Sonuncu mogikan
Hekayə
Niyə dəqiqəbaşı əlvan
quşun qanad çırpmasının yelini hiss eləyir? Quş-filan yoxdur axı başının
üstündə?
Gərək heç
ağız açmazdı Tələtə. Əzəl
gündən heç xoşu gəlmir bu özündənmüştəbehdən. Eləcə də Mehmandan,
Talıbdan, Raufdan, Əsgərdən, qeyrilərindən...
Birisinin atası filan işə baxır, birininki bəhmən
işə... Hamısı nəhəng devlərdir.
Birinci kursda Tələtin atası yeni
şadlıq sarayının açılışını
eləyirdi, özünə ikinci maşını alıb
bayramı bayrama qarışdıran Tələt də tələbə
yoldaşlarını yeyib-içmək mərasiminə dəvət
etmişdi (O vaxtlar hələ qrup yoldaşlarından tam
aralanmamışdı, o da getmişdi). Uşaqlar
içib dəmlənəndə bir sağlıq da ondan istəmişdilər,
o da "Cola" süzdüyü badəsini qaldırıb
elə bir sağlıq demişdi ki (Qapalı bir məkanda
xeyli insan yaşayırmış və hər həftə
bacadan ora insanların sayı qədər yemək
qoyulurmuş. İlk vaxtlar hər kəs
öz payını götürürdü, hamı şad-xürrəm
idi. Amma tədricən bacaya yaxın olanlar
tamahlandılar, əlləri, qoltuqları, yaxaları tutan qədər
yemək götürməyə başladılar, lap
aralıdakılar isə özlərini yetirə bilməyib
yeməksiz qaldı. Get-gedə yemək
qamarlayanlar nəhəng devlərə çevrildilər, yeməksiz
qalanlarsa iynə deşiyindən keçə biləcək
hala gəldilər. İçək, hər kəsin
öz ruzisini götürə bilməsi
sağlığına!), bu sağlıqdan sonra
uşaqların bir neçəsi "Bizim atalarımıza
sataşırsan?", - deyə onun
üstünə atılmışdı. Yaxşı
ki, qrup nümayəndələri Barat araya girib onu
döyülməkdən qurtarmışdı.
Görəsən Frayda
neçənci çıxış edəcək? Və
neçə dəqiqə? Bəlkə
qız anadangəlmə sümüksüzdür? Axı bədən o dərəcədə, lap ilan təki
necə qıvrıla bilər?
Dərs qurtardı. Zivərin gözlərindən
ustalıqla oğurlanıb tələskənliklə giriş
qapısından çıxırdı ki, universitetdə dillər
əzbəri olan "Pul respektdir, dərdləri reset eləyir"
məsəlinin müəllifi Könüllə toqquşdu,
dönə-dönə üzr istəsə də,
qızın bir-iki ağır kəlməsini həzm eləyəsi
oldu.
Pərt halda yoluna davam edirdi
ki, qolundan yapışdılar, çevriləndə
Mehmanı gördü, dərhal içinə xoş olmayan
hisslər doldu. Mehman yığışıb hotelə
getdiklərindən dəm vururdu, ora çoxsaylı ərəb
turist gəlibmiş, yerli yüngüləxlaqlılar da
tökülüşüblərmiş ki, özlərinə
müştəri tapıb pul qazansınlar. İndi Mehman başının dəstəsi ilə
namuslarını taptalayan həmin zənənləri
döyüb-söyüb hotelin həyətindən
qovacaqdı.
Bilmərrə olaraq getməyəcəyini
söylədi (Hətta dişlərinin
qıcandığını, yumruqlarının düyünləndiyini
də hiss etdi). Mehmanın: "Ay xəstə, bir dəfə adamın
bir işinə yara da", - deməsi, "Səbəblə
mübarizə apararlar, nəticə ilə yox", -
mızıltısına əhəmiyyət verməyərək
çıxıb getməsi an çəkdi.
"Xəstə" sözündəki "s" və
"t" hərflərinin toqquşmasından yaranan cingilti az qaldı qulaqlarını batırsın. Gündə bir neçə dəfə "xəstə",
"başı xarab" sayaq sözləri eşidirdi, bunlara
alışmışdı. Lap əvvəllər
mübahisə etmək, bu alçaldıcı söz
basqısından qurtulmaq istəmişdi, heç yeri
ağrımırdısa necə xəstə ola
bilərdi axı? Amma bir dəfə doğrudan da ruhunun
ağrıdığını duyub xəstə olması ilə
razılaşmışdı...
Yenidən qol saatını
narahat elədi. Avtovağzala da getməlidir. Üst mərtəbədəki qonşuya
rayonlarından əmanət göndəriblər,
özünün vaxtı olmadığından gedib
götürməyi ondan xahiş edib. Gərək
tamaşaya kimi öncə avtovağzala, oradan da Qazi Elmangilə
getməyi çatdırsın.
Avtovağzalda çox olub. Ancaq heç
vaxt aeroportda, dəmiryolu vağzalında, limanda olmayıb.
Addımlarını yeyinlətdi, az qala qaçaraq hala gəldi.
Bütün avtovağzallar
öz aralarında, dəmiryolu vağzalları öz
aralarında, liman və aeroportlar da eləcə, öz
aralarında məktublaşırlar. Avtobus bir avtovağzalın digərinə,
qatar bir dəmiryolu vağzalının digərinə,
gəmi bir limanın, təyyarə isə bir aeroportun digərinə
göndərdiyi məktublardır.
Sərnişinlər isə bu məktubların məzmunudur...
Əmanət
bükülü zərfdən ibarət idi, götürüb
köynəyinin döş cibinə - tamaşa biletinin
yanına qoyaraq qaranəfəs digər ünvana üz tutdu.
Amma bəzən bu məktublar
mənzil başına yetişmir, şossedə, dəmir
yolunda, suda, havada "qəzaya uğramaq" adlı bir
qorxuncluğa tuş gəlib parça-parça olur. Özü də,
nədənsə, məzmunca ən dolğun, ən
ağıllı olan məktublar tuş gəlirlər belə
aqibətə.
Prospektdən kəsə
gedib Yaşıl məhəlləyə adlamaq əvəzinə
Seyidlər məhəlləsi ilə uzun-uzadı getdi
(Yaşıl məhəllə ilə bağlı acı bir
xatirəsi vardı deyə, heç vaxt oradan keçməzdi. Ötən il
Novruzun axır çərşənbəsində həmin məhəllədə
azyaşlı uşaqların qaladıqları tonqala iki
pişik balasını atdıqlarını
görmüşdü, müdaxilə edib pişikləri xilas
etmək istəsə də, tonqalın şahə qalxan
alovları imkan verməmişdi, əllərini
yandırmışdı).
Ailəlilər yataqxanasını
yenicə keçmişdi, diqqətini üzərinə
"Xalqın sevimlisi xalqı ilə görüşə gəlir!.." sözləri yazılmış bəzəkli-düzəkli
iri bir avtobus çəkdi, səsgücləndirici ilə
hamını Mərkəzi Mədəniyyət Evinə - millət
vəkili Kələntər Kələntərliylə
görüşə dəvət edirdilər. Gileyləndi
ki, bunlar da vaxt tapıblar görüş keçirməyə.
Axı bu gün tamaşa olasıdır!
***
...Qazi Elmana da salam-kəlamdan dərhal sonra saat
altıdakı tamaşa barədə ağızdolusu
danışdı. Heç bilmədi də, Fraydanı
mövcudluğundakının yüzdə biri qədər təsvir
edə bildimi.
Bu gün damın taxta
karkasını qurmalı idilər. Bir ovuc yüzlük mismar və
ağır çəkici götürüb yuxarı
çıxdı, içində "Görəsən Qazi
Elman Qazi Burhanəddini tanıyırmı" sualı
cövlan edə-edə işə başladı. Üzbəüzdəki çayxana yenə dolu idi, əksəriyyəti
gənclərdən ibarət kontingent domino oynayır, siqaret
tüstülədir, çay qurtumlayırdı.
Keçən həftə
buradan keçəndə (kitabxanaya gedirdi) bir ayağı
protez şəxsin ağır hörgü işini təkbaşına
icra etməsindən bərk təsirlənib çayxanaya adlamış,
kimin hörgü işini bacardığını
soruşmuşdu. Yoğun biləkli, enlikürək
neçə nəfər "Mən" deyib yerindən
sıçramışdı. Bir Qarabağ qazisinə təmənnasız
kömək etməyin lazım olduğunu biləndə isə
duranlar sifətlərində narazı ifadə yerlərində
əyləşmişdilər...
Taxtanı taxtaya pərçimləyir,
yandan mismar vururdu. Bir, iki... On, on bir... iyirmi, iyirmi bir...
Yadına çox uzaqda
qalmış uşaqlıq xatirəsi düşdü. Yamyaşıl tala,
ağappaq çadırlar, tüstülənən ocaq...
Barmaqları çat-çat olmuş kişidən itilənmiş
yiyə ilə taxta üzərində oyma naxışlar
açmağı öyrənməsi... Çiçək,
yarpaq, quş naxışları...
Aman, Tanrı, yenə də
quş?
Təqribən saat yarım
çalışıb çay fasiləsinə
çıxdılar. Kərpiclərin üstündə əyləşib
başıçalmalı ev sahibəsinin
gətirdiyi kəklikotulu çayı ləzzətlə
içməyə, "Çay yorğunluğu
çıxarır" məsəlini isbatlamağa
başladı.
Yaxşı, bəs bu ev
kirayəsi məsələsini necə həll edəcək? İnsafən, əvvəlki ildə pulu ödəmək
rahat idi, atasıgil çatdıra bilirdi, ifritə qadın
sonradan hər üç-dörd aydan bir qiyməti iyirmi manat
qaldırmağa başladı. Gah deyir, neft
ucuzlaşıb, qaldırıram, gah deyir, dollar
bahalaşıb, qaldırıram, gah deyir, ərimin
maaşını azaldıblar, qaldırıram...
Stəkanı boşaldıb
ağzından aralayırdı ki, Qazi Elmanın protez
ayağını qaşımasını gördü, donub
qaldı. Barmaqlar plastmasın üzərində
cüyültü qopararaq irəli-geri gedirdi. İnsanın tüklərini biz-biz edən,
qanını donduran bir cüyültü idi.
Duruxaraq çay içməyini
yarımçıq kəsməsini görcək Elman
üzrxahlıqla gülümsədi, qəribə
gülümsəməyi var idi, gözləri itincəyə qədər
qıyılırdı, dedi, hərdən özümü bu
cür aldadıram, mənə fikir vermə, əlavə də
etdi ki, bu cür aldanışlar olmasa insan dəli ola bilər.
Necə təsirlənmişdisə
işi davam etdirəndə çəkici mismara yox, baş
barmağına vurdu, bircə anda barmağı göyərib
şişdi.
Ağrısının şiddətindən zarıldayır,
Elmanın pərt olmasını, çığıraraq ev sahibəsindən yod, pambıq tələb
etməsini, keçib gedən müəllim qonşusuna
acı-acı "Ömründə əlində çəkic
tutmayan yad adam mənə görə ustalıq eləyir,
barmağını əzir, halbuki vaxtı ilə
yaxşılıq etdiyim o qədər dost-tanış, qohum-əqrəba
var ki, indi qolumdan tutmur", - deyə etirafını
müşahidə edirdi ki, onu gördü, müəllim
qonşunun canıyananlıqla "Altruistdir də"
söyləməsi aranı qatdı.
Qazi Elman kişinin üstünə
atlanıb "Al turist də sənin dədəndir, ver turist
də", - deyə qəzəb püskürdü, "Pis sənsən,
sənin kimilərdir, o isə əsl kişi adamdır"
sözlərini xırtdəyindən yapışaraq
yazığın üzünə şillə təki
çırpdı.
İşə
düşdü də. Barmağının ağrısını bir anlıq
unudası oldu, barmaqları kəlbətinə
dönmüş Qazi Elmanı qonşusundan aralamağa
çalışdı, "altruist" sözünün
heç də pis söz olmadığını, əksinə,
"eqoist"in əksini bildirməsini hərfbəhərf
qandırdı və buna xeyli vaxt, əsəb sərf etdi.
Pərt olmuş müəllimi
üzrxahlıqla yola salanda Elman da biləyi ilə tərini
silə-silə bir siqaret yandırdı, buludların
arasında gizlənən günəşə tərəf
qıyğacı boylanıb köks ötürdü:
- Qaqam, məni qınama, bizlər
bilirsən necə yaxşılıq acıyıq? O qədər
əziyyət çəkmişik ki. Hansını
deyim e sənə? Əsirlikdə olanda ermənilər
əlimizə içində su olan boşqab verib
qaçırdırdılar. Kimin boşqabından bir
damcı su tökülürdüsə güllələyirdilər...
Ayağımı mina parçalayanda elə şok
keçirmişdim, qanlı ət parçalarını özümlə
götürüb iynə-sap tələb eləyirdim ki, yerinə
tikim...
Günəşi gizləyən
buludların bəziləri qaraydı, amma bəyazı da az deyildi...
Yenidən işə başlayanda əzilmiş
barmağına görə o, daha usta kimi özü taxta
mismarlamırdı, indi usta köməkçisiydi, Elmana mismar
ötürürdü.
Qələmlə yazmasa da
yaddaşla yazırdı, üst-üstə qalaqlayırdı
cildləri. İçində
toplaşmış sevinc və fərəhlərdən
ara-sıra sevinirdi, fərəhlənirdi, amma daha çox
iniltiləri, ah-ufları sezirdi, damcılayan göz
yaşlarına diksinirdi.
Adi boş kağızlarla məna
kəsb edən yazılı kağızlar eyni cür
yanmırlarmış, əmin idi. Birincilər dərhal
alovlanıb çırtıltıyla yanır, bir göz
qırpımında kül olurlarmış. İkincilər
isə uzun-uzadı: hərfbəhərf, cümləbəcümlə,
fikirbəfikir yanırlarmış. Heç külləri də
ələ gəlmirmiş...
Birdən bütün
zamanlarda yaddaşlarda yazılan kitabların da
yandırılması əmri verilsəydi, onda necə
olardı? Ağlına gələn bu fikirdən lap eyməndi,
əməllicə xof hiss elədi.
***
...Saat altıya iyirmi beş
dəqiqə qalmış "Dünyanı mədəniyyət
xilas edəcək!" şüarını gözləriylə
oxşayıb biletini nəzarətçiyə təqdim edərək
sevincək addımlarla arenaya daxil oldu, birinci cərgənin
birinci yerində xoşbəxtlik qidasını udmağa
hazır vəziyyət aldı. Ətrafda bayram əhval-ruhiyyəsi
duyulurdu. Bəzənib-düzənmiş insanlar,
çoxu ailəlikcə, əllərində günəbaxan
tumu, popkorn, içəcəklər, deyə-gülə
öz yerlərini tapıb əyləşməkdəydi.
Oynaq musiqi sədaları eşidilirdi.
Fürsətdən istifadə edib
qoltuğundakı kitabı açdı, qaldığı
yerdən davam etdi:
"...Mogikanlar üç nəsildən
törəmişdilər, bu üç nəslin müqəddəsləşdirdikləri
canlılar qurd, tısbağa və hindquşu idi. Hər nəslin bir fratriyası vardı. Ən
güclü qurd fratriyası idi ki, bura da özlüyündə
dörd nəsil - qurd, ayı, it və opossum nəsilləri
daxil idi..."
Əlini döş cibinə
atıb qonşusunun əmanətinin yerində olmasına əminləndi. Hələ
tamaşa başlanmamışdı. Musiqinin
gur səsi yerlərində əyləşməkdə olan
tamaşaçıların səsinə
qarışmışdı.
"...Mogikan əyalətinin
paytaxtı Şobak adlanırdı. Burada həm
hökmdar, həm onun müşavirləri əyləşirdi.
Ali icraedici orqan olan Saxemlər şurası da
Şobakda fəaliyyət göstərirdi.
Hökmdar..."
Başlandı! Başlandı!
Uşaqların
çığırtısı ilə
baxışlarını kitabdan ayırıb həyəcanla səhnəyə
zillədi.
Öncə iştirakçıların hamısı (Frayda
xüsusi şövqlə addımlayırdı) təkərlərindən
od saçan velosipedçilərin
müşayiəti ilə dövrə vurub
tamaşaçıları salamladılar. Kollektivin
rəhbəri Qodyavir (Ağıllı) Mixalıç (bir
suyu necə də uşaqlıq xatirələrindəki Baronu
xatırladırdı) bu isti münasibətə, zalın tam
dolmasına görə gözləri yaşarmış halda
minnətdarlıq bildirdi. Söz şəhər bələdiyyəsi
nümayəndəsinə veriləndə və nümayəndə
də bu əyalət şəhərinə gəlişləri
ilə artistlərin şəhər sakinlərinə əsl
bayram yaşatdıqlarını dilə gətirəndə səs-küy
qopduğundan (arxasındakılar bir yerə iki bilet
satılması səbəbindən yerləri bölüşə
bilmədikləri üçün az qalmışdılar ki, əlbəyaxa
olsunlar) səhnədə daha nə danışıldığından
bixəbər qaldı, amma məmurun kollektivin rəhbərinə
çox iri, par-par parıldayan büllur vaz hədiyyə etməsini
görcək qanadlandı, bu qədirbilməni
özlüyündə çox yüksək qiymətləndirdi.
Kxamalo zalı qəşş edincəyə
qədər güldürdü, Baxti başını şirin
ağzına soxmaqla hamıya həyəcanlı anlar
yaşatdı...
Yanında oturan uzunburun, iridiş kişi və onun özünə bənzəyən
oğlu günəbaxan tumunu necə
çırtlayırdılarsa, çırtıltı səsi
səhnədən gələn səslərlə az qala rəqabət
aparacaqdı. Bir tum qabığı dizinin
üstünə düşdü. Götürdü,
tumçırtlayan qonşularının yerdə
yaratdıqları qabıq dağının üstünə
tullamaq istədi, amma əli gəlmədi, cibinə qoydu ki,
evdə zibil qabına tullayar.
İlo on metr hündürlükdə
kəndirin üzərində mayallaq aşdı, ponilər
paraddan keçdilər...
Bu nədir belə? Öncə nə
baş verdiyini anlamadı, arenaya səsgücləndirici ilə
üç nəfərin daxil olmasını tamaşanın tərkib
hissəsi hesab elədi, di gəl,
"Mərkəzi Mədəniyyət Evində
xalqın sevimlisi, millət vəkili Kələntər Kələntərli
ilə görüş keçirilir, hamınızı dəvət
edirik!" bağırtısı tamam kefinə soğan
doğradı, ani olaraq bayaq küçədə
gördüyü bər-bəzəkli avtobusu qəzəblə
xatırladı. Qodyavir Mixalıç bu
üç şəxsi etik normalara riayət etməyə
çağırıb onlardan arenanı tərk etmələrini
tələb eləyəndə isə həmrəylik əlaməti
olaraq o da yerindən durdu, tamaşanı pozmaq istəyənlərə
tərs bir baxış tolazladı.
Meymunların
hoqqalarını təlxəklərin məzhəkəsinin
tamamlamasının ardınca sanki içəridə günəş
doğdu, gözəllər gözəli Frayda sehrli
gülümsəməsi ilə hamını ovsunlayaraq
alışıb-yanan qızılı paltarında səhnənin
tam ortasında, projektorlar tuşlanan nöqtədə yer
aldı.
Aman Allah, bu qədər incəlik,
elastiklik, ahəngdarlıq və bunlardan doğan bu qədər
sehrkar gözəllikmi olardı? Fraydanın hər bir
hərəkətinə, jestinə, mimikasına
acgözlüklə tamaşa edirdi. Seyr üçün
məhz birinci cərgəni - Fraydanın bir
addımlığını seçdiyi üçün
özünə "afərinlər"
yağdırırdı. Bayaqdan bəri göynəməkdə
olan əzilmiş barmağı da ağrıdan qurtularaq
kirimişdi.
Uşaq vaxtı (gərək ki,
yeddincidə oxuyurdu) arxın suyunun qarşısını kəsib
öz bostanlarına axıdan atasından xəbərsiz,
atasının sonradan "günah iş"
adlandırdığı bir iş tutmuşdu,
bağı-bağatı yanan qonşulara ürəyi
yananlıqla suyun qarşısını
açmışdı. Buna görə əvvəllər ona
heç əl qaldırmayan atası bərk qəzəblənib
ülgüclə qırxılmış başına
ağır bir qapaz endirmişdi (Zərif dəriyə beş barmaq ölçüsündə necə
qan sızmasını, güzgüdə bu ləkəni
görüncə necə qorxmasını, anasının onu
bağrına basıb necə ağlamasını heç
unuda bilmir). O da qapazın ağrısından daha çox
incikliyinin ağırlığı ilə evdən
qaçmış, gedib talada məskən salmış
qaraçı taboruna qoşulmuşdu. Deyib-gülən,
oxuyub-oynayan, dolu-dolu süfrələr açan,
küp-küp çaxır içən, daim şən
qaraçıların ən çox bütün bədən
əzalarının əsdirilməsi ilə müşayiət
olunan "Flamenko" rəqslərinə, "Xaberoma"
adlandırdıqları ətli-göyərtili
şorbalarına, daha çox isə səmadakı quşlar
qədərki azadlıqlarına aşiq olmuşdu.
Qaraçılardan qısa
müddətdə yorğa at sürməyi, taxta üzərində
oyma naxışlar vurmağı da öyrənmişdi. Qaraçı
qanunlarını, xüsusən işə-gücə gedən
qaraçıların bütün gündəlik
qazanclarını gətirib rəngbərəng
naxışlı dəmir sandıqdan ibarət ümumi xəzinəyə
toplamasını, Baron adlandırılan başçı tərəfindən
bu qazancın bərabər şəkildə bütün həddi-buluğa
çatmış tabor sakinləri arasında (içlərində
qocalar, şikəstlər də az deyildi)
bölünməsini, "Heç bir qaraçı digərindən
üstün ola bilməz" qaydasını uşaq təfəkkürü
ilə hədsiz bəyənmişdi.
Üç gündən
sonra gözüyaşlı atası bir neçə kənd
adamıyla birgə gəlib onu tapanda heç geri dönmək
istəmirdi.
Hətta ona mehr salmış Baron onun
qırxılmış başını göstərib
"İnsanın xoşbəxtliyini tükləri
daşıyır, biz lənətlənmişləri bu
cür qırxırıq, sənsə bir parça
uşağı gör nə hala salmısan", - söyləyərək,
"Qoy bizimlə qalsın, sən onunla pis rəftar edirsən"
qənaəti ilə atasına təpki göstərəndə
ömürlük taborda qalacağına bir əminlik də
yaranmışdı onda.
Amma anasının,
bacı-qardaşlarının onunçün göz
yaşı tökdüklərini eşitcək ürəyi
yumşalmış, geri dönməyə razılıq
vermişdi.
Sonradan da, az qala hər gün, ta ki
qaraçılar çadırlarını söküb
köç edənədək, gəlib uzaqdan qəhərlə
bu azadlıq və bərabərlik yuvasını seyr
etmişdi...
Qırmanclı atlı
çıxışa başlayanda səsgücləndiricili mərdimazarlar
yenidən, özü də daha inamla, özlərinə
güvənlə arenada peyda oldular, qanını bir daha
qaraltdılar, Kələntərli ilə görüşdə
iştirak edən hər bir kəsə həm Kələntərlinin
nəfis tərtib olunmuş fəaliyyət proqramı, həm
də əlli manat məbləğində əskinas hədiyyə
olunacağı xəbərini qapqara ləkə kimi bu al-əlvan
gözəlliyə pərçim elədilər. Bir anda zalda uğultu qopdu, onu gördü ki, adamlar
durub çıxışa doğru getməyə
başlayır. Səsgücləndiricinin "Tələsin, yerlər məhduddur!"
elanı eşidildikdə isə giriş qapısı
önündə əsl tünlük yarandı.
Ani olaraq təsəvvürünə
belə bir şey gəldi: insan dünyaya gələn kimi onu
tamah vəzindən axtalayırlar...
Qırmanclı atlı
çıxışını bir an da olsa dayandırmır,
ağlagəlməz tryuklar nümayiş etdirirdi. Hətta dəridən-qabıqdan çıxan
atın da, sanırdın ki, gözlərində insanlara xitabən
"Nə olar, dayanın, getməyin" yalvarışı
hiss olunurdu.
Arena tam boşalmaqdaydı...
Yanında oturan uzunburun, iridiş
kişinin getmək istəməyən oğlunu az qala sürüyə-sürüyə,
"Ə, əlli manata beş kilo ət düşür
e" sözləri ilə tərkisilah edərək arenadan
çıxarmasını, Qodyavir Mixalıçın gedənlərin
qarşısına keçib onları geri qaytarmaqçün
dilə tutmaqdan ibarət mənasız çabalar göstərməsini
ürək ağrısı ilə seyr etdiyi zaman bayırdan
guppultu qopdu. Giriş qapısından
görünən küçə mənzərəsinə
boylananda arenadan çıxan izdihamın dar girişdən
keçərkən basabas yaradıb qoruyucu hasarın bir hissəsini
aşırdığını gördü. "Dünyanı mədəniyyət xilas edəcək!"
sözlərinin "mədəniyy" yazılmış
dörddə bir hissəsi ayaqlar altında taptalanmaqda idi, fərqinə
vardı ki, arxası ona olan şüarın yalnız miskin
"Dünyanı ət xilas edəcək!" sözləri
qalıb.
Sonrakı saat macərasız,
sakit məcrada keçdi. Cəmi iki tamaşaçı
qalmışdı, o və üzbəüzdə əyləşmiş
orta yaşlı kişi. Teatr və balet
truppası, orkestr, sonra yenidən meymunlar və klounlar
yalnız onların ikisi üçün tamaşa verdi (Naxələf barmağı əzilməyə
vaxt tapdı da. Axı, gedənlərin yerinə
alqış yağdırmaq ona düşmüşdü).
Özü təki
düşünən başqa birisinin də mövcudluğuna
çox sevinirdi, hətta gözlərində sevinc
yaşı da gilələnmişdi. Tamaşanın
axırlarına yaxın yerini dəyişdi, gedib ikinci
tamaşaçının (adını öyrəndi,
Cumalı imiş) yanında əyləşdi, axıradək
tamaşada qaldığı üçün minnətdarlıq
bildirdi. İkinci tamaşaçı əlini onun
çiyninə qoyaraq deyəndə ki, o şəxslər elə
bilirlər, hər şeyi pulla həll etmək olar, əslində
isə belə deyil, yanılırlar, bu gözəl sözlərin
içini silkələdiyini hiss etdi, az qaldı, durub
bağrına basaraq bu şəxsi öpsün.
İkinci tamaşaçı
ardınca da dedi ki, mən bədbəxt adamam, kağız
pula allergiyam var, elə ki əlimə alıram, üstümdə
gəzdirirəm, bütün bədənim qaşınıb
köppə-köppə səpir.
Yox, quşcuğaz nə gəzirdi,
yəqin yenə onu qara basırdı.
Orkestrin notları nəsə
kədərli görünürdü, meymunların hərəkətlərində
nəsə bir ağırlıq duydu, Kxamalonun növbəti
gülüş payı nəsə bir qədər acı, qəhərli
gülüş kimi gəldi ona.
Tamaşa bitəndə və Qodyavir
Mixalıç səhnəyə çıxıb qəhərli
səslə indi hər yerdə - Amerikada da, Avropada da, Asiyada
da mədəniyyətin gözdən
düşdüyünü, dəyərsizləşdiyini
vurğulayaraq, hər halda, tamaşanı sona yetirməyə
arenada tamaşaçı qaldığı üçün
özünü xoşbəxt sandığını dilə
gətirdiyi anda o, insanlar barədə duşunməyə
başladı. Hər bir insan
güclüdür, həm də güclü olduğu qədər
zəifdir. Gücün növbəsi
çatanda qurub-yaradır, savablar qoyur ortaya. Amma zəifliyin növbəsi çatanda
uçurub-dağıdır, günahlar törədir. İnsanın həqiqəti
güclülüyündə, yalanı zəifliyində, ədaləti
güclülüyündə, haqsızlığı zəifliyindədir.
Eləcə də humanizmi və
xeyirxahlığı da eqoizmi və qəddarlığıyla,
müvafiq olaraq, birinciylə ikincinin tərəfində rəqabət
aparır.
Qodyavir Mixalıç hələ
də səhnədə idi, bayaq məmurun
bağışladığı büllur vazı gətizdirib
"Siz iki nəfərsiz, amma əfsus ki, mən cəmi bir hədiyyə
verə bilərəm, hədiyyəni bölmək
mümkünsüzdür deyə çıxılmaz vəziyyətdə
qalmışam..." tərəddüdünü
nümayiş etdirirdi.
Hədiyyə qeydsiz-şərtsiz
onun olmalıydı. Bədənin qaşınıb köppə-köppə
səpməsi səbəbi mədəniyyətə aşiqlik
səbəbini heç bir vəchlə üstələyə
bilməzdi. Qiymətləndirilməyi, dəyərləndirilməyi
məcburən sevməyə başlamışdı. İçində yorğunluğundan dolayı
toplaşmış məğlubiyyətə bənzər
hisslərini sığallayıb uyutmaqda olan bir qələbə
hissinin cövlan etdiyinin fərqində idi.
"Eh, eloğlu, sən
bizim dərdimizi bilsən dəsmal götürüb
ağlayarsan e. Qızıma fərli
cehizlik düzəldə bilmirik, kaprizli qudaların
qarşısında gözükölgəliyik. Bu, xalis çex büllurudur, başım
çıxır. Evə aparsam uşaqların anasıyla
qızım heç bilirsən necə qol götürüb
oynayarlar?", - sözləri sual ünvanlanaraq cavab gözlənilirmiş
kimi ona tuşlananda ani olaraq duruxub qaldı (Axı hardan
bilirdilər onun bu yaralı yerini?!).
Xeyli vaxt keçəndən sonra ağ gəlinlikdəki gənc qızın
büllur sevinci naminə razılıq əlaməti olaraq
ağır-ağır başını tərpətdi.
Cumalı kişi
az qala qaçaraq səhnəyə çıxıb
büllur vazın parıltısına qarışmış
göz işartısını nümayiş etdirəndə
o, artıq arenadan çıxmışdı, evə doğru
gəlirdi. Başının üstündə
bomboş səmaydı.
Binalarına necə çatdı,
üstdəki qonşunun zərfini necə verdi,
mənzilə necə girdi, boyat çörək dilimini
(pendir qurtarmışdı) bir stəkan açıq rəngli
çayın müşayiəti ilə necə yedi, əzilmiş
barmağı ağrıdımı, televizorda hansı proqrama
baxdı, yerinə nə vaxt uzandı, xəbəri olmadı.
Bircə onu gördü ki, gecə lampasını
yandırıb və kitabı dayandığı yerdən
oxumağa davam edir:
"...XVII əsrin ortalarında
mogikanlar öz ticari əlaqələrini genişləndirməkdə
idilər. Onlar dəri alveri ilə məşğul
olur, get-gedə zənginləşir, bununla da özlərinə
rəqib moxokların timsalında düşmən
formalaşdırırdılar. Xırda insidentlər
1664-cü ildə şiddətli müharibəyə
çevrildi, kəndlər yandırılır, insanlar
qarışqa kimi qırılırdı..."
Görəsən, artistlər
yola düşdülər? Amma yox... Arenanı
sökmək elə nə qədər vaxt aparar. Yəqin
sökmək işinə obaşdandan başlayıb sabah axşamüstü də yola düzələrlər...
"Yalnız 1669-cu ildə
tərəflər, guya, sülh bağladılar. Hər şeydə
dürüst olan mogikanlar düşmənin "sülh"
tələsinə düşəcəklərini
ağıllarına belə gətirməzdilər, ancaq
moxoklar silahı yerə qoymuş mogikanlara qəfildən
hücum edib böyük üstünlük
qazandılar..."
Cumalı kişinin qızı indi
necə sevinir... Allah xoşbəxt eləsin,
yarıyanlardan olsun.
"Hofmans - Ferri adlı ərazidə
mogikanlar həlledici məğlubiyyətə məruz
qaldılar.
Moxoklar əsirlərə belə aman vermədilər...
Əsrin əvvəlində
say hesabı 35 min nəfər olan mogikanlardan 1672-ci ildə cəmi
min nəfər qaldı. Qəfil başlayıb tüğyan edən
çiçək epidemiyası isə bu say
hesabını da yarıbayarı azaltdı..."
Gecənin rəngi,
sanırdın ki, əvvəlkilərdəkindən tünd
idi. Anasının nənəsi danışarmış,
o vaxt NKVD-çilər həyat yoldaşını aparanda da
gecənin zil qaranlığında aparmışdılar.
Səmada cəmi bir ulduz var imiş. Solğun, öləziyən bir ulduz.
Ulu babası, deyilənə
görə, çox elmli şəxs imiş, illərin
müşahidələrini, araşdırmalarını
beyninin bir hücrəsinə toplayıbmış, beynində
kitab yazırmış. Ancaq həmin o kitabı vərəqlərə
köçürməyibmiş. Dostları,
yoldaşları təkid etsələr də, Bakıdan
böyük alimlər gəlib dilə tutsalar da beyin
kitabını üzə çıxarmayıbmış ki
çıxarmayıbmış. Həyat
yoldaşına gizlincə bir-iki kəlmə deyibmiş həmin
qan qoxulu illərdə. Deyibmiş, əlyazmaları
yandırılanlar bir cür, kitabları yandırılanlar
başqa cür bədbəxtdirlər. Fərqi
yoxdur, bəxtin gətirib birincidən olmadınsa, mütləq
ikincidən olacaqsan. Bu məmləkətdə
bütün ağıllı vərəqlər tonqalları
alovlandırmaq üçündür.
Yatağından durub pəncərəyə
yaxınlaşdı, səmaya boylanmaq istədi.
Ancaq qorxdu ki, orada cəmi bir, özü də
solğun, öləziyən ulduz görüb lap məyus
olsun.
Qayıdıb yenidən
qırmızı üzlü kitaba sarmandı.
"...XVIII əsrin ortalarında
azsaylı mogikanlar öz yurdlarında olduqca ağır məhrumiyyətlərlə
üzləşdiklərindən Şərqə - Stokhicə
köç etdilər. Hindu torpaqlarında ağalıq edən
ingilis və fransız müstəmləkəçiləri həmin
dövrdə daim öz aralarında münasibətləri
ayırd etməyə çalışırdı, evləri
dağılan, əkin sahələri yandırılan hindu
tayfaları isə neytral qala bilməyib öz
mövcudluqlarını qorumaq üçün mütləq tərəflərdən
birinə sığınırdı..."
Görəsən üstlərindəki
qonşunun Kənd Təsərrüfatı Nazirliyində
tanışı var? Elə-belə adama oxşamır. Həmişə
kostyum geyir, qalstuk taxır...
"...Mogikanlar yeddiillik müharibədə
ingilislərin tərəfində fransızlara qarşı
silah qaldırdılar, 1776-cı ildə ABŞ-ın müstəqilliyi
uğrunda gedən müharibədə isə on üç
qiyamçı əyalətin müstəqillik mübarizəsinə
qoşulub Britaniyaya
qarşı vuruşdular. Hökmdarları Hendrik Opomut elan eləmişdi
ki, biz həqiqətin, ədalətin tərəfində olaraq
öz insanlığımızı nümayiş etdirək,
yəqin bu jestimiz cavabsız qalmaz..."
Son cümləni oxuyanda
artıq işıqlaşırdı.
"...Amma müharibəni qalibiyyətlə
bitirib ABŞ-ın müstəqilliyini elan edən hökumət
mogikanların şücaətini qiymətləndirmək əvəzinə
onların torpaqlarında zorən öz ağdərili vətəndaşlarını
yerləşdirdi. Get-gedə
sıxışdırılan sonuncu mogikanlar məyus halda
Viskonsin ştatında irokezlərin verdiyi
sığınacağa üz tutdular. Orda da yerli
tayfaların içində əriyərək yox oldular..."
...Günəş öz şəfəqlərini
pəncərədən içəri salanda o, artıq "Səhər
proqramı"na baxa-baxa nahar eləyir, kərpicsifət
xanımgilin bazar meydanından hazırladıqları
sorğunu candərdi izləyirdi. Respondentlərdən
soruşulurdu ki, sizə ən çox nə hədiyyə
edilməsini istəyərdiniz.
Saatını masanın
üstündən götürüb qoluna bağladı. Həyatında
aldığı ilk və yeganə hədiyyəydi bu.
Universitetə qəbul olunma xəbəri gələndə
atası babat bir məclis qurmuşdu. Bu
saatı da ona Əli dayısı hədiyyə etmişdi.
Saatdan saata da fərq var. Bu, saat deyildi, sanki bir dost idi,
sirdaş idi ona. Bəzən hətta biləyindən
çıxarmağa da qıymaz, gecə onunla yatardı.
Xüsusən günəşli günlərdə
bir parıldamağı vardı ki. Tünd
göy siferblatı və qara kəmərciyi
gümüşü korpusuna və gümüşü əqrəblərinə,
rəqəmlərinə xüsusi gözəllik gətirirdi.
Görəsən, ondan
soruşulsaydı, nə hədiyyə edilməsini istəyərdi? Qəti bir
fikrə gələ bilmədi.
Bazar meydanında bir neçə
dəfə özü də kameramanlara tuş gəlmişdi.
Suallar da həmişə məişət
tipli olurdu. İlk dəfəsində
teleçəkilişə biganə qala bilməyərək
"Hansı markadan geyinirsiniz?" sorğusuna, azacıq
düşünüb, "Qardaş moll-dan"
cavabını vermişdi. Jurnalistsə
"Ora haradır" sualına aldığı "Yəni,
böyük qardaşımın köhnələrini geyinirəm"
cavabının müqabilində əsəbiləşmiş,
"Bunun başı xarabdır ki" hökmünü
vermişdi. Sonrakı dəfələrdə
televiziyaçıların suallarını eşidib
cavabsız buraxmışdı, amma bir dəfə gün
haradan doğmuşdusa "Ən çox sevdiyiniz bədii qəhrəman
kimdir" sualı qoyulmuşdu, o da həvəslə "Don
Kixot" cavabını vermişdi, "Niyə"sini isə
"Çünki mənasız çabalardadır, yel dəyirmanları
ilə vuruşur"la cavablandırmışdı.
Olduqca yoxsul görkəmli
bir yeniyetməni danışdırırdılar (Operator qəsdənmi,
ya bilməyərəkdən onu tam obyektivə gətirmişdi,
cırıq sandalından yalın baş barmağı
bayıra çıxırdı). Yetim imiş.
Deyirdi, ən böyük arzum mobil telefonumun olmasıdır, təzəsi
ilə işim yoxdur, ancaq telefon dükanında işlənmiş
bir telefon satırlar, cəmi on beş
manata. Deyirdi, kaş, möcüzə baş verəydi, bu
verilişə baxan imkanlı adamlardan biri onu alıb mənə
hədiyyə edəydi...
Yeniyetmə o qədər məsum
idi, o qədər məsum idi ki... Həm də, elə bu dəqiqə
kiminsə o telefonu alıb ona verəcəyinə
inanırmış qədər sadəlövh körkəmdəydi...
Pendir də vaxt tapdı
qurtarmağa.
Çörək pendirsiz heç getmir...
Barmağı isə hələ də
zoqquldayırdı...
Birdən diqqətini kərpicsifət
xanımın studiya qonaqları çəkdi. Bu ki Qodyavir Mixalıçla Cumalı
kişidir! Yerindən sıçrayıb
düz ekranın qarşısına gəldi, böyük
maraq içində bütün diqqətini proqrama yönəltdi.
Həyatdan tanıdığı insanları ekranda görmək
ayrı bir hiss oyatmışdı. Həm də
dünənki tamaşa anbaan şüurunda təkrarlanıb
içini rahatlamağa başlamışdı.
Aparıcı inanılmaz hadisə
barədə danışırdı, deyirdi, şəhərimizə
qastrola gəlmiş səyyar incəsənət qrupunun
dünənki çıxışını fövqəladə
bir hadisə (hadisənin nə olduğunu açıb
ağartmadı) az qalmışdı pozsun, bütün
tamaşaçılar arenanı tərk etdilər, yalnız
bir nəfər - bax bu Cumalı dayı mədəniyyətə
sevgisini göstərib sonadək qaldı, artistlər də
yalnız onunçün çıxış etdilər.
"Elə deyil axı!", - deyə öz-özünə
mızıldandı.
Cumalı kişi
bol-bol tərifləndikcə tərif boğçasını
kişiyə qısqandığını, içinə
sonsuz qəhər dolduğunu hiss etdi, gözləri ilə
studiya masasının üstündəki hər şeyə
bais büllur vazı tapıb sərt baxışları ilə
çiliklədi.
İnanılmaz şeylər baş
verirdi! Cumalı kişiyə Bakıda
bütün teatrlara, konsertlərə bir illik pulsuz abonementlik
(guya elə lazımı idi?), "Ən yeni dünya ədəbiyyatı"
yüzcildliyi (bunu eşidəndə ürəyində
sancı da duydu) hədiyyə edilirdi, hətta Milanın
La-Skala teatrına və Parisin Luvr muzeyinə (İlahi,
xoşbəxtliyin hüdudsuzluğuna bir bax) ekskursiya
putyovkası da.
İndi Cumalı kişinin yerinə
həmin o ağ kresloda necə
rahatlıqla əyləşəcəyi (kreslo həmən
cırıldayacaqdı), əldə etdiyi imtiyazları necə
məmnunluqla qəbul edəcəyi (sevincindən gözləri
yaşaracaq, əlləri əsəcəkdi), ailəsinin
verilişə baxıb necə fərəhlənəcəyi
(anası mütləq qol götürüb oynayacaqdı)
ehtimalı içini ağrıtdıqca böyük konsert
salonları, teatr və muzey zalları üstünə
çökür, başına saysız-hesabsız daş
kitablar yağırdı.
Amma ara-sıra gözünün
qarşısında ağ gəlinlik
libasında pərvaz edən gülümsər çöhrəli
bir qız da gəlib dayanmaqda idi. Nə idisə,
o qız simaca Cumalı kişiyə əsla bənzəmirdi,
hətta dərinə getdikdə bir suyu öz atasına, ondan
da adlayanda kamodun üzərindəki kiçik çərçivədə
qərarlaşmış dərin düşüncəli
kişinin qədimi simasına bənzəyirdi.
Bir anda qızın xoşbəxtlik
yağan çöhrəsindən qopan
qığılcımlar ətrafda əsl atəşfəşanlıq
yaratdılar, nəsə bir yüngüllük, rahatlıq
yağdı bu rəngbərəng dairələrdən,
konuslardan, ulduzcuqlardan...
Pəncərə
çırpıldı. Külək qalxıbmış. Yaxşı ki, şüşə çiliklənmədi.
Cəld sıçrayıb cəftəsini
bağladı. Bayıra bir baxış
atdı. Hər səhərki kimi süd
maşını yolun kənarında lövbər atıb
növbəyə dayanmış əliqablı camaat
üçün boşalmaqda, çörək
dükanından yupyumru, qıpqırmızı çörəklər
əl-əl, zənbil-zənbil daşınmaqda, tretuarlar boyunca
kağız və sellofanlardan ibarət zibil kütlələri
uçuşmaqda idi. Hətta qarşı
binadakı sevgilisinin evdən çıxmasını siqaret
çəkə-çəkə gözləyən
oğlanın duruşu, baxışları, dirək
ayağını tez-tez dəyişməsi də həmişəki
kimi idi.
Kərpicsifət xanım
Qodyavir Mixalıça söz verərkən televizor azacıq
xırıldadı, görüntü itdi, dərhal da hər
şey düzəldi. Qodyavir Mixalıç dünyanı doğrudan da mədəniyyətin
xilas edəcəyini söyləyib bu şüara sübut
olaraq dünənki "çp" zamanı
(aparıcının him-cimlərinə məhəl qoymayaraq
o, "çp"-nin mahiyyətini açıqladı) pul
dalınca qaçmayan, arenada Cumalı kişi ilə birgə
qalan gənc bir oğlanın da mövcudluğunu bildirəndə
hiss etdi, içinə hədsiz sevinc dolur, kövrəldi,
gözləri yaşardı. Di gəl, Cumalı kişi kobud tərzdə mikrofonu qaparaq söylədiyi
sözlərlə dünyasını tam zülmətə qərq
etdi:
- O gənc mənimlə
yanaşı oturmuşdu. Onun əlli manatın
dalınca getməməsi mədəniyyətə sevgisi səbəbindən
deyildi. Özü mənə etiraf etdi ki, sadəcə,
kağız pula allergiyası var, toxunanda bütün bədəni
qaşınır, köppə-köppə səpir...
Bu dəfə qanadlarını
üz-gözünə çırpan quşcuğazı necə
də canlı hiss etdi...
***
...Universitetdə çox kədərli
görünürdü. Hərdən rəvan,
nizamlı, ütülü-sığallı nə varsa
hamısını dağıdıb tökmək, alt-üst
etmək zorunda qalması hissiyyatı ilə qiyam etmək dərəcəsinədək
öz vücudunu silahlandırır, səngərə
atır. Gəl ki, elə yaraq-yasağının
ağırlığı altında inləyərək təpərini
itirir, özü açmaq istədiyi savaşa özü də
ağ bayraq qaldıraraq təslim olur...
Zivər dəfələrlə
ona yaxınlaşıb kədərinin səbəbini öyrənməyə
çalışsa da bir cavab ala bilmədiyindən, sonda bunu
sevgi dünyalarını uçurub-dağıtmaq istəyən
üçüncü qüvvənin mövcudluğuna yozdu,
lazım gəlsə, sevgilisini əlindən almaq istəyən
o ləçəri parça-parça edəcəyini
bildirdi.
Mehmanın uğunub gedə-gedə
dünən oteldə törətdikləri həngamədən
danışıb bugünkü planlarını dilə gətirməsini
dinləmək məcburiyyətində qaldıqca (gecə
barında qızlarla əylənəcəkdilər, bəlkə
də qızların arasında dünən oteldən təhqir
edərək qovduqları da olacaqdı), elə hey bu sapsarı
"cəngavərə" sual vermək istəyirdi ki, barı, bilirsənmi, hansı əsərin qəhrəmanının
adaşısan?
Yaxşı ki, qrup nümayəndələri
Barat onun yaxasını Mehmanın şit söhbətindən
qopara bildi, çəkib Mehmanı apardı.
Baratı digər tələbə
yoldaşlarından bir qarış üstün görür. Ötən il
olduqca tələbkar olan, yalnız biliyə qiymət verəcəyini
bəyan edən bir müəllimləri vardı, qrup
yoldaşları qərara almışdılar ki, bu müəllimin
kobudluğu, dərs apara bilməməsi, qrup qızlarına əxlaqsız
təkliflər etməsi barədə rektora uydurma şikayət
ərizəsi yazsınlar. Bütün qrup ərizəni
imzaladı, təkcə ondan savayı. Belədə,
yoğunbilək bir tələbə yoldaşları var,
Talıb adında, yoğun barmaqlarıyla onun xirtdəyindən
yapışdı ki, niyə sən hamıdan fərqlənmək
istəyirsən, özünü fövqəladə adam kimi aparırsan? Bax onda Barat ortaya girib onu Tələtin
əlindən aldı, dedi, əslində, ən adi adam odur, biz hamımızıq fövqəladi
adamlar...
Dekanlığın
yanından keçirdi, iki tələbə oğlanın ətrafdakılara
məhəl qoymadan söyüş söyərək
danışdıqlarını gördü, üstlərinə
getmək istədi, ancaq ayaqları sözünə
baxmadı.
Görəsən
tütün məsələsinin axırı nə olacaq? Banka gedib
atasıgilin kreditinin gecikmə faizinə faiz hesablanmasına
rüsxət ala biləcəkmi?
İkinci mərtəbənin
pilləkan meydançasında bir oğlanın əlindəki
açarla təzəcə təmirdən
çıxmış divarı cızaraq hansısa qıza
sevgi etirafı yazmasına da müdaxilə etmədi, laqeydliklə
yanından keçdi.
Ahıllar evindəkilər
onun müğənni gətirə biləcəyinə
inanmışdılar, çox sarsılacaqlar.
Auditoriyada növbəti dəfə
Zivərin sual-cavab atəşindən (Sən elə bilirsən,
mən bilmirəm məni kimə dəyişirsən? Guya bilmirəm,
dünən Könüllə necə
qucaqlaşmışdın? Düzünü
de, onun nəyi məndən artıqdır? İnan ki, özümü öldürəcəm,
buna dözə bilmərəm. Bunu istəyirsən?)
qurtulub, həyatında ilk dəfə dərsdən
yarımçıq çıxmağı qərarlaşdırdı.
Heç kimə heç nə demədən
qırmızı üzlü kitabını qoltuğuna vurub
auditoriyanı tərk etdi.
Yaxşı, birdən o ifritə
doğrudan da onu evdən çıxartdı, neyləyəcəkdi?
Akt zalının
qarşısından keçərkən aşağı
kursun nazlı-qəmzəli, şık geyimli bir neçə
qızının bu səhər efirdə gördükləri
və bahalı mobil telefonlarına çəkdikləri
cırıq sandaldan çıxan baş barmağın
görüntüsünü qəhqəhə çəkərək
lağa qoymalarından lap sarsıldı, "Bu lap ağ
oldu" söylədi, bu biabırçılığa sakitcə
şahidlik etməyəcəyinə əminlik hiss etdi. Amma
ayaqları yenə sözünə baxmadı, dayanmadan oradan
da keçib getdi. Lap təəccübləndi.
Yəni səhərki məsum yeniyetmənin
müdafiəsinə qalxmayaraq bu bərbəzəkli gəlinciklərin
üstlərinə yeriməyən, onlara haqsız
olduqlarını qəzəblə söyləməyən omu
idi?
Bəlkə doğrudan da
yorulmuşdu?
Bəlkə o quş
universitetin hansısa açıq qalmış pəncərəsindən
elə indicə içəri soxulacaq, gəlib elə buradaca
onu tapıb "salam əleyküm" deyəcəkdi?
...Kitabın postskriptumunu professorgilə
gedərkən avtobusda oxuya bildi:
"...The Last of the Mohicans - Sonuncu
mogikan hazırda hansısa sosial qrupun son nümayəndəsinə,
öz dövrünü başa çatdırmış
hansısa insan fəaliyyətinin, hansısa ideyanın,
köhnəlmiş qaydaların tərəfdarına deyilir..."
***
...Professorun toz basmış,
saralmış əlyazmalarını taqqıltıyla
kompüterin yaddaşına köçürür, arabir ev xanımının gətirdiyi tünd, qaynar
çayı xırda doğranmış kəllə qəndlə
ləzzətlə qurtumlayırdı (Xanım təkid etsə
də, heç vaxt onlarda yemək yeməzdi).
Professora dünənki
tamaşa, Fraydanın gözəlliyi və məftunedici
ifası barədə danışırdı. Avtobusla
bura gələrkən səyyar dairəvi arenanın necə
söküldüyünü görməsini xatırlayıb
tamam qüssə yağmuruna qərq oldu, ruhdan
düşdü, köks ötürdü. Yəqin ki, bir də heç vaxt həyatında
Qodyavir Mixalıçı,
İlonu, Baxtini, Kxamalonu (Fraydanın adını qəsdən
çəkmədi. Bildi, çəksə
tam üzüləcək) görməyəcək, buz
sükutu çiliklənmiş o səs-sədayla, boz
gerçəkliyi rənglənmiş o al-əlvanlıqla
qol-boyun olmayacaq.
Kaş ki, nəsə bir
xatirə saxlayaydı o tamaşadan. Lənətə gəlmiş nəzarətçi,
barı, biletin "nəzarət" hissəsini
kəsib qalanını qaydaya uyğun olaraq qaytarsaydı...
Ani olaraq yadına yanında
oturmuş uzunburun, yekədiş ata-oğul düşdü, əlini
şalvarının cibinə salıb günəbaxan tumunun
qabığını tapıb çıxartdı.
Dünənki gözəlliyin yeganə
şahidini sevgi dolu baxışlarına tuş elədi.
Professor bu gün bir az
nasaz idi, qan təzyiqi yüksəlmişdi. Arada
həyat yoldaşı gəlib təzyiqini ölçdü,
"Bir az düşüb, doxsanın yüz
qırxadır" deyib azacıq ürək-dirək verərək
getdi.
Klaviatur elə bil
korşalıb, bəzi hərflər ancaq iki-üç dəfəyə
istək icra edir. Oo, nə
yaxşı, internet var imiş. Axtarış
xəttinə "allergiya" sözünü yazdı.
"Allergiya. Yunancadan hərfi
tərcüməsi "başqa təsir" deməkdir. Müxtəlif allergik əşyalar
orqanizmə təsir göstərib qaşınma, səpki,
göz sulanması, asqırma, baş gicəllənməsi
kimi əlamətlərlə özünü göstərir..."
İçini çəkdi. Demək, "başqa təsir"miş
allergiya! İnsanlar "Mənim filan şeydən
(tozdan, müxtəlif dərman preparatlarından, sitrus və
çiyələk kimi bəzi qidalardan) allergiyam var" deyirlər
(bəzilərinin kağız əskinaslardan allergiyası
olmasını qəsdən xatırlatmadı), həmin nəsnələrdən
uzaq durmağa çalışırlar. Eynən,
yaxşılıq etmədikcə, mərhəmət göstərmədikcə,
əslində, insanlarda yaxşılığa, mərhəmətə
qarşı da allergiya yaranır. İntəhası, bu,
digərlərindən fərqli olaraq etiraf edilməyən,
gizli saxlanılan "başqa təsirdir"!
Adəti üzrə professorla bir qədər
Qarabağdan, zəmanənin sərt üzündən də
danışdılar, "Səhər proqramı"nda
gördüyü, ən böyük arzusu on beş
manatlıq mobil telefon olan yeniyetmənin məsumluğundan da
söz açdı, Professor nə oxuduğu ilə
maraqlanıb qırmızı üzlü kitabı əlinə
götürdü, vərəqlədi, içini çəkərək
söylədi:
- Çox həssassan. Mən
də gəncliyimdə çox həssas idim. İndi görürsən də, təzyiq aman vermir.
Gəncliyində həssas olanlar
yaşlaşanda dönüb mütləq meteohəssas olurlar.
Barmaqları kompüterin
düymələrində idi, düşüncələri isə
kənd-kəsəyə - doğmalarının yanına
qaçmışdı. Bütün kənd bu il bankdan kredit
pul götürüb tütün əkib becərmişdi. Amma sifarişçi tütünü qəbul
etmirdi, deyirdi, qurudub verin (Belədə tütünün
çəkisi xeyli yüngülləşdiyindən
qazancı da ikiqat artacaqdı). Tütün
qurutmaq üçün şəraitləri olmayan insanlar isə
bank faizlərinin yükü altında evlərindən
qatar-qatar tütün yarpaqları asmağa məcbur
qalmışdılar. Tütün yarpaqları ilə nəfəs
alan doğmalarının səhhəti ilə
bağlı narahatçılıq keçirirdi,
tütünün sağlamlığa, xüsusən ağ ciyərə,
nəfəs yollarına zərərini gözəl bilirdi,
tütünün həm də fasiləsiz təmas nəticəsində
düşüncə tərzinə basqısından, kütləvi
psixoz yarada bilmək qabiliyyətindən, fərdiləşməni
eqalitarizmə yönləndirməsindən də xəbərdar
idi.
Amma daha çox tütünlə bir
otaqda qalan babasının kitabları üçün
narahatçılıq keçirirdi...
Nədisə ürəyi
açıldı, professora qara rəngin sonsuz basqısı,
tütün sifarişçiləri, kirayədə
qaldığı mənzilin sahibəsi, tələbə
yoldaşları Mehman və Tələt, çayxanadakı gənclər,
İlkanə adlı müğənni, aşağı kursun
bər-bəzəkli gəlincikləri, Cumalı kişi barədə
danışdı, bir qədər bezdiyini, yorulduğunu
söylədi, hətta ovuc içinə
sığışan əlvan quşcuğazın
mövcudluğundan da söz açdı.
Yox, kompüterin mausu əsla
yaxşı işləmir, dəyişmək lazımdır
onu da.
Xanım çayları təzələmişdi. Kəllə qəndlə
tünd çay çox ləzzətliydi. Professorun baxışları yayınanda qənd tikələrini
iki-bir, üç-bir ağzına atırdı. Nə vaxi idi bu qədər şirin şey yemədiyindən
başının azacıq fırlandığını, bu qədimi
mənzilin qədimi əşyalarının yerindən
oynadığını da hiss etdi.
Tələsmək lazım
idi, birdən, Bazar meydanında köhnə-külüş
alıb-satan alverçi köşkünü bağlayıb
gedərdi.
Ona saatını on beş manata təklif
etmək qərarına gəlmişdi.
Professor nəsə
danışırdı, fikrini cəmləyəndə nə
dediyindən agah oldu. Deyirdi, dədə-babalar
illərdir bizlərçün işıq, istilik rəmzi
olaraq şamlar yandırıb qoyublar, amma indi hərə həmin
şamların birini söndürməkdədir. Gün gələcək,
ən son şamı da söndürəcəklər,
işıqsız, istiliksiz qalacağıq. Və sual edəndə
ki, bundan qorxmursan, gözünü saatından ayırıb
udqunaraq "yox" dedi.
Professor dərin
heyrət içində sualını təkrarladı:
- Necə?! Sən ən son şamı söndürmələrindən,
işıqsız, istiliksiz qalacağımızdan qorxmursan?!
Eyni qətiyyətlə yenidən
"yox" dedi.
- Niyə?!
- Çünki günəşi ki,
söndürə bilməyəcəklər?!
***
...Bazar meydanına gedəndə yolu
səyyar arenanın yanından keçmədiyi
üçün bərk təəssüfləndi. Ancaq dəqiq
bilirdi və bunu bildiyinə görə olduqca xoşbəxt
idi ki, görmə bucağındakı insanlardan, avtomobillərdən,
ağaclardan, binalardan bir qədər aralıda, hətta ola bilərdi, qatarda, təyyarədə, bərədə,
bəlkə də artıq sərhədlərdən o yanda
ağappaq, ipilıq, simsirli bir gülüş mövcuddur.
Hava çox sakit, küləksiz
idi.
Alverçinin köşkünə
çatdı, saatını qolundan açdı, gözlərinin
dolduğunu hiss etdi...
Varis
Ədəbiyyat qəzeti.-
2018.- 10 fevral.- S.26-28.