Millət və Vətən türküsü

 

"... Ey qardaşlar, həyatın qədrini biliniz,... oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur..."

                                                                                              Firidun bəy Köçərli

 

Meşə. Külək qəribə simfoniya yaradıb. Ən böyük (başqalarının gördüklərindən böyük...-) ağacın altında durub gözlərini yumubsan. Heç nə görmürsən. Ancaq kimsə görür bu mənzərəni. Gələcəkdə. Çünki uşaqlıqda gördüyümüz şeylər sonralar bir-bir, kadr-kadr ekrana gəlir, ta ölənə qədər. Nə olur-olsun bu tamaşaya, ən azından onun bizdən bəhs edən bir fraqmentinə hökmən baxırıq. Yarpaqlar ayaqları bağlı quşlar kimi səmanın qoynunda (dərinliyində...-) əsir, göydəki quşlar anidən dayanıb buludların ətəklərindən tökülən yarpaqlara qoşulub uçur.  Gözlərini yum, sevdiyin ağacın ruhunu görəcəksən...

Qədim əfsanədə belə deyilir.

Bura Bərdə yaxınlığında bir kənddir. Əyricə. Ya da gözəllər gözəli Şuşa. Uşaq gözlərini yumur, buludlar dəvə karvanı kimi köç etdikcə onları bir də gələcəkdə açır, el-el, oba-oba gəzib əlinə keçəni, qulağıyla eşitdiklərini köçürür, toplayır, dizlərinə güc, ürəyinə təpər gəlir. Dildən-ağızdan topladığı bayatılar, düzməcələr, tapmaca və sehrli əhvalatlar, uşaq nağıllarını uc-uca calayıb uşaqlıqdan beynini qarışdıran şeyi tapmaq istəyir. Tapıb bütün millətə hədiyyə edəcək. Millət körpə qığıltısından başlayır, poetik təfəkkürə ən yaxın elə uşağın düşüncəsidir. Zaman o zaman idi ki, bütün millətlər oyanmış, nəyi varsa ovcunun içinə toplayıb dünyaya göstərmək şövqünə tutulmuşdu. Bu şövq, bu həvəs hər deyəndə gəlmir, gələndə insanların ürəklərindən, ruhundan keçib nələrisə yavaşca tərpədir, qollar çırmanır, əllər yadırğadığı işə elə başlayır ki, sanki arada min illərin yuxusu olmayıbmış. Xalça toxuyan professionalın əllərini göz önünə gətirin. Butalar, ornamentlər.... barmaqların sürəti toxucunun gözlərini, baxışlarını bir nöqtədə saxlayır. O sürət, o təşnəlik barmaqları hiss edilmədən adamdan ayırıb dünyanın bütün qurşaqlarından keçirir, qarış-qarış, dünyadakı ən gözəl boyaların hərəsindən bir əlçim götürüb xalçanın - mətnin qəlbinə ilmələyir. Buta arxetipi. Qədimlərdən gələn düşüncənin stilizə olunmuş təsviri. Buta yalnız seçilmişlərə verilir, seçilmiş, yalnız sənin üçün ayrılmış dərd yükü. Bu insanların əzmkeşliyi, təkbaşına "bir institut qədər iş görməsi" başqalarında olmur. Bir işi, bir tapşırığı, bir missiyanı tam fərqli, üstün formada yerinə yetirmək üçün. "Abbas və Gülgəz" dastanında deyilir: "Abbası yuxudan ayılda bilməyəndə kimi deyir huşun itirib, kimi deyir ölüb. Bir qarı nəbzin tutub dedi: - Heç nə olmayıb, o, eşq yuxusuna gedib. Bu saat təbrizli Batman Qılınc Məhəmməd bəyin bacısı Pəri xanımı ona buta verirlər".  

"Dəli Kür" filmində Çernyayevskinin obrazını yadınıza salın. Hər yerdən, hər millətin içindən iti zəkalı, istedadlı uşaqların sorağında gəlib Azərbaycana çıxır.

Çarizmin ucqarlar üçün yeritdiyi siyasət öz yerində, bəzən dünyada, millətlərin həyatında elə hadisələr baş verir ki, həmin siyasətin iflasa uğramasını, həm də sanki uğurlu gedişinin həlledici məqamında bütün həlqələrin qırılmasını və beləliklə,  əzilməsi, içəridən xırdalanması niyyət edilən qüvvənin təşəbbüsü ələ almasını şərtləndirir. Bu proses dünyada mənəvi xəritələrin dəyişməsinə, əsrlər boyu əzilən bir millətin dünya mədəniyyətini ard-arda unikal mətnlərlə zənginləşdirməsinə gətirib çıxarır.

Keçmiş necə dirilir, "indi" olur, yeni düşüncə, təfəkkür tərzinin formalaşdığı zamanda necə olur ki, bətnində gizlətdiyi bəzi inciləri sapa düzür, onun artıq arxiv olduğunu düşündüyümüz anda yeni həyatda tamam başqa şəkildə ifadə olunur? Zamanların bir-birindən ayrılıb bir-birinin içinə gömülməsi bədii ədəbiyyatda, bədii mətnlərdə fərqli şəkildə ifadə olunur. Məsələn, Jan-Pol Sartra görə, "indiki zaman deyilən bir şey yoxdu, hər şey olub-bitib." XX əsrin başqa bir nəhəng yazıçısı C.Coysa belə yazırdı: "heç bir "olub" yoxdu, yalnız "var" mövcuddur."  Yaxud Folkner... "Şeirdən sonra ən çətin forma novelladır..." Onun zamanla bağlı dediklərini sonraya saxlayıb, əsas sualımıza qayıdaq. Bu, yəni, sualın cavabı bir məsələ ilə sıx şəkildə bağlıdır. Yuri Lotman yazılarının birində belə şərhə yol açırdı ki, bilik, ziya və maarif fəzasında millətlərin "düzülüşü" fərqli olur. Bəzi millətlər olur ki, informasiya qəbul edən mövqedə dayanır və bu min illər sürə bilir. Ancaq zaman keçdikcə mövqelər dəyişə bilər. Resipiyent informasiya şüalandıran mövqeyə keçir. Qısası, keçmiş, millətin artıq arxada buraxdığına inandığı keçmiş onun xəbəri olmadan mədəniyyətin müxtəlif laylarında, bu layların formalaşması və digər mədəniyyətlərlə dilləşməsində əsaslı rol oynayır. Hətta unudulan, ədəbiyyat tarixləri və müntəxəbatlarına salınmayan mətnlər belə. XIX əsrə qədər həm Azərbaycan türkcəsi, həm də ərəb və fars dilində yaradılan mətnləri, onların bir-birləri ilə nüfuz etmə və dialoq imkanlarını təsəvvür edin. İlk baxışda bunu ağla və təsəvvürə gətirmək çətindir. Ancaq tarix, zaman bir yerdə durub nəfəs dərmir, sənin suallarına elə o tipli, bəlkə daha qəliz suallarla cavab verməyi xoşlayır. Bir sıra maarifçilərlə bərabər Firidun bəy Köçərlinin  XIX əsrin sonu, XX əsrin əvvəllərində, bu çox canlı, dinamik və həm də son dərəcə qəliz prosesdə oynadıqları rol, həyata keçirdikləri funksiya həm də indiyə çevrilən keçmişin işi idi. Yuxarıda Çernyayevskinin adını çəkdik, onun bir çox azərbaycanlı ziyalılarla birlikdə tərtib etdiyi "Vətən dili" dərsliyi, açdığı məktəb, dediyi dərslər köhnədən arınıb yeni biçimdə meydana çıxan, həm də dünyayla ayaqlaşmaq istəyən bir idrakın enerjisi idi.

Firidun bəy Köçərlinin "Ədəbiyyat tarixi" cildləri hardasa köhnə şablonlar üzərində qələmə alınmışdı. Lütfəli bəy Azərin təzkirəsinin sxemini nümunə almışdı. Ancaq Firidun bəyin əsərini Lütfəli bəy Azərin və digər təzkirəçilərin mətnlərindən fərqləndirən bir mühüm cəhət məsələyə yanaşmanın elmi-metodoloji xassəsi idi, müəllif  təsvir-təzkirə cığırıyla hərəkət edib gələcəkdə yaranacaq ədəbiyyat tarixlərinin konsepsiyasız yazıla bilməyəcəyini fakt kimi ortaya qoyurdu. Köhnəyə, köhnə təsvir və təqdim üsullarına çox fərqli, onu kökündən inkar edən metodla yanaşdıqda keçmişin bütün uğurlu və sağlam elementləri yeni yanaşmada iştirak edir və onun daha da dolğunlşmasına şərait yaradır. Firidun bəy Köçərli əsərinin "Başlanğıc" hissəsində sanki bunu demək istəyirmiş kimi yazırdı: "... nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki... ədəbiyyat nə olduğunu bilməzlər... Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və əbədi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüsət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyyəsini asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin".  Elə bu arqumentlərin həqiqiliyinə inandığı üçündür ki, o, "Balalara hədiyyə" kitabını çap etdirir, bunun gələcəkdə görüləcək işlər üçün nə qədər önəm daşıdığını vurğulayırdı. Təsadüfi deyildir ki, "Ədəbiyyat tarixi" kitabı da elə nağıl, tapmaca, şifahi xalq ədəbiyyatının janrları haqqında söhbətlə açılırdı.  Belə bir başlanğıc onun ədəbiyyat tarixi məsələsinə çox ciddi yanaşmasını sübut edirdi.  Təsadüfi deyil ki, "Balalara hədiyyə" kitabından bəhs edərkən Əli Sultanov poetik ştrixləri qabartmağa çalışırdı: "Bu kitabdan vətən qoxusu, dağların ətri, köçərilərin tüstüsü gəlir". Başqa bir müəllifsə belə yazırdı: "Bu kitabdakı nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü və tapmacaları, misal və nəğmələri "bizi keçmişimizlə aşina edir, bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə milli bir duyğu oyandırır".  Yeni bir insanın, yeni, tam fərqli təfəkkür sahibinin ani toxunuşuyla keçmiş dəyişir, təzələnirdi, insanların qəlbində mənsub olduğu millətin qoyub getdiyi irsə sonsuz sevgi yaranırdı. Və bu məqamda keçmişə qayıdışla ondan biryolluq ayrılma, vidalaşma eyni anda baş verirdi. Keçmişin gözəl, türfə şeylərini bağrına basıb, onu vətəndə qürbətdəki kimi yaşadan adətlərdən uzaqlaşdırma cəhdləri epizodik cəhətlər deyildi. Hələ Abbas Səhhət...

"Yazmısan tazə nə şeylər?"- deyə

                                   sordun məndən,

Ruhumun tarına mizrabçən oldun, qardaş!

Sabir ilə belə məktubu çox aldıq səndən,

Hər nə yazdıqsa ona bani sən oldun, qardaş!

Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə,

Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.

 

Birimiz mərsiyəguluqda böyük şair idi,

Birimiz sağərə mail, birimiz cananə.

Birimiz həcvdə Yəğma kimi çox mahir idi,

Laübalı keçinirdi günümüz rindanə.

O pərişan yuxudan sən bizi bidar etdin,

Doğru, düz yolda çalışmaqlığa vadar etdin.

Hər bir işi, fəaliyyəti ilə insanlara təsir etmək, onları illərin ağır yuxusundan "bidar etmək" məqsədini qarşısına qoyan maarifçi bu istiqamətdə ən kəsərli vasitələrdən istifadə edirdi.  Abdulla Şaiq də elə bu xassəni qabardırdı: "... bizim el ədəbiyyatımız  o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti - fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabçasından istifadə edə bilərlər. O, camaatımızın arasındakı nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir". Ancaq sitatda deyildiyi kimi, bu təkcə körpələr üçün bir hədiyyə deyildi. Bu kitab daha böyük bir yolun-məqsədin ilkin cığırı-pöhrəsi rolunu oynayırdı. Firidun bəy Köçərli bütün bu müxtəlif istiqamətlərə şaxələnən, ancaq bir malada birləşən marşrutda bu suala cavab axtarırdı və cavab verirdi: "Əsl ədəbiyyat necə olmalıdır? Daha doğrusu, indi, onun "Ədəbiyyat tarixi materiallarını", ədəbi prosesdən, onun simalarından və hadisələrindən bəhs edən müxtəlif məqalələrini nəzərdən keçirdikdə, alimin hər bir addımıyla "müasir ədəbiyyat" kateqoriyasını bəllədiyinin şahidi oluruq. O, əslində daha çox çağdaşı olduğu ədəbiyyatdan yazsa da, keçmişlə bu günü - ənənə ilə müasir təfəkkür tərzini vahid plan daxilində götürüdü. Bu cəhət onun "Ədəbiyyat tarixi"nin unikal xüsusiyyəti idi və Firidun bəyə qədər heç bir təzkirədə və bu tipli yazılarda rastlanmamışdı. Firidun bəy Köçərlinin "Ədəbiyyat tarixi" daha çox, belə demək olarsa, Mendeleyevin cədvəlinə oxşayırdı. Ümumi sxemi qurursan, strukturu bəlləyirsən, gələcəkdə sənin boş qoyduğun yerlər lazımi məqamlarda dolur, həm də müvafiq valentlik xüsusiyyətləri ilə. Valentlik kimyəvi elementin birləşmə gücüdür, Köçərlinin "cədvəlindəki" mətnlər də məhz belə bir xüsusiyyətə malik idi, onlar keçmiş və gələcəyin mətnlərini, həm də ana dilinin saflıq və gözəlliyini hifz edən mətnlərini özünə çəkir, onlarda bütövlük təsəvvürü yaradırdı. Keçmişin ədəbi mətnləri, bu günün ədəbi prosesinin hadisələri bir sabit, bəzən də müəyyən hissəsi gizli halda olan dəyər daşıyır, Firidun bəyin fikrincə tədqiqatçı bu dəyəri aşkarlamalı, onun xassəsini elə usta şəkildə ortaya qoymalıdır ki, əsərin və müəllifin qayəsi, bütövlükdə mətnin tərcümeyi-halı boyaboy görünə bilsin. Onun Puşkin və Tolstoy haqqında müqayisələri bu baxımdan lap yerinə düşür. Ədib çox incə detallardan istifadə edərək yazırdı ki, təbi (talantı, ilhamı...) etibarıyla Puşkinin dühasını durbinə, Qoqolun dühasını isə zərrəbinə tay tutmaq mümkündür. Durbin uzağı yaxın edir, uzaqlardakı bütün incəlikləri yanına, əlinin altına gətirir. Zərrəbinsə yaxındakı ən nöqtəvi şeylərin belə his və pasını göstərir. Firidun bəy Köçərli filoloji yanaşmada, fikrimizcə, bu iki üsulun vəhfədinin nəzərə alınmasının tərəfdarı idi. Ona görə də materiallarda təqdim etdiyi şair və yazıçıların bioqrafiyasından tutmuş əsərlərinin təhlilinə qədər yalnız ən incə, yalnız zərrəbin altında görünə bilən xüsusiyyətləri qələmə alırdı. Bütün bu hərəkətləri ilə Firidun bəy Köçərli "müasir ədəbiyyat kateqoriyasının" nəzəri sxemini qururdu. Sovet dövründə və müstəqillik illlərində yazılan ədəbiyyat tarixlərində məsələyə belə kateqorial yanaşma məhz Firidun bəydən qaynaqlanır. Yəni, "...Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qism fədakarlığa və cannisarlığa şövqmənd etməlidir."

Firidun bəyin başqa təhlil nümunələrinə də müraciət edə bilərik. "Nağıllarda həqiqət halı ilə xəyalət aləmi, doğru ilə yalan, mümkün ilə qeyri-mümkün elə məharətlə bir-biri ilə calaşır ki, insan ağılı heyrətdə qalır." Yaxud, "Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də dolaşıq olur; onların əsərləri çətin və ağır oxunulur və insana fərəh əvəzinə qəm və kədər gətirir. ", yenə də, "...Bəşəriyyətin mədəni hissəsinin həyatında iştirak etməyə başlayan xalq heç bir ümumi fikri hərəkata yad ola bilməz."

Və ən əsası: "İnsanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb-keçən onda özü üçün məqam bulsun və onun içində olan yaxşı-yamanı görüb aləmə faş qılsın..."

... Meşə. Külək qəribə simfoniya yaradıb. Ən böyük (başqalarının gördüklərindən böyük...) ağacın altında durub gözlərini yumubsan. Heç nə görmürsən. Ancaq kimsə görür bu mənzərəni. Gələcəkdə. Çünki uşaqlıqda gördüyümüz şeylər sonralar bir-bir, kadr-kadr ekrana gəlir, ta ölənə qədər. Nə olur-olsun, bu tamaşaya, ən azından onun bizdən bəhs edən bir fraqmentinə hökmən baxırıq. Yarpaqlar ayaqları bağlı quşlar kimi səmanın qoynuna (dərinliyinə...-) əsir, göydəki quşlar anidən dayanıb buludların ətəklərindən tökülən yarpaqlara qoşulub uçur. Gözlərini yum, sevdiyin ağacın ruhunu görəcəksən...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.24-25.