Armud qoxulu, sarı rəngli yuxular
Yuli Sezar nə zamansa deyib ki, şəxsiyyət
olmaq istəyirsənsə ilk növbədə gərək
atanın təsirindən çıxasan. Əlbəttə, bu o demək
deyildir ki, gərək atanla gedib vuruşasan, dava edəsən
yox, əlbəttə, yox... Təsirə
düşmək və ya təsirdən çıxmaq
ayrı-ayrı məsələlərdir. Onda əgər
Yuli Sezarın bu sözlərinə istinad etsək və əgər
Lev Qumilyovun da "passionarlıq" fəlsəfəsinə
inansaq demək qul oğlu qul Spartakın Spartak olmasından
ötrü o ilk növbədə öz atasının təsirindən
çıxıb. Babəkində Babək olmasından
ötrü o tuluqda zeytun satan kişinin təsirindən
çıxıb. Çingiz xanın övladları da elə
bil sən deyən təsirə düşə bilmədikləri
üçün şəxsiyyət ola
bilməyiblər. Əmir Teymurun övladları
isə belə... və digərlərin də övladları
başqa cür. Belələri çoxdur.
Lap çoxdur. Saymaqla
qurtarmaz. Hə... K.Marks atasını dəli
kimi sevib, amma tez-tez mübahisələri olub. Yola getməyiblər. Ata bir
söz deyib, oğul başqa bir söz. Amma
bu heç də K.Marksın atasına olan məhəbbətinə
xələl gətirməyib. Atasının
dəli kimi vurğunu olub. Atasının
şəklini də həmişə döş cibində gəzdirib.
Hətta K.Marks öləndə belə vəsiyyət
edib ki, atasının şəklini onunla birgə dəfn
etsinlər. Ata-oğul sevgisi, bir-birlərinə
qarşı istəkləri və yaxşı mənada yola
getməmələri, mübahisə etmələri həmişə
hamının nəzər-diqqətini cəlb edib.
Xüsusilə də, oğlunun şəxsiyyət olan bir
ataya hədsiz məhəbbəti,ona pərəstiş
etməsi çox vaxt bir çox qələm əhlini qələmə
aldıtdırıb.
Atamı səslədim dara
düşəndə,
Gördüm ki, arada qəbir
dayanıb.
V.Səmədoğlu
Özü də necə bir
atanın. Hər şeyə qadir olan bir atanın. Öz dövrünün bir telefonu ilə
dağı-dağ üstünə aşıran bir atanın.
Amma mən heç bir vaxt belə bir telefonun
gücünə arxayın olmamışam. Yox, mən özümü heç kimlə
müqayisə etmirəm. Əstəğfürullah
yox. Hərənin öz yeri var. Hətta məni
tanımasınlar deyə vaxtı ilə bir müddət
Vahabzadə familiyasını da dəyişdirib "Şəkili"
etdirmişdim. İsfəndiyar Şəkili.
İran inqilabında iştirak edəndə də,
Əfqanıstan müharibəsinə gedəndə də,
namizədlik müdafiəmi gecikdirəndə də, doktorluq
müdafiəmə badalaq gələndə də.... Heç bir zaman bu telefonun gücünə
arxayın olmamışam.
***
Atam düz doqquz ildir ki
dünyasını dəyişib. Və bu doqquz ildə ən
azı onu bir 100 dəfə yuxularımda görmüşəm.
Adətən deyirlər
yuxular rəngsiz, ağ-qara film kimi olur. Doğrudur, mənim
də gördüyüm yuxuların hamısı rəngsiz
olur. Amma nədənsə atamla
bağlı gördüyüm yuxuların hamısı elə
həmişə rəngli olub. Bilmirəm
niyə. Elə bil ki, gördüyüm
bütün bu yuxular əvvəlcə lap o köhnə filmlər
kimi, yəni 50-ci illərin filmləri kimi ağ-qara çəkilib,
sonra isə bu filmləri yenidən rəngləyiblər.
Həmişə də, səhər-səhər
yuxudan duran kimi otağımdan armud ətri gəlir. Bu barədə dəfələrlə
yazmışam da. Yazmışam ki, atamdan
həmişə armud ətri gələrdi. Bunu ona sağlığında deyəndə həmişə
gülərdi. Ə... bəsdir deyərdi.
Yox... demirəm ki, atamı hər gün
yuxularımda görürəm, yox.... əlbəttə, yox...
amma tez-tez görürəm. Son vaxtlar isə
lap tez-tez görürəm. Bəzən
heç yatmıram da. Səhərə
kimi oyaq qalıram. Yuxum ərşə
çəkilir. Məndə
Əfqanıstanda hərbi xidmətdən sonra (1983-1985)
yuxsuzluq xəstəliyi əmələ gəlib. Əfqanıstanda hərbi xidmətdə iki dəfə
kontuziya almışam. Bundan sonra sutka ərzində
heç 40-45 dəqiqə də olsun yatmıram. Bəzən yuxularımda maraqlı şeylər də
görürəm. Amma dediyim kimi, son vaxtlar
atamı tez-tez yuxularımda görürəm. Bəzən əlimdən tutub məni harasa
aparır, bəzən gülür, çox qəribədir, bəzən
də gördüyüm yuxularımla maraqlanır. Mən də gördüyüm yuxularımı ona
danışıram. O da yuxularımın içində
yuxularımı müxtəlif cür yozmağa
başlayır. Bəzən işlərimlə maraqlanır
(eh... ay ata, heç işim gücüm var ki....
axırıncı dəfə diplomatik xidmətimi başa
vurub geri qayıdandan sonra sanki yaddan çıxmışam,
elə bil belə bir adam yerli-dibli
olmayıb). Mənim yuxsuzluğumu atam
özünə dərd edərdi. Ə... Bu cavan
kişidir axı niyə yatmasın... Bəzən
də, məni danlayırdı ki, axı sənin nə itin
azmışdı Afqanıstanda. Gör bir
özünü nə hala salmısan (bilirəm, pul dalıyca
getmişdin). Eh.... Ay ata, indi olur da, həyatdır da... Bəzən yuxularımda mənə pul verir. Gülürəm, deyirəm ay ata, səndən sonra
mənim Leyla adında bir nəvəm də dünyaya gəlib.
Heç babaya da pul verərlər (atam bilirdi ki,
həmişə pul sarıdan korluq çəkmişəm).
Atam da deyir ki, sən baba yox, lap belə ulu baba da olsan, mənim
bir əlim həmişə sənin üstündə olacaq,
baxmayaraq ki, yoxam bu dünyada.
Sarı-sarı yuxular görürəm
tez-tez,
Armud rəngli yuxular.
Armud ətirli yuxular görürəm
tez-tez,
Səhərlər çəkilir
armud qoxusu
Yerimin içində
yatağımdaca
İki-üç siqaret çəkib
birbaşa
Yuxumu atasız yozuram indi.
İstədiyim səmtə
çevirirəm mən
Gördüyüm
yarımçıq yuxularımı.
Qoy Allah calasın xeyirə -
deyirəm.
Atasız yuxular yozmaq çətindir.
Armudun ətrini sarı rəngləri
Bomboz siqaretin həsrət gətirən
Dumanına qatıb yuxu
yozuram.
Armudun ətri də sarı rənglərə
Qarışıb tüstüyə həsrət
gətirən
Bomboz tülə oxşar
tüstü rənginə.
Qarışıb otaqdan çəkilib
gedir,
Çəkilib yavaşca
gedir yanımdan.
... Mən atamın
şəklini evdəki divardan asmamışam. Yox... Atamın şəkli evdə çoxdu. Lap çoxdu. Amma ki, divardan
asmamışam. Çünki mənə
elə gəlir ki, onun divardan asacağım şəkli ilə
baxışlarımız toqquşsa, yenə məni danlayacaq.
Mənə həmişə elə gəlirdi ki, mən elmlər
namizədi adını alanda da, ən çətin mövzunu
götürüb doktorluq müdafiəsi edəndə də,
professor olanda da, fövqəladə və səlahiyyətli səfir
rütbəsini alanda da, ən müxtəlif xarici ölkələrdən,
ən müxtəlif yüksək adlar, təltiflər alanda
da, atam məndən sona qədər razı qalmayıb. Məndən daha yüksək şeylər gözləyib.
Əlbəttə, günah məndədir.
Mənə həmişə elə gəlib ki,
atamın ümidini axıra qədər doğrulda bilməmişəm.
Daha böyük adlara layiq ola bilərdim,
amma ola bilməmişəm. Bəlkə də,
bu belə deyil. Amma bu mənə belə gəlir.
Ömrü boyu atam məndən razı
qalsın deyə dəridən-qabıqdan
çıxmışam. Heç kimin yox,
ancaq atamın təsdiqi üçün
çalışmışam.
Atamın Şəkidə çox
gözəl evi var. Atam hər il mayın əvvəllərində
Şəkiyə gedər, sentyabrda qayıdardı. O evdən
də sanki armud ətri gəlir. Atam
dünyasını dəyişəndən sonra nə
atamın Şəkidəki evinə, nə də ki, burda olan
evinə də getməmişəm. Özümə
söz vermişəm ki, getməyim. Atasız
evə getmək istəmirəm. Amma atamla
tez-tez söhbət etmək üçün Fəxri xiyabana
gedirəm. Heç kimin yanımda
olmasını istəmirəm. Tək
söhbətləşirəm. Çox qəribədir.
Daşa dönmüş atam bəzən mənə
baxıb başın yırğalayır. Bəzən
nəyəsə etirazını bildirir. Bəzən
gülür. Bəzən nəyəsə
yox, nəyəsə hə deyir. Bəzən də
soyuqlu havalarda, mən soyuqlayanda, gedə bilmədiyim zaman onun
düz 13 il qolunda gəzdirdiyi saatla
söhbət edirəm. Saat çıqqıldayır,
sanki mənə "qorxma, ay oğul, yanındayam deyir.
Ölməmişəm ki... Həmişə sənin
yanındayam" - onun bu sözləri mənə bəsdir.
Artıq düz doqquz ildir ki,
mən bu saatı qolumda gəzdirirəm. Nəsə ürəyimə
damıb ki, elə mən də bu saatı qolumda düz 13 il gəzdirəcəyəm. Sonra... Nə isə...
Demək düz 4 ilim qalıb. Atamın bu sözləri heç bir zaman
qulağımdan getmir. "Oğul,
özünü şax tut. Möhkəm
dur. Heç vaxt heç kimə əyilmə.
Əyilənin üstünə yıxılan
çox olar. Kişinin başına iş gələr".
"Ata üçün ən
böyük faciə oğlunun əyilməsini görməkdir".
Osetin
yazıçısı Koste Xetekurov
- Ee... ay ata, bu kişinin
başına o qədər işlər gəlir ki, içim
özümü yandırır, çölüm özgəni.
Vallah daha bezmişəm bütün bu işlərdən.
Bütün bu çətinliklərdən.
Eynşteyn deyib ki, bu dünyada ən çətin
şey elə yaşamaqdır. Nə isə ixtira etməyə
nə var ki...
- Qulaq as, sən Eynşteyn deyilsən.
Günah məndədir ki, sənə
vaxtından çox-çox əvvəl Şopenhauerdən
tutmuş Eynşteynə qədər oxutdurmuşam.
- Elə yaxşı ki, Eynşteyn
deyiləm, yoxsa başım şişərdi.
Belə mübahisələrimiz
çox olardı.
Mübahisələr -
mübahisələr, yenə də mübahisələr. İndi bu
yazıda bir şey başa düşdüm ki, sən demə,
mən həmişə atamla mübahisə etmişəm.
Mübahisə etdiyim bir atam olub. O
dünyasını dəyişəndən sonra onun xəyalı
ilə mübahisə etmişəm və edirəm də. Sən
demə, mən hamıya güzəşt eləyən bir adam olmuşam. Amma bircə
atamın təsdiqindən ötrü
çalışmışam. Mənə
bircə onun təsdiqi lazım olub. Ax... Ay ata, bilsəydin
ki, mənim bu təsdiqlərə nə qədər
ehtiyacım olub...
İsfəndiyar Vahabzadə
Ədəbiyyat
qəzeti.- 2018.- 10 fevral.- S.3.