Unudulmayanlar

 

II yazı

 

Milli peşəkar teatrımızın inkişafında qüdrətli sənətkarlarla yanaşı, adları geniş oxucu kütləsinə az məlum olan fədailərin də xidmətləri çoxdur. Professor İlham Rəhimlinin bu sənətkarların yaradıcılığından qısaca bəhs edən silsiləsini təqdim edirik.

 

Səməd Mənsur

(1879-2.1.1927)

 

Şair və teatr xadimidir. Əsl soyadı Kazımzadədir. Bir sıra teatr proqram və afişalarında "Kazımov" da yazılıb. "Mənsur" onun təxəllüsüdür və "Bəsirət", "İqbal", "Tuti", "Səfa", "Molla Nəsrəddin" qəzet və jurnallarında satirik şeirləri, əsasən, Səməd Mənsur imzası ilə çap olunub. Bakıda çıxan "Şeypur" (5.10.1918 - 4.1.1919) jurnalının naşiri olub. Rus və fars dillərini gözəl bilib, ərəbcə sərbəst danışıb.

"Səfa" mədəni-maarif cəmiyyəti 1910-cu ildə yaradılıb. İki il sonra onun teatr bölməsi təşkil olunanda onun rəhbərlərindən biri Səməd Mənsur olub. Bu truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında, aksesuarın toplanmasında son dərəcə səmərəli işlər görüb. 15 noyabr 1913-cü ildə "Səfa" Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini Tağıyev teatrı binasında yubiley edəndə təntənənin əsas təşkilatçısı Səməd Mənsur olub. Yubiley gecəsi Cahangir Zeynalovun rejissorluğunda göstərilən "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər") tamaşasında tacir Hacı Salman rolunu oynayıb.

Səməd Hacı Əhməd oğlu Kazımzadə (bəzən Mənsurov da yazılıb) 1879-cu ildə Bakıda doğulub. Türk-rus məktəbində təhsil alıb. Ərəb və fars dillərini mükəmməl bildiyinə görə klassik Şərq poeziyasını ətraflı mütaliə edib. Bir müddət özü də müəllimlik edib və sonralar "Səfa" məktəbində də çalışıb. Həm Bakıda, həm də Şamaxı və Gəncə şəhərlərində qiraətxanalar açılmasında səmərəli işlər görüb.

Müəyyən vaxtlarda "Nicat" cəmiyyətinin truppasında və "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında da rollar oynayan Səməd Mənsurun təşkilatçılıq, inzibatçılıq və aktyorluq fəaliyyəti, əsasən, "Səfa" ilə bağlıdır. Onun "Səfa" mədəni-maarif cəmiyyətinin  teatr truppasında oynadığı əsas rollar: Karlos ("Qatili-Kərimə". Hacı İbrahim Qasımovun təbdili), Yerlamov və Baqration ("Napoleon müharibəsi və yaxud Moskva yanğını", K.Baxmetov), Musa İbn Nəsir, Tofiq ibn Tariq ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), Həsən ("Əl Mənsur", Henrix Heyne), Əsgər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Fəttah ağa ("Əhdə vəfa, yaxud arnaudlar", Şəmsəddin Sami), Abuzər Cumeyd ("Ənuşirəvani-adil", Əbdürrəsul Şərifzadə), Harun ər-Rəşid ("Bir saatlıq xəlifə", Abdulla Şaiq). Rzaqulu bəy və Hənqulu bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Xəlil bəy ("Bəxtsiz cavan", Namiq Kamal).

Səməd Mənsurun "Köhnə və təzə il", "Aktyor", "Dərviş" pyesləri müxtəlif truppalarda, Bakı Azad Türk Tənqid və Təbliğ Teatrında tamaşaya qoyulub. Səməd Mənsur Şəmsəddin Saminin "Dəmirçi Gavə", "Əhdə vəfa, yaxud arnaudlar" dramlarını Azərbaycan türkcəsinə çevirib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda müxtəlif təsərrüfat işlərində çalışıb. Əsasən isə Azərbaycan Sovet Sosialist Respublikası (ASSR) Plan Komitəsində şöbə müdiri işləyib. Səməd Mənsur 2 yanvar 1927-ci ildə Bakıda vəfat edib.

Teatr xadimi Səməd Mənsur Kazımzadənin oğlu Tofiq (Əhməd Tofiq) Kazımov (1923 - 1980) milli səhnə sənətimizin ən görkəmli rejissorlarından idi. Onun yaradıcılığı, əsasən Akademik Milli Dram Teatrı ilə bağlı olub və 1964-cü ildən ömrünün sonunadək bu kollektivə rejissorluq edib.

 

Ələkbər Süheyli

 

(1879-26.2.1927)

 

Azərbaycan milli teatrının peşəkarlıq istiqamətində formalaşmağa doğru inkişafında xüsusi xidmətləri var. "Süheyli" Ələkbər Fərəculla oğlu Əliyevin səhnə təxəllüsüdür. Yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq da etmişdir. Xüsusilə məşqlərin  səmərəli təşkilinə, tamaşaların gedişatına, truppanın cəm olmasına məsul olan rejissor müavini kimi işlədiyi truppalarda yüksək peşəkarlığı, səmimiyyəti və tələbkarlığı ilə hörmət qazanmışdır.

Ələkbər Süheyli 1879-cu ildə Bakıda doğulub. Atası Fərəculla kişi tacir olub, elmə, maarifə və mədəniyyətə maraq göstərib. Oğlu 7 yaşına çatanda xüsusi müəllimlər tutub və onlar Ələkbərə rus, fars və ərəb dillərini öyrədiblər. Atasının bir məqsədi də o idi ki, Ələkbər dilləri mükəmməl öyrənib şöhrətli tacir olsun. İti yaddaşı və xüsusi dilöyrənmə qabiliyyətinə görə müəllimlərinin verdiyi dərsləri mükəmməl qavrayıb. Ana dilindən əlavə üç dildə də səlis danışmağa yeniyetmə yaşlarında yiyələnmiş Ələkbəri atası özü ilə bərabər xarici ölkələrə ticari səfərlərə aparıb. Bakının məşhur tacirlərinin bir qrupu Rusiya, İran, Orta Asiya, Misir və müxtəlif ərəb ölkələri ilə məktublaşmanı məhz Ələkbər Süheyli vasitəsilə aparırdılar. Ələkbər Süheyli səfərləri başa vurub Bakıya qayıtdığı vaxtlarda imkan düşəndə həvəskar aktyorların göstərdikləri tamaşalara maraqla baxardı. 1905-ci ilin sonlarında "Müsəlman (Azərbaycan - İ.R.) dram artistləri cəmiyyəti" truppasının məşqlərində adi həvəskar kimi iştirak etməyə başlayıb. 1906-cı ildə isə bu  truppaya üzv yazılıb. Elə bu il Bakıda "Nicat" mədəni-maarif cəmiyyəti yaranıb və onun teatr dəstəsinə üzv keçənlərdən biri də Ələkbər Süheyli olub. Sonralar "Səfa" və "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti" truppalarının tamaşalarında da çıxış edib. Milli Dram Teatrında və Bakı Türk İşçi Teatrında da işləyib.

Ələkbər Süheylinin 1906-cı ildən 1923-cü ilin sentyabr ayına qədər müxtəlif truppalarda və dövlət teatrında oynadığı əsas rollar: Mirzə Fətəli Axundzadənin komediyalarında Ohan yüzbaşı, Makar və Əsgər bəy ("Hacı Qara"), Xacə Məsud və Üçüncü şikayətçi ("Lənkəran xanının vəziri"), Əbdürrəhim bəy Haqverdiyevin dram və faciələrində Səlim bəy ("Dağılan tifaq"), Vəli bəy ("Millət dostları"), Çoban  ("Pəri Cadu"), eləcə də Bəkir ("Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov), Hacı Həsən ağa, Müsafir və Müəllim Mirzə Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Məmmədbağır ("Axşam səbri xeyir olar", Sultan Məcid Qənizadə), Mosul paşa ("Bakı müharibəsi", Cəfər Cabbarlı), Şeyx Mərvan ("Şeyx Sənan", Hüseyn Cavid), Adolf ("Qatili Kərimə", Hacı İbrahim Qasımovun təbdili), Veys ("Yezid ibn Müaviyyə", Mehdi bəy Hacınski), Məhiz və Tarif ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), Əşrəf ("Tamahkarlıq, yaxud cavanlar məişəti", Əhməd Qəmərli), Pişxidmət ("Ərmənusə", yaxud "Fəthi Misir", Yusif Talıbzadə), Molla və Ərsin, Allahqulu və Hacı Əli ("Kəndxuda" və "Molla Cəbi", Mirmahmud Kazımovski və David Slavinski), Qubad ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Venetsiya doju və Lodoviqo ("Otello", Uilyam Şekspir), Svistinov ("Müfəttiş", Nikolay Qoqol), Süleyman paşa ("Akif bəy", Namiq Kamal), Qalabəyi və Saleh bəy ("Qəzavat" S. Lanskoy), Şah Ömər ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Xaço ("Qaçaq Kərəm", Vano Mçedaşvili),  Məşədi Ramazan ("Arşın malı", Əhməd Qəmərli), Tacir və Ərzaq məmuru ("Tufan", Vladimir Bill-Beloserkovski), Pastor ("Şöhrət silahları", Yurin), Komarov ("1881-ci ildə" Nikolay Şapovalenko).

Ələkbər Süheyli milli aktrisalarımızın olmadığı illərdə səhnəyə qadın rollarında çıxıb. Daha yaxşı qadın rolları: Cahan xala ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyli), Sona xanım və Hafizə xanım ("Dağılan tifaq" və "Pəri Cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hürzad ("Evliykən subay", Zülfüqar bəy Hacıbəyli), Çərkəz xanım ("Kəndxuda", Mirmahmud Kazımovski və David Slavinski) və Tuba ("Zorən təbib", Jan Batist Molyer).

Yaradıcılıq ehtirası coşub-daşan, qəlbi səhnə ehtirası ilə çırpınan Ələkbər Süheyli 26 fevral 1927-ci ildə yanvar və fevral aylarında teatrda "Ölülər" tamaşasında Hacı  Həsən ağa rolunu  ilhamla oynayıb. Daha sonra isə qəflətən dünyasını dəyişib. 

 

Mehdi bəy Hacınski

 

(may, 1879-iyun, 1941)

 

Teatr xadimi, aktyor, publisist, dramaturq və tərcüməçi kimi səmərəli fəaliyyət göstərib. Əsl soyadı Hacıbababəyovdur. Mehdi bəy Süleyman oğlu 1879-cu ildə Qubada doğulub və ilk təhsilini də orada alıb. Əvvəlcə mədrəsədə oxuyan Mehdi sonra təhsilini türk-rus realnı məktəbində davam etdirib. Rus və fars  dillərini mükəmməl öyrənib. Yeniyetmə yaşlarından Bakıya köçüb. Səhnəyə ilk dəfə 1897-ci ildə Bakıda Tağıyev teatrında oynanılan Nəriman Nərimanovun "Nadanlıq" pyesinin tamaşasında Vəli rolunda çıxıb.

1901-ci ildə Bakıda yaradılan "Müsəlman dram teatrı dəstəsi"nin üzvü olub. 1906-cı ildə "Nicat" mədəni-maarif cəmiyyəti nəzdində teatr truppasını təşkil edənlərdən biri də Mehdi bəy Hacınski idi. O, xeyli müddət bu cəmiyyətin idarə heyətində çalışıb. "Nicat" Azərbaycanda ilk dəfə aktyora yubiley keçirib. Görkəmli gülüş ustası, milli realist teatr məktəbimizin banisi Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illiyi yubileyini keçirən (11 noyabr 1910-cu il. Tağıyev teatrının binasında) komissiyanın sədrliyi Mehdi bəyə tapşırılmışdı. O, məşhur aktyorun yaradıcılığını hərtərəfli işıqlandıran məqalələrlə mətbuatda çıxış etmişdir.

Mehdi bəy Hacınski 1912-ci ildə "Səfa" cəmiyyətində teatr dəstəsinə  sədrlik edən Cahangir Zeynalovun  müavini olmuşdur. Truppanın aktyorlarının maaşla təmin olunmasında, truppada aksesuar yaradılmasında, repertuar qurulmasında dəyərli işlər görmüşdür.Publisist kimi də fəal çalışmışdır. O, həm ictimai-sosial problemlərə, həm mənəvi-əxlaqi məsələlərə, həm də mədəniyyətə, xüsusən teatra aid oçerklər, silsilə məqalələr yazmış, satirik lövhələr, felyetonlar qələmə almışdır. Yazıları "M.B.H-ski", "Estet", "Dəmdəməki", "Ürfüzadə" imzaları ilə "Tərcüman", "Kaspi", "Molla Nəsrəddin", "Zənbur" qəzet və jurnallarında çap olunurdu. Rus dilində  savadlı  qələmli olduğuna görə 1914 - 1915-ci illərdə Moskvada çıxan "Rampa və həyat" ("Rampa i jizn") jurnalının Azərbaycan üzrə xüsusi müxbiri seçilib.

Mirzə Ələkbər Sabirlə yaxın dost olan Mehdi bəy Hacınski onun külliyyatının toplanıb  nəşr edilməsində səylə çalışmışdır. O, 1920 - 1930-cu illərdə Naxçıvanda Dövlət  qulluğunda  olmuş, Tiflisdə "Dan ulduzu" jurnalında, "Yeni fikir", "Yeni kənd" qəzetlərində əməkdaşlıq etmişdir. Mehdi bəy Hacınski 1921 - 1922-ci illərdə Naxçıvanda ərzaq komissarı işləyəndə buradakı teatra yaradıcılıq və maddi təminat baxımından böyük köməkliklər göstərib. Onun rəhbərliyi ilə özünün tərcümə etdiyi Nikolay Qoqolun "Evlənmə" komediyası tamaşaya qoyulub. Teatrda Hacınskinin təşkilatçılığı ilə keçirilən konsert və müsamirələrdə teatr xadiminin satirik lövhələri və meyxanaları da səsləndirilib.

İfa etdiyi əsas rollar: Zöhhak və Yəzd ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Nadir şah ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Frans Moor və Karl Moor ("Qaçaqlar", Fridrix Şiller), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol), Tahir ("Cövdət bəy", Məhəmməd Ehsan), İrakli ("Xalid ibn Valid və yaxud Suriyanın fəthi", Yusif Talıbzadə), Səməd ("Yaman qardaş", Rza Zaki Şəmçizadə), Qulam ("Yezid ibn Müaviyə", Mehdi bəy Hacınski), Don Çimanos ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), Saib ("Ənuşirəvani adil", Əbdürrəsul  Şərifzadə), Şeyx Feyzulla ("Bir saatlıq xəlifə", Abdulla Şaiq), Hacı Kərim ("Ölülər", Cəlil Məmmədquluzadə), Hacı Qurban ("Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov), Əbdül Həmid ("Əbdülhəmidin xəli", Rza Zaki Lətifbəyov), Haris ("Trablis müharibəsi", Cəfər Cabbarlı), Hacı Saleh ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Güloğlan ("Aşıq Qərib", Zülfüqar Hacıbəyli), Yoldaş Əli və Birinci hakim ("Kəndxuda", Mirmahmud Kazımovski), Həsənqulu bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli). Əbdürrəhim  bəy Haqverdiyevin faciələrində Bayram, İmamverdi və Məşədi Cəfər ("Dağılan tifaq"), İkinci İrakli ("Ağa Məhəmməd şah Qacar"), Rəhim ("Pəri cadu").

"Yezid ibn Müaviyə" (Cürci Zeydanın romanı əsasında), "Sultan Əbdüləzizin xəlipyes və təbdilinin müəllifidir. Henrix Heynenin "Əl Mənsur", Fridrix Şillerin "Qaçaqlar", Denis Fonvizinin "Nadan övlad", Nikolay Qoqolun  "Evlənmə", Nadejda Loxmanovanın "Napoleonun vəfatı" ("İmperator Napoleonun Sent Helen cəzirəsində vəfatı") dramlarını Azərbaycan dilinə tərcümə etmişdir.

 

Mehdi bəy Hacınski 1941-ci ilin iyun ayında Bakıda vəfat edib.

 

İlham Rəhimli

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.10-11.