Şahdağım, burax
uşaqları
"Kəndimizə getmişdim"
silsiləsindən
- Təmiz
havanın bolluğuna düşmüşdüm.
- Gəlin
süd sərnicini dağıtmışdı.
-
Başımın üstündə uğultu.
-
Vertolyotlar alpinistləri axtarırdı.
- Babur,
Namin, Fəridə.
- O iki
addan kənddə yoxdur, ancaq Fəridə çoxdur.
- Kənddə
hamı peçin üstündə isti süd saxlayır ki,
uşaqlar tapılanda onlara içirtsinlər.
-
Şahbikə xala Şahdağdan yaşınırdı.
-
Xınalıqda dağların süfrəsində.
-
Şahdağ, burax uşaqları!
- Oljas
Süleymenov itkin düşən alpinist qız
üçün "Lyod-69" poemasını yazdı.
Qız tapıldı.
- Bizimkilərin
də səsini eşit, Şahdağ, burax uşaqları!
- Yoxsa bu
yay bulaqlarından su içən olmaz. Burax uşaqları!
- Bir qartopuyla xəbər gözləyirik.
Paytaxtın
boz, boğucu havasından sonra təmiz havanın bolluğuna
düşdüm. Bolluğa nə darlıq deyib, sağa-sola səpələyirdim
təmiz havanı. Çörəyin arasına, qoyub yeyirdim,
şirin çay eləyib içirdim. Dünya-aləm,
ağaclar, dağlar, yollar gəlin köçürdü elə
bil ağappaq qeyimdə idi. Buz bağlamış şəlalələr,
çaylar, bulaqlar, sırsıra qayalar bu gəlinin
daş-qaşı, sırğası, bərq vuran
üzüyü, boyunbağısı idi. Bir taxta darvazanın
qabağında ayaq saxladım. Tövlədən,
ağzından saman tökülən, buğ çıxan
qara inək çıxırdı. Dalıyca da əli sərnicli
Şahbikə xala gəlirdi.
- Ay xala,
bir stəkan süd ver içim.
- Hardan
verim, ay bala, görmürsən həyət-bacanı, gəlin
sərnici aşırıb südü dağıdıb.
Ətrafa
baxdım. Başımı qaldırıb, göyə
baxdım. Göylərdən yuxarı Şahdağa
baxdım. Doğrudanmı ulduzların arasından ağ yun
kimi buludların üstündən Şahbikə xalanın gəlini
Şahdağın başından sərnici aşırıb,
südü dağıdıb? Doğrudanmı bu qar
südün üzü, qaymağıdır? Tez əl atıb
əzgil ağacının budağından bir ovuc qar atdım
ağzıma. Kəhraba əzgilin ətri vardı qarda.
İçimdən bir soyuq gizilti, başımın
üstündən isə bir uğultu keçdi. Elə bil
kimsə ağ xalı kimi qarın üstünü tozsoranla
süpürürdü. Başımı qaldırıb
göyə baxdım. Başımın üstündən
vertolyotlar uçurdu. Şahbikə xala balağını əlində
düyünlədi.
Qara inək
ağ qarın içiylə götürüldü. Əzgil
ağacını elə bil tut ağacı kimi
çırpdılar.
- Bu nədi,
ay Şahbikə xala?
- Şəhərdən
gələn vertolyotlardı, dağda itən uşaqları
axtrarırlar.
-
Üzü bəri uçurlar axı.
-
Ordakılara yemək aparmağa gəlib.
Bir
anlıq qar gözümdə qaraldı. Gözümü
Şahbikə xaladan çəkib Şahdağa baxdım. Elə
bil ağappaq bir yuxudan oyandım. Gözlərimi ovuşdurdum.
Üzümü qarla yudum, qulağıma Şahbikə
xalanın səsi gəldi:
-
Anası ölsün onların, necə ki yəqin
ölüb. Bu uşaqları necə buraxıblar bu dağa.
Aralarında da qız uşağı.
- Ana neyləsin?
Sənin uşaqların hardadı indi?
- Harda
olacaq? Hərəsi bir dərədə.
- Elə
o anaların uşaqları da o dərələrdədi.
-
Allahın heç olmasa analarına yazığı gəlsin.
-
Şahbikə xala, sağ qala bilərlər?
- Allah bilər,
Allah saxlayanda saxlayır. Mən uşaq olanda bu Təngəaltı
tərəfdə Qaçaq Mayılın mağarasından
bir az bəri bir nəfər yarğana
düşmüşdü. Nə qədər adam gəldi, onu
kəndirnən dartıb çıxara bilmədilər. Sonra
Bakıdan adamlar gələnə kimi onu bütün gecəni
iri işıqlarla bədənini qızdırdılar ki, soyuq
olmasın.
- Sonra
çıxartdılar?
- Əlbəttə
ki, çıxartdılar.
- Deyirsən
bular da yarğana düşüb?
-
Üçü birdən düşə bilməz - deyib,
Şahbikə xala tez evə keçib bir stəkan qaynar
süd gətirdi mənim üçün. Çaşıb
qaldım. Ağ qarın fonunda stəkanda süd
görünmürdü. Elə bil, boş idi. Ancaq buğ
çıxırdı. Soyuqda südü başıma çəkdim.
- Bəs
deyirdin gəlin südü dağıdıb?
Şahbikə
xala təəccüblə qayıtdı ki:
- Kim deyib
onu, mən elə söz deməmişəm. Bizlərdə gəlinlər
südü dağıtmır. Mən burda danışana kimi
o evdə südü qaynadırdı.
Anladım
ki, bayaqdan görüb-eşitdiklərim yuxu imiş. Kaş o
uşaqların da itkin düşməsi yuxu olardı.
- Kənddə
indi hamı peçin üstündə isti süd saxlayır
ki, uşaqlar tapılan kimi onlara içirtsinlər.
-
Adların bilirsiz?
- Kənddə
hamı əzbər bilir onların adını: Babur, Namin, Fəridə.
O iki oğlanın adından yoxdu kənddə. Ancaq Fəridə
çoxdur. Allah qarını əritsin.
- Tez əriyir
qar orda?
- Mən
gəlin köçəndə anam mənə bir yük
yorğan-döşək vermişdi. Neçə ildi
yığmışam üst-üstə. Biz tərəflərin
heç nəyi olmasa da, yorğan-döşəkdən bol
oluruq. İndi o dağlar da elə, neçə ilin qarı
yorğan kimi üst-üstə qalanıb.
- Demək,
uşaqların yeri istidir.
- Təki
olsun.
Bayaqdan
fikir verirəm, Şahbikə xala yaşmaqlanıb
danışır. Danışa-danışa da
yaşmağını əli ilə
tez-tez yuxarı çəkir.
- Kimdən
yaşınırsan, ay xala?
Əli ilə
Şahdağı göstərir.
- Bəs
necə olur, səsivi eşidir axı.
- O
gündüzlər yatır, gecə oyanır.
Şahdağa
baxıram, doğrudan da əzəmətli bir qış
yuxusuna gedib elə bil. Şahdağın ağbirçək
gəlini Şahbikə xala ilə görüşüb
ayrılıram. Gözləyirəm gecə düşsün,
ulduzlar çıxsın, Ay işığında
Şahdağıma ürəyimi açım. Cəddinə
qurban olduğum Baba dağımdan söhbətə icazə də
almışdım.
Gecə
düşdü.
Kənd
naxırı gəlib keçdi. Gecə düşdü.
Şahdağ yorğanını üstündən atıb,
oyandı. Xınalıqda axşam süfrəsi
açıldı. Bütün dağlar, yaylaqlar süfrə
başına yığışdı. Mən də baş əyib,
o süfrəyə yaxınlaşdım.
-
Axşamın xeyir, Bazardüzü. Xoş gördük
Bazaryurd, Tufandağ, səni mən xüsusi salamlayıram.
Şah yaylağı, Murad yaylağı sizi həmişə
yayda salamlamışam, indi qışda salamlayıram. Ən
böyük salamım ulu Şahdağımadır.
Şahdağ
bismillah deyib əlini süfrədəki çörəyə
uzatdı. Ondan sonra hamı bir qismət şörək kəsib
yedi, mənim isə çörək boğazımdan getmirdi.
Bilmirdim
hardan başlayam. Dedim:
-
İmkan varsa, sizə pənah gətirənləri, nərdivansız,
pilləkənsiz evlərinizə qonaq gələn alpinistləri
Namini, Baburu, Fəridəni də çağırın
süfrəyə.
Dağlar
əl saxladı, hamı bir-birinə baxdı. Heç kim dinmədi,
hamı çönüb, Şahdağa baxdı. Mən də
üzümü Şahdağına tutdum:
-
Şahdağım, burax uşaqları. Burax onları getsin evlərinə.
Lap donublarsa, burax getsin, isti ocaqlarında, ana qucağında
donu açılar. Burax, Şahdağım, burax
uşaqları getsin işinə. Neçə-neçə
gözlər yolda qalıb, telefonlar, qapı-pəncərələri
taybatay açılı qalıb. Aşağıda nə qədər
çadır, nə qədər adam gözləyir, nə qədər
adam axtarır onları. Burax, Şahdağım, burax
uşaqları ensinlər aşağı. Bizə yaraşmaz
Kazbekdən keçiblər, Elbrusdan düşüblər,
İrandan-Turandan qayıdıblar. Quba-Qusar arası ilişiblər.
Burax, Şahdağım, burax uşaqları. Bilirəm, bilirəm
bəlkə səndə deyil. Dağlar "nə səndədi,
nə məndə" deyib uşaqlarla oynayır. Ancaq
Şahdağım bu dağlar sənin kürkündən
çıxıb. Bu dağlar yüz illərdir səninlə
çiyin-çiyinədir. Denən kimdədirsə
buraxsın uşaqları. Sənin sözündən heç
kim çıxmaz. Bu dərələr, bu buzlaqlar, bu yaylaqlar,
bu yarğanlar hamısı əlindən su içir,
Şahdağım.
Axtar tap,
soraqlaş, xəbər yolla, tap uşaqları,
Şahdağım. Burax uşaqları, burax,
Şahdağım. Getsinlər. Yolüstü
Xıdırzındədə nəzirləri var, nəzirlərini
versinlər. Burax, Şahdağım, burax uşaqları.
Qoynundan Everest görünür, yəqin iki yüzün ölüsü
qalıb orda. Arzusu, diləyi, cəsədi, skeleti qalıb, səndəmi
ona oxşamaq istəyirsən. Burax uşaqları, burax getsinlər
evinə, Şahdağım. Qazax ellərində bir
qızı beləcə buzlar almışdı qoynuna.
Hamı qalxmışdı ayağa, Oljas adlı şairləri
"Lyod-69" deyib, poemasını yazdı. Qara buzlardan
qızın verilməsini xahiş etdi. Buzlar qızı
qaytardı. Dağlar onun səsini eşitdi!
Şahdağım,
sənin də ətəklərində yaşayıb-yaradan
Oljas kimi qələmli , Oljas ürəkli oğlanlar var.
Ələkbər Salahzadə ruhu, Rəhim Alxaslı şeiri,
Mövlud Qonaq, Vaqif Musa, Yusif Həsənbəy, Vaqif
Əlixanov, Ramiz Qusarçaylı, Tofiq Nurəli və
neçə-neçə papaq altda yatan kişilər səndən
xahiş edir. Burax uşaqları. Sən də onların səsini
eşit. Burax getsinlər evlərinə. Qabaqdan yaz gəlir,
mart gəlir, Novruz gəlir, burax uşaqları, o vaxta qədər
getsinlər evlərinə. Yoxsa bu yaz, bu yay sənin
bulaqlarından axan suları heç kim içməz. Bilirsən
də niyə? Şahdağ! Burax uşaqları. Onlar sənə
pənah gətirib, qonaq gəlib. Qonağı bu qədər əzizləməzlər.
Burax
getsinlər ağappaq talelərini yaşasınlar!
Bir axan
çayla, bir cavan cüyürlə, bir dağ kəliylə,
bir qartalla, bir bulaq şırıltısıyla, atılan bir
topa qarla
Xəbər gözləyirik!
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.29.