Buninin məhəbbət üçbucağı
Tanrı Buninə səbir bəxş edəndə bilirmiş ki, bəndəsi hər bir əsərini xırdalığına qədər incələyəcək, cümlələri sədəf kimi düzəcək. Bir əsər üzərində illərlə çalışması onun ədəbiyyata möhtəşəm sevgisinin təzahürüdür.
Fransanın cənubu. Qrass şəhəri.
Sentyabr. Bu vaxtlar havanın
isti olması adamları təəccübləndirirdi. Günəşin yandırıcı şəfəqləri
qumlu sahildə uzanan adamların ürəyinə
yatırdı. Qışa az
qaldığından canlarına istilik salmaq istəyirdilər.
Sahildəki kafedə bir kişi və gənc
qadın əyləşmişdi. Onlar danışmadan
buzlu kokteyl içirdilər. Çünki
söhbətləri bir-birinə uyuşmurdu. Qadın sandalını çıxarıb
ayaqlarını uzatmışdı, bütün əzalarının
dincəlməsini istəyirdi. Bu vaxt sahildə arıq,
ucaboy kişi göründü.
-Mixail, bu kimdir, - deyə qadın
soruşdu.
-Bu mənim çoxdankı
tanışımdır. Yəqin adını
eşitmisən, İvan Bunin.
-Eşitmisən nədir? Onun bütün əsərlərini əzbər
bilirəm. Tez məni onunla tanış
et.
Yazıçı Mixail Qofman
onları bir-birilə tanış etdi. Bununla da İvan Buninin sonuncu məhəbbət
romanı başlandı. Qalina Kuznetsova
çox da gözəl qadın olmasa da, şirinliyi və elə
şirin danışığı ilə Bunini
maraqlandırmağı bacardı. Tanışlıq
zamanı əllərin bir-birinə toxunuşu,
baxışlar. Anladılar ki, bütün
həyatları boyu bir-birini axtarıblar. Bu
sevgi günəşin yanğısına bənzəyirdi.
1917-ci ilin oktyabr
çevrilişindən sonra Bunin və həyat yoldaşı
Vera Nikolayevna Rusiyadan Fransanın Qrass şəhərinə
qaçmışdılar. O illərdə qırmızı
terror təkcə sosializm inqilabının düşmənlərini
yaxalamırdı. Eləcə də fikirləri
bolşevik şair və yazıçıların fikirlərindən
fərqlənənlər də bir gecədə dinməz-söyləməz
qətlə yetirilirdi. Həmin günlərdə
Bunin doğmalarını qorumağı qərara alaraq
qaçdı. Qaçanlar sırasında
Qalina Kuznetsova və ağqvardiyaçı əri Dmitriy Petrov
da vardı. Gəmilərə və
qatarlara doluşaraq Vətəni tərk etmək necə
ağır idi. Ancaq mübarizəni Vətəndən
kənarda da aparmaq olardı. Yetər ki,
harasa sığınasan. Onlar Fransanı
seçmişdilər. Buninlə
Qalinanın görüşü elə burada təsadüfən
alındı. Və bu görüş həyatlarının
sonrakı gedişatını dəyişdi.
Yenicə nasirliyə
başlayan Qalina üçün Bunin kumir
sayılırdı. Bircə baxışı ilə
qadını şam kimi əridən yazıçı
sonrakı günlərdə özünün ağlı, dərin
fikirləri ilə incə məxluqu bütünlüklə ələ
aldı. Əslində, belə ərimə
Qalinanın da ürəyincə idi. Necə
deyərlər, hər gedişat qarşılıqlı şəkildə
alınırdı. Bir məsələ də
var idi ki, Bunin qadın xislətinin bilicisi sayılırdı.
Romanlarında həyatı ifadə edən
yazıçı üçün insan xislətlərini incələmək
su içmək qədər asandır. Əsasən
süd rəngli kostyum geyinən ucaboy kişinin baxışlarına
Qalina çox ehtiyac duyurdu. Təkcə
baxışlarmı? Bunin kifayət qədər
mənəviyyatı güclü insan idi. Qərib
ölkədə yaşayan, hər an
terrordan qorxan Qalina üçün güclü kişiyə
sığınmaq hava-su qədər vacib sayılırdı.
İnqilabdan sonra xarici ölkələrə
sığınanlar sakit yuxuya dala bilmirdilər. Xaricdə
fəaliyyət göstərən soydaşları
öldürmək üçün ezam edilən casuslar hər
zaman qapılarında peyda ola bilərdi. Dzerjinskinin qırmızı terror üzvləri daim
onları axtarıb tapırdı. Qalina da
qorxurdu. Ərinin ağqvardiyaçı
olmasına görə onu da bağışlamazdılar.
Belə bir qorxulu anlarda ucaboy, süd rəngli
kostyum geyinən, mənəvi cəhətdən zəngin,
özü də məşhur bir adamın onun qəlbində
toxtaqlıq yaratması qadının qorxu hissini azaltdı.
Qalina Kuznetsova gündəliyində yazırdı: "Bunin
ağlımı əlimdən alımışdı. Mən də ona tabe olub, qoynunda
batmışdım". Qalina Bunin
üçün bir udum təmiz hava qədər əziz idi.
Bu qadın özünün incəliyi, zərif
çiyinləri ilə fərqlənir, qısa ətəkli
donu ilə duyğuları oyandırırdı. İvan Alekseyeviç bu gözəllik və zəriflik
içində həm də onun qəmli gözlərini də
görməyi bacarırdı. Bu
baxımdan həm sevgi hisslərini, həm də mənəvi
dəstəyini əsirgəmirdi. Baxmayaraq
ki, aralarında 30 yaş fərq vardı. Yaşın
çoxluğu heç birini utandırmırdı. Əksinə, sevgi günü-gündən
artırdı.
Zərif qız həm də
kəskin addımlar da ata bilirdi. Günlərin birində ərini
atması, Parisdə kirayə ev
tutmasından görünür ki, artıq sevgi başına
vururdu. İlk addım qadından gəldi.
Onlar bütün ili həmin evdə
görüşdülər. Bunin onsuz yaşaya bilmədiyini
anlayanda qəti qərara gəldi: "Qalina Qrassa gəlməlidir".
Çünki Qrassdan Parisə qədər uzun
yolu qət etmək kifayət qədər yetkin
yazıçı üçün çətinlik
yaradırdı. Bunin onu Qrassa -
"Belveder" iqamətgahına gətirdi. Həm şagird, həm köməkçi, həm də
sevgili kimi. Nəticədə məhəbbət
üçbucağı alındı: İvan Bunin, həyat
yoldaşı Vera Nikolayevna və Qalina Kuznetsova. Vera Nikolayevna əvvəlcə nə baş verdiyini
anlamadı. Əri özünə köməkçi
gətirib, burda nə var ki? Amma getdikcə
baxıb gördü ki, əri bu qıza odlu baxışlarla
baxır, üstəlik kabinetdə saatlarla söhbət edirlər.
O, yaradıcılıq zamanı ərinin işinə
qarışmazdı, heç kabinetinə daxil olub yazı
masasını da qurdalamazdı. Bu
yazıçı xanımı üçün etik
sayılmırdı. Lakin getdikcə
şübhələri artırdı. Üstəlik,
mühacirlər arasında Buninin yeni məhəbbəti barədə
yayılan söz-söhbətin böyüməsi sadə, həm
də sadəlövh qadını düşünməyə
vadar etdi. Deməli, əri özündən
30 yaş kiçik qadını heç də köməkçi
və şagird kimi bura çağırmayıb. Vera Nikolayevna hər an özü ilə
danışır, suallar verirdi. Doğrudanmı 20 il yaşadığı kişi onu bu qadına
dəyişib? Özü də ən
ağır günlərində ərini atmayıb,
sınaqlara birgə dözüblər. Çıxıb
getsinmi? Lakin hara getsin. Vətəndən
didərgin düşüb qərib ölkəyə pənah
gətiriblər. Burda kirayə ev
tutub tək yaşasınmı? Buninin həyat
yoldaşı özünə təskinlik verməsəydi, ya
intihar edər, ya da günü-gündən əriyib gedərdi.
Təskinlik ondan ibarət idi ki, əri belə
vicdansızlıq etməz. "Doğrudanmı
bir sevgiliyə görə öz həyat yoldaşını
atacaq? Yox, onlarınkı alınmayacaq, ərim
yenidən məni sevəcək". Qadın
dəli olmaqdan qorxurdu. Sualların çoxluğu,
özü ilə tək qalıb müzakirə
açmağı dəliliyə bir addımın
qaldığını göstərirdi: "Əgər Qalina
istedadlı olsaydı, deyərdim ki, Yan (o, evdə ərini həmişə
belə çağırıb) yaradıcı zövq
alır. Halbuki Qalinanın
danışığından başında saman gəzdirdiyi
aydındır. Bəs, başqa nə ola
bilər?" Vera Nikolayevnanın növbəti
təskinliyi bu oldu ki, əri bu qadına uşaq kimi baxır.
Həm yaş fərqi bunu deməyə əsas
verir, həm də Qalinanın səsi də nazikdir. Elə bil hələ qadınlıq bulağından
su içməyib. "Görünür, ərim
Qalinaya vaxtilə kiçik yaşlarında həlak olmuş
oğlumuz Kolya kimi baxır və qızı kimi sevir".
Ona görə də Qalinaya heç nə demədi.
Yeməyini bişirdi, paltarlarını
yuyub-ütülədi. Hadisələrin
sonrakı gedişatı daha maraqlı situasiya aldı. İki
il keçdi. Məhəbbət
üçbucağı kvadrata çevrildi. Deyəsən,
Vera Nikolayevnanın Tanrıya yalvarışları öz bəhrəsini
verdi. Amma qadın həmin bəhrəni
qəbul etmədi.
Günlərin birində
İvan Bunin Belveder iqamətgahına gənc ədəbiyyatşünas
Leonid Zurovu dəvət etdi. Zurov ilk baxışdan
Vera Nikolayevnaya vuruldu. Gənc
oğlanın bu evə gediş-gəlişi artdı. Hər cür bəhanə ilə bura gəlirdi ki,
Buninin həyat yoldaşını görsün. Guya yazıçıdan hansısa sualın
cavabını tapmağa gəldiyini deyir, ya da borc
alırdı. İstənilən bəhanə
vurulduğu qadını görməyə imkan
yaradırdı. Ürəyini açanda isə Vera
gülümsədi və dedi ki, "sən mənim oğlum
yerindəsən. Sənə kişi-qadın
münasibəti kimi baxmıram, baxa da bilmərəm. Gəl-get, ancaq sənə bir oğlum kimi
yanaşacağam. Mən Yansız qala bilmərəm".
Daha get-gəl olmadı. Bunin
ona burda qalmağı təklif etdi.
Beləliklə, Veldemer iqamətgahında
4 nəfər qalmağa başladı. İvan Bunin,
Qalina Kuznetsova, Vera Nikolayevna və Leonid Zurov. Həyat öz axarı ilə davam edirdi. İki nəfər - Bunin və Qalina sevgi macərası
ilə həyatlarını od-alov içində
keçirirdilər. Leonid Zurov da od-alov
içində yanırdı. Lakin bu yanmaq
cavabsız sevgisinə görə idi. Veranı
məcbur etməyə çalışırdı ki, Bunini
atıb onunla getsin. Məhəbbətinə
cavab verilməyəndə isə öz otağına çəkilib
yaradıcılıqla məşğul olurdu. Getdikcə Vera Nikolayevnanın həyatı cəhənnəmə
dönürdü. Özünü
aldatmağına, təskinlik verməyinə baxmayaraq, sinir
sistemi pozulmuşdu. Hər şeyə əsəbiləşir,
öz-özünə danışır, sevinməyə
heç bir əsas tapmırdı. Hətta
əşyaları hara qoyduğunu da unudurdu. Ərini nazik səsli qadına qısqanır,
Tanrını bu məhəbbətə son qoymağa
çağırırdı. Bu dəfə
də Tanrı bir zavallı qadının
yalvarışını eşitdi.
İvan Bunin "Nobel"
mükafatına layiq görüldü. Bunin, Vera və
Qalina mükafatlandırma mərasiminə birgə getdilər.
Elə üçü də xoşbəxt halda
geri qayıdanda Berlində dayandılar. Bunin
qərara aldı ki, filosof və tənqidçi dostu Fyodor
Stepuna baş çəksin. Məlum oldu
ki, Vera Nikolayevnanın yalvarışları məhz bu evdə
öz bəhrəsini verəcəkmiş. Fyodorun Marqa adlı bacısı vardı. Onun söhbəti Qalinanın ürəyində dərin
iz buraxdı. Marqa anlatdı ki,
"kişilər çox əclafdır, onlara çox da bənd
olma". Neçə aydan sonra Marqa Stepun
Qrassa qonaq gəldi. Marqa ilə Qalinanın
kənara çəkilib söhbətləşmələri
uzun müddət davam edirdi. Vera ərinə nəsə
eyham vurmağa çalışsa da, Bunin heç nədən
şübhələnmədi: "Burda qeyri-adi heç nə
yoxdur. Qadınlar bir-biri ilə
pıçıldaşmağı sevirlər". Ancaq şübhə öz yerini qaranlıq işlə
əvəzlədi. Getdikcə Qalina Bunindən
qaçmağa başladı. Yazıçı
bundan əsəbiləşirdi. Anladı ki, Vera nahaq yerə
eyham vurmayıb: Marqa və Qalina biri-birini sevirmişlər. Bu sevgi hələ Berlindəki həmin evdə
yaranıb. İnsan xislətini əzbər
bilən Bunin bu dəfə öz hissiyyatını işə
sala bilməmişdi. Yalnız Qalina Marqaya
qoşulub Berlinə gedəndə yuxudan ayıldı. Bu ayrılığa çox pis oldu. Kabinetinə çəkilib fikrə gedir, bəzən
özü ilə danışırdı. Vaxtilə
həyat yoldaşı Vera Nikolayevnanın özü ilə
danışmasına çox gülmüşdü.
Axı necə ola bilərdi ki, bir
qadını iqamətgaha gətirib sevəsən, hər
cür şərait yaradasan, həyat yoldaşının
gözü qarşısında min oyundan çıxasan, o da
səni atıb bir qadına qoşulub getsin. Doğrudanmı,
bir qadın bu qədər axmaq ola bilər?
Görünür ola bilərmiş.
P.S. Qalina Kuztnetsovanın sonrakı
taleyi belə oldu. O, kəskin xarakterli Marqaya 5 il
dözdü. Sonra bəzi mühacir
yazıçılarla görüşüb sevgi macərası
yaşadı. Hamısı onu atdı.
Həm pozğun həyat tərzinə, həm də
Bunin kimi şəxsiyyətin hissləri ilə
oynadığına görə daha kimsə bu qadını
yaxına buraxmadı.
P.P.S. İvan Bunin isə
ömrünün son illərini kasıblıq içində
yaşadı.
Vera Nikolayevna bir addım da onun yanından
çəkilmədi.
Azər Qismət
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.31.