Cırcırama və
sisək
Novella
1899-cu ildə 11 iyun tarixində
Yaponiyanın Osaka şəhərində anadan olub. Yapon
yazıçısı, Fransa incəsənət və ədəbiyyat
ordeninin zabiti (1960), ədəbiyyat üzrə Nobel
mükafatı laureatı.
Kavabata imkanlı ailənin
övladı olsa da, dörd yaşından yetim qalıb. Valideynlərini
itirəndən sonra babası və nənəsinin yanında
böyüyüb. Böyük
bacısını xalası apardığından onunla
ömründə bircə dəfə, 10 yaşı olanda
görüşüb. Nənəsi öləndə
Kavabatanın 7 yaşı olub, 15 yaşı olanda isə -
babası dünyasını dəyişib. Sonra o, ana qohumlarının yanında qalmağa məcbur
olub. 1916-cı ildə internat məktəbində
yaşamağa başlayıb.1917-ci ildə məktəbi bitirən
Kavabata imperator universiteti nəzdindəki "Birinci ali məktəb"ə qəbul olunmaq ümidi ilə
Tokioya gedib, elə həmin il universitetə sənəd verərək
humanitar fakültənin "ingilis dili" şöbəsinə
qəbul olub. 1924-cü ildə universiteti bitirən Kavabata əməkdaşlıq
etdiyi dərgi sayəsində Kana Kikuti və digər
tanınmış yazıçılarla tanış
olub. 1931-ci ildə ailə quraraq Kamakruya
köçüb.
Kavabatanın əsərlərində
Yaponiya mədəniyyətinin kökləri, eyni zamanda
müasir ədəbiyyatın bəlli üslubları öz əskini
tapır, əsas diqqət alt qata verilir, yarımçıq
fikirlər və təlqinedicilik maraq oyadır. Onun əsas əsərləri
"Minqanadlı durna", "Qar ölkəsi",
"Köhnə paytaxt", "Dağların sədası"
və s. romanlardır. Kavabata isə
"Meydzin" romanını özünün şah əsəri
adlandırıb. Yazıçının əsərləri
dünyanın müxtəlif dillərinə tərcümə
olunub.
Kavabata 1972-ci ildə Dzusidəki
evində, dəm qazı zəhərlənməsindən vəfat
edib. Yazıçının intihar etdiyi də ehtimal
olunur, digər bir səbəb kimi, alkoqol şoku
götürülür, lakin onun ölümünün dəqiq
səbəbləri barədə hələ də heç bir
məlumat yoxdur. 1974-cü ildə "Sintyesya" nəşriyyatı
Yanusari Kavabata adına ədəbi
mükafat təsis edib.
Yapon ədəbiyyatının
nəhəng simalarından biri, milyonlarla oxucusu olan Yasunari
Kavabata 1968-ci ildə ədəbiyyat üzrə növbəti
Nobel mükafatına layiq görülüb. Mükafat ona
"yapon təfəkkürünü əks etdirən
yazıçı sənətkarlığına görə"
verilib. "Ədəbiyyat qəzeti"nin
oxucularına nobelçi müəllifin kiçik bir
novellasını təqdim edirik.
Universitetin kərpic hasarını
ötüb məktəb binasına çatdım. Həyət
ağ ştaketlə hasara
alınmışdı. Quru otların əhatəsində
çiçəkləyən sakura ağacından
cırıltı səsi eşidilirdi. Addımlarımı
yavaşıdıb, ətrafı dinləməyə
başladım. Dinlədiyim
cırcırama nəğməsinin ömrünü uzatmaq
üçün hasar boyu getdim, əvvəlcə sağa,
sonra isə sola döndüm. Hasarın
arxasında torpaq qalağı vardı, sıra ilə
portağal ağacları əkilmişdi. Oranı sonadək
keçdim və o an tələsdim,
gözlərim parladı: düzbucaq şəkilli torpaq
qalağının arxasında kağız fənərlər
rəngdən-rəngə çalır,
alışıb-yanırdı - hansısa gözdən-könüldən
uzaq bir kənddə əsl bayram idi. Gedib onlara çatana qədər
uşaqların torpaq qalağında cırcırama tutduqlarını
başa düşdüm.
Təxminən iyirmiyə qədər
fənər vardı. Aralarında qırmızısı da,
yaşılı da, sarısı da gözə dəyirdi.
Digər, balaca, al qırmızı rəngli fənər
şübhəsiz, fabrik istehsalına oxşayırdı.
Yerdə qalanlar isə - sadə,
düzbucaqlı və füsunkar idi - yəqin, uşaqlar
özləri düzəltmişdilər. Əgər,
heç kəsə lazım olmayan bu torpaq qalağının
ətrafına iyirmiyə yaxın əli bir-birindən gözəl
fənərli uşaq yığışmışdısa,
demək, nəsə, qeyri-adi bir şey baş vermişdi.
Bax, məsələn… Necə
olubsa bir axşam oğlanlardan hansısa torpaq qalağında
cırcırama səsi eşidib. Gedib
köşkdən bir qırmızı fənər alıb və
ertəsi gün onları axtarmağa başlayıb. Bir gün sonra ona başqa bir oğlan da qoşulub.
Onun fənər almağa pulu olmayıb. Bu səbəbdən də karton qutu
götürüb, kənarlarını qayçı ilə kəsib,
nazik kağız yapışdırıb. Sonra
da dibinə bir şam bərkidib, ipdən asıb. Fənər hazırdır.
Və budur, uşaqların sayı beş olub, sonra - yeddi. Sonra
ağıllarına gəlib ki, kağız üzərində
rəngli şəkillər çəksinlər. Sonra bizim rəssamlar başa düşüblər
ki, qutunun divarlarında dairələr, üçbucaqlar,
yarpaqlar kəsmək, hətta öz adlarının heroqliflərini
yazmaq, balaca pəncərələrə rəngli
kağızlar yapışdırmaq olar. Onlar
da bu kağızları gah qırmızı, gah yaşıl,
gah da ürəkləri istəyən bir rəngə
boyayıblar. Gözəl alınıb.
Budur, fabrik istehsalı olan qırmızı fənərlilər
onları zibilliyə tulladılar, başqa uşaqlar da öz
sadə əl işindən qurtuldu. Hamıya elə gəldi
ki, dünənki fənər artıq, bir işə yaramaz və
onda, qutu, kağız, fırça, qayçı, cib
bıçağı, yapışqan işə
düşdü - axı qeyri-adi bir şey düzəltmək
lazım idi! Qəribə bir fənər! Ən gözəlini!
Bax, uşaqlar da öz ovlarına elə fənərlərlə
başlamışdılar…
Nə isə…
uşaqların və torpaq qalağının əhvalatını
danışdım sizə.
Uşaqlara baxarkən yerimdə
donub qaldım.
Dördbucaqlı fənərlər köhnə
kitablardakı şəkillərlə bəzədilmişdi.
Amma orada təkcə çiçəklər
yox idi, uşaqların adları da fənərlərə bəzək
verirdi. İsixiko, Ayako… Yox, bunlar xüsusi
fənərlər idi, beləsindən mağazada tapa bilməzsən.
Baxmayaraq ki, onların divarları kartondan düzəldilmişdi,
amma dəliklərə - nazik, rənglənmiş
kağızlar yapışdırılmışdı, şam
işığı ancaq bu balaca pəncərələrdən
yayılırdı. İyirmiyə
yaxın rəngbərəng ləkə yerə sərilmişdi.
Uşaqlar çömbəlib oturaraq, bir yerə
yığdıqları cırcıramaların səsini dinləyirdilər.
"Budey, cırcırama! Kim istəyir?"
- qəflətən, oğlanlardan biri
çığırdı. O, digər uşaqlardan bir qədər
kənarda dayanıb, gözlərini otluğa dikmişdi. "Ver, ver!" - o an bir
neçə uşaq həmin oğlanın üstünə
cumdu, onu dövrəyə aldılar, həyəcanla otluğa
baxmağa başladılar. Oğlan ona uzanan əli
geri itələdi, cırcırama oturan yeri eşələməyə
başladı. Sol əli ilə fənəri başı
üstə qaldırıb yenidən
çığırdı, amma bu dəfə onun bir qədər
əvvəlki çığırışına məhəl
qoymayanları səslədi: "Cırcırama,
cırcırama! Kim istəyir?"
Bir neçə uşaq da
ona tərəf qaçdı. Onların
cırcıraması-zadı yox idi.
"Cırcırama,
cırcırama! Kim istəyir?"
Uşaqların sayı bir qədər
də artdı.
"Mənə ver! Mənə
ver!" -həmin xoşbəxt oğlana
yaxınlaşan qız arxadan çığırdı.
Oğlan başını astaca ona tərəf çevirdi, fənəri
sağ əlinə aldı, sonra da sol əlini otluğa tərəf
uzadaraq:
- Budey! - dedi.
- Ver də, ver, nə olar!
Həmin oğlan tam dikəldi,
qalib görkəm alaraq sıxılmış ovcunu irəli
uzatdı. Qız fənərin ipini biləyinə keçirib,
hər iki əli ilə onun ovcundan yapışdı. Oğlan ovcunu ehtiyatla açdı, qız işarət
və baş barmağı ilə həşəratdan
yapışdı.
- Eee, sən də qoy görək! Bu
ki, cırcırama deyil! Bu, əsl sisəkdir! - Qız bu qəhvəyi
rəngli cücünü görəndə, gözləri bərəldi.
"Sisək, sisək!" -
uşaqlar səs-səsə verib həsədlə
çığırışdılar. "Əsl
sisək!"
Qız ağıllı
gözlərini öz xeyirxahına dikdi, cəld
qurşağından bir qutu çıxarıb sisəyi onun
içinə qoydu. "Hə, əsl sisəkdir", - oğlan
mızıldandı, əlindəki qırmızı fənəri
qızın üzünə saldı. Qız
qutunu gözlərinə yaxınlaşdırıb həyəcanla
sisəyə baxdı.
Oğlan diqqətlə qıza göz qoyurdu. Qızın xoşbəxt təbəssümü onu ələ verirdi. Bu mənzərəni lap başından izlədiyim üçün, yalnız indi onun fikrini başa düşdüm və öz fəhmsizliyimdən heyrətə gəldim. Bu an növbəti dəfə çaşıb qaldım. Bir ora baxın! Nə qız, nə oğlan, nə onlara baxan uşaqlar bu məqama fikir verməmişdilər. Amma qızın sinəsində solğun yaşıl rənglə yazılan qeyd dəqiq seçilirdi - Fudzio. Əlindəki fənəri qutuya doğru tutan oğlan qızın ağ rəngli donuna çox yaxın idi və oğlanın adı - Fudzio - kəsilmiş yaşıl heroqliflər qızın sinəsində işıq saçırdı. Qızın fənəri sol biləyindən asılıb qalmışdı. Qırmızımtıl ləkə oğlanın qarnında yellənirdi, heroqliflər titrəyirdi, amma buna baxmayaraq, istəsən, qızın adını oxuya bilərdin. Adı Kiyeko idi. Kiyeko da, Fudzio da bu yaşıl-qırmızı işıq oyununu görmürdülər. Bir də ki, bu, doğrudanmı oyun idi?
Tutaq ki, bu uşaqlar Fudzionun Kiyekoya sisək hədiyyə etdiyini hər zaman xatırlayacaqlar. Amma Fudzio öz adının yaşıl heroqliflərinin Kiyekonun yaxasına yazıldığını yatsa yuxuda da görməz. "Kiyeko" yazılmış qırmızı heroqlifləri isə - öz qarnında; elə Kiyeko da öz sinsəində "Fudzio" adı yazılmış yaşıl heroqlifləri, oğlanın paltarındakı adı yazılmış qırmızı yazıları…
And verirəm səni, oğlan, elə ki, yaşa doldun, de: "Budey, cırcırama!" və Kiyekoya sisək hədiyyə elə. Qoy qız desin: "Doğrudan?" Və sən, Fudzio, o anda qızın sevincini görərsən və hər ikiniz gülümsəyərsiz. Sonra bir də deyərsən: "Budey, sisək!" və ona cırcırama bağışlayarsan. Və Kiyeko məyus halda deyəcək: "Doğrudan?" və siz yenə birlikdə gülümsəyərsiz.
Və bir də… Axı sən, Fudzio, ağıllı oğlansan, yaxşı bilirsən ki, digər uşaqlardan aralı dolaşıb otluqda cırcırama axtarsan da, tapa bilməzsən, amma özünə cırcırama-qız taparsan və elə bilərsən ki, o - sisəkdir. Amma nəhayət, ürəyini buludlar alacaq, bir gün başa düşəcəksən ki, hətta əsl sisək belə - sadəcə, cırcıramadır. Mənsə təəssüf edirəm, sən hələ də öz fənərinin gözəl yaşıl parıltısını, Kiyekonun sinəsində gizlənən həmin o möhtəşəm ləkəni görmürsən.
Tərcümə etdi: Əyyub QİYAS
Yasunari KAVABATA
Ədəbiyyat qəzeti. - 2018.- 3 fevral.- S.30.