Mətnin partiturluq kateqoriyasının müəyyənləşməsində etnomədəni və psixoloji amillərin rolu

 

Kamal Abdullanın "Tarixsiz gündəlik" əsəri əsasında

 

Müasir dilçiliyin yeni sahəsi hesab olunan mətn sintaksisi istiqamətində son onilliklərdə müxtəlif tədqiqat işləri aparılmışdır. Dünya dilçiliyində mətn sintaksisi müxtəlif aspektlərdən tədqiqata cəlb edilmiş və müəyyən nəticələr əldə edilmişdir, ancaq Azərbaycan dilçiliyində bu sahə kifayət qədər hərtərəfli öyrənilməmişdir. Kommunikativ fəaliyyətin məhsulu olan mətn özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Danışan və dinləyən, yazıçı və oxucu mətn quruculuğu prosesinin ayrı-ayrı konseptual-intellektual komponentləri ilə müəyyən olunur. Bədii mətndəki bədii-estetik informasiyanın daha aydın şəkildə çatdırılması məqsədilə dil vahidlərinin və üslubi vasitələrin xüsusi şəkildə seçimi tələb olunur. Müxtəlif ifadə vasitələri ilə reallaşan mətn kateqoriyalarına da mətnin məntiqi-semantik bütövlüyünü formalaşdıran vasitələr kimi baxılması fərqli yanaşmadır.

"Mətnə funksional-linqvistik baxımdan yanaşma hər bir mətnin dil sisteminə istiqamətlənərək bu dildə mövcud olan vahidlərdən müəllifin nəzərdə tutduğu fikirlərə uyğun olanları, baxışını və dünyagörüşünü əks etdirənləri seçərək təqdim etməsinə əsaslanır" (Babenko L. Q. Filoloqiçeskiy analiz teksta. Osnovı teorii, prinüipı i aspektı analiza, s. 2).

K.Abdulla kommunikasiya prosesində mətnin əhəmiyyətini belə qiymətləndirir: "Mətn elə bir sintaktik kompleksdir ki, başqa sintaktik kompleksin, yəni, cümlənin onun məna nöqteyi-nəzərdən nisbi qeyri-bitkinliyini, müəyyən semantik naqisliyini aradan götürür.

Mətndə mövcud olan funksional-semantik sahə dilin müxtəlif leksik-qrammatik vasitələrinin semantik baxımdan vəhdətinə əsaslanır. Mətn strukturunun təsviri zamanı konkret mətndə funksional-semantik sahənin formalaşması ilə yanaşı, əsas kimi "mətn toru" anlayışından istifadə olunur. Sintaqmatik anlayış olan "mətn toru" yalnız konkret mətnə daxil olan dil vasitələrini (leksik, morfoloji, sintaktik) əhatə edir.

Mətnin ilk baxışdan müşahidə olunmayan, yalnız əsaslı təhlil nəticəsində ortaya çıxarılan dərin laylarının öyrənilməsi bir sıra məqamların, eləcə də partiturluq kateqoriyasının nəzərdən keçirilməsini zəruri edir. Partiturluq - bədii mətndə müxtəlif dil səviyyələrinə məxsus vahidlərin tamlığını, vəhdətini təmin edən əsas rolunu oynayan struktur-semantik kateqoriyadır...

...İnsanların psixikası cəmiyyətin psixi dünyasını formalaşdırır. Müşahidələr göstərir ki, nitqdə bu və ya digər bir komponentin buraxılması, yaxud təkrarların işlənməsi danışanın və ya müəllifin psixoloji vəziyyəti ilə əlaqədardır. Bu cümlələrin modallıq və intonasiyaya görə hər bir növü özünəməxsus intonasiya ilə fərqlənərək, danışanın emosional və iradi vəziyyəti zamanı formalaşır, insanın hiss və duyğularının canlı ifadəsi kimi çıxış edir və nitqin emosionallığına, dinamikliyinə, ekspressivliyinə xidmət edir.

...Konkret bədii mətndə partiturluq bədii obrazların və müəllif nitqinin - ümumiyyətlə əsərdə verilən nitq parçalarının arasındakı məntiqi-semantik əlaqə göstəricilərinin toplusu kimi başa düşülə bilər. Lakin burada maraq doğuran digər məqam etnomədəni və psixoloji amillərin təsiri ilə müxtəlif məqamlarda partiturluğu şərtləndirən əlaqə tiplərinin dərinləşməsidir. Belə ki, hətta bədii obrazların qarşılıqlı münasibətindən asılı olaraq, müxtəlif "partiya"ları bir-birinə bağlayan vasitələrin çəkisi fərqli ola bilər. Bu məqamları praktiki cəhətdən araşdırmaq üçün Kamal Abdullanın "Tarixsiz gündəlik" adlı əsərini daha müvafiq olduğunu düşünürük.

Əsərin əsas qəhrəmanı olan Nazim eyni zamanda müəllif kimi çıxış edir. Müəllif və personaj kimi təqdim olunan  orta məktəb şagirdi Nazimin əsər boyu həm sinif yoldaşları, həm sevdiyi qız, həm də müəllimləri ilə dialoqları verilir. Bu dialoqlara diqqət yetirdikdə personajların nitqində milli dəyərlər, etnomədəni amillər və psixoloji halların tamamilə fərqli quruluşda təsvir olunmasını görə bilərik, məhz əsərin belə struktur quruluşlu verilməsi onun partiturluq kateqoriyası əsasında təhlilini daha maraqlı edir.

Fərqli struktur quruluşa malik əsər demək olar ki,  dialoqlar üzərində qurulmuşdur. Müəllif və əsas qəhrəman olan Nazim  sevdiyi qız Firəngizlə dialoqunda onların hal və davranışlarındakı psixoloji vəziyyətləri dil elementlərində özünəməxsusluğu ilə seçilir. Belə ki, əsərin əvvəlində onların telefon danışığı zamanı dil vahidlərindən istifadə etmədən ünsiyyət qurması və bu sükutda bir-birini başa düşməsi daxili nitq formasında təzahür olunmuşdur. Ürək döyüntüləri, həyəcanla dolu olan bu telefon zənglərində əslində sükutda onlar sanki gündəlik hadisələri bir-birilə müzakirə edir, paylaşırdılar və bunu "lal söhbət" adlandırırdılar.

- Təbrik edirəm.

- Sağ ol.

- Çox gözəl şeir idi, gözəl də oxudun. Təzə yazmısan?

- Ən gözəl şeirim deyil, ən gözəl şeirimi sənə yazmışam.

- Yalan!

- Vallah düz sözümdü.

- Sən məni aldadırsan...

Artıq əsərin bir hissəsindən sonra bu təlaşlı nigaranlığın sonu gəlir və sükut səsli söhbətlərə keçir, qısa və lakonik danışıq öz yerini alır, daxili nitq vasitəsilə verilən fikirlər səsli dillə əvəzlənir.

- Salam. Mənəm.

- Tanıdım. Necəsən?

- Sən həmişə belə qəmli yazırsan?

- Bilmirəm.

- Bu, birinci şeir idi. O biriləri də oxumaq istəyirəm.

- Yaxşı.

- Gecən xeyrə qalsın.

- Xeyrə qarşı .

Arzunun isə sevdiyi oğlan Aslanla dialoqunda "sən getmə" dediyi zaman onun sakitcə dönüb sinfə qayıtması əsl Azərbaycan mentalitetinə uyğun gəlir. Müəllif bu kiçik detallarla xalqımızın adət-ənənələrini göstərməyə çalışmışdır.

...Aslan ona əmrvari şəkildə dedi: "Sən getmə. Qal dərsdə." O da getmədi, qaldı.

Yazıçı Nazimin müəllimləri ilə dialoqunda onun xalqımızın milli dəyər və adət-ənənələrinə sadiq qalaraq etnomədəni xüsusiyyətləri daşıdığını müəllim-şagird ünsiyyətinin ən gözəl nümunəsi kimi vermişdir. Bu ünsiyyətdə verilən hər sual və onun cavablandırılması bədii əsərin hissələrinin həm məna, həm də məntiqi cəhətdən əlaqələnməsi və ayrı-ayrı partiyaların bütövləşməsinə gətirib çıxarır.

- Otur, otur. - Nabat müəllimə əli ilə mənə işarə etdi ki, ayağa qalxmaya bilərəm.

- Sən, Aslan, qalx ayağa görüm. Qalx, qalx, xəncərinin qaşı düşməz .

Eyni müəllimin eyni vaxtda fərqli şagirdlərə fərqli yaşaması müəllimin onlara şəxsi keyfiyyətlərinə görə deyil, təhsilə münasibətlərinə görə olması ilə əlaqələndirilmişdir. Nabat müəllimənin Nazim yaxşı oxuduğu üçün onun cavab verərkən ayağa durmamasını bildirsə də, digər zəif oxuyan tələbənin (Aslanın) isə ayağa qalxmasını tələb etməsi onun şagirdlərə individual yanaşmasıdır.

Bu fərdi yanaşma Nabat müəllimənin və digər müəllimlərin Nazimə göstərdikləri  xüsusi hörmət və qayğısını digər zəif oxuyan şagirdlərə göstərməməsi psixoloji məqamlarla bağlıdır...

Müəllif Nazimin müəllimləri ilə münasibətini o qədər səmimi və doğma təsvir etmişdir ki, o, müəllimindən sinif yoldaşının qiymətinin yazılmasını xahiş edir, Zərbəli müəllimlə dialoqda onun Nazimə olan inamı və etibarı ən üst səviyyədə özünü göstərir.

- Mən Aslanı hamiliyə götürmək istəyirəm. Oxumağa böyük həvəsi var. Siz icazə versəniz əgər...

- Deyirsən pəncərəyə ümid var? Nolar Mirzə Nazim, sən məşğul ol.... mən nəzərə alaram.

Əsərdə xalqımızın bu önəmli mental dəyərinə şagirdlərin necə sadiq qaldıqlarının şahidi oluruq. Sadiq müəllim və Natiqin dialoqu zamanı görünür ki, şagird müəlliminə cavab qaytarmır, onun üzünə qayıtmır, ancaq o getdikdən sonra etirazını bildirir.

- Sən heç başa düşürsən ki, sənin hərəkətin nə hərəkətdi? Sən hamımızı, bütün məktəbimizi biabır edirsən? Nəticə çıxardırsan özün üçün?

Natiq yazı taxtasının yanında durmuşdu, başı aşağı, rəngi taxtanın rəngindən fərqlənmirdi. Cınqırı da çıxmırdı.

Şagirdlərin bir-birinin sözünü kəsməsi və dinləməməsi onların arasındakı bərabərlikdən xəbər verir. Onlar adət-ənənələrə və milli dəyərlərimizə sahib olduqları üçün  bu psixoloji hal və davranış qaydalarına müəllimlərlə münasibətlərində rast gəlinmir.

- Sən də gedirsən? - Mənə elə gəldi, Aslan bunu şübhə ilə, həvəssiz soruşdu.

- Mən də gedirəm, - deyə tərs-tərs cavab verdim.

Nazimin yaxşı oxuması və müəllimlərin ona daha hörmətlə yanaşması sinif yoldaşları yanında onun özünə əminlik hissini artırır.

- Darıxma, bu məsləni mən həll edərəm. - Mən birdən Aslana dedim.

- Doğrudan? - Aslan inanmaq istəmədi. Necə? 

Natiq sinif yoldaşlarının (qızların və oğlanların) yanında rahat şəkildə siqaret axtarır və ondan istifadə edir. Bu isə onların arasında bərabərliyin olması və özlərini daha rahat hiss etmələrinin göstəricisidir (müəllimlərlə münasibətlərdəkinin tam əksi).

Natiq Sabir heykəlindən bir qədər aşağıda və sağda, qala divarlarının hansısa daşının altında, ya da yanında bir oyuqda həmişə gizlətdiyi qəşəng, xarici siqaret paçkalarından yana nigarandı.

Şagirdlərin bir-birinin yanında rahat davranması və bir-birinə sərbəst münasibəti ilə yanaşı, onlardan birinin digərinə dəstək verməsini də əsərin müəyyən parçalarında görə bilirik. Fərqli psixoloji vəziyyətlərdə olan personajların dialoqunu təşkil edən mətn komponentlərinin əlaqələnməsi və makromətnin partiyalarının məhz bu əlamətlər əsasında bütövləşməsinə səbəb olur.

-  Oğlum,  ürəyinə salma.

- Olub, olub. Gördün, heç demədi ki, valideynin gəlsin. Sevin.

- İki gündən sonra yaddan çıxacaq. Natiq-Qənirə.

Daxili nitqin vasitəsilə sensor məlumatların işlənməsi, onların müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün davranış və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bütün bunlar daxili nitqi insanın əqli  fəaliyyəti və şüurunun olduqca mühüm və universal mexanizminə çevirir.

Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın, başqa sözlə, kommunikatorun nitqi hesab olunur. Dinləyicinin nitqi bu zaman bir növ passiv formada cərəyan edir. Belə ki, biz başqasını  dinləyən zaman bir növ danışanın sözlərini ürəyimizdə öz-özümüzə təkrar edirik. Bu zaman nitq zahirən təzahür etməsə də, nitq fəaliyyəti burada özünü göstərir.

Müəllif çox böyük ustalıqla personajların psixoloji vəziyyətlərini nəzərə alaraq bəzən onları aktiv, bəzən isə passiv nitq daşıyıcısı kimi təqdim edir.

Ayrı-ayrı obrazların dialoqlarından ibarət olan əsərdə Sadiq müəllimin Natiqlə dialoqunda aktiv və passiv nitqin təzahürü aydın görünür. Müəllim dörd sualı ardıcıl soruşur, ancaq Natiq cavab vermir.

- Sən düz gəlib dayanmısan uçurumun yanında - xəbərin var? Kimə oxşadırsan özünü? Tum satanlara, çayxanada girələnənlərə? Kimə? Ətrafında bir adam tapmırsan özünü oxşadasan?!

Nazim isə müəllimlərlə söhbət zamanı suallara daha lakonik cavab verir və passiv nitq daşıyıcısı kimi iştirak edir.

Nazim, uşaqlar bu cür inşa yazmağa nə cür münasibət bəslədilər, deyə bilərsənmi?

- Normal.

- Heç etiraz edən olmadı?

- Belə də.

Beləliklə, bədii mətndə partiturluğun ifadəsini nəzərdən keçirdikdə məlum olur ki, ümumiyyətlə mətnin bütövlüyünü təşkil edən kateqoriyalar, eləcə də partiturluq psixoloji və praqmatik yanaşma olmadan müəyyən oluna bilməz. Mətnin məntiqi-semantik bütövlüyü məhz kommunikatorun əqli ilə nitqinin üst-üstə düşməsi kimi dərk edildiyi üçün psixolinqvistik və etnomədəni cəhətlər nəzərə alınmalıdır. Mətnin bütövlüyünün formalaşması üçün yalnız leksik və qrammatik əlaqələr deyil, eyni zamanda məntiqi əlaqələrin də rolu danılmazdır və bu mətnin bir bütöv kimi formalaşmasında partiturluq kateqoriyasının əhəmiyyətini daha da artırır.

 

Vəfa İbişova

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.22.