Əzab çəkməyə
məhkum insanlar...
Rodion Raskolnikov... böyük rus
şairi Fyodor
Mixayloviç Dostoyevskinin qəhrəmanı... Bir
qatil... Bir cani... Bütün dövrlərdə
və bütün cəmiyyətlərdə
çatışmazlıqlar olub. Bu
çatışmazlıqlara tabe olaraq hər çətinliyə
sinə gərib halal zəhmətlə yaşayanlar da var, buna
dözməyənlər də. Baş verən
bütün cinayətləri cəmiyyətdəki
çatışmazlıqlara bağlamaq düzgün deyil.
Yanlış tərbiyə, deqradasiyaya uğramış mənəviyyat,
əxlaqi problemlər və s. cəmiyyətdəki
çatışmazlıqları yaradan əsas səbəblərdəndir...
Dostoyevskinin "Cinayət və cəza" əsəri
baş vermiş dəhşətli qətlə səbəb
olan həmin çatışmazlıqlara güzgü tutmaqla
yanaşı insan mənəviyyatındakı aşınmadan
da bəhs edir... Cinayətin törədilməsində
maddi ehtiyacla yanaşı mənəvi yoxsulluğun da rol
oynamasından söhbət açan yazıçı roman
vasitəsilə mənəvi
çatışmazlığın daha qorxulu olduğunu diktə
edir.
Əsərin qəhrəmanı
Raskolnikov universiteti kasıblıq ucbatından
yarımçıq atır və cinayət törədir. Sələmçi
qarını qətlə yetirir, onu qarət edir. Bu hadisənin oxşar cinayətlərdən fərqi
budur ki, onu Dostoyevski təsvir edir. Biz onun
böyük yazıçı olduğunu "Cinayət və
cəza" romanında bir daha görürük. Burda əsas məqsəd tək cinayəti təsvir
etmək deyil, həm də cinayətkar Raskolnikovun ruhi aləmində
yaranmış təbəddülatları, kataklizmləri oxucuya
çatdırmaqdır. Və bunu
yazıçı çox gözəl bacarıb. Qəhrəmanlarını
çətinliklərlə üz-üzə qoyan Dostoyevski
onların belə məqamda yaşantıları,
keçirdikləri hiss və həyəcanlarla oxucuları
yaxından tanış edir və həmin
məqamlarda yaşadıqları ruhi sarsıntıları və
onların psixoloji durumunu oxucuya anladır. Yazıçı
"mən bir bit öldürdüm" deyərək qoca
qadını qətlə yetirməsinə haqq qazandıran bir
caninin əməllərinin öz mənəviyyatına necə
məğlub olmasını göstərir. Bəli, onun
ideyası mənəviyyatına məğlub olur!
Əcəba, bütün
qatillər Raskolnikovdurmu? Əlbəttə, dərhal, yaxud sonradan
da Raskolnikov kimi peşman olub xeyirxah işlər görməklə
əməllərindən peşman olduqlarını, bununla
günahlarının bağışlanmasını istəyənlər
də olur. Onsuz da ömrünün çoxunu
yaşamış bu qarını öldürüb onun
var-dövlətini qarət etməklə xeyirxah işlər
görmək, namusunu satan qızları
xilas etmək doğrudurmu? Bu, cinayətkar
olmağa rəvac vermirmi? Raskolnikov birmənalı
olaraq qatildir, canidir. Roman bir caninin daxili aləmini
açıb oxucuya göstərir. "Cinayət
və cəza"da ağıl ilə ruh, ideya ilə mənəviyyat
arasında bir qarşıdurma yaranır sanki. Əgər
bu roman istedadlı bir yazıçının qələmindən
çıxırsa deməli, hadisələri özünməxsus
qiymətləndirmədən danışa bilərik...
Roman müxtəlif təbəqədən
olan insanların həyatından bəhs edir. Bu insanlar tale
ilə oyunda məğlub olmuşlardır. Rodion Raskolnikovun da hamı kimi arzuları var, lakin bu
arzuları boş ciblə həyata keçirmək
mümkün deyil. Raskolnikov anarxiyanın,
başıpozuqluğun baş alıb getdiyi cəmiyyətdə
yaşayır. Yoxsulluğun və
aclığın ən yüksək səviyyədə bədii
təsvirini yaratmış Knut Hamsunun "Aclıq"
romanının qəhrəmanından fərqli olaraq Raskolnikov
yoxsulluqla barışmır. Onun
ideyaları kasıblıqla tərs mütənasibdir.
Dostoyevskinin "Yoxsul insanlar",
"Oxşar", "Cənab Proxarçin", "Bəyaz
gecələr", "Alçaldılmış və təhqir
edilmiş insanlar" əsərləri insanların maddi və
mənəvi çətinliklərinin, əzablarının təsviri
idi. Yazıçı sonradan sosial-psixoloji
mövzudan ideal-mənəvi mövzuya keçmiş və
insan xarakterini, onun müqəddəratını və şəxsiyyətini
göstərən məqamların bədii təhlilinə
müraciət etmişdi. Buna görə də
onun həmin romanlarını tənqiçilər yeni roman
növü kimi təqdim edirlər. "Yeni roman
növü"ndə
insan xarakterinin, şəxsiyyətinin realistcəsinə,
ictimai-sosial mühitin məhsulu kimi təsvir
olunmadığı deyilir. Tənqiçilərin
və araşdırmaçıların gəldiyi qənaətə
görə, burada insan daha mürəkkəb, ziddiyyətli bir
varlıq kimi, ilk növbədə, özü öz taleyini həll
etməyə çalışan ruhi varlıq kimi təsvir
olunur. Dolayısı ilə desək, insan
özü özünün xilaskarı olur.
Laqeydlərin əhatəsində
Bayır isti və
bürkü olsa da, küçələrin natəmizliyi,
antisanitariya təbiət hadisəsi deyildi axı. Yaylağa getməyə
imkanı olmayan peterburqlular bu üfunəti iyləməyə,
natəmizliklə barışmağa məcbur idi. Təmizlikdən, səliqə-sahmandan söhbət
gedə bilməzdi. Hər yanda əhəng,
taxta-şalban, kərpic, toz görünürdü. Pivə
dükanlarından qalxan üfunət,
iş günü olmasına baxmayaraq, hər addımda sərxoş
insanların nəzərə çarpması insana kədər
verən bu iyrənc mənzərəni tamamlayırdı. Bütün bunlar onsuz da əsəbləri
pozulmuş gəncə pis təsir
bağışlayırdı. İnsanların
laqeydliyinin göstəricisi olan bu iyrənc mənzərə
gənc oğlana pis təsir edən ilk amil olur... Romanın
girişinin insanların laqeydliyi ilə başlaması
sonrakı süjetlərin açarıdır...
Yazıçı bir sualla oxucuya müraciət edir sanki:
Bütün naqisliklərin səbəbi elə laqeydlik deyilmi?
Bir haşiyə: son vaxtlar ard-arda
baş verən intiharlara da səbəb elə bizim laqeydliyimiz
olmadımı? İntihar edəcəkləri ilə
bağlı Facebookda anons verən gənclərin həyatının
təhlükədə olduğunu heç kim
başa düşmür... Oxşar situasiyadır: cəmiyyətin
biganəliyi, vəssalam...
Cəmiyyətin
günahsız qurbanları...
Raskolnikov eşidir ki,
bacısı Avdotya Romanovna ailəyə kömək etmək
üçün sevmədiyi varlı bir adama ərə getmək
istəyir. O,
borc almaq bəhanəsi ilə aradüzəldən
qarının evinə gedir. Qarı ilə ondan
aldığı borc haqqında söhbət edir və
atasından qalma gümüş papiros qabını da girov
qoymaq üçün gətirəcəyini deyir. Qarı verəcəyi pul və onun faizi haqda söhbət
etmir. "Gətirəndə
danışarıq", - deyir. Qarıdan
bacısı ilə birgə
yaşayıb-yaşamadığını soruşur.
Qarı bunun ona dəxli olmadığını bildirir və
elə həmin an Raskolnikov ağlına gələn
iyrənc fikirlərə görə özünü
danlayır. Sonra qızıl saatını girov
qoyub evi nəzərdən keçirir. Geri dönəndə
pivəxanada Semyon Zaxaroviç Marmeladovla tanış
olur. Marmeladovun arvadı Katerina İvanovnanın
ilk nikahdan 3 uşağı var idi. Onun
birinci əri ölüb və o, Marmeladova ərə gedib.
Marmeladovun birinci nikahdan Sonya adlı qızı
var. Sonya əxlaqsızlıq edərək ailəsini
dolandırır. Onun fahişəliklə
qazandığı pulları həm də atası içkiyə
verir. Raskolnikov Marmeladovu evinə ötürəndə pəncərənin
ağzına pul qoyur...
Cəmiyyətin ən
günahsız qurbanı olan Sonyanın taleyi elə
Raskolnikovla birlikdə əsərin məğzini,
ideyasını təşkil edir. Əsər boyu oxucunun fikri bir
nöqtəyə yönəlir:
ilahi, cəmiyyət insanları necə məhvə
sürükləyir?.. Bu qədər
naqisliklərin aradan qalxması üçün niyə
heç kim səy göstərmir? Axı
bu, ölkənin başbilənlərindən əvvəl hər
kəsin öz içində aparacağı bir mübarizə
olmalıdır... Məsələn, onun bulvarda
rastlaşdığı sərxoş qız təhqir olunub
küçəyə atılır. Raskolnikov
qızı ikinci dəfə təhqir olunmaqdan qorumaq istəyir.
Cibindən sonuncu abbasını
çıxarıb qaradovoya verir ki, qızı sağ-salamat
evlərinə ötürsün. Anasının
göndərdiyi bütün pulu Marmeladovun dəfninə xərcləyir
və sair. Əslində o, mərhəmətlidir və adam öldürməyin çox şərəfsiz
iş olduğunu bilir, bununla belə cəmiyyət onun həyatını
puç edir.
Raskolnikov balta ilə sələmçi
qarını qətlə yetirir. Sonra izi itirmək
üçün cinayətin şahidi olan zavallı
Lizavetanı da baltalayır. Yazıçı
qəhrəmanının psixoloji durumunu, içərisində
gedən təbəddülatları önə çəksə
də, onun sonda bir qatil olduğunu unutmur.
Əzaba təzim
etmək
Raskolnikov Sonyanın
corabını öpməklə corabındakı qan ləkəsini
yumaq istəyir. Sonya onu ləkə ilə qəbul etmir və
günahını həbsxanada yumağı tövsiyə
edir. Onun
qarşısında baş əyən Raskolnikov təzim
etməyinə başqa don geydirməyə
çalışır: "Mən sizə təzim etmədim,
mən insanların çəkdiyi əzaba təzim etdim".
Halbuki, ən böyük əzab çəkənlər
onun baltaladığı iki qadın olmuşdu.
Sonya Raskolnikovu əzablardan
qurtarmağa çalışır və düz yola dəvət
edir. O, sərv
ağacından düzəldilmiş xaçı Raskolnikova
verib deyir: "Al... Əzab çəkməyə
gedəndə boynuna taxarsan."
Cəmiyyətin əzab
çəkməyə məhkum etdiyi qəhrəmanların həyatı,
başına gələnlərlə müşayiət olunan
romanın əsas qəhrəmanı Rodion Raskolnikov katorqaya
göndərilir və Sonya da onu müşayiət edir. Əsərin sonunda oxucu qəhrəmanın
hamıdan fərqlənmək iddiasından imtina etdiyini və
Sonyaya güvəndiyini, onu özünə arxa-dayaq
seçdiyini görür...
Bütün qatillərin
içində bir Raskolnikov yatır bəlkə də. Törətdiyi
cinayətə haqq qazandırmağa çalışanlar da,
sonradan Raskolnikov kimi düz yola qayıtmağa və peşman
olmağa məhkumdur. Ən azından Allahın verdiyi
canı almağa onların ixtiyarı olmadığını
bilirlər və bilməlidirlər!..
Cinayətə
görə cəzalanmaq
"Daha yaxşı
olardı ki, həyatda etdiyi hər bir günahına görə
o, dərhal cəzalandırılaydı! Cəzada təmizlənmə
var! Əslində, "Günahlarımıza görə bizi
bağışla" deməzlər, "Cinayətimizə
görə bizi cəzalandır!" deyərlər! Bəli, ədalətli Allahdan bunu diləmək
lazımdır!"-Oskar Uayld "Dorian Qreyin
portreti"ndə deyir bu sözləri... Qəhrəmanın
dilindən deyilmiş sözləri yazıçının
adı ilə bağlasaq, Oskar Uayld da təxminən Dostoyevski
ilə həmrəy olar.
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.23.