"Vətən ayrısı Rəsulzadələr"
kitabı haqqında bir
neçə söz
Nəcibə
Bağırzadənin "Vətən ayrısı Rəsulzadələr"
kitabı istiqlal şairəmiz Ümgülsümə həsr
edilib. Ümgülsüm xanım Cümhuriyyətin 100 illiyində
xatırlanmağa haqqı olan yazı adamlarındandır. O,
həm də 1937-ci ildə repressiya qurbanı olmuş yeganə
xanım şairimizdir. Müəllifin qeyd elədiyi
kimi:"O, Azərbaycanda müstəqil dövlət quran,
bayraq ucaldan Məhəmməd Əmin Rəsulzadənin əmisi
qızı, Cümhuriyyət dövründə Parlamentin
üzvü, "Müsavat" partiyasının yaradıcılarından
olan Məmmədəli Rəsulzadənin bacısı,
yazıçı Seyid Hüseynin həyat
yoldaşıdır". Kitabda Məmmədəli Rəsulzadə
haqqında da ilk dəfə üzə çıxan arxiv sənədləri
var. Məhəmməd Əmin Rəsulzadənin ədəbi və
bədii yaradıcılığına yaxından bələd
olan müəllif onun əsərlərindən
çıxış edərək M.Ə.Rəsulzadənin
portretini də yaratmağa çalışmışdır.
Kitab Ümgülsüm
xanımın ilk gəncliyindən
ta ömrünün sonuna qədər olan dövrü əhatə edir. Şəxsi məktublar
və arxiv sənədlərində Ümgülsüm
xanımın bütün
həyat və yaradıcılığı izlənilir.
Ümgülsüm xanım oxucunun
gözü qarşısında
zərif duyğularla yaşayan güclü bir qadın kimi canlanır. Təzadlı görünsə də istiqlal şairimiz Ümgülsüm
xanımın gerçək
obrazı belədir.
Müəllif onu rus poeziyasının gümüş
dövrünün şahzadəsi
sayılan Anna Axmatova ilə müqayisə edir. Yeri gəlmişkən, Ümgülsüm xanımın
həyat yoldaşı
yazıçı Seyid
Hüseyn də 1937-ci
ildə Bakıda güllələnmişdi. Ümgülsüm xanımın həyat
hekayəsini anladan müəllif sonda bu iki yazıçının
İçərişəhərdə yaşadığı evin
qapısında bir lövhəcik belə vurulmadığından gileylənir.
Gileyində haqlıdır. Cümhuriyyətin 100 illiyində yeganə
xanım istiqlal şairimiz olan Ümgülsüm və yazıçı Seyid Hüseynin xatirəsinin əbədiləşdirilməsi bütün xalqımızın
ürəyincə olar.
ANAR
Ədəbiyyat qəzeti.- 2018.-
29 dekabr.- S.3.