Baş-başa
yaşasın bu abidələr
Unudulmaz Rəsul
Rzanın dil əzbəri olan misralarıdı:
Mənim
sevgim sevgi idi -
Sadə,
yaxşı...
O sadə,
yaxşı sevginin axarını layiqincə davam etdirən
iki könül, ruh sirdaşının - xalq
yazıçısı Anarın və akademik Zemfira Səfərovanın
birgə ömür-gün yolçuluğundan unudulmaz
fraqmentləri əks etdirən "Ardı
yaşanılır" adlı sənədli filmin təqdimatı
bir araya gətirdi görkəmli ziyalılarımızı, sənət
ustalarımızı. Yanvarın 31-də, axşam saat 7-də…
Budəfəki ünvan Nizami Kino Mərkəzi oldu. Əvvəlcə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək rəhbərlik etdiyi qurumun
təşəbbüsü ilə araya-ərsəyə gələn
filmin qəhrəmanlarının mənalı, bənzərsiz
ömür yollarından, dəyərli fəaliyyətlərindən
bəhs etdi. Bildirdi ki, 80 illik ömrünü Azərbaycan ədəbiyyatının,
ümumən, mədəniyyətimizin inkişafına ləyaqətlə
həsr edən Anar təkcə Azərbaycan ədəbiyyatında
deyil, bütövlükdə, Azərbaycan cəmiyyətinin həyatında
bir mərhələdir. Təqdim edilən film Anarla
musiqişünas, akademik Zemfira Səfərovanın sevgi
münasibətləri, 55 illik birgə ailə həyatı və
bu gün də davam edən ömür yollarından bəhs
edir. Filmin qəhrəmanları öz-özlüklərində
elmi-mədəni və ədəbi həyatımızın
inkişafında xüsusi xidmətləri olan insanlardı.
Çox vaxt yaddan çıxarırıq ki, hər bir
böyük sənətkarın özünəməxsus
özəl, fərdi təbiəti, mühiti, ünsiyyətdə
olduğu, qəlbən bağlı olduğu aləmi var. Bu məsələlər
həm də sənətkarın bədii
yaradıcılığı ilə bağlı məsələlərdir.
Filmin ssenari müəllifi, hər iki qəhrəmanın
övladı Günel xanım bu məsələlərə
diqqət və xüsusi həssaslıqla yanaşıb…
Çıxışına
Lev Tolstoyun "Bütün xoşbəxt ailələr
bir-birinə bənzəyir, hər bədbəxt ailənin isə
özünə xas bədbəxtliyi olur" fikrilə
başlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki,
ancaq çox vaxt heç də bütün xoşbəxt ailələr
bir-birinə bənzəmir: "Hər bir ailə özünəməxsusluğu
ilə seçilir. Sədaqət, fəadakarlıq, inam,
hörmət, sevgi duyğuları xoşbəxt ailənin
qarantıdır. Bu mənada xalq yazıçısı Anar və
görkəmli musiqişünas alim Zemfira xanımın
özünəməxsus ailə platformaları var. Daim
axtarışda olan, yazıb-yaradan, aktiv fəaliyyət
göstərən cütlük qarşılıqlı sevgi və
hörmət əsasında uzun illərdir ki, xoşbəxt həyat
sürüblər. Əlbəttə ki, burada ailə kökləri,
gen yaddaşı böyük rol oynayır. Onlar yüksək
zəngin ənənələrə malik ziyalı nəslinin
davamçılarıdır. Onların ailə prioritetləri
sadiqlik, dostluq, bir-birinin fikrinə hörmətlə
yanaşmaq, uşaqlarının tərbiyəsində ortaq
fikirlərə sahib olmaq prinspinə söykənir… Ulu öndər
Heydər Əliyev böyük qürurla deyirdi: "Nigar
xanım öz həyat yoldaşı Rəsul Rza ilə birgə
Azərbaycan ədəbiyyatının inkişafında
xüsusi rol oynayıb. Məmnunam ki, onların
övladları, xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar valideynlərinin
işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
inkişafına öz xidmətlərini göstərir".
Eyni fikirləri Zemfira xanımın elmi, ölkənin ictimai həyatındakı
fəal iştirakı haqqında da demək olar. Zemfira
xanım həqiqətən gözəl insan, səmimi dost,
maraqlı həmsöhbətdir. Anar müəllimin,
sözün həqiqi mənasında, sirdaşı,
arxası, ona ilham verən xanımıdır".
Sonra
"Ardı yaşanılır" sənədli filmi təqdim
olundu. Kadrlar izləyiciləri ötüb-keçən
günlərin unudulmazlığına götürməkdəydi.
Bir yandan da bu şeir; Anarın sevimli Zemfiraya ünvanladığı
duyğulu misralar… Hər misra "mən səninləyəm,
mən burdayam" havası ötməkdəydi…
Kıpır-kıpır, sıx-sıx:
İl illərə
qalandı,
Sevgi,
intizar, kədər,
Sevinc, fərəh,
itkilər
Bir-birinə
calandı.
Bəs bu
qoca dünyada
Nələr
keçib gedəndi,
...Burda
bizdən nə qalar? -
Alnıaçıq
balalar,
Şirin-şirin
nəvələr,
Ağ vərəqlər
üstündə
Çəkdiyimiz
əzablar
Yazdığımız
kitablar,
Bir də
xatirələrdə
Yaşayacaq
eşqimiz -
Hərarətli,
pak, təmiz…
Təsəlli
tapırsan ki, bu iztirablı, nostalji yaşamı ifadə edən
fikirləri bitib-tükənməz, ümidli, "insanda insan
oyadan" deyimlər tamamlayır:
Hələ
axşam düşməyib,
Bu qaralan
qaş deyil.
Yaz
ötüb, yay bitsə də
Payız
hələ qış deyil.
Təqdim
olunan filmdə (elə bu şeirdə də) Anar müəllim
hələ də yazmadığı, özü də ən
sevimli əsəri olacaq ömür-gün yoldaşı
Zemfira xanımla birgə, üzbəüzdü - ilin dörd
fəslində də baharı və yazı olan könül həmdəmi
ilə… Ötüb keçən vaxt
ölçüsünün əqrəbləri onları
bir-birinə daha da yaxınlaşdırır, bir-birinə
köçürür, özlərini bir-birində daha
çox tapmağa hesablayır, "başlarını
yaşamağa qatır", onları bütün nəsillərin
yaşıdlarına çevirir.
Tənqidçi
Vaqif Yusifli "Anarı, onun ömür yolunu bir neçə
sözlə səciyyələndirməli olsaq, ilk
sözümüz "istedad" olacaq" yazır. "Bəs
son sözümüz?" - deyə sual etmək istəyirəm.
Yenə də Vaqif müəllimin fikirləri üzərinə
dönməli oluram: "Anarın ömür yolunu tam səciyyələndirən
istedad sözü ilə yanaşı şəxsiyyət
sözünü də bura qatıram. Anar şəxsiyyətdir".
Qələm dostum Azər Turanın "Abidə insan" deyə
dəyərləndirdiyi Anar ömrü əsl müdriklik
örnəyidir. Hər cür mənəmlikdən uzaq olan bu
görkəmli yazıçı təkcə vətəndaş,
qələm adamı, sənətkar və şəxsiyyət
kimi özünütəsdiq müstəvisində prinsipial,
güzəştsizdir.
Şəksizdir
ki, Anarın yanında olub, yalan danışmaq ayıb olan
işdi.
Şəksizdir
ki, Anarın yanında olub insanlıq və bəşəri dəyrələr
yolunda tarana getmək bir su içimidi.
Onun
yanında olub, müti, qorxaq böyümək olmaz. Bir
yazıçı olaraq onun üçün yenilik də, bədii
keyfiyyət də, ədəbiyyatın (və həyatın)
təsir gücü də mübarizələrdən ibarətdir.
Anarın
müxtəlif janrlarda qələmə aldığı əsərlər
birmənalı olaraq həmişə "ruhca, məsləkcə,
əqidəcə yeni yazılar olub; cəsarətdən
özü də vətəndaş cəsarətindən su
içən bu yazıların bətnində həqiqət
olub, inam və vicdan olub". Onun kitabları zaman-zaman
uzunmüddətli ünsiyyət, möhkəm dostluq, sədaqət,
mehribançılıq və qədirbilənlik vasitəsi
olaraq oxunub. Bu kitablar ehtiva etdikləri dəyərlər
baxımından başdan-başa xalqımıza, cəmiyyətə
və dövlətçiliyimizə səmimi məhəbbət
və hörmət hissindən yoğrulmuşdur.
Təqdim
edilən filmdə diqqətə
çatdırdığımız həqiqətlərdən
birbaşa söz açılmasa da, tamaşaçı
yaddaşında Anar müəllimin halal haqqı olan bu
etiraflar bütün ehtişamı ilə cövlan edir. Eyni
zamanda fərqinə varılırdı ki, onun vəfalı
ömür-gün yoldaşı, akademik Zemfira Səfərovanın
klassik musiqi dünyamızın, xüsusilə Səfiəddin
Urməvi, Əbunəsr Fərabi, Əbdülqadir Marağayi,
Mir Möhsün Nəvvab kimi ustadların
yaradıcılığından bəhs edən fundemental
araşdırmaları mədəniyyətimizin ən dəyərli
örnəklərindəndir.
Baş-başa
kamala yetən qoşa abidələrə dərin sevgi, minnətdarlıq
duyğusu ehtiva edir "Ardı yaşanılır" sənədli
filmi...
Ədəbiyyat qəzeti.- 2018.- 3
fevral.- S.8.