Sonuncu mogikan
Hekayə
Həyatınızın
hansısa bir guşəsində hər hansı bir hadisəylə,
hər hansı bir insanla rastlaşmağınız yalnız
ona görə baş verir ki, siz əvvəlcədən orada
onların rəsmlərini çəkmisiniz. Onlarla nə etmək
istəyirsiniz - bu artıq sizin sonrakı seçiminizdir. Riçard Bax
Dünyanı
xilas etməyə başlamaq üçün öncə
bir-bir insanları xilas etmək lazımdır. Çarlz
Bukovski
İnsanlar
ya qocalıb ölürlər, ya da xəstəliklərdən,
bədbəxt hadisələrdən.
Amma o, yorulub öləcək.
Qalın
şüşəli stəkandakı açıq rəngli
çayını qarışdırarkən
qopardığı taqqıltı kiçikekranlı
televizorun səsini itirib-gətirirdi, bunun fərqinə
vardı, qaşığa bir qədər aman verdi.
Səhər
proqramı gedirdi. Bazar meydanında sorğu apararaq keçənləri
bir-bir yolundan eləyir, hansı markadan avtomobil bəyəndiklərini
soruşurdular...
Əsnədi.
Səhərin lap alatoranında durmuşdu, eyvana
çıxıb səhər alatoranının qüssə və
hüzn dolu göyümtül rəngini üzərində, əslində,
vücudunda hiss etmişdi: bu rəngalma hər hansı
libasın göy rəngə boyanmasından daha çox zədələr
almış bədənin gömgöy göyərməsini
andırırdı.
Sanki
quş qanadı şappıltısı eşidildi, gözlərini
otaq boyu gəzdirib bağlı pəncərənin rəngi
getmiş kilidlərində saxladı.
Bütün
fikri-zikri ağappaq, ipilıq, simsirli bir gülüşün
məhrəmliyi ilə qol-boyun halda bu axşam olacaq
tamaşada ikən, "yorularaq öləcəyi" barədəki
xəbərdarlıq qəfildən soxularaq bu
gülüşü qeyb etmiş, dərhal da qeybolmanın gətirdiyi
acı qəhər burulğanında çabalamağa
başlamışdı. Niyə məhz bu gecə, belə
böyük bir bayramın ərəfəsində yuxusunda ölümü
görmüşdü, anlaya bilmirdi. Özü də
ölüm obrazı heç də əli qılınclı,
ağ kəfəndə, balta dişləri şaqqıldayan kəllə
sümüyündən ibarət deyildi, ovuc içinə
sığışan əlvan bir quşcuğaz idi. Cik-cik edə-edə
qanadlarını çırpıb söyləmişdi ki,
görürəm artıq təngnəfəssən,
addımların ağırlaşıb, əldən
düşmək üzrəsən. Amma sənin çiyninə
indi qonmayacam, büsbütün yorulub çökməyini
gözləyəcəm.
Səhər
proqramının kərpicsifətli xanım
aparıcısı tamaşaçıların bu proqramadək
bəyəndikləri avtomobildən imtinalarına nail
olacağına əminliklə reklam etdiyi avtomobilin
üstün cəhətlərini şüurlara pərçimləməyə
çalışırdı.
Baş
kvadrat, sifət qıpqırmızı. Eynən kərpic.
Qazi Elmangilin həyətinə düzülmüş kərpiclərdən
ən şümalının birəbir bənzəri.
Studiyanın
bəsit dekorasiyasının uyğunsuzluğunu iri
akvariumdakı narıncı və qara rəngli iki iri balıq
pozmağa çalışırdı. Aparıcının
libası gözqamaşdıran narıncı rəngdəydi,
axtarsan, üstündə qara ləkələr də tapa bilərdin...
Akvariumda
balıq, dibçəkdə gül, qəfəsdə
quş... Beyni təlatümə gəldi. Hiss etdi, sözlər bir-birini itələyərək
qaranlıqdan işığa can atırlar. Bəzən
sözləri təsbehin sədəf muncuqları kimi
sıraya düzüb ardıcıl,
şaqqıldada-şaqqıldada səsləndirməyi sevirdi,
yaratdığı fikirlərin hansının iki dibsiz
uçurumu birləşdirməyə qadir olan körpü,
hansının bu uçurumları sonsuzadək dərinləşdirən
təkan ola biləcəyini də təxmin edirdi.
Durub
kağız-qələm götürüb yazması gərək
idi. Amma durmayacaqdı. Komodun
üzərindəki kiçik çərçivədə qərarlaşmış
dərin düşüncəli gənc kişinin qədimi
şəkli amiranə səslə "Yox, yazma!" söyləyirdi
sanki.
("Baba"
kəlməsi göz önünə saç-saqqalı qar
kimi ağ, sifət qırışları şumlanmış
tarlaya bənzəyən, beli azacıq bükülmüş,
əli də əsalı şəxs gətirər. Şəkildəki
kişi anasının babasıydı, cəmi iyirmi doqquz il
yaşamağa macal tapmışdı. İyirmi doqquz
yaşlı ulu baba).
-
Bağışlayın, bəs siz hansı avtomobili daha
çox bəyənirsiz? Cavabınızı almışdan
öncə sizə məsləhət görərdim ki...
Masanın
üstündən saatını götürüb qurdu,
saatın sol böyründə mürgüləyən
tamaşa biletini baxışlarıyla oxşayarkən sağ
böyürdəki qırmızı cildli kitabın
açıq səhifəsi gözlərini çəkdi.
Dayandığı yeri dərhal tapdı:
"...Amma
söhbətimizin mövzusu tam başqadır. İş
ondadır ki, "mogikanlar" deyə Nyu-York ştatı ərazisinin
Şərq hissəsində, Qudzon çayının sahili
boyunca məskunlaşmış beş əzəmətli hindu
tayfasının konfederasiyasına daxil olanları
adlandırırdılar. "Mogikan" sözünün hərfi
tərcüməsi..."
Vərəqi
çevirdi:
"..."böyük
çayın insanları" demək idi. Avropalılar isə
onları "çay hinduları", yaxud da totemlərinə
uyğun olaraq "qurdlar" adlandırırdılar..."
"Qurdlar?",
- deyə təəccübləndi.
"...1600-cü
ildə sayları 35 min nəfərə çatırdı.
Demokratik hakimiyyət formasına malik idilər.
Konfederasiyanı hökmdar idarə edirdi, hökmdarlıq irsən
keçirdi..."
Alüminium
çay qaşığı çayı qarışdırıb
dincəlməyində, stəkan da asudə nəfəs
almağında idi (Ona elə gəlir ki, əşyaları həddən
çox yorur). Soyumuş
çayın şirinliyi heç də hiss edilməyən bu
cür halına anası
"yaxantı" deyərdi. Çayına hər səhər
iki qaşıq şəkər tozu qatır. Bunu heç
olmasa üç eləsəydi, yenə ağzı tama gələrdi.
Amma bir kiloluq şəkər tozu bağlamasını düz
iki ay işlədir, bir qaşıq artım iki ayın ay
yarıma düşməsi demək olardı.
Kişi qəhqəhəsi
ağırlığında qadın gülüşü...
Aparıcı
studiyaya xanım müğənni dəvət eləmişdi,
müğənni də sinəsini bütün əzəməti
ilə nümayiş etdirən dekoltedə fərəhlə
öz avtomobilindən, qarderobundan, mətbəxindən
danışırdı ("Porşe"
sürürmüş, "Serlio Rassi"dən tufli
geyinirmiş, üçbacı dolması bişirə
bilirmiş). Titrlərlə müğənninin əlaqə
nömrəsi göstəriləndə (adı İlkanə
imiş) cəld həmin nömrəni hafizəsinə
yazdı.
Aparıcının
səsi həlim idi, yapışıqlı idi. Təqribən
bir aydı yerli kanalın
"Səhər proqramı"nı aparırdı. Və
onu ilk dəfə görən kimi də ağlından
keçirmişdi ki, görəsən bu kərpicsifət
xanım "Kərpickəsən kişinin dastanı"nı
oxuyubmu.
Demək,
yorulub öləcəkmiş...
Otaqda əlvan
rəngli quşcuğaz uçur? Yox, əlbəttə ki,
yox. Gözlərini ovxaladı, divara vurulmuş bədənnüma
güzgünün qarşısına gəldi, səsini
arıtladı.
- Bu həftə
görüş alıb bank məmurunun hüzuruna getməlisən,
nitq hazırlamısan?
- Getməyəcəm
heç yerə. Nəticəsizliklər bezdirib məni.
- Necə
yəni, getməyəcəm? Bu yekəxanalıq, özündənmüştəbehlik
nəymiş belə? Məgər sən hər şeyin
öz-özünə həll ediləcəyinə inanan sadəlövhsən?
Yoxsa ki, Frederik Deşamyusan?
- Üzr
istəyirəm, o kimdir elə? Tanımadım.
-
Tanımazsan da. O, sehrli çubuğa malik Xəyalıstan
sakinidir. Əgər sən Xəyalıstanda
yaşamırsansa, demək, daim kimlərinsə hüzuruna
getməlisən. Nə bezginlik?!
(Tək
yaşayan insan özü ilə ucadan danışmağa əvvəl-axır
vərdiş edir. Üstəlik, getdikcə əşyalarla da
"fikir mübadiləsi" aparmalı olur. Yoxsa, dörd
divar arasında məngənədə
sıxılırmış kimi sıxıla bilər).
Ekranın
yuxarı sağ küncündə saatın 8.17 olduğu
göstərilirdi. Baho, dərsə gecikər axı. Boyat
çörək diliminin ustünə qaxaca dönmüş
pendir parçası qoyub tez-tez, iri-iri dişləyərək
uddu, çayı başına çəkib durdu. Əynini
geyinib, gümüşü korpuslu saatını qoluna
bağlayıb (bunu xüsusi şövqlə etdi), tamaşa
biletini döş cibinə qoyub, kitabı da qoltuğuna vurub
qapıdan çıxırdı ki, qapı məsaməsindən
yerə düşən dama-damalı, sarımtıl
kağız bükməsi gözünə sataşdı, dərhal
qanı bir az da qaraldı. Zalımın qızının bəlkə
də otuz-qırx il əvvəlki məktəbli dəftəridir,
hələ də vərəqləri qurtarmır.
Bükməni
açıb ev sahibəsinin əyri-üyrü hərf
düzülüşünün hədsiz qəzəb
sezdirdiyi növbəti xəbərdarlığından agah
oldu: "Söz başa düşmürsən, deyəsən.
Həftənin sonuna kimi pulu ödəməsən, səni
qovub yerinə tələbə qız götürəcəm!"
Üzünü
tavana tutdu. Tanrı, sən özün kömək ol, bu
tütün məsələsi həll olunsun, atasıgil pul yollasınlar.
Ya da gül dükanında, qabaqcadan avans ödəməklə,
bir iş versinlər ona, bu qadından canını qurtara
bilsin...
Qanqaraçılığını
qovmaq üçün elə blokun pillələrindəcə
yenə həmin ağappaq, ipilıq, simsirli
gülüşün məhrəmliyinə atıldı.
Adı da gözəl idi gülüş ünvanının:
Frayda. Qaraçı dilindən tərcüməsi
"sevinc" deməkdi. Gülümsəyərək
möcüzəli akrobatik hərəkətlər göstərərkən
sanki sümüksüz olduğu anlatılan, hər duruşu,
tərpənişi, hərəkəti ilə ruhu
sığallayan bu xanımı da, Kxamalo (Kürən)
adlı illüziyaçını da, Baxti (Xoşbəxt)
adlı şir təlimçisini də, İlo (Ürək)
adlı ekvilibristi də, üstəlik teatr truppasını,
kiçik orkestri, balerinaları da görəcəyi saata az
qalmışdı, saat altıda şəhərlərinə
qastrola gəlmiş incəsənət ustalarının
tamaşası başlayırdı. Qısa müddətdə - cəmi üç
hazırlıq günü ərzində onların əksəriyyəti
ilə tanışlığa da macal tapmışdı. Səyyar
dairəvi arena Universitet yolunda, iki mikrorayon arasındakı
düzənlikdə, dəmir konstruksiyaların üzərinə
taxta oturacaqlar döşənilməklə və ortada brezent
örtüklü səhnə qurulmaqla inşa olunmuşdu, ətrafı
heyvanların qəfəsi, qastrolçuların
yaşadıqları vaqonlar ilə həlqəyə
alınmışdı. Lap girişdə hasar boyu, olduqca iri
qırmızı hərflərlə "Dünyanı mədəniyyət
xilas edəcək!" şüarı
yazılmışdı.
Akvariumda
balıq, dibçəkdə gül, qəfəsdə
quş. Bir də həbsxanada insan...
Bayaq
yarımçıq qalmış fikrini tamamlamağa can
atdı.
Sənin
hərəkətliliyin akvariumun, dibçəyin, qəfəsin,
kameranın ölçüləri həddindədir. Hərəkətsizliyin
isə çəmənlər, səmalar, ümmanlar və
ucsuz-bucaqsız torpaqlar qədərdir...
Düşüncələrini
yazmamaq fikrində hələ ki, qəti idi. Haçansa bu
fikri korrektə etməyəcəyinə əmin deyildi, həm
də.
...Avtobus
lap tez gəldi. Bu əyalət şəhərində
avtobuslar həmişə ağzınacan dolu olur.
Özünü birtəhər içəri salıb ortaya
doğru hərəkət etdi ki, qapının ağzında
qalıb girib-çıxanlara maneçilik törətməsin.
Yerini rahatlayandan dərhal sonra, keçərkən səyyar
arenanı görə bilsin deyə, iri avtobus pəncərələrindən
özünə ən yaxın olanında bir görmə
bucağı tapdı.
Həyatında
ilk dəfə canlı sirk, teatr, balet və konsert (özü
də bir tamaşada) görəcəyinin sevinci onu necə
çulğalamışdısa dalbadal bu üç
günün hamısında tamaşa veriləcək məkana
baş çəkmiş, arenanın qurulmasına, məşqlərə,
heyvanların yemlənməsinə heyranlıqla tamaşa etmişdi.
Biletlər çox ucuz idi, VİP biletlər on manata, adi biletlər
iki manata. Düz giriş tərəfdən birinci cərgənin
birinci yerinə olan adi bileti biletlər satışa
çıxarılan kimi dərhal, hələ
möhürün mürəkkəbi qurumamış
almışdı...
Arenanın
görüntüsü itərkən, içindəki sevinc
cücərtiləri hələ tam itməmiş,
qoltuğundakı kitabı açdı, qaldığı
yerdən davam etdi:
"...Mogikanlar,
adətən, qaya başlarında, təpəliklərdə
salınmış, hər biri 20-30 evdən ibarət kəndlərdə
yaşayırdılar. Kəndlər üçdə bir hissəsi
yerə basdırılmış bir neçə metr
hündürlüklü taxta dirəklərdən ibarət
hasarlarla əhatələnirdi. Onlar qarğıdalı
yetişdirir, ovçuluqla, balıqçılıqla məşğul
olurdular..."
Adamı
necə sıxırlar, aman da vermirlər...
"...Sözübütövlükləri,
alicənablıqları ilə seçilən bu insanlar
üçün kiməsə pislik etmək yad idi, əksinə,
köməyə ehtiyacı olana mütləq kömək edərdilər.
Kişiləri də, qadınları da cəsurluqda ad
çıxarmışdı..."
Kök
bir qadın necə itələdisə,
qarşısındakı oturacağın dəmirinə
çırpıldı, az qaldı kitabı əlindən
salsın. Qadın üzrxahlıq etmək əvəzinə:
"Məni də itələdilər", - söylədi,
amma onu qadının üzr istəməməsi deyil,
"Başı xarabdır e, gör heç bura kitab oxumaq
yeridir?", - deyə mızıldanması üzdü.
Kitabını
bağlayıb qoltuğuna dürtməkdən savayı əlacı
qalmayanda və bunu icra edəndə fərqinə vardı ki,
bayaq öz aləmindəydi, indisə buradakıların aləminə
düşdü. Kimdənsə kəsif tər, kimdənsə
siqaret, kimdənsə yağ-soğan qovurması qoxusu gəlirdi.
- Qadam
onun ürəyinə, rədd etdim, dedim sən kim, mən kim,
get anqır, tayını tap. Ay qız, bunun sevgisi dəysin təpəsinə.
Evi yox, işi yox, maşını yox, canım sənə
desin...
Gənc
qız yaşıdı ilə dərdləşirdi.
- Mən
malları çox ucuz satıram, lap aeroport qiymətinə.
Ona görə də alverim gedir. İstəyirsən, gəl,
şərikli işləyək. Diplomunu da apar at zibil...
Üzütüklü
kişi gözü kədərli kişiyə deyirdi.
-
İnandırım səni, iki yüz iyirmi təzyiqlə
yazıq yıxılıb ortada qaldı, həkim dedi, kassaya səksən
manat ödəməsəniz baxan deyiləm. Görüm,
Hippokrat bunlara qənim olsun! Görüm...
Qucağıuşaqlı
qadın qucağızənbilli qadına
danışırdı.
Qanqaraldıcı
söhbətlər gedən məkanın da siqaret çəkilən
məkan qədər insan səhhətinə zərərli
olmasına əmin idi. Amma nədənsə ikinciyə
qarşı insanlar, adətən, dözümsüzlük
nümayiş etdirsələr də, birincini həmişə
etinasızlıqla qarşılayırlar.
Dayanacağa
çatanda cəhənnəmdən atılırmış
kimi özünü avtobusdan atdı. Hər gün bu
marşrutla universitetə gəlib geri qayıtmaq qırx qəpik
tutur, ayda iyirmi dəfəyə bu xərc səkkiz manat eləyir.
Kənddən gəlib ev kirayələyəndə ilk ayı
dərsə piyada gedib gəlmişdi. Heç, ay tamam
olmamış böyük qardaşından qalma iyirmi bir
manatlıq ayaqqabısının dabanı qopmuş,
ağzı aralanmışdi. Məcbur qalıb, axtarıb
böyük çətinliklə ucqarlarda bir çəkməçi
tapmışdı. Çəkməçi də
mürgü döyə-döyə əlini toz basmış qəlibə
çəkərək şikayətlənmişdi ki, indiki
ayaqqabılar urvatsızdırlar, əvvəlkilər təki
təmirə getmirlər, elə ona görə də
çörəksizdir.
Dayanacağa
dirənmiş iri şüşə vitrinli gül
dükanına keçib uzunbığ, yumrusaqqal satıcı
ilə salamlaşdı, "Müdirdən soruşdum, sənə
uyğun iş yoxdur" cavabı onun salamı ilə havadaca
toqquşdu. Bilmədi məyusluğunu hara salıb gizlətsin.
Dünən
buradan keçəndə gözünə rəngbərəng
çobanyastığı çiçəkləri dəymişdi,
çobanyastığının ağlığına
alışdığından bu rəng çaları onu heyrətləndirmiş,
həmin bu satıcıdan bilgi almağa vadar etmişdi. Deməzsənmiş,
gözəllik üçün çiçəkləri ləçək-ləçək
rəngləyirlərmiş, təbiiliyə sünilik
qatırlarmış. Minlərlə ləçəyə rəng
vurmaq məcburiyyəti duyulan məkanda ona da yüngülvari
məvaciblə bir iş tapılacağı ümidiylə
(yaxşı rəsm çəkməyi var) uzun bığına,
yumru saqqalına bir qədər simpatiyası da
yarandığını hiss etdiyi satıcıdan iş istəmişdi.
Bu da cavab.
Əvəz
çıxırmış kimi "Ağır deyil sizə
burda işləmək?", - deyə soruşdu. Satıcı
təəccübündən şaşırıb "Niyə
ki" sualını verəndə əllərini geniş
açıb dükan dolu gül-çiçəyə
işarə elədi:
- Gövdəsindən
zorla ayrılan bu qədər çiçəyin ah-naləsi
arasında duruş gətirdiyiniz üçün.
Satıcı
sualı bir dəfə də təkrarladıb əvvəlkindən
də artıq təəccüblənmiş halda cavab
tuşladı:
-
Qaqaş, çiçək üçün yəni fərqi
var ki, gövdəsi olsun, yaxud güldan? Onsuz da solacaq da.
Dedi, yox,
yanılırsız. Fərqi var, özü də çox
böyük fərqi var ki, canını evində,
doğmalarının arasında tapşırasan, yaxud evindən
kənarda, yadların əhatəsində.
Dükandan
çıxarkən arxasınca atılan "Bunun başı
xarab imiş ki" sözləri kürəyini yalayıb
keçdi.
Bütün
gül dükanlarını, zoomağazaları, görən,
bağlamaq olarmı?
Bəs həbsxanaları
necə?
...Bu da
universitetlərinin üçmərtəbəli bozumtul
binası, qarşısındakı həmişəki tələbə
və avtomobil qələbəliyi...
Kənddə
evlərindən azacıq aralı kiçik bir çay
axır, yağış sularına bağlıdır,
yazda-payızda çağlayır, yayda quruyur. Yay aylarında
o çayın miskin halından həmişə ürəyi
dağlanardı. İndi son günlər tez-tez
özünü həmin o çayın yaza-payıza
atlanammayıb daim yayda qalan halına bənzədir.
Hələ
də heç kəsə qaynayıb qarışa bilmədiyi
bu bozumtul məkanda ilk olaraq tələbə yoldaşı Zivərin
titrək salamını almağa alışıb. Qapıda
duraraq keşik çəkməsi ehtimalı böyük olan
Zivər, adəti üzrə, onu kənara çəkir, hal-əhval
tutur, onsuz darıxdığını dilə gətirir. Bu
gün də eynən.
Elə
ilk dərs günündən Zivərin diqqətini çəkdiyini
hiss eləmişdi. İmkanlı oğlanlarla gözəgəlimli
qızlar, eləcə də imkanlı qızlarla gözəgəlimli
oğlanlar öz aralarında cütləşmişdilər,
bəstəboy, azacıq dolu olan, iri, ətli sifəti ilə
xıpxırda burnu təzad təşkil edən Zivər də
qəfildən ona aşiq olduğunu bildirmişdi. Bunu müvəqqəti
hal, ötəri hiss hesab edib tezliklə qızın sevgi təlatümündən
qurtulacağını sanmışdı, amma "Sənsiz mənə
həyat yoxdur" hökmünü verən Zivər get-gedə
daha da Leyliləşmişdi. Bir insanın onun ucbatından
qara torpağa yem olması ilə necə razılaşa bilərdi
axı? İstər-istəməz "Əgər birini
xoşbəxt edə bilirsənsə, bunu etməməyin cinayətdir!"
aksiomunun basqısı ilə zorən Məcnun rolunu
götürməli olmuşdu. Bu çıxılmaz vəziyyətini
həmin vədələrdə (elə indinin özündə
də) hər axşam evinə getdiyi professorla da
bölüşmək istəmişdi. Növbəti əlyazması
topasını kompüterin elektron yaddaşına həkk
etdiyi zaman haqlı olub olmadığını soruşarkən
professor həyat əlamətləri get-gedə öləziyən
nursuz gözünü uzaqlara dikib xeyli
düşünmüş, demişdi:
-
Başqasının dərdini ürəyinə salıb
bütün əzalarıyla birgə daşımasına
insanın öz dərdi qısqanclıq üzündən
heç vaxt imkan verməz. Amma sənin dərdin qısqanc
deyilmiş...
Dərs
başladı.
"Nəzəri-metodoloji
bölməyə problemin qoyuluşundan tutmuş respondentlərin
seçilməsinə qədər olan cəhətlər,
metodiki-prosedur bölməsinə isə məlumatların
toplanması, işlənməsi və təhlili aiddir. Birinci
bölmə sosioloqdan əsaslı nəzəri
hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi
təhlilə məruz qoymağı bacarmalıdır.
İkinci bölmə isə..."
Professoru
xatırlamağı lap yerinə düşdü. Bu axşam
axı tamaşaya görə onlara gedə bilməyəcək.
Mütləq zəng vurub xəbərdarlıq etməlidir,
yazıqdır, gözləməsin.
Əlyazmalarını
kitab etmək istəyir, bu ixtiyar çağında.
Kompüterdə mətnləri daha özü yığa
bilmir, gözləri və əlləri sözünə
baxmır. İmkanı da yoxdur ki, haradasa
yığdırsın. Bunların dekanı ilə illərin
dostudur. Bir kəlmə ilə xahiş eləyibmiş ki,
gör tələbələrdən ən ürəyiyuxasını
tapa bilirsənmi, gəlib mənə təmənnasız
kömək eləsin. Dekan bu xahişi auditoriyada elan edəndə
hamı üz-gözünü turşutmuşdu,
"İşimiz-gücümüz yoxdur?", - demişdilər.
O isə razılaşmışdı.
Professorla
söhbətləşməyi çox sevir. Ən çox da
ona görə ki, professor çevrəsindəki onu dinləyə
bilən yeganə şəxsdir. Ona kənddə yaşayan
valideynləri, qardaş-bacıları,
bağ-bağatları, dördgöz evləri, ən əsas
da, evlərindəki nadir kitablar barədə ağızdolusu
danışmışdı. Həmin kitabların əhatəsində
böyüməsi, artıq beş yaşında
yazıb-oxumağı öyrənməsi, bu kitabların
1937-ci ildə, iyirmi doqquz yaşındaykən xalq düşməni
kimi güllələnən ulu babasından qalması professor
üçün hədsiz maraqlı gəlmişdi. O vaxt ulu
babası güllələnəcəyindən duyuq
düşdüyü üçün kitabları
NKVD-çilərdən at tövləsində, samanın arasında
necə gizlətmişdi, illər sonra rəhmətliyin həyat
yoldaşı üzə çıxararaq övladlarına ən
dəyərli miras kimi necə hədiyyə etmişdi - bu tam
təfərrüatlı söhbətlər professoru çox
düşündürmüş, kitabların adları, müəllifləri,
məzmunları ilə dəfələrlə maraqlanmışdı...
Təcili
telefon tapmalıdır. Kimin telefonu ilə zəng vursun? Öz
telefonunun yalnız çağırış etməyə
imkanı olduğundan həmişə kiməsə möhtac
qalır. Bəlkə Vüqarın? Yox, dünən
Vüqarın telefonunu Qazi Elmanın yol kənarındakı
evinə çırpılaraq bir hissəsini uçurmuş sərxoş
"Kamaz" sürücüsünü özlüyündə
məzəmmət edə-edə gen-bol işlətmişdi,
sağ ayağı protez müharibə əlilinə dəyən
maddi ziyanı niyə heç kəsin
qarşılamadığı haqda müxtəlif ünvanlarla
nəticəsiz danışmışdı.
Onda
Daşqının. Yox, Azər yaxşıdır. Azərçün
kurs işi yazır. Etiraz etməz.
Tənəffüsdə
Azəri arayıb bufetdə tapdı. Yaxınlaşdı,
adamın ağzını sulandıracaq qədər
iştahaçan qoxunun maneçiliyi ilə öncə
tamaşaya gedib-getməyəcəyini soruşdu. Sən demə,
heç xəbəri yox imiş. Sonra da qızara-qızara
telefonunu istədi...
Bayaqkı
ardıcıllığın davamı gəldi: dəniz suyuna
qibtə edən hovuz suyu...
Birinin hüdudsuz azadlığı, birininsə kafel səddinədək
olan mövcudluğu... Amma yox,
fikri qarışdı. Bu bənzətmə bayaqkı silsilənin
davamı ola bilməz. Hovuz suyunun azadlığı kafel səddinədək
uzandığı kimi, dəniz suyunun azadlığı da
sahilə kimidir. Burada tam, mütləq azadlıq yoxdur,
böyük və kiçikhəcmli natamam azadlıqlar var.
İmkansızlıq,
kasıbçılıq, ehtiyac... Bu sayaq sözlərdən
zəndeyi-zəhləsi gedir. Mütləq əksəriyyətdə
maddi sıxıntı varsa, maddi sıxıntını əlində
bayraq etməyinə nə hacət? Hətta sonu dalana dirənsə
belə, düz yolu dolanbac, sağa-sola dönüşü
olan yollardan üstün tutur.
Professorun
"Gələ bilməyəcəyəm" xəbərinədək
sevinc, xəbərdən sonrasa məyusluq doğuran səsi ilə
təmasdan sonra kərpicsifət xanımın proqramından
götürdüyü telefon nömrəsini "bu dəfə
mütləq alınacaq" ümidiylə (bunadək dörd
müğənni ilə uğursuz anlaşma cəhdi
olmuşdu) yığdı.
-
İlkanə xanımdır?
- Yox,
prodüseri. Buyur. Bu həftəsonuna toy
götürmürük. Gələn həftəyə olar.
Ancaq ara günlərinə. Qiymətləri yəqin bilirsən.
Bütün toy üç minə, yarım saatlıq proqram
beş yüzə.
- Mən
toy üçün zəng etməmişəm. Mən...
- Əgər
konsertdirsə biz yalnız dövlət tədbirlərinə
gedirik.
- Konsert də
deyil. Ahıllar evində yarım saatlıq proqramla
çıxış etmək lazımdır. Bu şəxslər...
-
Hardadır ora? Bakıdadırsa beş yüzə gələrik.
Bakıdan kənardısa , incimə, qiymət min manatdır.
Özü də, çalış, günortaya sal.
- Yox,
bilirsiz, mən tələbəyəm, qapıbir qonşum
Ahıllar evində işləyir, deyir, ordakı insanların
çox böyük ehtiyacları var mənəvi qidaya. Təmənnasız
çıxış etmək lazımdır. Biz
hamımız humanist...
- Tələbə,
bura bax, bir dəqiqə saxla! İndi hansı zəmanədir
ki, müğənni pulsuz oxusun?! Bunun bəstəkardan
mahnı alınması var, qarderobun, kosmetiçkanın təzələnməsi
var, klip çəkdirilməsi var. Bunun Məhərrəmliyi,
Orucluğu var. Başın xarabdır sənin?
-
Axı...
Qarşı
tərəf danışığı qapatdı. O,
kor-peşiman telefonu Azərə qaytardı.
Bu nədir,
başının üstündən yenə əlvan
quşcuğazmı uçdu?
İştahaçan
qoxu mütləq peraşki qoxusu olmalıydı. Çox yəqin,
kartof peraşkisinin. İndi bu uzunsov məxluqlar (can verən hər
şey canlıdır) içi yağla dolu tavada
cızıltı qopara-qopara qıpqırmızı
qızarmaqdaydılar yəqin...
Azər
kurs işinin vəziyyətini soruşub dərsdən sonra
atışıb xəngəlxanaya gedəcəklərini
söyləyirdi, dilucu onu da dəvət edirdi. Əlbəəl
"yox" dedi, əlavə etdi ki, dərsdən sonra
bibisigilə gedəsidir, bibisi qutab bişirib, qarın
qutabı, bilir qutab xoşlayandır, dəvət edib.
Amma getməyəcəkdi
bibisigilə də. Keçən şənbə onlarda əlindəki
kitabı bir kənara qoyub ərkyana özünə çay
süzmüşdü, bibisi də dirsəyi ilə iyrənə-iyrənə
kitabı itələmiş, "əli mikroblu-mikroblu"
çaydana toxunduğu üçün onu danlayaraq
çaydanı boşaldıb yumuşdu. İncimişdi
bibisindən.
Auditoriyaya
qayıtdı.
Əvəllər
heç vaxt haqqında düşünmədiyi şeylər
vaxtaşırı beyninin qida rasionunda görünəndə
beyinin bu qidalarla ilk təması gün kimi aydın olsa belə,
dad və qoxu sanki dəfələrlə dadılmış və
qoxlanmış kimi ona tanış gəlir. Get-gedə daha
çox əmin olur ki, "yeni" adlanan hər şey
doğrudan da elə "köhnə"nin özüdür
ki var. Olacaqlar hamısı artıq olmuşdular, boş fərziyələr
yürüdüb gümanların içində
itib-batmaqdansa, olmuşlara tərəf qanrılırdı ki,
olacaqları təxmin etsin.
Növbəti
qoşasaat başladı. Zivərin baxışları bir an
da olsa üstündən çəkilmirdi.
Əmin
idi ki, olmuşlarla olacaqların dirənəcək yerini
yalnız o özü bilir, həmin sərhəddə tək-tənha
qərarlaşmışdı. Bura nə tələbə
yoldaşlarını, nə kənddəki
doğmalarını, nə də beş-on digər
tanış-bilişini, heç professoru da çəkib gətirə
bilməzdi. Gəlmək istəməzdilər. Hətta
lağa qoyar, rişxənd edib gülərdilər ona.
Əslində, elə gəlmək istəməmələri
yaxşı idi. Çünki onların olacaqlardan o qədər
umacaqları var idi, bu umduqlarından elə dördəlli
yapışmışdılar ki... Bu yapışma da, əslində,
yeganə yaşam səbəbləri idi. İnsan yaşam səbəbi
olmadan yaşaya bilərmi?
Mesaj
siqnalı gəldi. Əlbəttə, Zivər idi.
Yazmışdı, "Niyə bu qədər soyumusan məndən?
Bəlkə araya kimsə girib? Artıq bütün universitet,
hətta ailəm də bizim sevgimizdən məlumatlıdır.
Səni xəbərdar etmişəm, ya sənin olacağam, ya
qara torpağın. Dünən anam, bilirsən, qayıdıb
nə deyir? Deyir, təcili oğlanın anasıgil gəlib
"həri"ni alsınlar. Yazıq neynəsin. Qapımızı gündə
biri döyür".
Qol
saatına baxdı. Universitetdə hamı saatı mobil
telefonundan öyrənir. Osa hər dəfəsində biləyini
yuxarı qaldırmaqla sevə-sevə "Luch" markalı
saatına baxır, vaxtdan xəbərdar olur.
Bu, ona ləzzət
verirdi, bəzən kimsə qolundakı saata işarə ilə
ondan saatı soruşanda (uzunqol köynək geyinəndə
saatı görünsün deyə qolunu
çırmalayırdı) elə sevincək olurdu ki,
saatı lap dəqiq, hətta bəzilərinə -
gözünə xoş görünənlərə saniyəsinədək
deyirdi. Ona elə gəlirdi, yer üzündə geri qalmadan, irəli
qaçmadan, ən dəqiq işləyən məhz onun
saatıdır.
Demək,
anası Zivərgilə "həri"sini almağa getməlidir?
Söhbət düşdü-düşmədi, fərq eləməz,
hər yerdə sinəsinə döyərək "Mənim
gözəl balam, universitet oxuyan balam", - deyə qürrələnən,
evlənmək yaşı çatınca ona qıztapma xoşbəxtliyinə
bulaşacağı vaxtın sərməstliyi ilə nəfəs
alan (hətta artıq yetişmiş gözəgəlimli
qızlara göz qoymağa başlamışdı)
anasının bu xəbərdən nə hala düşəcəyini
təsəvvür etmək istədi.
Altının
tamamına hələ beş saat on iki dəqiqə
qalırdı.
Bu qədər
də yox da! "Qapımızı gündə biri
döyür". Yox bir!
Həmişə
bir addım geri çəkiləndə
qarşısındakının iki addım irəli gəlməsini
görürdü, buna alışa bilmirdi heç cür.
"Anangil"
sözü yenidən yadına ailə üzvlərinin əkib-becərdikləri,
ancaq sata bilmədikləri tütünü saldı. Görəsən,
uşaqlardan hansının Kənd Təsərrüfatı
Nazirliyində tanışı var? Bəlkə Razinin? Yaxud
Qumrunun? Yoxsa Tələtin?
Növbəti tənəffüsdə üçünün də ağzını aradı. Tələt dedi, adam tapa bilərəm. Ancaq xeyirim nədirsə qabaqcadan verməlisən. Bu işdə xeyir güdməyin əsassız olduğunu başa salmaq üçün nə illah elədi, duz-çörək kəsdiklərini gözə soxdu, faydası olmadı. Tələt əlini yelləyib getdi.
Ardı var
Varis
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.26-27.