Kainatın ali məqsədləri
boyunca, yaxud əmziyi atmağın vaxtı
Esse
Varlığın
kainat biçimi alması - ilahi harmoniyanın ilk
aktıdır. Biz insanlar kainatla üz-üzə, onun "təhlükələri"
önündə qalmamışıq, əksinə, onun ən
optimal məkanının öncinahında ali məqsədlərinə
doğru irəliləyirik. İndiyədək gəldiyimiz
yolun məntiqindən çıxış etsək, bu bəsirətdən
işıqlanarıq ki, kainat - insanı öz
inkişafında yarımçıq qoya bilməz.
Çünki kainat saysız doğuluşlarının
heç birində özünü sıfırdan
başlamır. Onun hər doğuluşu - Varlığın
irəliyə doğru bir addımı, harmoniyasında
cilalanmasının yeni bir fazasıdır. Varlığın
balası - kainat, kainatın balası - İnsandır ki,
damcı-damcı öz körpə həqiqətləri ilə
böyüməkdə, materiyanın bir "elementi", və
ya Yerin canlılarından biri yox, kainat quruculuğunun bənnası,
daha ali missiyasında memarı olmaq amacında! Kainatın ali məqsədləri
- Varlığın daha yüksək və kamil həyat
dürlərində və kvint-essensial optumumunda təzahür
etmək, bir dövrəsində qazandığı enerjini digərinə
ötürmək özəyində konsentrasiya olub. Kainat
"dekadansı" - an, "renessansı" - əbədiyyət
tək yaşayır. Xaos - Kainatın buğumları, harmoniya
- gövdəsidir. Od da küllün bir addımı, kül də
Küllün bir addımıdır ki, gül açsın
kainat! Kainat həyatının hər anı - onun arxitektonikasını
ilahi nizamın daha yüksək səviyyəsinə
çatdırır və ona öz quruluşunu təkmilləşdirməyin
yeni imkanlarını açır. Yaranışında
yalnız fiziki cisim kimi mövcud olan, daha sonra canlı həyatı
yetirən - milyardlarla il öncə arxeylərin (təkhüceyrəli
orqanizmlər), milyonlarca il öncə dinozavrların
yaşadığı Yerlə on minlərcə il öncə
zühur edən insanın yaşadığı Yer tamamilə
ayrı planetdir: son on min ildə Yer - təbiət
yaradıcılığı arenasından insan
yaradıcılığı arenasına çevrilib.
Doğuluş.
İnsan təkamülünün çox böyük bir hissəsi,
yəqin ki, Yer kürəsində baş verəcək. Yer
kürəsi kainatın insan doğan bətnidir. İnsan - elə
ana bətnindəki körpə kimi - yetişməyincə,
kainat onu Dünyaya doğmayacaq. Ola bilsin, insan Yer kürəsi
bətnində hələ rüşeym halındadır.
Çünki insan ibtidai vəhşiliklərinin bircəsindən
belə əl çəkməyib. Əksinə, bütün
vəhşiliklərin daha "mükəmməl"
texnologiyalarına yiyələnib və onları daha inadla təkmilləşdirməkdə
davam edir. Fəqət insanın öz həyatına rasional
parametrlərlə tənqidi yanaşması - onun vəhşiyyət
xəzindən çıxmasına yol açmalıdır.
Yer əxlaqına yiyələnmədən kosmik əxlaqa necə
yüksəlmək olar?!
İnsan
kainatı. Əgər kainat öz təkamülünün
indiyəqədərki ilk meqafazasının
başlanğıcında "Böyük
partlayış"dan ("Big bang") - "greypfrut"
meyvəsi boyda pramateriyadan
yaranıbsa, deməli, onun indiki - ikinci meqafazasında Yer
planetindən "qreyfrut"-bəşəriyyətin -
prainsanın kainat içərisində "Böyük
partlayış"ı - bu məkana yayılıb oykumenləşməsi
baş verməlidir. Bu ideya "alternativ insan
dünyaları" hipotezini istisna edir. Varlıq kainat
başlanğıcını, quruluşunu və həyatını
da, insan başlanğıcını, quruluşunu və həyatını
da onun bir nöqtəsindən - toxumdan alır. Kainatda Yer
insanından başqa heç kim yoxdur. Ancaq zaman gələcək
ki, O - insan kainatı olacaq!
Tanrının
qəlbi. İnsanı kainat içrə müstəsnalaşdıran
bütün dini, fəlsəfi təlimlər onu Tanrıya
yaxınlaşdırmaq əvəzinə, tamam əks təkanla
Tanrıdan uzaqlaşdırır. Bütün tarix -
Tanrıdan uzaqlaşdırılıb
yadlaşdırılmış, dolayıca Onun ətəyinə
yapışdırılmış insanlığın çırpıntıları
ilə yaşamaqdadır. Yox. Biz Tanrını o zaman tam dərk
edəcəyik ki, müstəsnalığımızdan imtina
edəcək, içində həyat qazanıb zərrələndiyimiz
bütün dünyanın da özümüz kimi canlı bir
varlıq olduğunu doğmaca hiss edəcək, təbiət
dilində danışmağı, kosmos zəkasında
düşünməyi öyrənəcək, ali insan mahiyyətimizlə
təbiətləşəcək-ilahiləşəcək və
Tanrının ətəyindən yapışan
belibükülü aciz və itaətkar bəndə deyil, həmin
canlı aləmlə birgə Tanrının qəlbi
olduğumuzu cismimiz və ruhumuzla duyacaq, "Həqq mənəm!"
(Nəsimi) kamilliyinə yüksələcəyik!
Transendental
dünyadərkinin mühüm məqamı. İntibah
dühaları insan yaradıcılığının kosmik
miqyasına yer təcrübəsində qazandıqları
harmoniya ilə çıxmaq cəsarətinə malikdirlər.
Özünü də, digər boyakarları da "incəsənət
münasibətlərinə görə Allahın nəvələri"
sayan Leonardo da Vinçi bu cəsarətlə
barmağını "Kainatın bütün nəsillərinə
özünün son nəticələrini çatdırmaq
gücündə olan rəssamlığa" tuşlayır.
Kainatın obyektiv mənzərəsi təkcə onun fiziki
harmoniyası deyil, eyni zamanda metaforik harmoniyası dərk
olunduqda tamamlanır.
Özümüzə
endikdən sonra. İntibah epoxasını antroposentrizmdə
qınayırlar. Ancaq intibahçılar insanı diqqət mərkəzinə
çəkməsəydilər, teosentrik düşüncənin
homosentrik düşüncəyə transformasiyası və bu
özül üzərində humanistik və onun da nəticəsi
olaraq demokratik dünyagörüşü modeli və fəaliyyət
tipi formalaşa biləcəkdimi?! Şərqdə isə
Avropadan da xeyli əvvəl başlayan insantəməlli fəlsəfə
insanın sosial statusundan daha çox ruhi-mənəvi təşəkkülünə
diqqət yönəltdiyindən və homosentrik
düşüncənin teosentrik düşüncədən
heç zaman ayrılmadığından, burada humanizm
insanın içərisinə qapadılmış, əxlaq
maksimumunda dərinləşmiş və zahirə vulkan
gücü ilə lavalanıb ictimai keyfiyyət qazanaraq
demokratik mərhələsinə keçə bilməmişdir.
Buna görə də "Allaha yüksəlmək istəyirsənsə,
Özünə en!" təsəvvürlü monoteosentrik
Şərqdən irəli sıçrayan demossentrik Qərbin
tarixi inkişafında həm də yetərincə Şərq
və antiklik ənənələrinə söykənən,
ancaq bütün mahiyyəti ilə xristianlıq yox, məhz
Avropa hadisəsi olan İntibah müstəsna əhəmiyyət
daşıyır.
İdrakın
Kant orbiti. Dünyanın ideya tarixinə İmmanuil Kant fəlsəfəsinin
inteqral nöqtəsindən baxdıqda aydın şəkildə
görürsən ki, bu tarixi təkamülün məhz insan
idrakının qüdrəti ilə Kainatın ali məqsədlərinə
doğru hərəkət edən sapmaz məntiqi,
ardıcıllığı, bütövləşmə
qanunauyğunluğu var. Kant Kainatın yaranması prosesinin
içində idrakın yaranması prosesinə ona görə
diqqət kəsilmişdi ki, fəlsəfə onların vəhdətindən
dayaqlanaraq idrakın yaradıcı kosmoqoniyasına
çıxsın: yəni yaranıbsan ki, yaradasan! Bu qüdrətin
qarşısında hətta ən güclü Şopenhauer
skepsisi belə sönükdür. Kant aqnostisizmin obyektiv səbəblərini
açmaqla yanaşı, insanı özünə
inandıran fəlsəfənin sarsılmaz
sütunlarını yaratmışdır. Bu təməl imkan
verir ki, indi olduqca çaşqın görünən, fəlsəfi
metodologiyalardan yayınmış, ancaq elmin empirik qatında,
praqmatik tunelində irəliləyən bəşəriyyət
hətta siyasətdən incəsənətədək varan
irrasionalizmin dibinə endiyini və bu yolun tükənişə
dirənəcəyini fəhm etsin. Fəqət postmodern epoxa
öz yayğınlığı, onurğasız
estetikası ilə açıq şəkildə Kant
ideallarına meydan oxuyur. Kantın yaradıcı
potensialına güvəndiyi idrakın qəhrəmanlığı
isə bundadır ki, endiyi ən aşağı pillədə
belə öz üfüqlərini görə və dərk edə
bilir. Ortaçağlarda bundan da betər bataqlıqlar
olmuşdu. İndi qapandığı dar fırlanış
trayektoriyasından da öz taleyinin kainat quruculuğu orbitinə
çıxmağa idrakın gücü çatar!
Kainat məbədinin
şamları. Pyer Teyyar de Şarden alim və
ilahiyyatçı kimi elm və dini məhz fəlsəfə
nüvəsində vəhdətə gətirərək, yer təkamülünün
indiki fazasında sivilizasiyanın özünüdərketməsi
yollarından birini açır: kosmosfer, geosfer, biosfer, noosfer
harmoniyasında antropoloji sistem özünün daha optimal
funksionallığını üzə çıxarmaq imkanları
əldə edir. Kosmos və insan, Yer və insan, Tanrı və
insan ümumcazibə qüvvəsində
birləşir və birlikdə - əl-ələ tutaraq
müdhiş bir sonsuzluğa deyil, aydın məqsədə
doğru hərəkət edirlər. Bu məqsəd - kainat həyatında
doğulmaq və yaşamaq, kainat məbədinin şamlarını
sönməyə qoymamaq, daim yanar saxlamaqdır!
Kosmoloji
Eranın astanasında. İnsan özünün və yer
planetinin bir-biri ilə qırılmaz
şəkildə bağlı olan fiziki, geoloji və
antropoloji tarixinin təkamül məntiqi ilə artıq
sivilizasiya həyatının kosmoloji erasına daxil
olmaqdadır. Planetar tale kosmik taleyə açılır:
insan potensialının özünü maksimal həddə
çatdırması və doğrultmasının sonsuz
meydanı. Məhz bu inqilabi
addımın atıldığı nöqtədə insan
tarixinin ən böyük ziddiyyəti daha aydın
görünür: zəka və infantilliyin bütün səviyyələrdə
toqquşması. Böyük siyasətdə isə bu
toqquşmanın qığılcımları
sivilizasiyanın özünü yandıracaq həddə təhlükəli.
Bu problemin anatomiyasına varılmalıdır ki, necə olur:
bir-birini rədd edən zəka və infantilliyin
çulğaşımı sanki
sivilizasiyanın genezisində uyuyan və onun bütün
tarixini müşayiət edən hadisə kimi tərəqqinin
toxumalarına nüfuz edə bilir?! Tərəqqi
metafizikasının skepsis və ironiya hədəfinə gəlməsi
də yəqin bu səbəbdəndir. Tarix - özünü
aydınlaşdırmaq və kosmoloji eraya cəsarətlə
adlamaq üçün əmziyini atmalıdır.
Kainata
NASA yolu. Bəşəriyyətin yanılmalar sürəcində
indiyədək hədər yerə sovurduğu enerjisi mənəviyyata
həm də elə bir yoxsulluq həddi gətirib ki, nəinki
Yerlə Kainatın, hətta kasıbla varlının doğma
olmasına inanış belə gerçək təməllərini
yarada bilməyib. İnsan kosmosu
çox zaman boşluqla doldurulduğundandır ki, fiziki
kosmosda da onun qəlbinin səsindən daha bərk
iddialarının əks-sədası, "Ulduz müharibələri"nin
küyü eşidilir. Ona görə də ən çox
qara dəliklərin qaynaşdığı bu kosmosa bir
ideya-ulduz daxil olan kimi onun təlatümləri,
inkarçı çalxantıları başlayır,
ideya-ulduzun udulmasına can atılır. Fikir verin,
bütün qapalı və ya yelçəkər
sivilizasiyalar hər hansı mütərəqqi ideyanı
yaxına buraxmır və onu lənətləyirlər.
Çünki şüurunu dəyişdirə, yeniləşdirə
biləcək hər hansı bir cəhddə özlərinin
yıxılmasını görürlər. Onların öz
aralarında hördüyü divarlar isə heç
qoyarmı ki, kainat görünsün?! Kainat miqyasında
düşünən zəkalar Bruno qəhrəmanlığı
ilə məhz bu divarlara qarşı vuruşmuşlar.
Onların tarix boyu güclənən ittifaqı olmasaydı, hələ
də insan quyuya düşən əksinə baxıb
qımışmaqdan əl çəkməyəcək,
Kainata NASA yolu açılmayacaqdı!..
Beşik
sivilizasiyasından sıçrayışlarımız. Bəşəriyyət
tarixində elmin inkişafının ən yüksək
idealı kosmosun fəthi olub. Ancaq bu fəth onun gerçəkləşməsinə
ideya özülü yaratmış köklü sivilizasiya məkanlarında,
məsələn, Yunanıstan, İran, İtaliya, Hindistan,
Çin, Ərəbistanda deyil, müasir dünyanın iki
aparıcı dövlətində - Sovet İttifaqı və
Amerika Birləşmiş Ştatlarında başlayıb. Deməli,
sivilizasiya heç zaman lokal ərazilərdə ilişib
qalmır, öz dəyər və potensialını yeni, hətta
"gözlənilməz" ərazilərə
daşıyır, yığdığı toxumları yeni,
daha münbit torpaqlarda əkir. Müasir elmin planetar miqyası
genişləndikcə, onun kosmosferaya adlayışı da bu
qanunauyğunluq əsasında baş verəcək: bizim
beşik sivilizasiyamız Kainatın dərinliklərinə
doğru yürüşünü yığdığı
toxumları yeni planet-torpaqlarda əkə-əkə davam etdirəcəkdir.
Ustad dərsi.
Kainatın təkamülü şüur həyatını ərsəyə
gətirmək üçün seçdiyi bu optimal məkanda
- Yerin yalnız 200 milyon ildə bircə dəfə dövr edə
bildiyi Süd yolu qalaktikasında
Günəş sistemi konfiqurasiyasını yaradıb.
Deməli, bəşəriyyət yaranışından bəri
indiyədək heç zaman getmədiyi, onun beşiyi 4,54
milyard yaşlı Yerin isə yaranışından bəri cəmi
22 dəfə fırlandığı bir "kosmik
cığırla" hərəkət etməkdədir.
İndi şüur məhz həmin hərəkət nöqtəsindən
Kainatı müşahidə edir. Yanıla da bilir, ancaq
azmır! Kainatın-insan-gözü onun ali məqsədlərini
aydın şəkildə görür! Əlbəttə,
insan idrakı yalnız Kainat arxitektonikasının rasional
loqosu ilə vəhdətdə Yer planetində
yaratdığı sivilizasiyanın dayaqlarını möhkəmləndirə
və inkişafının yeni pillələrində transkosmik
həyat arenasına çıxa bilər. Fəqət bu məkanda
insan tək və müstəsna deyil: budaq üzərində
yavaşca hərəkət edən qırxayaq da, döşəmə
üzərində iməkləyən körpə də,
Böyük Hadron Kollayderində şığıyan "Big
bang" yaddaşlı protonlar da kainatın ali məqsədlərincə
irəliləyir. Hətta məzar da öz doğma planeti ilə
birgə fəzada süzür! Bu kainatda varlıq yaratmayan
yoxluq mövcud deyil. İnsanın metafizik nihilizm və ya
ekzistensial faciəvilik içrə
çapalayıb-qıvrılmaları da - məsələn, Şopenhauer, Xəyyam,
Paskal, Kyerkeqor, Hadi, Kamyu qatında - kainatın ali məqsədlərindən
yayınmalar yox, o məqsədlər üzrə böyük
kosmo-antropos hərəkatının təbii sancıları,
iztirablarıdır. Bu məqsədlərə
tuşlanmasaydı, Hüseyn Cavid yazardımı - "Dinlə
həp kainatı!" Ona görə yaradıcı insan
bütün əlamətləri ilə kainata oxşayır.
Kainat da onu öz ruhunca bəsləyir. Kainatdan "Ustad dərsi"
alın, sənətkarlar!
Kainatın
fəlsəfəsi və poeziyası. Kainatın
böyüklüyü və sonsuzluğu üşəndirməsin
bizləri. Biz Kainatın o varlığıyıq ki,
özü bütövlüyündə bizim zəkamıza
sığır. Üzərində zərrə olduğumuz Yer
planeti Kainatda nə qədər kiçik bir zərrə olsa
da, onun ən böyük cismi belə bizim zəkamızın
ölçülərindən kiçikdir. Mahiyyətinə
görə, Kainatın ən qüdrətli fenomeni - insan
beynidir. Onun gücü ilə Kainat fiziki materiyasından ruhsal
qatlarınadək duyula və dərk oluna bilir.
Dünya
toxumundan hər bir yaranmış - o dünyanın
özünün yaranışı qədər mürəkkəb
sistem mükəmməlliyinə malikdir. Sanki Kainat
özünü hər bir düründə dönə-dönə,
həm də təptəzə görsənişlərlə
yaşayır. Varlığın iliklərinə varan fəlsəfə
və poeziya belə doğulur. Bu gün çox böyük
elmi arsenala yiyələnmiş insan idrakının
inkişaf parametrləri imkan
verir ki, müasir kosmologiya və kosmonavtika ilə kainatın
yeni fəlsəfəsi və poeziyası sanki bir İntibah vəcdi
və dərinliyində birgə addımlasın. Bu, insanlığın
öz mənəvi-əxlaqi tarazlığını
tapması üçün, nəzəriyyə və
praktikanın uzlaşması üçün ən həlledici
məqamdır.
Bu boyda
kainatda darısqallıq çəkmək və bir-birinin
yerini dar eləmək - bunu ancaq planeti məhbəsə
çevirmiş məxluqat bacarar! Yer üzündə
yalnız məhdud dövlət, cəmiyyət və qrup
maraqlarına qapanmış mövcud siyasət bəşəriyyəti
universallaşmaqdan daha çox fraqmentallaşmağa itələyir.
Buna görə də insanları idarə olunmaq
üçün daha əlverişli vəziyyətə gətirən
texnologiyalar ustası o siyasət əsas doktrinasının
dayağı kimi bu gün
postmodern düşüncə və ideologiyaları
körükləyir və onları hər vasitə ilə mədəniyyətin,
ədəbiyyat və incəsənətin bütün dəlmə-deşiklərinə
dürtür. Məqsəd - insanın düzgün seçim
refleksiyalarını öldürmək, etik
davranışlarını sərhədsizləşdirmək,
estetik qavrayışlarını keyləşdirmək, hər
şeyin yan-yanaşı liberal mövcudluğunun
mümkünlüyü şəraitində özlərinin
dominantlıq qazanmasına təminat yaratmaq: kütlə həyatın
bütün yön və səviyyələrində zir-zibil
içərisində eşələnməkdən həzz
alır, sən isə özünə altun yonur, zirvələr
fəth edirsən! "America First" ("Öncə
Amerika"), "Peace through Strength" ("Güc üzərindən
sülh") məntiqi ilə meydan sulayan və onunla rəqabətə girən
dikbaş siyasətlər planeti dərindən
çatladır. İnsanlıq heç qızınmadan yenidən
"Soyuq müharibə"yə təhrik edilir. Postmodern
epoxanın ruhudur bu. Planetdə temperatur öz təbii iqlimi ilə
deyil, ona diktə olunmuş hərarətlə qalxıb enməlidir!
Bəşəriyyətin
belə bir fatalist məhkumluğa sığmayan iradəsi isə yaradıcı enerjisinin kükrəyişi
ilə özünün həyat məntiqindən dönməzliyini
təsdiq etməkdədir. Bəşəriyyətin birgə,
həm də çoxspektrli humanitar platformasının
konseptuallaşması planetimizin homouniversalist mövqeyini təşəkkül
etdirmək qüdrətindədir. Planetimizi "dünya"
kimi deyil, "dünyalar" kimi qavrayan və qəbul edən
dünyagörüşü dekadans ruhunu yaşadır.
Müasir kosmologiya və kosmonavtikanın üfüqlərində,
fəzasındakı kosmik cisimlərinin sayı insanların
sayından milyard dəfələrlə çox olan kainat məkanının
genişliyi qarşısında planetar dığ-dığ,
dövlətlərarası, cəmiyyətlərarası
çəkişmələr nə qədər gülünc
və absurd görünür! Kainat düşüncəsinə
görə, Yerusəlimin yəhudilərə, yoxsa ərəblərə
məxsus olması üzərində baş sındırmaq -
elə sözün hərfi mənasında baş
sındırmaq cəhalətidir.
Dünyanın konfliktlər siyasəti isə ona həyat
və çörək kimi baxır...
Planetimizin
çalpaşıq siyasətlərinin Yerə və onun
qondarma ziddiyyətlərinə zəncirlədiyi insanı
kainatın dərinliklərinə bəşər mədəniyyəti,
mənəviyyatı və əxlaqının bütün dəyərlərini
müqəddəs yaddaş saxlancında özünə
içirən fəlsəfə və poeziya qanadlı elmin
peyki uçura bilər. İnsanın böyük Kainat
yurdu özünün Yer cəngəlliklərində
azmış balasını çoxdan gözləyir!..
Rahid
Ulusel
Ədəbiyyat qəzeti.
- 2018.- 3 fevral.- S.28-29.