Yəhya Kamal Bəyatlı
Şeirdə mükəmməlliyə canatma
Yəhya Kamal şeiri mükəmməlləşdirməyə
bəlkə də ən çox cəhd edən türk
şairidir. O,
şeirə təkcə vergi, təbiətin, kainatın
insandakı təəssüratı kimi yanaşmır, bu
şirin süzüntüyə son dərəcə sənətkarlıq
əlavə etmək istəyir. Bu mükəmməllik
istəyi onun bir neçə şeirini yarımçıq
qoyur, ona bir neçə şeirini illər sonra tamamlamaq
şansı verir, onu bir neçə şairin misralarına
düzəliş etməyə təhrik edir.
Bu silsilədə türk şeirinin əruz
pəhləvanı olan Yəhya Kamalın həyatından,
yaradıcılığından deyil, onun şeiriyyət
dünyasındakı "mükəmməlliyə cəhd"
iddiasından və bu detaldan yaranan maraqlı situasiyalara diqqət
etməyə çalışdıq.
Yəhya Kamalda
mükəmməlliyə canatma istəyini yaradan səbəblər
Əhməd Həmdi
Tanpınar sənətdə "axtarmaq" və
"tapmaq"ın fərqini düşünərkən
Pikassonun "mən axtarmıram, tapıram" fikrini önə
çəkir.
Tanpınar Yəhya Kamalın da məhz
"axtarmadığını", "tapdığını"
vurğulayır.
Yəhya Kamalın mükəmməlliyə
cəhdi heyran olanın məhkumluğunu deyil, heyran edənin
ehtişamını önə çəkir. Amma bu konteksdə
Yəhya Kamal kainatın iqtidarının vəsfkarı olsa
da, gizli müxalifliklə fərdini ortaya qoymuş olur. Mükəmməlliyə cəhdlərinin bəzi
şeirlərini "şikəst" qoyması da bəlkə
bu müxalifliyə verilən "ulu cəza"dır.
Yəhya Kamal demək olar ki,
dünyanı gəzmiş, əksər estetikaları və
modern yenilikləri birinci mənbədən mənimsəmişdir. Onun Qərb
şeiri ilə tanışlığı və divan ədəbiyyatını
yaxşı bilməsi, eyni zamanda ruhuna hopan şeir tərbiyəsi
uzun illər öz yolunu axtarmağa sövq edib.
Yəhya Kamal şeirdə
mükəmməlliyə canatma cəhdinin yaranma səbəbini
"Şeirdə 30 ilim" yazısında dolayısı ilə
açıqlayır. Bu yazıdan bəlli olur ki, şairin
1903-cü ildə Parisə varması ədəbi şəxsiyyətinin
formalaşmasında önəmli mövqe tutub. İlk olaraq Yəhya Viktor Hüqo sevgisi ilə
"romantizmə rahat bir qapı tapmış olur". 1906-cı ildə Parisdən Londona yol aldıqda Pol
Verlenin şeirlərini "oxuya, oxuya onları ürəyi ilə
doğmalaşdırır" və "yeni bir türk
dastanı" yazmağa qərar verir. Bu
dastanı yaza bilmədiyini qeyd edən şair, bu
çalışmalar əsnasında "özünə yeni
bir şeir dili" tapdığını vurğulayır.
Ardınca Şarl Bodlerlə tanış
olan Yəhya Kamal "Verleni yeni bir zövqlə sevməyə
başlayır". Bəlkə də "Yəhya
Kamal əruzu"ndakı ruhayaxınlıq, şirinlik, yenilik
müəllifin modern estetikalara əksər Şərq
şairlərindən daha çox bələd olmasından irəli
gəlir.
Yəhya Kamalı qidalandıran bu
mütaliə zəncirinin ən önəmli halqalarından
biri Heredia idi: "Ruhum bütün bu şairlərə nisbətdə
çox geridə sayılan Xose Mariya Heredianın üzərində
durmuşdu". Beləliklə, Yəhya
Kamalın mükəmməlliyə canatma cəhdinin
qaynağı Parnasizmin 3 böyük şairindən biri olan
Heredia olur. Bu mütəəssirliklə vətəninə
dönən şair yeni bir ədəbi hərəkat
yaratmağa çalışır. Xəyalında
qurduğu, sonralar "xülya" adlandırdığı
bu hərəkatın adı "Nev-Yunani" idi.
Yəhya Kamalın "Bibl
qadınları" və "Siciliya qızları"
adlı tamamlanmamış şeirləri var. Hərçənd
bu şeirlərin tamamlanmamış olduğunu da demək
çətindir. Çünki Yəhya Kamal 1910-cu ilin əvvəllərində
yazdığı bu şeirlər haqqında 1955-ci ildə Həsən
Əli Yücələ danışarkən o mətnlərdən
qurtulmaq istəyi hiss olunduğu vurğulanır. (H.Ə.Yücəl).
Şeirin yazılışından
keçən 40 il ərzində oxucular bu
şeirləri tamamlanmış şeirlər kimi oxumuş,
sevmiş və qəbul etmişdi. Özündən
başqa heç kəs tərəfindən demək olar ki,
natamamlığı hiss olunmayan bu şeilərdə müəllifi
qane etməyən məqam elə Yəhya Kamal
yaradıcılığının sirridir.
Yəhya Kamal "Fransada
şeir" yazısında Stefan Mallermeden söz
açır və bu şəxsin onun
yaradıcılığında cızdığı xətti
vurğulayır. Təsadüfi deyil ki, Yəhya Kamal Bəyatlı
şeirinin axıcılığı və şirinliyinin
mini-manifesti sayıla biləcək fikir də məhz Mallermedən
gəlib. Onun dediyi, "Fransızca ən
gözəl danışan şəxs Luvr muzeyinin
qapıçısıdır" sözləri Yəhya
Kamalı uzun illər düşündürüb.
Şair sonda bu deyimlə bağlı belə bir qənaətə
gəlir: "O qapıçıdırsa, demək ali təbəqəyə aid deyil. Amma sıradan biri də deyil. Çünki
gündə yüzlərlə fransızı və xarici
şəxsi qəbul etmək, onunla anlaşmaq
bacarığına malikdir".
Bu deyimdən örnək alan Bəyatlı öz
yaradıcılığında ali mətləblərdən
belə söz açarkən sadə, anlaşıqlı,
orta təbəqənin dilində danışmağa qərar
verir. Çünki bu dil nə intellektuallara
yaddır, nə də savadsız təbəqənin yetişə
bilmədiyi bir məqamdır. Eyni zamanda cəmiyyətin
əksər hissəsini təşkil edən orta təbəqə
məhz bu dildə danışır.
Mallerme Yəhya Kamal
yaradıcılığına təkcə bu ifadəsilə
deyil, təbii ki, külliyyatı ilə təsir etmişdi. Şair
"öz Mallermesi" haqqında belə deyirdi
"Mallermenin "tilmizlerine nefhettiği şiirin yeni bir
telakkisine zihnimi pek ziyade kaptırmıştım".
Mallerme rəssam dostu olan
Edqar Deqanın "Nə peşədir bu, bütün
günümü lənətə gəlmiş bir sonatanı
yazmağa xərcləmişəm, bir addım da ata bilməmişəm. Halbuki,
başımda fikirlər yox deyildi. Doluydu..."
sözlərinə "Amma Deqa, şeir fikirlərlə deyil,
sözcüklərlə ərsəyə gəlir"
cavabını verir. Tanpınar Mallermenin
dostuna dediyi bu sözləri Bəyatlının tez-tez təkrarladığını
yazır. Bəyatlı bu fikri "əsl şeir",
"saf şeir", "xas şeir"
adlandırdığı nəsnənin tərifi kimi
görür və yazır: "Əvvəlki
görüşlərə görə şair bir mövzunu
qüsursuz anlatarsa, işini bitmiş sayardı. Halbuki, indiki estetikaya görə ritmin dil halına gəlməsi,
yəni musiqili misra yaratması şeirin yeganə yoludur".
Yəhya Kamal sanki bu ritmin, daha
doğrusu, ritmin misra üzərindəki hökmünün,
daha doğrusu, misranın musiqi ilə vəhdətinin Şərq
şeirindəki mövcudluğunu Mallermenin həmin fikrindən
sonra tamam ayrı müstəvidə hiss edir. Bu hissin
şoku ilə divan ədəbiyyatına, əruz şeirinə
yeni nəfəslə qayıtmağa qərar verir.
"Fransız şeiri"
yazısı Yəhya Kamalın bu cümləsi ilə bitir:
"Bu xoşbəxtlik, yəni klassikanı incələmədən
anlamağımız zəruri bir tarixi hadisənin, qədim
estetikanın varlığından irəli gəlir".
Yəhya Kamal əruzun Şərq
insanına ruhani yaxınlığını qəbul etsə
də, klassik şairlər haqqında deyilən sinədəftərlik,
şeirlər haqqında söylənilən
"yazılmır, gəlir" fikirlərindən
uzaqdır.
Onun mükəmməllik axtarışları bu an yəqin ki,
yerinə də düşür, çünki Bəyatlı
şeirinin möhtəşəm musiqisini, ritmini, sözlərin
"sədəf kimi düzlüşünü" kimsə
inkar edə bilməz. Ona görə də müəllifin bu
sirr haqqında əli ilə yazdığı
aşağıdakı fikirləri də yetərincə ciddiyə
almağa borcluyuq: "Mükəmməllik yaranmır,
yaradılır. Bu quruluşu
çalışaraq daha mükəməlliyə qaldırmaq
mümkündür. Şeirin üzərində
işləyərkən ona əsl lazım olan sözlər
önə çıxır. Bununla
yanaşı fərqlilik söz deyil, çünki söz təkcə
şeirin yox, nəsrin də vəsaitidir. Halbuki
şeir nəsrdən tamam başqa mahiyyətdədir. Musiqidən fərqli musiqidir, deyək. Şeirdə nəfəs və səs iki əsas
ünsürdür. Misranın ayaqları
yerdən qopmazsa, uçmazsa, yaxud, istər ən xəfif pərdədən
olsun, istərsə, İsrafilin suru qədər gur olsun, bir səs
kimi qulağa yatmazsa, o xalis şeir deyil".
Nəfəs və səsi
"deyiliş" və "duyuluş" obrazında təqdim
edən Bəyatlı "duyuluş"u şeir haqqında
yazdığı başqa bir mətndə "mənbə"
kimi də təqdim edir.
"Həyatda şeir adlanan
unikal bir şey mövcuddur, mənbəyi məlumdur; hisslərimiz,
kədərimiz, arzularımız, ehtiraslarımız. Sənəti
də məlumdur; dil, vəzn, mərifət".
Yəhya Kamalın sənət
qisminə aid etdiyi mərifət də onun mükəmməlliyə
canatmasında ən diqqət çəkən məqamlardandır. Şeirin musiqiyə
yaxınlaşmasında vəznə verdiyi önəmlə
yanaşı qafiyə məsələsində də olduqca həssasdır:
"Ən gözəl qafiyələr misra ilə səmimi
mütəəzzi olmuş qafiyələrdir". Bəyatlı
qafiyənin şeiri nəsrdən ayıran ən önəmli
məqam olduğunu deyir:
"Qafiyəni
mağaradanqalma bir gerilik sayanlara onu deyə bilərəm ki,
bizim o yaşamdan yadigar saxladığımız ən gözəl
gerilik elə qafiyədir. Şeirləri qafiyədə
təcəlla edən millətlərin poeziyasından qafiyə
qalxa bilməz. Şairin bədənində
qafiyə quşda qanad kimidir".
Ardı var...
(Növbəti yazı: "Yəhya
Kamalın mükəmməlləşdirdiyi misra və beytlər")
Sərdar Amin
Ədəbiyyat
qəzeti.- 2018.- 10 fevral.- S.4.