"75-95
üçnən"
Bir telefon nömrəsinin
itməyən yaddaşı
Elə
şeirlər var ki, özündə roman siqləti
daşıyır. Bütöv bir dövrün, epoxanın mənzərəsini
bütün çalarlarıyla özündə əks etdirən
poeziya nümunələri bitkin bir roman kimi uzun müddət
oxucunu öz təsiri altında saxlayır, misralardakı insan
taleləri qəlbin ən dərin qatlarına nüfuz edir, təsirləndirir,
kövrəldir, artıq xatirəyə çevrilmiş
ömrün bədii salnaməsi kimi ədəbi
yaddaşımızda yaşayır.
Azərbaycan poeziyasında öz məktəbini yaratmış
unudulmaz xalq şairimiz Rəsul Rzanın "75-95 üçnən"poeması
bu qəbil sənət nümunələrindəndir. Əsər şairin
qırx ildən çox dostluq etdiyi böyük komediyanəvis Sabit Rəhmanın ölümündən
təsirlənərək yazılıb.
Bu poemanı memuar
kimi də oxumaq olur, vəfalı
dostun, məsləkdaşın
itkisinə yazılmış
rekviyem kimi də. Fərqli janrlarda yazsalar
da, onlar eyni nəslin nümayəndəsi idilər,
eyni məhrumuyyətləri
yaşamışdılar, dövrün
ağır sınaqlarına
birlikdə sinə gərmişdilər. Sabit
Rəhman haqqında indiyəcən oxuduğum
yazılardan ən yaxşısını xalq
yazıçısı Anar
yazıb: "Çətin
yolun yolçusu".
Çünki Sabit Rəhmanı onun qədər yaxından tanıyan çox az adam olub. Həmin yazının sonluğunu bütövlükdə sitat
gətirirəm:
"Masanın yanında
qırmızı telefon. Nömrəsi
yaddaşıma həmişəlik
həkk olunub: 75-95. Atamın Sabit Rəhman itkisinə həsr etidiyi poemanın bir fəsli də belə adlanır:
"75-95 üçnən".
Yeddi beş - doqquz
beş
üçnən.
Hərləci çəkdim.
Qulağımı, əlimi yandırdı dəstək.
...ağır xəstədir.
...çox ağır xəstə!
Möcüzə gərəkdir, möcüzə!
Yoxsa nə əlac,
nə işıq ucu var.
Möcüzə!
Ümid
-
bir-yüzə.
***
Sabit əminin vəfatından neçə il
sonra bir gün Emin həyəcanla
mənə dedi: atamgilin telefon nömrəsini dəyişmək
istəyirlər, təzə
nömrə vermək
istəyirlər.
Əvvəlcə bu həyəcanın
səbəbini anlamadım:
- Nə olar ki? - dedim. - Necə nə olar? Başa düşmürsən? Gör bu nömrəylə əlaqədar nə qədər xatirəmiz
var. Elə Rəsul əminin poeması da bu nömrəylə
bağlı deyil?
Quru rəqəmlər
də kövrək hisslərlə canlana bilərmiş. Möcüzə haqqında düşünürəm.
Kaş möcüzəyə inana
biləydik. Dəstəyi götürüb Sabit əmigilin nömrəsini
yığaydım. Telefonu Emin
qaldıraydı.
-Emin, deyəydim - atam sizdədir?
- Hə, - deyəydi - bizdədir. Atamla şahmat oynayırlar.
Yenə yaman höcətə başlayıblar". (Anar. "Dünya
bir pəncərədir",
Bakı; Gənclik nəşriyyatı, 1986. Səh.314)
Rəsul
Rzanın 2005-ci ildə
nəşr olunmuş
"Seçilmiş əsərləri"nin 4-cü cildinə daxil edilmiş həmin poemada XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli dövrü
- 30-cu illər təsvir
olunur. O dövrün ədəbi gəncliyinin yaşantıları, gündəlik
qayğıları, gələcəklə
bağlı arzuları,
yeni dövr ədəbiyyatının istiqamətlərinin
müəyyənləşməsi, gənc nəslin ədəbi platforması ən xırda ştrixlərinə qədər
bu əsərdə öz əksini tapır. Rəsul Rza o dövr ədəbi mühitinin spesifik xüsusiyyətlərini
epik şeirin imkanlarından ustalıqla
yararlanaraq qələmə
alıb:
Xəyalımda
yuxarı məhəllənin
mənzərəsi;
qırx il qabaq.
Yel vurub
yengələr oynayan bir otaq!
İstəsən qapıdan gir,
istəsən pəncərədən,
fərqi yoxdur.
Sabit Rəhman
bu yel vurub
yengələr oynayan otaqda yaşayır, yazıb-yaradırmış. Bu otağa "Sabit otağı" ya da "Sabitxana" deyirmişlər.
Yayda küçədən isti,
qışda küçədən
soyuqdur.
Yazı
masası,
bir qıçından
çolaq.
Siyirtmələrini açanda
qışqırır qulun kimi.
Masa üstündə bir nəlbəki şor,
bir parça çörək,
gah dükan çörəyi
gah dağlı.
Çox
vaxt yavan,
hərdən yağlı.
Dörd
yanı pinc yamaqlı,
üstü gül budaqlı dəm çayniki.
Dəmir çarpayı.
Divar boyu kitabların nizamlı səfi.
Bir divarda
Üç çini kasalı,
iki masquralı qab rəfi.
Beləydi otağının
adi mənzərəsi...
Ürəyi yazıb-yaratmaq eşqiylə
çırpınan istedadlı
gənclər bu otağa toplaşır, Çernişevskidən, Didrodan,
Spinozadan danışırdılar. Yeni yazdığı
əsərləri bir-birlərinə
oxuyub ədəbi müzakirələr aparırdılar.
Külqabı dolub-daşırdı, mübahisələr səngimək
bilmirdi, hətta dalaşmaq həddinə çatırdılar. Bu simalar sonralar Azərbaycan ədəbiyyatına
parlaq əsərlər
bəxş etdilər.
Rəsul
Rza novator şair kimi poeziyamızda öz məktəbini yaratdı və onun ardıcılları
yetişdi. Azərbaycan teatrı
Sabit Rəhmanın komediyaları ilə yeni inkişaf mərhələsinə qədəm
qoydu. Poemada "Bədbəxt adam" kimi xatırlanan Mikayıl Rəfili yaradıcılığa
sərbəst şeirlə
başlasa da, sonralar elmi əsərləri
ilə Azərbaycan ədəbiyyatşünaslığının
sütunlarından birinə
çevrildi. O vaxt
isə...
Nə pul yüklü cibimiz,
nə öhdəli vəzifəmiz,
Anketimiz
pozuqsuz,
əlimiz və dilimiz,
günümüz və ilimiz tərtəmiz.
Günlərimiz işdə keçirdi,
görüşdə keçirdi
yazmaqda, yaratmaqda,
hər gün bir az
biliklənməkdə,
artmaqda keçirdi.
Qaynar, dopdolu bir həyat. Onların qarşısında
geniş üfüqlər
açılırdı. İdeoloji tələblər də vardı, amma nə Rəsul Rza, nə də
Sabit Rəhman hakim ideologiyanın əsiri olmadılar. Xüsusən Rəsul Rzannın poeziyası təpədən-dırnağa
Azərbaycançılıq ideologiyasına xidmət edirdi. Onun fəlsəfi-poetik konsepsiyası nə direktiv qərarlara, nə də ehkamlara boyun əymədi. "Rənglər" silsiləsi
poeziyamızda hadisəyə
çevrildi. Bu silsilədə şair sözlər vasitəsilə
həyatın rənglərdən
ibarət lüğətini
yaratdı.
"Ağır günlərin
vahiməsi" və o vahimənin udduğu nakam taleli şair
Mikayıl Müşfiq
haqqında "Qızılgül
olmayaydı" poemasını
yazdı.
Sabit Rəhmanın
komediyaları dövrün
ruhundan doğulmuşdu,
sistemin eybəcərliklərini
üstüörtülü şəkildə səhnəyə
gətirirdi. O, Azərbaycan peşəkar teatrının
yaradıcılarından olmuş
aktyor Hüseyn Ərəblinskinin həyatından
bəhs edən
"Son faciə" povestini
qələmə alıb.
1939-cu ildə latın qrafikasıyla
nəşr olunan həmin kitabı anamın kitabxanasında görmüşdüm və
yeniyetməlik çağlarımda
oxumuşdum. Həmin kitab indi də mənim kitabxanamdadır. Sabit Rəhmanın
nəsr əsərləri
çox azdır,
"Vəfasız" povesti
və bir sıra hekayələri köhnə dünyanı
yıxıb yeni dövran qurmağa çalışan insanların
taleyindən bəhs edir. Amma o, bu xətti
davam etdirmədi, sələfi Mirzə Fətəli Axundzadənin
başladığı yolu
davam etdirdi; komediyalar yazdı. Azərbaycan satirasında "Sabit Rəhman gülüşü"
deyilən bir məfhum yarandı.
Damğaladın Kərəmovları,
Mirzə
Qərənfilləri.
Hər səhnədə -
qəlbinin işıqlı
arzuları,
könlünün nisgilləri.
İynələdilər də səni
Haqq-nahaq.
Dərin
məhəbbətlə sevdi,
qəlbində bəslədi
səni xalq.
Təkbaşına gördün
bir ordunun işini.
El yaxşı tanısın
kəmfürsət saxtakarı,
aza qane kişini!
Haqqın çoxdur boynumuzda.
Bilən
bilir
Sən kim idin
-
yalın əllə
tikanları qırıb
tökən,
çəkinmədən, yolumuzdan
çirkabları silən
bilir.
Məzmun
və mündəricə
baxımından "75-95 üçnən"
poeması da elə "Qızılgül
olmayaydı"nın
davamı sayıla bilər. Hər iki əsərdə
forma və substansiya eynidir. Hər iki poema eyni mətləblərdən
bəhs edir, hər ikisi eyni zaman çərçivəsində
baş verən hadisələrin mahiyyətini
çözür. Anar yuxarıda
adını çəkdiyimiz
yazısında qeyd edir ki, "Əlbəttə, Sabit Rəhman taleyi acı Mikayıl Müşfiq yaxud Abdulla Faruq taleyindən çox-çox firavan, keşməkeşsizdir. Amma ən
hamar, qayğısız
görünən sənətkar
ömrü də daxili çətinliklərlə,
gərginliklərlə, itkilərlə
doludur". ("Dünya
bir pəncərədir",
səh.310)
Rəsul Rzanın sənətkar taleyi də bu çətinliklərdən,
gərginliklərdən, itkilərdən,
haqsız hücumlardan
yan keçməyib. Belə
məqamlarda şair şəhərin küçələrində
öz qəlb sirdaşını, vəfalı
dostunu axtarır, tapa bilmir və
nisgilini bu cür ifadə edir:
Dərdimi kimə deyim,
dünya dolu adamdır!
Amma şair məntiqi dostun yoxluğu ilə barışmır:
Ölüm hara, sən hara!
Dirisən.
Həmişə sıramızda canlılardan
birisən.
Bu sözləri bu
gün Rəsul Rzaya da şamil
edirik. "Yenə
sıramızda var Rəsul Rza!" Biz onları görməsək
də, onlarla həmsöhbət olmasaq da, Rəsul Rza da, Sabit
Rəhman da, Mikayıl Müşfiq də, Mikayıl Rəfili də bizimçün həmişə
canlıdırlar. Nə vaxt
onlarla həmsöhbət
olmaq istəsək, gözümüz kitab rəflərində onları
axtarıb tapacaq.
Ədəbiyyat qəzeti.- 2018.-3
fevral.- S.4.