"Ömür keçdi"

 

Ömür keçdi, mən qocayam, sən qarı,

Gəl görüşək, ahlar çəkib ağlaşaq.

saçımız bir-birinə qarışsın,

Bulaq üstə qan-yaş töküb ağlaşaq.

 

O dad varmı indi dildə-dodaqda,

Ehtirasın odu yanmaz yanaqda.

Son görüşdən iz qaldımı bulaqda,

İz axtaraq, yerə çöküb ağlaşaq.

 

Əfsanəymiş o son bahar, son gecə,

Buz bulaqda titrəyirdi Ay necə.

Hər məhəbbət bir cavabsız bilməcə,

Ağac altda boyun büküb ağlaşaq.

 

Sarmaş-dolaş o biz idik, ya xəyal,

Gözlər yaşlı, sözlər qırıq, öpüş bal.

Qayıdaydı bircə anlıq o vüsal,

Ayna suya ha göz dikib ağlaşaq.

 

Sərxoş eylər o qırx illik mey məni,

Güldürmədi bu yer məni, göy məni.

Xatirədən tikdiyimiz xeyməni

Dağ döşündə indi söküb ağlaşaq.

 

Gör yaxşılar nələr çəkdi yamandan,

Ayrı düşdük, yarımadıq zamandan.

Orman üstə sərilmiş dumandan,

Özümüzə kəfən tikib ağlaşaq.                          

 

1998

 

Hüseyn Kürdoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.2-3.