Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Lev Tolstoyun "Anna
Karenina" romanı əsasında çəkilən filmləri
təqdim edirik
Süjet:
Anna Kareninanı Moskvada qardaşı Stepan Oblonski gözləyir.
Stepanın
mürəbiyyə ilə eşq macərasından xəbər
tutan arvadı onunla dalaşır. Arvadına xəyanət
etsə də, o, ailəsinin dağılmasını istəmir
və Peterburqda yaşayan bacısına məktub yazaraq ondan
kömək istəyir.
Stepanın gənclik dostu Levin, onun baldızı Kitiyə
evlənmək təklifi etmək üçün Moskvaya gəlib. Stepan gənc
və yaraşıqlı zabit Vronskinin Kitinin pərəstişkarı
olduğunu ona deyir. Kitinin də meyli daha
çox Vronskiyədir.
Anasını vağzalda qarşılayan Vronski burda Anna
ilə rastlaşır və bu cazibəli qadın onu cəlb
edir. Onların tanışlığı zamanı
vağzal gözətçisi qatarın altında qalır və
Anna bunu pis bir əlamət kimi qəbul edir.
Anna qardaşı arvadını onu
bağışlaması üçün yola gətirir. Daha sonra bal
gecəsinə gedən Anna burda Vronski ilə yenidən
rastlaşır. Vronskinin Annaya daha çox diqqət
ayırmasından Kiti məyus olur. Anna
Peterburqa qayıdır, Vronski isə onun arxasınca gedir.
Kitidən rədd cavabı alan Levin isə
kəndə qayıdır.
Anna mötəbər vəzifə tutan əri Alekseyi
sevməsə də ona hörmət edir. Peterburqa
qayıdandan sonra dərin boşluq duyur, ruhi müvazinətini
itirir, hətta balaca oğluna sevgisi də ona rahatlıq vermir.
Anna tədricən Vronski ilə yaxınlaşır. Bundan xəbər
tutan Aleksey arvadına xəbərdarlıq edir. Vronski qadına ərini tərk etməyi, onunla
yaşamağı təklif edir. Amma
sevgilisindən hamilə qalsa belə, Anna qərar verməkdə
çətinlik çəkir. Əri
Annanı boşamır, onu alçaldır və oğluyla
görüşməyi qadağan edir. Onun
tələbi ilə Vronski ilə də görüşə
bilməyən Anna doğuş zamanı ölümlə
üzləşir. O, ərini çağıraraq ondan
üzr istəyir və Aleksey onu bağışlayır. Vronski isə intihara cəhd edir, amma xilas olunur.
Anna sağalandan sonra yenidən Vronskiyə can atır. Onunla və qızıyla birlikdə xaricə gedir.
Bu arada Kiti Levinlə ailə qurur.
Peterburqa dönəndən sonra Anna yüksək cəmiyyətdə
qəbul olunmadığını, hamının onunla
ünsiyyətdən qaçdığını
görür, əri oğluyla görüşə izn vermir. Vəziyyət
Vronskinin də düzənini pozur. Anna hər
şeydə Vronskini günahlandırır, onun sevgisinə
şübhəylə yanaşır. Cütlüyün
münasibəti daha da çətinləşir. Annanın qısqanclığı dözülməz
həddə çatır. Növbəti
konfliktdən sonra Anna Vronski ilə barışmaq
üçün onun ardınca vağzala gedir. O, birdən
onunla ilk görüşünü, qatar
altına düşən gözətçini xatırlayır,
çıxış yolunu özünü qatarın
altına atmaqda görür.
Hadisədən sarsılan Vronski müharibəyə
gedir, onların qızını isə Aleksey himayəsinə
götürür.
XX əsrin əvvəllərindən başlayaraq indiyədək
romanın 30-a yaxın ekran versiyası çəkilib. Roman film,
teleserial, bədii televiziya filmi və film-balet formatlarında
çəkilib.
İlk dəfə romanı Rusiyaya dəvət
olunmuş fransız rejissoru Moris Metr çəkib. Baş rola
Mariya Soroçtina adlı aktrisa dəvət olunub.
Əsəri ikinci dəfə 1912-ci ildə Emil
Zolyanın, Viktor Hüqonun əsərlərini
ekranlaşdıran fransız rejissoru Albert Kapellani lentə
alıb. Annanı fransız səssiz kinosunun ulduzlarından
biri Janna Delvye ifa edib.
Romanı
lentə alan ilk rus rejissoru isə Vladimir
Qardin idi. 1914-cü ildə çəkilən
filmdə Annanı Mariya Germanova oynayıb. Bundan sonra əsərə Amerikada, İtaliyada,
Macarıstanda, Almaniyada və başqa ölkələrdə
müraciət olunub.
Ümumiyyətlə isə, romanın ilk ekran
versiyalarının çoxu günümüzə kimi gəlib
çıxmayıb.
Layihə üçün roman əsasında çəkilmiş
dörd filmi izlədim. Seçim edərkən əsasən,
onların populyarlığına, dünya kinosunda yerinə,
rejissor və baş ifaçıların kimliyinə diqqət
yetirdim.
Öncəliklə deyim ki, izlədiyim heç bir versiya
Tolstoyun əsərinin paradiqmatik qatını, ruhunu əks
etdirməyib.
Əslində, "Anna Karenina" fabula etibarilə
sıradan, hətta bəsit bir melodramdır. Qısaca desək, ərinə xəyanət edən
qadın gənc və yaraşıqlı sevgilisi ilə
çılğın eşq macərası yaşayır.
Sonra onun sevgisi isterikaya, dözülməz
qısqanclığa dönür. Onun paranoya həddinə
çatan qısqanclığından kişi
yorulur və sevgililər dil tapa bilmir. Üstəlik,
cəmiyyətin onları qəbul etməməsi münasibətləri
daha da çətinləşdirir.
Fəqət, Tolstoyun qüdrəti ondadır ki, sadə,
banal hekayəni tarixi fonla, cəmiyyətdəki sosial
mühitlə, toplumun doqmalaşmış mənəvi-etik
kodeksinin analizi, Levinin simasında özünün fəlsəfi
fikirləriylə dərinləşdirir, məna spektrini
genişləndirir. Sərt və riyakar əxlaqi qaydalarını
diktə edən yüksək cəmiyyətin - hissləriylə
yaşayan səmimi birinin qəbuluna hazır
olmadığını və onu qəddarcasına öz
sıralarından qovulmasını göstərir.
Bu elə bir cəmiyyətdir ki, normaları tapdalasan belə,
təklif olunmuş ümumi oyun qaydalarına əməl etməklə
nüfuzunu saxlaya bilərsən. Oyun qaydalarını
pozduğun, sosial maskanı çıxartdığın andan
isə arzuolunmaz şəxs statusunu alırsan.
Tolstoy
Annanın isterik həddə çatan
qısqanclığını da bu kontekstdə əsaslandırır,
onun narahatlığına sosial fon geyindirir.
Anna riyakarca moralist absolyutluğu diktə edən
cəmiyyətdə taleyinin dramatizmini dərk edir. Bilir ki, Vronskinin onu tərk edəcəyi təqdirdə
o, mənəvi ölüdür, bu toplumda onun həyatını
yenidən başlamaq şansı sıfra bərabərdir.
Əsəri
ekranlaşdıran rejissorların hamısı demək olar ki,
bu nüansları gözardı edir, gözardı etməyənlər
belə, onların üzərində ötəri dayanır,
hiss olunur ki, vacib detalları filmdə necə yerləşdirmək
olar sualı qarışısında çətinlik
tapıblar.
Nəticədə, əhvalat yalnız qadın-kişi
konflikti müstəvisində, duyğusal qatda işlənib.
İlk təqdim
edəcəyim film 1935-ci ildə amerikalı rejissor Klarens
Braunun lentə aldığı eyniadlı ekran əsəridir.
Anna Kareninanı Qreta Qarbo, Vronskini isə Fredrik Març ifa
edir.
Bu versiya romanın həm məzmun, həm yaradıcı
yanaşma, həm də kinematoqrafik baxımdan ən yoxsul, bəsit
təqdimatıdır. Rejissor əsəri yuxarıda qeyd etdiyim
mühüm detallardan, fəlsəfi yükdən
arındıraraq, hollivudsayağı klişelərlə
işləyib. Levin obrazı ümumiyyətlə,
filmdə yer almayıb. Braunun yozumu
romanın qısaldılmış, ixtisar edilmiş səthi
görüntüsüdür.
Ekran versiyaları arasında bu filmin daha çox
xatırlanmasına səbəb onun ilk səsli "Anna
Karenina" olması və dövrün parlaq ulduzu Qreta
Qarbonun baş rolu ifa etməsidir.
Əslində, Qarbo istedadlı, parlaq aktrisadan çox dəb,
gözəllik ikonasıydı. O, Annanın mahiyyətinə vara
bilmir, obrazlı desəm, çox səthi sularda üzür,
üstəlik, onu hissiz-duyğusuz oynayır.
Ümumən isə filmdə vur-tut iki səhnə
kinematoqrafik baxımdan (mizanın gətirdiyi məna
yükü, təsvir həllinə görə) yaddaqalan idi.
Bunlardan biri əvvəldə, Vronski ilə
qarşılaşma səhnəsində, Annanın dumanı
xatırladan tüstü arxasında, qarabasma kimi görünməsiydi. Digər
maraqlı səhnə Vronski Annaya qəti şəkildə
seçim eləməli olduğunu deyəndə, Annanı
oğlu səsləməsi, onun yolda tək dayanaraq
ümidsizlik içində hansı tərəfə gedəcəyinə
- oğluna, yoxsa sevgilisinə tərəfəmi - qərar verə
bilməməsiydi.
Filmin məsləhətçisi Tolstoylar nəslini təmsil
edən Aleksey Tolstoy olub.
Yeri gəlmişkən, ən zövqsüz, kobud
kostyumlar məhz bu versiyadadır.
Versiyalar arasında diqqəti az-çox çəkən,
Böyük Britaniya istehsalı olan, fransız rejissoru
Jülyen Dyuvivyenin 1948-ci ildəki
ekranlaşdırmasıdır. Poetik realizm
estetikasında işləyən rejissorun "Pepe le Moko"
(1936) kriminal dramı dünya kinosunda nuar stilində çəkilən
ilk filmlərdən biri sayılır.
Rejissor
"Anna Karenina"nın ruhunu
saxlamağa, eyni zamanda öz yanaşmasını verməyə
çalışıb.
1935-ci ildəki versiyadan fərqli olaraq, burada
personajların xarakteri daha çox açılır. Örnəyi,
Annanın əri Alekseyin qadının duyğularına
etinasızlığı, karyerasına tutqunluğu, ailənin
onun üçün sadəcə olaraq, formal dəyər
olması qabarıq təsvir olunur.
Rejissor əhvalatı Annanın kabusları, dəhşətli
yuxuları müstəvisində həll edir və bu da
özlüyündə filmə sürreallıq gətirir.
Yüksək cəmiyyətin Kareninanın qaydaları
pozan davranışını öz dəyərlərinə
çağırış kimi qəbul etməsi filmdə həm
verbal, həm təsvir dili ilə vurğulanır.
Vivyen Li
Qarbodan fərqli olaraq, Annanın dünyasına daxil ola bilir, ilk epizodlarda rolunu təmkinli, soyuq ifa
edir, sonra tədricən situasiyalardan asılı olaraq,
obrazın psixoloji natarazlığına, əsəbi vəziyyətinə
orqanik keçidlər edir.
Ümumiyyətlə, Vivyen Li bir aktrisa kimi
obrazlarını emosional planda daha yaxşı oynamağı
bacarır. Hərçənd, bəzən aktrisa kimliyi ilə
obraz arasındakı emosional məsafəni itirirdi. Misalçün, Elia Kazanın "Arzular
tramvayı"nda Blanş rolunun ifasından sonra o,
ağır depressiya keçirmişdi.
Rejissor
Annanın cəmiyyətdən qovulmasının, tənhalığının
dolğun təsvirini verir: Kitinin uşağının
doğumu münasibətilə şənlənən
qohumları arasında onun fiziki və mənəvi təkliyinin,
xüsusən də final səhnəsində meyitinin
lazımsız əşya tək relslər üzərində
qalmasının təsviri kimi.
Müəllif romanı əvvəlcə başqa cür
adaptasiya etmək fikrindəydi, onun yozumunda hadisələr
müasir Fransada baş verir və Anna elə əvvəldən
yeganə çıxış yolunu intiharda görür. Amma
prodüser Aleksandr Korda ssenari ilə razılaşmır və
britaniyalı ssenarist Qay Morqana müraciət edir. O isə
ssenarini romanın süjetinə sadiq qalaraq işləyir.
1967-ci ildə romanı rus rejissoru Aleksandr Zarxi
ekranlaşdırır. Rejissora baş rolda oynamaq
üçün dövrün məşhur aktrisalarından
Tatyana Doroninanı, Lyudmila Çursinanı təklif etsələr
də, o, bənzərsiz zahiri görkəminə və sirli
özünəməxsusluğuna görə Tatyana
Samoylovanın üzərində dayanır. Vronski rolunu isə aktrisanın keçmiş əri
Vasili Lanovoy oynayır.
Zarxi bacardıqca romanın detallı təsivirinə
çalışıb, amma yaradıcı
yanaşmasını təklif etməyib. Sadəcə,
çalışıb ki, bütün personajlar, romandakı
epizodlar maksimum şəkildə filmdə yer alsın. Təsvirlərdə isə kinonun təbiətindən
uzaqlaşaraq teatral tərzdə işləyib. Əhvalatda teatrallığa xas reallıq
mövcuddur. Dekorasiyalar, interyerlər vizual
dərinlikdən məhrumdur, reallıqdan qopmuş kimi
görünərək, hər şeyin şərti olduğu
informasiyasını ötürür. Zarxi
daha çox aktyor oyununa, dialoqlara diqqət ayıraraq təsvir
yox, söz səviyyəsində işləyib.
Dialoqlar izafi coşquyla təqdim edilir, üstəlik,
danışıqlarda mübaliğə, pafos hakimdir. Samoylovanın
zəriflikdən uzaq, qeyri-çevik fakturası Anna
obrazına uyğun gəlmir. Qısası,
bu, Tolstoyun romanına çox ehtiyatla yanaşılan,
illüstrativ baxışdır.
Filmin premyerası
1968-ci ilin Kann festivalında olmalıydı. Amma
Fransadakı tələbə etirazları festivalın
açılışına mane olmuşdu.
Nəhayət, ingilis rejissoru Co Raytın 2012-ci ildə
çəkdiyi "Anna Karenina"sı barədə.
Bu filmdə Tolstoyun ruhu demək olar ki, yoxdur. Əsərin
süjeti sxematik təsvir olunur. Co Rayt əsasən
stilistikaya, nəhəng, bahalı dekorasiyalara, cəlbedici səhnə
tərtibatına önəm verib.
Film teatr tamaşası kimi qurulub. Romanda məkan
və personaj nöqteyi-nəzərdən irimiqyaslı
epizodları rejissor incəliklə teatr səhnəsinə
yerləşdirir, misalçün, cıdırda at
yarışı hissəsini.
Bir
sıra səhnələrdə operator fasiləsiz planla bir
passajdan digərinə keçərək fərqli məkanları
iç-içə keçirir, məsələn, restoran hissəsindən
bal səhnəsinə keçid kimi. Paralel montajdan çox istifadə olunur. Yəni biz müxtəlif məkanlarda baş verənləri
eyni anda görürük. Hərçənd,
filmdə paralel hərəkət konflikt, gərginlik, kontrast
yaratmır, sadəcə, zahiri dinamizm üçün
yararlıdır.
Əhvalat teatr şərtiliyindən bəzən kino
estetikasına keçir. Bu, daha çox Levinin olduğu epizodlarda baş verir:
onun kəndə gedişi, ov səhnəsi və s. Yəqin
ki, bu da təsadüfi deyil. Levin qlamur, dəbdəbəli
dünyadan uzaq, niyə varam, həyat və ölüm haqda
düşüncələri içində var-gəl edən,
həqiqət axtarışında olan personajdır.
İti, oynaq operator işi, ekspressiv montaj, çevik, rəqs
estetikasında qurulan mizanlar üsluba xitab edir. Erotik səhnələr
qırıq, gərilən montaj sayəsində həllini
tapır. Bu qırıqlıq və gərilmə
Anna ilə Vronskinin münasibətinə tragik çalar verir.
Co Raytın filmində forma, üslub var, amma məzmun, dərinlik,
əhvalata baxış bucağı yoxdur.
Kira Naytli isə ən saxta Anna Kareninadır. O, əvvəldən
axıradək öz obrazını niyəsə, psixofizioloji
səviyyədə oynayır. Heç bir əsas olmadan,
üz ifadələrini, bədən dilini əsəbi, psixi
problemi olan adam kimi təhrif edir. Yeri gəlmişkən, onun ifasını bəzi
kinotənqidçilər kəskin tənqid eləmişdi.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 12
yanvar.- S.8-9.