Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə yazıçı Anarın "Keçən ilin son gecəsi" pyesi əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik.
Pyesin süjeti: Yeni ilin gəlişinə bir neçə saat qalır. Həmidə bayrama hazırlıq
görür.
Onun kiçik oğlu Tofiq dostlarını evə
dəvət edib. Amma dostlarla evdə yeni ili
qarşılamaq alınmır. Çünki
Tofiq dostlarına anasından başqa evdə heç kəsin
olmayacağına söz verib. Amma bayram gecəsi
bacısı Dilarə də, qardaşı Rüstəm də
evdədir. Həmidə isə
bütün ailənin evdə olmasından məmnundur. Tofiq və dostları sərbəst olmaq
üçün başqa sinif yoldaşının evində
toplaşırlar. Rüstəm
nişanlısı ilə küsdüyündən, Dilarə
isə məktəb tədbirinə dəvət edilmədiyindən
evdə qalırlar. Az sonra Həmidənin
böyük qızı Gülarə əri və oğlu ilə
gəlir. Onların gəlişindən sevinən
Həmidənin sevinci uzun sürmür. Onlar
başqa ziyafətə dəvət aldıqlarını deyir
və azyaşlı oğullarını onun yanında qoyaraq məclisə
tələsirlər. Dilarənin rəfiqəsi
gələrək direktorun onu şənliyə
çağırdığını deyir. Dilarə gedir və Həmidə Rüstəmlə
tək qalır. O, oğluna nişanlısı ilə
barışmasını təkid edir. Nişanlısı ilə
barışan Rüstəm yeni ili onunla
keçirmək üçün gedir. Və Həmidə yeni
il axşamı tək qalır. Az sonra qapının zəngi
çalınır, poçtalyon ərinin şagirdindən gələn
teleqramı gətrir. Həmidə
poçtalyonu süfrəyə dəvət edir. Poçtalyon övladların naxələfliyindən
giley-güzar edir, Həmidə isə onunla
razılaşmır. Az sonra o da gedir.
Təklikdən sıxılan qadın ərini
xatırlayır. Ərinin səsi yazılan kaseti dinləyərək
təsəlli tapır...
Əsər 1983-cü ildə rejissor Gülbəniz
Əzimzadə tərəfindən
ekranlaşdırılıb.
Gülbəniz Əzimzadəni milli kinematoqrafiyamızda
uğurlu rejissor həyatı olan yeganə qadın saymaq olar. Nə ilk
qadın rejissorumuz Qəmər Salamzadə, nə Zeynəb
Kazımova belə bir uğuru qazana bilmədilər,
onların filmoqrafiyasında təəssüf ki, ancaq bir
neçə bədii film var.
Yazılarımdan birində qeyd etdiyim kimi, Azərbaycan
kinosunda qadın dramlarını təsvir edən filmlər,
qadın kinosu anlayışı yox səviyyəsindədir. Qadın
mövzusu daha çox XX əsrin əvvəllərində,
1920-30-cu illərdə prioritet idi, səbəbi də o
dövrdə qadının cəmiyyətdəki mövqeyinin
aktuallaşdırılması, onun hüquqlarının təbliği
ilə bağlıydı.
Əslində,
qadın təbiəti haqda ən yaxşı filmləri kişi rejissorlar çəkiblər. Bununla belə,
az da olsa elə qadın rejissorlar var ki,
kişi rejissorlardan daha maraqlı, mürəkkəb, dərin
qadın obrazları yaradıblar. Misalçün, Kira
Muratovanın "Uzun vidalaşma", Ceyn Kempionun
"Pianino", Şantal Akermanın "Janna Dilman" filmləri.
Və Gülbəniz Əzimzadənin "Ötən
ilin son gecəsi" iki aspektdən daha çox
maraqlıdır. Birincisi, əhvalatda Həmidənin daha
çox qadın kimliyinin, qadın yaşantılarının
önə çıxarılması.
Yeri gəlmişkən, pyes əsasında, daha öncə,
1978-ci ildə maraqlı televiziya tamaşalarına quruluş
verən Ramiz Həsənoğlu teletamaşa qurub. Amma R.Həsənoğlu
traktovkasında Həmidənin ana kimliyinə fokuslanır,
tamaşanı psixoloji tərəfdən çox sentimental,
duyğusal qatda işləyir.
Filmin əhəmiyyətli
olan digər aspekti onun Yeni il bayramı ilə
bağlılığıdır. Çünki
milli kinomuzda belə bir əlamətdar hadisə ilə
bağlı film demək olar ki, yoxdur.
"Ötən
ilin son gecəsi"nin kinematoqrafik keyfiyyətləri
haqda daha ətraflı az sonra danışacağıq. Əvvəlcə, Gülbəniz Əzimzadənin
rejissor fəaliyyəti haqda bir neçə qeydi zəruri
sayıram. 1974-cü ildə lentə
alınan "Ömrün səhifələri"
almanaxına daxil olan "Nəğmə dərsi"
qısametrajlı filmi onun rejissor kimi ilk işidir.
Rejissor, eyni zamanda, məşhur bədii mətnlərin
ekranlaşdırılması ilə diqqəti çəkir:
"Dantenin yubileyi", "İmtahan" (Şahmar Ələkbərovla
birgə) və "Qətl günü".
Çeşidli janrlarda və temalarda işləyən
Gülbəniz Əzimzadənin
yaradıcılığında uşaq mövzusu da
mühüm yer tutur. O, uşaqların həyatı tanıması prosesini, ətrafla
ünsiyyətlərindəki ilk çətinlikləri ekrana
gətirən filmlərin müəllifidir: "Təkcə
adanı özünlə apara bilməzsən", "Qaladan
tapılan mücrü", "Avqust gələndə".
Onun əhvalatlarında
əsas konfliktoloji nöqtələr - uşaqların
böyüklərlə anlaşılmazlığı,
böyüklərin bəzən onların dünyasına
daxil ola bilməməsi, özünə
qalib gəlmək, qorxu hissini məğlub etmək cəhdləri
və s.dir.
Hərçənd, bu da faktdır ki, Gülbəniz
Əzimzadənin uşaq filmləri, məsələn,
Əlisəttar Atakişiyevin "Sehrli xalat", "Bir
qalanın sirri" və ya Şamil Mahmudbəyovun "Şərikli
çörək" ekran əsərləri kimi kult statusu
almadı.
Görünür, səbəblərdən biri
Əzimzadənin uşaq filmlərini açıq tekstlə
didaktik intonasiyada işləməsi, onlardan çox
böyüklərin dünyasına, problemlərinə konsentrəsi,
mövzuya doğru yanaşma tapa bilməməsindədir. Örnəyi,
rejissorun 1982-ci ildə lentə aldığı "Qaladan
tapılan mücrü" əsərində uşaq xarakterləri
detektiv xəttin içində itir-batır. Hərçənd, bu filmlərin
ideya-problematikası günümüzdə də
aktuallığını itirməyib.
Gülbəniz
Əzimzadə "Keçən ilin son gecəsi" lenti ilə
təsdiqlədi ki, qadin kinosu anlayışını yenidən
aktuallaşdıra və maraqlı qadın filmlərinin
yaradıcısı ola bilərdi.
Sonluq istisna olmaqla pyesin süjeti demək olar ki,
olduğu kimi saxlanılıb. Lakin müəllif əsəri
psixoloji qadın dramı kimi işləyib. Gülbəniz Əzimzadə daha çox Həmidənin
(Elmira Şabanova) qadın kimliyinə, qadın tənhalığına
vurğular edir. Misalçün, o, bir
epizodda güzgünün qarşısında dayanaraq
üz-gözünə əl gəzdirir, ötüb
keçmiş gəncliyinə, ildən-ilə solan cazibəsinə
xiffət duyur. O, artıq qadın kimi yox, sadəcə,
ana kimi mövcudluğunun fərqindədir. Əhvalatın
sonlarına yaxın, evdə özüylə tək qalan Həmidə
əri Qəzənfərlə (Şahmar Ələkbərov)
keçirdiyi günləri həsrətlə
xatırlayır. Qəzənfərlə
bağlı xatirələr onun üçün
toxunulmazdır, eyni zamanda, ağrılıdır və bu
xatirələri övladları ilə də paylaşmır.
Onun səsi yazılmış kaseti tək dinləyir,
uşaqlarının ona toxunmasına sərt reaksiya verir,
onların özünün özəl ərazisinə daxil
olmasına qadağa qoyur. Və Gülbəniz Əzimzadə
qadın həssaslığı ilə işləyir, təsvirlərdə
Həmidənin iç ovqatını, əhvalını izah
etməkdən çox, onu tamaşaçıya hiss etdirir.
Hiss etdirir ki, qadın ana kimi xoşbəxt olsa da, o, sevdiyi,
anlaşdığı kişiylə bütövdür,
tamdır. Əri həyatda olmasa belə, onun təkliyini
bölüşə biləcəyi yeganə adam
yenə də odur.
"Ötən ilin son gecəsi", eyni zamanda, kamera
filmidir. Kamera filmlərində məkanın sərhədləri
məhdudlaşır, qapalı olur, əhvalat bir neçə
aktyorun üzərində qurulur, dekorasiyalar, interyerin tərtibatı
sadə, minimal işlənir.
Dediyim məhdudiyyətlər üzündən də,
kamera əhvalatını kinodilinə çevirmək, daxili
tempini qurmaq, mizanlarla işləmək çətinləşir. Yaxşı nəticə
almaq üçün bir qayda olaraq, aktyor oyunundakı
psixologizmə, yüksək gərginliyə, iri planlara,
dialoqların effektivliyinə aksent olunur. Bundan
başqa, dar məkanda mizanlarla elə oynanılmalıdır
ki, bu, həm minimal şərtlər daxilində vizual
stilistika qurulmasına yardımçı olsun, həm də əhvalatın
dramaturji gücünü artırsın.
"Keçən ilin son gecəsi"ndə naturada
çəkilmiş bir neçə xırda epizod istisna
olmaqla, hadisələr əsasən evdə baş verir. Və
Əzimzadə kamera kinosunun şərtlərinə əməl
edərək iri planlardan yararlanır, doğru psixoloji
vurğular edir. Personajların sayı nisbətən
çox olsa da, mənalı, diskomfort hissi aşılayan
pauzalar, sanki mizanların bir yadlaşma, məsafə
uzaqlığı duyğusu yaratması bu sayı gözəgörünməz
edir və əhvalatın baş verdiyi məkanda vizual
boşluq yaradır.
Filmdə sözdən çox təsvirlər
danışır. Müəllif söz israfına, personajın daxili
monoluqu ilə düşüncələrinin izahına yol vermədən,
onun və digər personajların iç vəziyyətini
uyğun plan və rakurslarla, dəqiq seçilmiş
pauzalarla, montaj dramaturgiyası ilə açır.
Rüstəmin
(Kamil Zöhrabov), Dilarənin (Ayan Mirqasımova) narahatlığı
onların bədən dilindən, üz ifadələrindən,
duruşundan, var-gəllərindən aydınlaşır.
Ananın uşaqları ilə bağlı
nigarançılığı, keçən günlərə
xiffəti onun susqunluğunda, mətbəxdə işləyərkən
- yemək bişirməsində, qab-qaçığı yerləşdirməsində,
ifasının ikinci planında və s. ifadə olunur.
Yaxud kürəkən Süleymanın (Rafiq Əliyev) Həmidə
ilə münasibəti, onların bir birilə söhbətləşmək
üçün söz tapmağın çətinliyində,
hər ikisinin diskomfort baxışında və oturuşunda
verilir.
Personajların bir-birinə tamamən açıla bilməmələrindən
dolayı, passiv əsəbilik əhvalatın gərgin tempini
saxlaya bilir. Mərkəzi
fiqur Həmidə olsa da, ayrı-ayrı fraqmentlərdəki
dolğun təsvirlərdən hər bir personajın xarakteri,
bioqrafiyaları haqda informasiya alırıq: qonşu Səkinədən
tutmuş, poçtalyonun kimliyinə qədər.
Ekran əsərində müəyyən mənada mətbəx
dramı estetikasının əlamətləri var. Dünya
kinosunda "mətbəx dramı" və ya "mətbəx
realizmi" anlayışı ilk dəfə 1950-ci illər
azad ingilis kinosuna münasibətdə işlənilib. Mətbəx
dramı deyəndə məişətdəki detallı təsvirlər,
masa ətrafında qurulan dialoq və vəziyyətlər nəzərdə
tutulur. İngilis azad kinosunda bu
anlayış personajların məişət problemləri,
sosial durumu, daxili problemlərinə dərin nəzər
salınması üçün vasitəydi.
Gülbəniz Əzimzadənin yozumunda mətbəx təsvirləri
Həmidənin emosional durumu, bir növ sosial izolyasiyası
kontekstində verilir. Onun, sanki kölgə kimi kaseti dinləməsinin
masa fonunda təsviri və ya yarıqaranlıqda, dar rakursdan
çəkilmiş sıxıntısını, tənhalığını
vizuallaşdıran oturuşu filmin təsirli
kadrlarındadır.
Qab-qacaq düzülmüş boş masa süjet xəttində
əhəmiyyətli yer tutur. O, tez-tez kameranın fokusundadır və
onun ətrafında əsəbi replikalar səslənir,
personajlararası münasibətlərin necəliyi üzə
çıxır. Boş masa təsviri həm də
məcaz olaraq hardasa bir mənəvi boşluğun olduğunu
eyhamlaşdırır.
Əsas predmetlərdən biri televizordur. Televizor burda əhvalata
həm dinamik temp verir, həm Həmidənin tənhalığına
şərik olur.
Pyes də,
film də əbədi və ağrılı mövzuya
toxunur: nəsillər arasında mənəvi bağın
qırılması, yadlaşması. Övlad
böyüdükcə onun öz maraqları yaranır, sərbəst
həyata can atır, öz qayğıları başlayır
və bu, həyatın zərurətidir. Film
boyu felşbeklərdən istifadə olunur. Yeni il axşamı övladları ilə
danışdıqca, övladlar bir-bir evi tərk etdikcə Həmidənin
yaddaşında onların hər birinin
uşaqlığından fraqmentlər canlanır. O anlayır
ki, vaxtilə onun qayğısına ehtiyacı olan
uşaqların artıq buna ehtiyacı yoxdur və bu həyat
həqiqətini qəbul etməlidir.
Finalda bütün övladlar ananı tək qoymamaq
üçün evə dönür, onunla birlikdə
atasının ilk dəfə səs yazısını dinləyirlər. Atanın
sözləri hamı üçün həyat bəyannaməsi
kimi səslənir.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.8-9.