Bəkir Nəbiyev
yeni araşdırma müstəvisində
Tanınmış ədəbiyyatşünas alim Esmira Fuada açıq məktub
Hörmətli
Esmira xanım!
Altmış
ilə yaxın ədəbi prosesin gedişatında söz
sahibi olan, klassik ədəbi irsə, ədəbi tənqidə,
ədəbi əlaqələrə, poeziyada sənətkarlıq
xüsusiyyətlərinə ömür həsr edən,
ictimaiyyət arasında nümunəvi ziyalı kimi
tanınan, görkəmli alimimiz, akademik Bəkir Nəbiyev
haqqında əsər yazmaq şərəfli, sərəfli
olduğu qədər də məsuliyyətli işdir. Axı
Bəkir müəllim sıradan alim, sıradan ziyalı
deyildir. Odur ki, yeni ilin istirahət günlərini "Bəkirnamə"
əsərinizi oxumağa həsr etdim. Əsərin dili rəvan,
fikirlər düşündürücüdür.
Akademik
İsa Həbibbəylinin kitabınıza yazdığı
"Ədəbi tənqid ağırlıqlı ədəbiyyatşünaslıq
irsi" adlı sanballı "Ön söz"ü əsərinizin
dəyərini daha da artırır, kitabınıza
işıq tutur.
Əsərinizdə
məni ən çox sevindirən Bəkir müəllimə
bir şəxsiyyət və ziyalı kimi məhəbbətiniz,
böyük alimin yaradıcılığına
vurğunluğunuz oldu. Əsərin belə maraqlı
çıxmasında Bəkir müəllimlə
çoxsaylı görüşləriniz, açıq və
səmimi söhbətləriniz də az rol oynamayıb.
Kitabınızı
maraqlı edən amillərdən biri də yeri gəldikcə
görkəmli yazıçı və alimlərimizin Bəkir
Nəbiyev haqqında fikirlərini oxuculara təqdim etməyinizdir.
Xalq şairi və yazıçılarından Bəxtiyar
Vahabzadə, Hüseyn Abbaszadə, Nəbi Xəzri, Anar,
akademik Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov,
Kamal Abdulla, Teymur Kərimli və başqalarının fikirləri
kitabınızın sanbalını daha da artırır.
Kitabınızda
ibrət götürüləcək məsələlər
çoxdur. Bu isə kitabınızı daha da oxunaqlı
edir. Böyük bir elm ocağının görə biləcəyi
işləri təkbaşına görən Bəkir müəllimin
yerinə başqa birisi olsaydı, bəlkə də ədası
yerə-göyə sığmazdı. Lakin o, həsəd
aparılacaq sadə bir insan idi.
Hamı
bilir ki, Bəkir müəllim xalq şairi Qabillə dostluq
edirdi. Qabilin ikicə sətri çox mətləblərdən
xəbər verir:
Kim
özünü dartır, çəkir-
Qoy
yadına düşsün Bəkir.
Xalq
şairi Bəxtiyar Vahabzadə də Bəkir müəllimin
sadəliyindən, təvazökarlığından söhbət
açır və alimin bu baxımdan bir nümunə məktəbinə
çevrildiyinə əsas verən, dərin mənası olan
bir misalla təsdiqləyir.
Sokratdan
soruşdular: - Səncə, ən böyük adam kimdir?
Dedi: -
Özü haqda kiçik fikirdə olan adam.
Dedilər:
- Bəs ən kiçik adam kimdir?
Dedi: -
Özü haqda böyük fikirdə olan adam.
Bəxtiyar
müəllimin böyük məmnunluqla fikirlərinə
istinad etdiyi Sokrat Yeni eradan əvvəl yaşasa da, təlimləri,
mülahizələri bu gün də yaşayır.
Yaradıcı adam dünyasını dəyişir, əsərləri,
ideyaları qalır. Necə ki, Bəkir müəllimin
böyük məhəbbətlə söz
açdığı müəllimlərinin əsərlərindən
bəhrələnirik, eləcə də gələcək nəsillər
bu böyük alimin ədəbi irsindən bəhrələnəcəklər.
Esmira
xanım, Bəkir müəllimin acılı-şirinli,
keşməkeşli uşaqlıq və gənclik illərini
yaxşı qələmə alıbsınız. Lakin onun
doğulduğu ailə din xadimləri ailəsi olduğuna
görə çox zülmlər çəkib - fikrinizlə
(səh.233) heç cür razılaşmaq olmaz. Məgər
başqalarını, heç bir günahı olmayan yazıçı,
şair, alim, incəsənət adamlarını tutub
sürgünə göndərmirdilərmi, güllələmirdilərmi?
Şübhəm
yoxdur ki, "Yuxu" filmini görübsünüz. Nənəsinin
himayəsində böyüyən yetim oğlan - Əlabbas
yuxusunda görür ki, polis rəisinin qızını
götürüb qaçıb. Yuxuya görə
Əlabbasın başına nələr gəlmir. Bu, filmdir,
özü də çox sevimli aktyorlarımız Nəsibə
Zeynalova, Səyavuş Aslan və Yaşar Nurinin baş rollarda
oynadığı çox maraqlı film. Bu, real həyatda da
baş verib.
Professor
Yavuz Axundlu "Ədəbi estafetlərdə yaşanan
ömür" adlı memuar əsərində kəndlərində
yaşayan qoca bir kişidən söhbət açır. Qoca
yuxuda görür ki, Arazı üzüb Güney Azərbaycana
keçib. Allah xeyir eləsin deyərək, yuxusunu arvadına
danışır. O isə ehtiyatsızlıq edərək
qonşuya danışır, qonşu da kimlərəsə.
Qocanı tutub doqquz il iş verirlər. Vaxt elə idi.
Xalq
yazıçısı Anarın Rəfael Hüseynovun
"Vaxtda uca" əsərindən
danışırsınız. Anar yazır: "Vaxtla baxt
arasında bir asılılıq var. Adamın baxtı bir də
onda gətirir ki, bu dünyaya münasib bir vaxtda gəlir".
Esmira xanım,
bir çox hallarda baxt vaxtı üstələyir.
Doğrudur, Bəkir müəllim ağır vaxtda dünyaya
gəlmişdi. Bir yandan qan içməkdən doymayan sovet
sistemi, bir yandan da Böyük Vətən müharibəsi.
Bununla belə, Bəkir müəllim bəxtli adam idi. Burada
demək yerinə düşür: "Bir yandan bağlayan fələk,
bir yandan açar".
Yaradan Bəkir
müəllimə elə bir istedad vermişdi ki, o qabiliyyətlə
o, bütün maneələri yarıb keçə bilərdi,
keçdi də. Hələ 2-ci kursda oxuyanda mərkəzi qəzetlərdə
məqalələri çap olunmağa
başlamışdı. O vaxt hər adamın yazısı
"Ədəbiyyat qəzeti"ndə dərc oluna bilməzdi.
İkinci kurs tələbəsi Bəkir Nəbiyevin məqaləsinin
bu qəzetdə çıxması ədəbiyyatımıza
istedadlı bir gəncin gəlişindən xəbər
verirdi.
Bəkir
müəllimin bəxti bir də onda gətirmişdi ki, tələbəlik
illərində "hörmət və məhəbbət
obyekti, ümid istinadgahı olan" (Ağamusa Axundov) Məmməd
Arif, Feyzulla Qasımzadə, Mir Cəlal, Cəfər Xəndan,
Əli Sultanlı, Muxtar Hüseynzadə kimi müəllimləri
olmuşdur. Onlar Bəkir müəllimi nəinki ümidsizliyə
qapılmaqdan qoruyur, həm də arxa olurdular. 1954-cü ildə
"Xalq düşməninin oğlu" - Bəkir Nəbiyev
fitri istedadı və müəllimlərinin səyi ilə
ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə
bitirib.
Esmira
xanım, akademik Bəkir Nəbiyevin həyat və
çoxşaxəli elmi-ictimai fəaliyyətini tam əhatə
edən kitabınızda verdiyiniz: "Ehtiyac həyatın
müəllimidir", "Bir alim ömrünün səhifələri",
"Elmə aparan çətin yollar", "O bir
bağbandır ki, yetirmələri...", "Əsl dost
Tanrı ərməğanıdır", "Təbrizin
küçələri dolanbadolan", "Kəbə ziyarətində",
"İki cahan şairi Nəsiminin ziyarətində",
"Okeanın o tayında: yaxın-uzaq Amerika", "Bu
gün də o bizim üçün bir mayakdır" və
s. başlıqlar kitab haqqında tam təsəvvür yaratsa
da, əsərinizi oxuyanda dərin mətləblərdən
hali oluruq. Məsələn, indinin özündə belə
aktuallığını itirməyən erməni
riyakarlığından söz açırsınız.
Söhbət bir çox dillərə tərcümə edilən
məşhur "Qabusnamə"nin Azərbaycan tərcüməsinin
keçmiş ümumittifaq miqyasda oyatdığı ajiotajdan
gedir. Ermənilər bəyan edirdilər ki, guya "Qabusnamə"nin
Azərbaycan tərcüməsinə "erməni"
sözü əlavə olunub.
Məlumdur
ki, "Qabusnamə" Gilan hökmdarı Keykavusun gələcəkdə
taxt-tac sahibi kimi görmək istədiyi oğluna nəsihət
və məsləhətlərdən ibarət bir əsərdir.
Kitabın
23-cü fəslində Keykavus oğluna müxtəlif
xalqların nümayəndələri ilə münasibətdə
hansı mövqedə durmağı, yaxşını pisdən ayırmağı
tövsiyə edir. Eyni zamanda türk, yunan, çinli, hindli və
s. millətlərlə yanaşı, ermənilər
haqqında da öz qənaətlərini bildirir. Ermənilərdən
söz açarkən ata deyir: "Onların eybi... bəd
fel, kündədaban, oğru, başqalarını gözü
götürməyən, əmrə baxmayan, yersiz hay-küy
salan, vəfasız, riyakar, söyüş xoşlayan, ürəyi
xıltlı, ağasına düşmən
olmalarıdır. Ümumiyyətlə, onlar - ermənilər
başdan-ayağa müsbətdən çox mənfiyə
yaxındırlar".
Hər
hansı bir problem çıxanda yuxarılar ilkin olaraq Mirzə
müəllimə müraciət edir, ondan cavab gözləyirdilər.
Odur ki, Mirzə müəllim Bəkir müəllimdən
xahiş edir ki, Mərkəzə arayış hazırlamaq
üçün bu işlə ciddi məşğul olsun.
Bəkir
müəllim professorlar Rəhim Sultanov və Mirəli
Seyidovun köməyi ilə "Qabusnamə" ilə
bağlı materialları toplayır. Məlum olur ki, tərcümə
orijinalla üst-üstə düşür.
Erməni
dilini mükəmməl bilən Mirəli Seyidov göstərir
ki, "Qobusnamə"nin erməni tərcümələrində
onların eybəcərlikləri haqqında deyilənlər
yerli-dibli ixtisar edilmişdir.
Bəkir
müəllim görkəmli sovet şərqşünası
Y.E.Bertelsin rus dilinə çevirərək 1953-cü ildə
SSRİ Elmlər Akademiyasının nəşriyyatında və
1958-ci ildə "Şərq" nəşriyyatında
çap olunan "Qabusnamə"nin Bertelsin istedadlı tələbəsi
professor Azadə Rüstəmova ilə birgə
araşdırır. Məlum
olur ki, "Qabusnamə"nin 1953-cü il nəşrində
ermənilərin ciddi təzyiqi altında həmin hissə əsas
mətndən çıxarılsa da, Bertels mətni izahlar və
şərhlər bölümündə kiçik şriftlərlə
verə bilmişdir. Lakin Bertelsin ölümündən
(1957-ci il) bircə il sonra - 1958-ci ildə əsəri tez-tələsik
"Şərq" mətbəəsində çap edərək
ermənilərlə bağlı hissəni oradan da
çıxararaq müdrik Keykavusu aşağılayan belə
bir qeyd vermişdilər: "Keykavusun müxtəlif xalqlara məxsus
qullar (fikir verin, xalqlar yox, qullar - Q.P.) haqqında
sadaladığı qüsurlar (mənfiliklər) son dərəcə
kobuddur və buna görə də onlar hazırkı nəşrə
salınmamışdır".
Onu da demək
lazımdır ki, xalq yazıçısı, akademik Mirzə
İbrahimov və EA müxbir üzvü Bəkir Nəbiyevin
hazırladığı arayış Mərkəzə -
Moskvaya müvafiq ünvana göndəriləndə, necə
deyərlər, bomba kimi partlamış və ermənilər
növbəti dəfə ifşa olunmuşdular.
Burada
Bertelslə bağlı bir nisgilimi oxucularla paylaşmaq istərdim.
Azərbaycan Sovet Ensiklopediyasında (II cild, s.122) alim
haqqında gözəl məlumat var: "Bertels SSRİ-də
nizamişünaslığın banilərindəndir.
"Böyük Azərbaycan şairi Nizami" (Bakı,
1958), "Nizami və Füzuli" (Bakı, 1962)
kitablarının müəllifidir. Bertelsin şəxsi
kitabxanası Azərbaycan SSR Elmlər Akademiyasının
Əsaslı kitabxanasına verilmişdir. Ensiklopediyada, eləcə
də oxuyuruq: "Y.E.Bertels - sovet şərqşünası,
SSRİ EA müxbir üzvü (1939), Türkmənistan SSR EA
(1951), Özbəkistan SSR EA (1956) fəxri üzvü, Özbəkistan
SSR (1944) və Tacikistan SSR (1946) əməkdar elm xadimi,
İran EA (1944) və Ərəb EA (Dəməşq)
müxbir üzvü (1955) seçilib.
Göründüyü
kimi, ədəbiyyatımıza müstəsna xidmətlər
göstərən bu görkəmli alimə Azərbaycanda qədirşünaslıq
payı düşməmişdir. Nə yaxşı ki, Moskvada
yaşayıb-yaradan azərbaycanlı alim Abuzər
Bağırov "Y.E.Bertels və Azərbaycan ədəbiyyatı"
monoqrafiyası (Bakı, "Elm", 2007) ilə alimin ruhunu
şad etmişdir".
Esmira
xanım, əsərinizdə Bəkir müəllimin
ensiklopedik bilik sahibi, dünya şöhrətli azərbaycanlı
alim Nəsirəddin Tusinin yaradıcılığından,
"Əxlaqi-Nasiri" kitabından şeir dünyasından
bəhs edən tədqiqatlarından bəhs edirsiniz. Bəkir
müəllimin Tusinin poetik irsinin tam halda toplanması və tədqiqi
məsələsini şərqşünas alimlər
qarşısında bir vəzifə olaraq qoyduğunu
xüsusi vurğulayırsınız. Ona görə ki, Bəkir
müəllim Tusinin poeziyasının qüdrətini və
ibrətamizliyini dərindən dərk edirdi:
Çoxları
dünyada çox şey etdilər,
"Kəşf
etdim" deyərək səs yüksəltdilər.
Dolaşıq
bir düyün rast gələn kimi,
Ona bir
düyün də vurub getdilər.
Esmira
xanım, son illərə qədər Tusinin məqbərə
və türbəsinin yeri biz azərbaycanlılara məlum
deyildi. Ərəblərin Nəsirəddin Tusiyə laqeyd
münasibəti Tusinin məqbərəsinin yerinin
açıqlanmaması onunla bağlı olmuşdur ki, 1258-ci
ildə Hülakü xan Bağdadı tutaraq Abbasilər xilafətinə
son qoyanda, Nəsirəddin Tusi onun məsləhətçisi
olub. Professor Ağababa Rzayevin tarixi faktlara söykənən
kitabında göstərdiyi kimi, Bağdada hücum etməyi
Hülakü xana o, məsləhət görübmüş.
Alimin məqbərəsi Bağdadda imam Museyi Kazımın məqbərəsi
ilə yanaşıdır. Onun sağ tərəfində əsrlər
boyu qadınların ibadət etdiyi cinahdadır. 2001-ci ilin may
ayında Bəkir müəllim, İsrafil İsrafilov,
Ağalar Mirzə, Sirus Abbasbəyli və oğlum Muradla
müqəddəs yerləri ziyarətə gedəndə,
böyük çətinliklə də olsa (maddi maraq köməyimizə
çatdı) Bəkir müəllimlə mənə alimin məqbərəsini
ziyarət etmək və önündə şəkil çəkdirmək
qismət oldu. Sevincimizin həddi-hüdudu yox idi. Bu barədə
"Ədəbiyyat qəzeti"ndə (18.05.2001) şəklimizlə
birgə yazım da çıxdı.
Esmira
xanım, kitabınızda Bəkir müəllimin yetirmələrini
yada salmağınız təqdirəlayiqdir. İndi
onların çoxu elmlər doktoru, professordur. Gülər
Abdullabəyova, (rəhmətlik Vaqif Arzumanlı), Cavanşir
Əliyev, Salidə Şərifova, Elmira Rəhimova, Sara
Osmanlı və başqaları Bəkir müəllimin yolunu
layiqincə davam etdirir, ədəbiyyatımıza usanmadan xidmət
göstərirlər. Alimin şəxsiyyəti və elmi fəaliyyəti
barədə yetirmələrindən Teymur Kərimli
"Gözəllərin axıra qalmışı", Vaqif
Arzumanlı "Ustad" və Məhəmmədəli
Mustafayev "Ədəbiyyatşünaslığımızın
xan çinarı" adlı maraqlı əsərlər
yazmışlar.
Teymur Kərimlinin
əsərinin adı oxucular üçün qəribə
görünə bilər. Bu simvolik ad Şəhriyarın
atasına həsr etdiyi şeirindən iqtibasdır:
Mənim
atam süfrəli bir kişiydi.
El əlindən
tutmaq onun işiydi.
Gözəllərin
axıra qalmışıydı,
Ondan sonra
dönərgələr döndülər,
Məhəbbətin
çıraqları söndülər.
Onu da
deyim ki, Teymur Kərimli həm alim, həm də şairdir. Bəkir
müəllimin 80 illik yubileyində onun Ağdaşda bədahətən
dediyi bir bəndi qeyd dəftərinə
köçürmüşdüm:
Könül
arzulara çatmış kimidir,
Dünyanın
fitnəsi yatmış kimidir.
Bir az səksənərdim
"səksən" sözündən
Şükür
ki, səksən də altmış kimidir.
Esmira
xanım, Bəkir müəllimin qürbət ellərə səyahətlərinin,
gəzib-gördüklərinin, qələmə
aldıqlarının hər biri ayrıca əsərin
mövzusudur: "Kəbə ziyarəti", "Təbrizin
küçələri dolanbadolan", "Sokrat və
Əflatunun vətəni qədim Yunanıstanda",
"Şərqin möcüzəsi: Çin Xalq
Respublikasında", "Okeanın o tayında: Yaxın-uzaq
Amerika" və "İki cahan şairi Nəsiminin ziyarətində"
belələrindəndir.
Bu zəngin
səyahətlər barədə Bəkir müəllimin
yazıları da çıxıb, siz də ətraflı
söz açmısınız. Lakin təəssüf edirəm
ki, alimin "Nəsimi kəlamının
işığında" kitabına (Bakı,
"Qarabağ" nəşriyyatı, 2009, 176 səh.) az
diqqət yetirmisiniz.
Əgər
Bəkir müəllimin kitabına və mənim ön
sözümə diqqət yetirsəydiniz, görərdiniz ki,
Suriya Milli Ensiklopediyasında göstərilib ki, ermənilər
Azərbaycana İran və Türkiyədən
köçüb gəliblər. Biz bilirdik ki, suriyalı alimlər
Nəsimi ilə bağlı müəyyən tədqiqatlar
aparıb, məqalələr yazmışlar. lakin Suriyada
akademik Bəkir Nəbiyevə bağışlanan
Əbdülfəttah Rəvvas Qələçinin "Hələb
yaqutu İmadəddin Nəsimi: həyatı (771-820 h.),
poeziyası və fəlsəfi fikirləri" kitabı elm
aləmimiz üçün yenilikdir (Yeri gəlmişkən
deyim ki, Bəkir müəllim həmin kitabı tədqiq etmək
üçün ərəbşünas alimimiz, professor
İmamverdi Həmidova verdi). Mənim ön sözümdə
onu da oxuya bilərdiniz ki, Suriya Milli Ensiklopediyası
prezidentinin müavini, professor Nəbil əl-Həffarın məlumatına
görə 2006-cı ildə Əbdülfəttah Qələçinin həmin əsəri
"Şərafətli hökmdar" adı ilə səhnələşdirilərək
Hələbdə tamaşaya qoyulub. Bunlar Suriyada dahi
şairimizə məhəbbətdən söz açan, tarixə
keçəcək əhəmiyyətli məsələlərdir
ki, akademikin elmi-publisistik əsərinin dəyərini daha da
artırır.
Esmira
xanım, əsərinizdə indi ədəbi prosesdə
gündəmdə olan çox incə bir mətləbə də
toxunursunuz. Yazırsınız ki, Bəkir müəllimin
modernizm və postmodernizm məsələsində öz
mövqeyi vardı. Həqiqətən də Bəkir müəllim
modernizm və postmodernizm ədəbiyyatının mübahisəli
olduğunu, bu istilahların məqbul
sayılmadığını gündəmə gətirirdi:
"Deyirlər ki, postmodernizm ədəbiyyatdır, bizim
yaratdığımız ədəbiyyat. Yəni modernimzdən
sonrakı ən yeni ədəbiyyat".
Yeni ədəbiyyat,
yenilikçi ədəbiyyat, yəni novator ədəbiyyat
var. Hər bir ədəbiyyatçının borcudur ki, təhlilini
apardığı əsərin, ədibin yeniliyinin nədə
olduğunu aşkar edib qiymətləndirsin. Bundan ötrü
uydurma terminləri ağına-bozuna baxmadan işlətmək
yersiz görünür" - deyirdi.
Yeri gəlmişkən
ərəb aləmində novator poeziya "neoklassik
poeziya" adlanır. Bununla da yeni ədəbiyyatın
göydəndüşmə olmadığını, klassik ənənələr
üzərində bərqərar olduğunu göstərirlər.
Son 50 ildə
ədəbi prosesin qaynar nöqtəsində qələm
çalan, onun gedişatına cavabdeh olan şəxslərdən
biri kimi, Bəkir müəllim qeyd edirdi ki, hətta sərbəst
şeir məktəbinin banisi Rəsul Rzanın
yaradıcılığı da klassik ənənədən
qaynaqlanır.
Kim bilmir
ki, əsərləri ilə Azərbaycanda postmodernizmin
yaradıcılarından biri Kamal Abdullanın postmodernizmi
şifahi və yazılı ədəbiyyatımızın
başlanğıcı, tükənməz enerji mənbəyi
"Kitabi-Dədə Qorqud"dan qaynaqlanıb.
Esmira
xanım, mənə görə kitabınızın ən
uğurlu fəsillərindən biri də Bəkir müəllimin
ömür-gün yoldaşı Ədalət xanımla,
oğlu Sadıqla, qızı Leyla xanımla, kürəkəni
professor Nazim İmanovla üzbəüz söhbətlərinizi
əhatə edən hissəsidir. Bəkir müəllimin bir
şəxsiyyət və görkəmli alim kimi portretini o
söhbətlərdən də əxz etmək olur. Burada həyat
həqiqətləri qabarıq şəkildə
özünü göstərir.
Ədalət
xanımın dediklərindən: Bəkir halal adam idi. Hələ
orta məktəbdə oxuyanda həm də işləyirdi. Bir
gün vacib bir işi yoluna qoymaq üçün
atasının zərgər dostunun yanına gedib borc istəyir.
Zərgər üstündə oturduğu döşəkçəni
qaldırır, orada olan pulu göstərib "nə qədər
lazımdır, götür" - deyir. Vaxt keçir, gənc
Bəkir borcunu qaytarmağa gəlir. Zərgər döşəkçəni
qaldırıb "Qoy ora!" - deyir. "Bəs
saymırsınız?", - soruşanda "Verəndə
saymışdım ki, alanda da sayım? Sən elə bir halal
kişinin oğlusan ki..." deyir.
Bəkir
müəllim halallığın nə olduğunu və dəyərini
o vaxtdan dərk edib.
Alimin
kürəkəni Nazim İmanov təsadüfi demirdi:
"Bəkir
müəllim halal adam idi. Mənim anlamımda müsəlmanlıq
Həcc ziyarətinə neçə dəfə getməklə,
gün ərzində neçə rükət namaz qılmaqla
ölçülməz. Gerçək müsəlmanlığın
birinci şərti halallıqdır".
Səliqə-sahmanda
Bəkir müəllimin özünə oxşayan oğlu
Sadıq atası haqda həqiqətləri
açıqlayıb:
"Atamdan
söhbət düşəndə onu görkəmli alim,
prinsipial və vicdanlı tənqidçi, qayğıkeş
və tələbkar müəllim, ədalətli və bacarıqlı
rəhbər və s. kimi səciyyələndirirlər. Bizə
görə atam "Azərbaycanlı ailə
başçısının klassik nümunəsi idi".
Bəkir
müəllimin qızı Leyla xanımın dedikləri isə
həm atasının, həm də anası Ədalət
xanımın portret cizgilərini tamamlayır: "Atam zəhmətkeş,
təvazökar və istedadlı adamlara kömək edər, əlindən
tutardı, istedadsız özünə yol tapacaq deyərdi..."
Anam qoruyucu mələk kimi atamın zövqlə geyinməsinə,
vaxtlı-vaxtında keyfiyyətli qidalanmasına, normal yuxu
rejiminə diqqət yetirir və qayğısına
qalırdı.
Esmira
xanım, yerli yerində Nəsirəddin Tusi, Füzuli, Almas
İldırım, Şəhriyar, Səməd Vurğun,
Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil,
Hüseyn Kürdoğlu, Tofiq Bayram, Xuraman İsmayılova və
başqalarından verdiyiniz şeir parçalarından
görünür ki, təbiətinizdə bir şairanəlik
vardır. Bunu o taylı, bu taylı bütöv Azərbaycanın
qürur mənbəyi Şəhriyarın poeziyasına həsr
etdiyiniz kitabınızdan da görmək olur. "Bəkirnamə"niz
istisna təşkil etmir.
Belə
gözəl əsərə görə sizə Bəkirsevərlər
adından dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda kitabınızda yeri gəldikcə Bəkir müəllimə
həsr etdiyim əsərlərimə bol-bol müraciət
etdiyinizə görə təşəkkür edirəm.
Üzümü
təkcə ədəbiyyatşünaslara deyil, həyatı
daha yaxşı dərk etmək arzusunda olanlara, nəticə
çıxararaq bəhrələnmək istəyənlərə
tutaraq "Bəkirnamə"ni oxumağı tövsiyə
edirəm.
filologiya elmləri
doktoru, professor
Ədəbiyyat qəzeti.- 2018.- 3
fevral.- S.18-19.