Görünən
dağa nə bələdçi... yaxud duruluq, saflıq
poeziyası
H.Kürdoğlu poeziyası öz kökləri, rişələri ilə yaşı minillərlə ölçülən milli poeziyamızın ən dərin qatlarına gedib çıxır, laylalardan şirinlik, bayatılardan kövrəklik alır, ağılardan göynəmələr, ağrılar götürür, sazın köynəyindən keçib qoşmanın, təcnisin gəraylının ilahi qaynaqlarına söykənən "Aldı görək nə dedi" möcüzəsinə dayanır, dastanlarımızın min bir cəfalı aşiq-məşuq yollarından keçib gəlir, klassiklərimizin söz, fikir karvanına qoşulur, Nizami, Nəsimi, Füzuli kimi ölməz söz dühalarının təkrarsız sənət incilərini heyrətlə irdələyir, Vaqifin, Vidadinin, Qurbaninin, Abbas Tufarqanlının, Aşıq Ələsgərin şeir gülzarından qönçələr dərir.
Qara dərdim,
Ağ səpdim, qara dərdim.
Dağlarda qarmı qalar
Söyləsəm qara dərdim?
- deyib də Sarı Aşığın bayatı ucalığına yüksəlir.
Çox da doluxmasın qəbrim qazanlar,
Məndən yol öyrənər yoldan azanlar.
Qoca Kürdoğluya rəhmət oxuyar
Min il
bundan belə dördlük yazanlar
fəxarəti
ilə şeirimizin dördlük şəklində əsl sənət
uğurlarına imza atır, ən nəhayətdə
Hüseyn Kürdoğlu adını ədəbiyyat tariximizin
pozulmaz yaddaşına həkk edir, illərlə öyrəndiyi,
öydüyü klassiklərlə bir sırada dayanır.
Görkəmli
dilçi alim, akademik Tofiq Hacıyev ona həsr etdiyi
"Hüseynin dərdi, yaxud qəm şairi" məqaləsində
yazırdı:
"Zamanında
qiymətini alanlar var, almayanlar var. Hüseyn öz layiqli qiymətini
almayanlardandır. (Bunu özü də deyir: "Mən Vətənin
qayğısından hələ paysız vətəndaşam").
O, salonlarda yaşamadı, iş otağı ilə yemək
otağı bir oldu. ("Dörd divarın dustağıyam,
ölürəm panel içində"). Dahiyanə misralar,
bəndlər söylədi.
Füzuli
səviyyəli, Sarı Aşıq, Aşıq Ələsgər
səviyyəli, Səməd Vurğun qüdrətli şeirlər
yazdı."
H.Kürdoğlu
poeziyası sözün həqiqi mənasında heyrət
poeziyasıdır. Onun istənilən şeirində, istənilən
bəndində, istənilən misrasında bir böyük
heyrətin közərtisi, yanğısı duyulmaqdadır.
O, əlinə qələm aldığı gündən, lap
elə ilk şeirindən şair olub, bir çoxları kimi
yaza-yaza püxtələşməyib, ədəbiyyata yetkin, püxtə bir şair kimi qədəm
qoyub.
H.Kürdoğlunun
şeir dili axarlı-baxarlıdır, dumduru bulaq suyu kimidir,
ürəklərə süzülür, könüllərə
sərinlik bəxş edir. Onun şeirlərinin insanı
düşündürən, təsirləndirən fəlsəfi
qatları emosional çalarlarla təqdim olunur, hisslərin
dolğunluğundan, istiliyindən, duyğuların pik nöqtəsinə
yüksələn ilahi ovqatından güc alır.
H.Kürdoğlu
vergili şair idi. Professor Qəzənfər Paşayev bu fikri
"H.Kürdoğlunun poetik dünyası" kitabında
şairin həyatından bəhs edən xatirələrdə
danılmaz faktlarla təsbit edib, aşkarlayıb. Bu şairin
yazdığı bir dördlükdə də aydın şəkildə
öz əksini tapmışdır:
Həmişə
dan üzü şeir yazıram,
Xeyir
şairiyəm, xeyir yazıram.
Sanma ki,
zülm ilə söz axtarıram,
Sübhün
mələkləri deyir yazıram.
Mən
H.Kürdoğlunu poeziyamızda uca, möhtəşəm bir
palıda bənzədərdim. Bu palıdın əsrləri
yarıb keçən kökləri tarixin ən dərin
qatlarına çatsa da, budaqları gələcək əsrlərin
qapısını döyməkdədir. O, milli olduğu qədər
bəşəri, ənənəvi olduğu qədər də
müasirdir, çağdaşdır.
H.Kürdoğlu
ənənə üstündə boy atan yeni poeziyanın,
novator poeziyanın ən böyük yaradıcılarından
biridir. Şair klassik janrlara təzəlik, yenilik gətirməyindən
bir fəxarət duyurdu:
Saz tutub dərdimi
saza deyirəm,
Sözü
şax deyirəm, üzə deyirəm.
Şeirimin
əynində öz donumuz var,
Bu donda hər
şeyi təzə deyirəm.
H.Kürdoğlu
poeziyası bəzən (hətta çox zaman) insani dəyərlərin
üzləşdiyi, məruz qaldığı ağır
anların kədərinə çulğaşır. Şair
elə bu kədəri də böyük poeziyanın, bəşəri
poeziyanın ovqatına kökləyə bilir.
"Ömür keçdi" şeiri yaşlanmış,
ixtiyar bir insanın acı təəssüfünü,
vüsala çatmayan lirik qəhrəmanın - aşiqin
ömrün ahıllıq çağında özü kimi
yaşlaşmış, qocalmış, ağsaçlı
sevgilisi ilə yenidən görüşünün
doğurduğu kədərli mənzərənin ürəkyandıran,
könüldağlayan poetik ifadəsidir. Gənclik yada
düşür, ilk görüş, gecələr bulaq
başında bir-birinə sarmaşan iki sevgili... Utancaq sevgililərin
bulağın ayna sularına dikilən gözləri, süd
kimi doğan Ayın o bulaqdakı əksinin o sevgililərin əhvalına
uyğun həyəcanlı, təlaşlı titrəyişləri...
Nələr yoxdu bu şeirdə?! Bütün bunların
fonunda təbiətin - kənd təbiətinin, dağ təbiətinin
ecazkar mənzərəsi...
Bu retro
duyğuların dilə gəldiyi bir vaxtda kövrəlməmək,
ağlamamaq mümkündürmü?! Bu şeirdə gəncliklə
qocalığın xəyali bir görüşü var. Olumla
ölüm arasında poetik bir körpüdür bu şeir. Gəncliklə
qocalığın bu kədərli qarşılaşması
şairin - "Lirik mən"in öz sevgilisinə ərzi-halı,
şikayəti, içdən gələn göynərtisi,
duyğusal çağırışı kimi səslənir:
Ömür
keçdi, mən qocayam, sən qarı,
Gəl
görüşək, ahlar çəkib ağlaşaq.
Ağ
saçımız bir-birinə qarışsın,
Bulaq
üstə qan-yaş töküb ağlaşaq.
Şair
elə bil ki, bu çağırışdan
peşmançılıq hissi keçirir, çünki:
O dad
varmı indi dildə-dodaqda,
Ehtirasın
odu yanmaz yanaqda.
Son
görüşdən iz qaldımı bulaqda,
İz
axtaraq, yerə çöküb ağlaşaq.
Qırx
ilin uzun ayrılığından, həsrətindən sonra
iki sevən qəlbin uzaqlarda, çox-çox uzaqlarda qalan,
soyuq ulduzlar kimi işaran xatirələrindən özgə
hansı öyüncü ola bilər?! Lirik qəhrəman
artıq bu xatirədən - öyüncdən də xilas olmaq
istəyir:
Sərxoş
eylər o qırx illik mey məni,
Güldürmədi
bu yer məni, göy məni.
Xatirədən
tikdiyimiz xeyməni
Dağ
döşündə indi söküb ağlaşaq.
O, xatirə
xeyməni niyə sökülür? Artıq hər iki
ömrün sonu yaxınlaşır. "Ayrı
düşdük yarımadıq zamandan" şikayəti,
etirafı hophop dimdiyi kimi quruyub taxtaya dönən sinələri
həyəcanla döyür. Vaxtdır, son səfərə -
dünyanı dəyişmək məqamına lap az qalıb.
Şairin sonuncu qənaəti şeirin pik həddini
ustalıqla şərtləndirir:
Orman
üstə sərilmiş ağ dumandan
Özümüzə
kəfən biçib ağlaşaq.
H.Kürdoğlunun
şeirindəki bu sonuncu misraları "Diri olduqca libasım
budur, ölsəm kəfənim" deyən dahi Füzuli ilə
bir məqamı bölüşür.
Mən bu
yerdə heca vəzninə üstdənaşağı baxan,
qoşmanı köhnəlmiş şeir şəkli
adlandırıb onun meydanını dar, bəsit görənlərə
üz tutmaq istəyirəm: -Cənab qələmdaşlar,
şeirin zəif, bəsit alınmasında vəznin, onun
şəklinin heç bir günahı yoxdur. Yaxşı
şeir həmişə istedadlı, güclü şairin qələmindən
çıxır. H.Kürdoğlu altı bəndlik bu
qoşmada öz duyğularını görün necə təkrarsız
poetik obrazlarla ifadə etmişdir. Misralar, sözlər, hətta
səslər belə bir-birinə necə yaxın, necə
doğmadır, ehtiva etdikləri fikrə, mənaya
canla-başla dayaq durur, bütövlükdə şeirin
aydınlığına, poetikliyinə, gözəlliyinə
xidmət edirlər. Bu mənada H.Kürdoğlu
yaradıcılığı dumduru gölə bənzəyir.
Bu göl duruluğu qədər də dərindir, hər kəsə
boy verməyəndir.
"Ömür
keçdi" şeiri bəşəri bir şeirdir.
Çünki ən insani bir hissin ifadəsidir. Bu şeir istənilən
dilə tərcümədə öz məna
yükünü, poetik tutumunu qoruyub saxlaya bilər.
Çünki bütün millətlərdə sevgi hissi,
cavanlıq, qocalıq duyğuları hardasa üst-üstə
düşür.
Əslində
bu cür ilhamla yazılmış, aydın mündəricəli,
fəlsəfi qənaəti ilə poetik gücü eyni
kökdə dinən, məzmunu, mənası ilə duyğu
axarı bir macərada qovuşan şeirləri təhlilə
çəkmək çox çətindir. Çünki
şair hər şeyi gözəl deyib, apaydın deyib.
Görünən dağa nə bələdçi?!
Ədəbiyyat qəzeti.
- 2018.- 3 fevral.- S.2-3.