Balalara hədiyyə

 

Bala sərçə

 

Alma

Ağacının

Alt

Budağından

Atılıb,

Düşdü

Üst budağa:

-Dinclik

Bilmirəm ha -

Gah o dağa

Qalxıram,

Gah bu dağa!

 

Külək

 

Səhərin gözü

Açılandan

İçini çəkir

Külək:

-Fıyyy...

-Nə olub, Şəm-Şəm,

Fikrə getmisən?!

-Küləyi

Eşidirsən, baba?!

-Nədi ki?

-Üşüyür...

 

Küsə-küs

 

Yay girəndən

Küsə-küsdü. -

Ayaqqabım

Ayağımdan

Küsüb,

Kepkam -

Başımdan.

 

Köynəyim

Canımdan

Küsüb,

Şalvarım -

Yanımdan.

 

-Barışın!-

Deyirəm.

Çığırışırlar:

-Bəsdi də,

Şəm-Şəm...

Qoysana

Dincələk!

 

 

Babamın şap-şapıları

 

Cığal uşaqdı sanki -

Burun-buruna qoyub

Çəkmələrim.

 

Bir cüt əsgər kimi

Farağat dayanıb

Atamın

Ayaqqabıları.

 

Babamın şap-şapıları

Elə durub,

Elə bil

Harasa gedəcək

İndicə.

 

 

Ortaq...

 

-Oturub-durub

Boynuma

Minnət qoyursan,

Baba?

-Nə minnət?

-"Adımız ortaqdı! -

Deyirsən.

-Bahooo...

Nə tez çıxdın

Ortaqlıqdan?!

-Adın nədi?

-Qəşəm.

-Bəs mənim?..

-Qəşəm.

-Ortaq onda

Olardı ki,

Sən "Qə" olaydın,

Mən - "Şəm".

 

Daşlar

 

Bir maşın

Daş gətirdilər

Həyətimizə.

Yerə töküldükcə

Bağırışırdılar:

-Hasar olmaq

İstəmirik biz!

 

Bulud

 

Bulud yağdı qarını,

Büzdü dodaqlarını:

-Yun kimi yüngül oldum -

Tül oldum.

 

Sərçə və qış

 

Çimirdi sərçə torpaqda,

Buluddan baxırdı yağış...

Birdən elə döndü hava -

Başım üstünü aldı qış.

 

Cığa

 

Darayıram, yatmır yana,

Saçlarım düşüb acığa...

Vallah, sizi qırxdıracam,

Sizdən mənə olmaz cığa.

 

 Qızdırma

 

-Qızlarla dəyib aram...

-Barış!

-Barış!

-Barışmaram.

-Niyə?

-Deyim niyə -

 

"Qız" sözü hallananda,

"Qızdırma" olur.

Qızdırmayla

Oturub-durmaq olur?!

 

 

 

Söhbətcil

 

Yaman söhbətcildi Şəm-Şəm,

Sözdən ağzı yığışmır heç.

Yapışacaqdır yaxandan -

Hünər eylə - yanından keç.

 

Səhər durandan - dır... dır... dır...

Səslə-sözlə ev doludur,

Oksigen tükənib gedir,

Yerində karbon hökm edir,

Elə basdırıqdı hava,

Nəfəs almaq olmayır, a...

 

Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.7.