Bizim yeganə düşmənimiz ölümdür. Əməllər və amallar yarımçıq qalıb. Ancaq Faiqin şeirlərindəki sadəlik, plastik, təsviri ritm, ahəng  harmoniya onun yarımçıq qalan ömrünü davam etdirir. Plastik, təsviri keyfiyyət  Faiqin şeirlərinə vizual və təsirli enerji qazandırır. Real, təbii dünyada vəfat edən şairin ürək döyüntüləri ilahi, alternativ mühitdə şeirlərin ritmik harmoniyası ilə davam edir. Ömür çevrəsi qapanmayıb Faiq İsmayılovun. Heykəlləşmiş şair olmaqdansa, şeirin dünyasında daimi mövcudluq, var olmaq daha yaxşıdır. Qara torpaqla günəş arasındakı fərq qədər bir uçurum var bu bölgüdə. Faiq şeirdə yaşamağı seçməklə ortaq düşmənimiz ölümü öldürməyi bacarır. Bu məqamda Ramiz Rövşənin şeiri ölümün həqiqətini, real və virtual həyatın mahiyyətini göstərmək üçün ən güclü təşbehdir.

 

"Bulud kimi ölmək

bir yaz yağışında

Ümid kimi ölmək

bir qız baxışında".

 

Faiq, Ramiz Rövşən, digər şairlər və bütün sənət adamları bu şeirin çətiri altına yığılırlar. Ölən hər anı yenidən diriltmək üçün sənətə sığınırlar. Ölümə meydan oxumağın estetikası doğulur...

 

Ruhu mühasirəyə alan dünya - poeziya

 

Faiqin "Yağış" şeirində heykəl şairlərin obrazı yaradılıb. Fəqət "Yağış" şeiri modern üslubda, vizual  model sərgiləyir. Özü də 1982-ci ildə yaranmışdır. Çünki  şeir yazılmır, yaşanır, yaranır, yaradılır və yaşadılır. 1982-ci il Azərbaycan şeirində bu tip nümunələrin az olduğu bir dövrdür. İnternetin, fərdi bilgisayarların yenicə kəşf edildiyi Avropada isə vizual poeziya barədə fikirlər və nəzəri görüşlərə geniş yer verilir. XXI əsrdə vizual şeirlər aparıcıdır. Faiq iyirmi yaşında  şeir sənətində yeniliklər edir. O, nəzəri anlayışlardan birbaşa xəbərdar deyildir. "Yağış" şeirində irəli və geriyə sıçrayışlar, vizual effektlərin kadrarxası və kadrönü təcəssümü maraq doğurur. Yəni oxucunun yaddaşı, misraların yaddaşı və şairin yaddaşı vahid bir harmoniya yaradır. Şairin çox erkən yaşda ölümü təəssüf doğursa da, şeirlərinin poetik enerjisi həmin kədəri də, məhzun vəziyyəti də unutdurur. Faiqin efemertək mənalı ömrü poeziyada yaşamağa, var olmağa çevrilir:

 

"Şəhərin şair heykəlləri,

heç kəsin tanımadığı,

Heç kəsin nəğmə qoşub

oxumadığı

sevgi şeirləri söyləyəcək

Bu yaz yağışının altında".

 

Faiq bu şeirində Stefan Malarme və parnasizm ədəbi məktəbinə nə qədər uzaqdırsa, bir o qədər də yaxındır. Malarmeyə görə, şeir bir simvolu, poetik elementi yaradan ilk təəssürat   xəyalın gözdən silinib yeni, təptəzə  xatirələrdən  başqa şeyləri xatırlatması əsasında meydana gəlir. Bu o deməkdir ki, poeziya heç vaxt hansısa hissin, duyğunun, təəssürat və xəyalın kopyası, surəti olmayıb. Gözəllik kimi var olan bir nəsnədir. Hətta gözəl olduğu üçün sevilən bir varlıqdır. Özü-özünü təmin edən, tamamlayan və zənginləşdirən yaşayış, var olmaq modelidir.

Şeir "xatırlamaq üçün lazım olan zəruri ehtiyaclardan   nöqsanlı, qüsurlu xatirələrdən meydana gələn simfoniyadır". Ona görə nöqsanlı   qüsurlu xatirələrdən yaranır ki, həmin kəsirli detallar şeirdə bütövləşir, şeirin elementlər orkestrı bitməyən, davam edən simfoniyanı yaradır. Və bu simfoniyada heç bir şey izah edilməyib, edilmir və edilməyəcək, şair heç vaxt başa düşülmək üçün  var olmayıb. Çünki poeziya sənəti heç vaxt  izah etmək, nəsihət vermək, anlaşılmaq üçün  yaranmayıb. Düşüncədən qaçaraq düşündürən, zövq aşılayan estetik əhvala, trans halına  keçidin formasıdır şeir. Faiq şeiri eşitmək və duymaq üçün həyatın hər anını dadmağın, yaşamağın formulunu ifadə edir:

 

Sağlığında sevgidən yazanı da,

yazmayanı da

sevgidən söyləyəcək.

Siz Allah, bağlayın o çətirləri,

açın başınızı yaz yağışına.

Sudan quru çıxan eşitməyəcək

şair heykəllərin şeirlərini!

 

Faiqin yaşamaq formulu davam edir. Artur Rembo dünya poeziyasının "uşaq dahisi"dir. Çünki o, real həyatda  heç vaxt böyümədi. Ömrü ölümlə kəsişdi. Poeziya sənətində isə bütün dünya şeirinə  təsir etdi. İstedadı ilə yaş və təcrübə sərhədlərini aradan götürdü. Faiq İsmayılov isə otuz üç yaşına çata bilmədi. Cənnət və gəncliyin kamillik yaşı olan otuz üç. Ölümlə necə də qəddarlaşır, gözdən düşür. Faiq Azərbaycan şeirinin unudulmuş doğum anıdır. O, şair kimi var, mövcuddur. Ancaq nə vaxt, hansı tarixdə, dövrdə və neçə yaşında ədəbiyyatımızda ənənəvi və modern üslubun izdivacından doğan iynə boyu şeirlər qələmə alması olduqca əhəmiyyətlidir. Poeziya, sənət tarixində yeniliyin gözəlliyini  yaradanlardandır.

Doğumun qutlu olsun, Faiq!

           

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.10.