Bəzən belə də olur. İllər ötür, "fələkdən kam ala bilməməyin" acı reallığı ilə üzbəsurət qalırsan. Ümid etdiyin an isə... illərə qoşulub uçub getmədədir. Amma...
Ömür ancaq yaşanılan məqamları ilə gözəl deyilmi? Bəzən bütün ağırlıqları, çətinlikləri gözlədiyimiz hansısa sehrli anın müjdəsinə sığınıb qaldıra bilirik. Ömür o an imiş əslində, ya da ömür elə o anların cəmindən ibarətmiş. Yaşanıbsa, yaşamısansa, qalan ömrü ona doğru yol gələcəksən. Zamanın səni o andan uzaqlaşdırma kəsimi ilə ruhunun ora qayıdış təşnəsi içindəki hakim düzənləmənin pozulmasına imkan verməyəcək. Çünki sevgi əbədidir, insanın ruhunu onun özü ilə birgə son nəfəsdə tərk edib gedəndi. Bəlkə ona görə ədəbiyyatın da ali və əbədi mövzusudu sevgi. Sən qocalıqdan, fanilikdən, gərdişi-dövrandan yazmaq istəyirsən, amma ürək əvvəlki atəşlə canı yandırmaqda davam edir. Və gəlib-gəlib son dayanacaqlardan birinə - "ömür urası"na yetişirsən ki... sevginin doyumsuz kədəri bütün qəlbinə hakim kəsilib səni özünə ram etmədən ötüşməyə qoymur:
Ömür keçdi, mən qocayam, sən qarı,
Gəl görüşək, ahlar çəkib ağlaşaq.
Ağ saçımız bir-birinə qarışsın,
Bulaq üstə qan-yaş töküb ağlaşaq.
O dad varmı indi dildə-dodaqda,
Ehtirasın odu yanmaz yanaqda.
Son görüşdən iz qaldımı bulaqda,
İz axtaraq, yerə çöküb ağlaşaq.
Poeziyada
yenilik hər yaş senzi üçün ola
bilər və olmalıdır da. Amma bir də var
sözün yaddaş
sirrini qoruyan şairlər. Sona qədər
qorunan bu ruh - yaddaşlaşan poeziyaya sadiqlik hər şair üçün xarakterik özəllik deyil. Gözəl şairimiz Fikrət Sadıq bunu "yaddaş hasarı" adlandırırdı. Məsələn, Musa Yaqubun şeirləri arxasında həmişə
təbiətin akvarel rəngləri, kosmik əzəməti görünür.
Yaxud Məstan Günər, Zəlimxan Yaqub, Məmməd Aslan poeziyası... minillərin o tayından gələn səsləri
qabağına qatıb
poetik yaddaşı korşalmadan xilasa çalışır sanki.
Hüseyn Kürdoğlu poeziyası
da elədir. Milli yaddaşa əxlaq və din, elm və fəlsəfə kimi inanır. Onlara məxsus intəhasızlığın
gücünü şeirinin
gücünə çevirə
bilir. Kitablarının
adlarına diqqət edirəm: "Səhər
nəğmələri", "Yurdumu gəzə-gəzə",
"Qaya çiçəkləri",
"Çiçək təbəssümü",
"Dördtelli durnam", "Durna səsi", "Quzular dağa çıxdı"
və s. Çiçək
sevgisi, durna səsi ilə dopdoludu bu poeziya
və sonucda Yurd adlı zirvədə qovuşub mənəvi vəhdət
və bütövlük,
bədii-estetik məkan
kəsb edirlər. Bu mənəvi ərazinin
dəyərləri H.Kürdoğlunun
poeziyasında heç
zaman mərtəbəsindən
enmədi. Bəlkə də
bütün yaradıcılığı
boyu elə bir kitabı oldu şairin. İlk kitaba sədaqəti ilk məhəbbət andı
kimi heç unutmadan yazıb-yaratdı.
Hüseyn
Kürdoğlunun poetik-bədii
təfəkkürü dil
materialı, bədii təsvir və ifadələr sistemi ilə çox əskiləri nişan
verir. Hisslərin təbii axarına,
vəznin və ritmin musiqiliyinə tabe tutulan bu
şeirlər yaddaşa
qayıdışın bütün
kodlarını, təbiətlə
doğmalığın bütün
nişanələrini daşıyır
özündə. Dil bütün
etno-psixoloji ifadə çaları ilə Hüseyn Kürdoğlunun
şeirlərində ehtiva
olunur. Çöl arxetipi, etnoqrafik
mükəmməllik, milli
koloritin gücü tək təbiətlə,
torpaqla deyil, həm də yaddaşla təmasın coşqusu kimi mənalanır. Buna görə Qarabağ savaşı başlananda şair bunu yaddaşına uzanan əl və qılınc davası kimi qəbul edib ömrünün sonuna qədər mücadilədən geri çəkilmədi. Hətta deyim
ki, bir çox
şairlərimizin yaradıcılıq
stixiyası üçün
xarakterik olan bir məsələ - yəni əsəbin, gurultunun səssizliyə, sükuta dönüm dövrünü yaşamadı
bu poeziya. Hüseyn Kürdoğlunin ruhunda Qarabağ acısının
fəryadı sona qədər öz ahəngini dəyişmədi.
"Ömür keçdi"
də yaddaş şeiridi. Geriyə boylanan yaddaş
zamandan yalnız sevgi dolu anların
xatirəsini götürüb
bu günə qatmaq istəyir. Bayatılarımız da bu nisgilin üzərində
qurulub: "ömür
keçdi, gün keçdi cavan olmam bir də
mən". Poeziyamız
da nakamlığın
adı ilə yaşıddır:
Sarmaş-dolaş o biz idik, ya xəyal?
Gözlər yaşlı, sözlər
qırıq, öpüş
bal.
Qayıdaydı bircə anlıq
o vüsal,
Ayna suya ha göz dikib ağlaşaq.
Hüseyn Kürdoğlu bir şeirin içinə bütöv bir ömrü yığır
əslində. Ömrün sonundan əvvələ
uzun bir yol görünür.
Ömür yaddaşa çevrilir,
şair sadəcə yaşanan yaddaşı yaxıcı bir həsrətin dili ilə söz formasına salır.
Buz bulaqlar, ayna sular, ağac altı, dağ döşü, duman... hər biri gənclik
yaddaşının qəlpələri
kimi bir modusun içinə yığılır. Şair bir
zaman onu xoşbəxt edən sevgi məkanlarına son borcunu göz yaşı ilə ödəmək istəyir.
Çünki göz yaşından savayı sərvəti qalmayıb artıq:
Gör yaxşılar nələr
çəkdi yamandan,
Ayrı düşdük, yarımadıq
zamandan.
Orman üstə sərilmiş
ağ dumandan,
Özümüzə kəfən tikib ağlaşaq.
Bu şeirə oxşar
nə qədər poeziya nümunəsi tapmaq olar. Bəs fərqli
olan nədi? Hissin, duyğunun ifadə şəklində. Ömrün sonu
insanı həyatla,
tale yolu ilə münasibətdə qəribə
bir lallığa sürükləyir. Ya artıq
hər şeyi görüb, bilən biri kimi səssizliyə
çəkilirsən, ya
da içində qövr edən xatirələrin önündə
boyun büküb ağlamaq istəyirsən.
Beləcə, bir ömrü bir ana fəda etmək
istəyi: "Qayıdaydi
bircə anlıq o vüsal"...
Poeziya ömürdən keçən
o "an"ların təzahür və ifadə şəklindən
doğulur, əslində...
Elnarə Akimova
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.2.