Qara skripka
Romandan parça
Ən müasir fransız
yazıçısı Fermin Maksansın "Qar"
romanı oxuculara tanışdır. Onun dahi
skripkaçı İohann Karelskinin həyatından bəhs edən
"Qara skripka" miniatür romanı müasir nəsrin
gözəl nümunələrindən biridir. Hər iki roman tərcüməçinin geniş
ön sözüylə ayrıca kitab kimi nəşr ediləcəkdir.
Romanın maraqlı və müasir texnikayla
yazıldığını nəzərə alıb onun bir
fraqmentini təqdim edirik.
Həqiqi musiqi notlar
arasında gizlənir.
Volfqanq Amadey Motsart
I
1
Arabir dəliliyin sərhədinə
çatan qəribə həvəslə İohann Karelski
özünü bütünlüklə bir məqsədə
həsr etmişdi və bu məqsəd həyatını
musiqiyə çevirməkdən ibarət idi. Başqa
sözlə desək, qəlbi tamamlanmamış partitura idi, hə,
elə bu həvəslə hər gün ora, daha dərinliklərə
baş vururdu.
İohann Karelski
skripkaçıydı. Musiqi əsərlərini virtuoz
ustalıqla ifa edirdi, hamı bütün varlığıyla
qulaq assa da, heç kəs heç nə anlamazdı.
Otuz bir yaşı tamam olan ili, yəni 1795-ci ildə sənətin zivəsindəydi
artıq. Hələ otuz bir il də
qalırdı ömründən.
Fransada, Paris adlı şəhərdə
yaşayırdı, şəhər deyildi ki, səs və
işığın simfoniyasıydı.
Musiqiçi kimi ona pərəstiş
edirdilər.
Ancaq o, musiqiçidən bir az
böyük idi. İohann Karelski ilahi zirvəyə
yüksələ bilmiş bir dahi idi. Gizlində,
özüylə təkbətək qalanda opera bəstələməyi
arzulardı, elə bir misli görünməmiş opera ki,
yüksəlib çatdığı fəzanın zirvəsində
Tanrıyla danışa bilsin. Heç
olmasa, bircə kəlmə.
2
Virtuoz skripkaçı olmaq
üçün iki keyfiyyətin olması tələb
edilirdi: dinləməyi bacarmaq və hiss etməyi bacarmaq.
İohannda bu keyfiyyətlərin
hər ikisi vardı. İfa etdiyi aləti qəlbdən dinləyərdi.
Onun necə titrəməsini qəlbinin
içində duyardı.
Günəş doğandan
batana qədər bütün gününü musiqiyə həsr
edərdi. Bəzən bütün günü gözlərini
yumub yorulmadan çalar və şəxsi
yaşantılarını dinlərdi. Özünə
və musiqiyə dalmaqla başqalarından tam fərqli olaraq
dünyanı daha dərindən duyardı, çünki bu
zaman ürəyi taybatay dünyaya açılardı.
3
Beş yaşının
tamamında təsadüfi bir görüş İohann
Karelskinin ürəyində musiqiyə məhəbbət
oyatdı və taleyini müəyyənləşdirdi.
Bir yay səhərində
Tyulri bağında qaraçı skripkaçı ona həzzin
dilini anlatdı.
İohann göl kənarında
oynayırdı, birdən xiyaban tərəfdən bir nəfərin
- qarasaç, qarasqqal kişinin burulub ona tərəf gəldiyini
gördü.
Bir kəlmə də demədən dayandı və
futlyardan skripkasını çıxardı. Adam elə zorba, nəhəng idi ki, skripka əlində
oyuncağa bənzəyirdi. O tərəflərdə nə
qədər avara, veyil-veyil gəzən adam
vardısa skripkaçını dövrəyə aldılar. Ovsunlanmış kimi İohann da ona
yaxınlaşdı.
Bir ayağıyla ritmə
uyğun yerə döyəcləyərək qaraçı
elə bir cəlbedici melodiya səsləndirdi ki, uşaq
ağzı açıq halda donub qaldı, gəzəri
musiqiçiyə xəyaldan gəlmiş varlıq kimi
tamaşa edirdi. Beləcə ovsunlanmış halda
İohann uzun müddət dayandı, çünki
ömründə belə musiqi dinləməmişdi.
Ehtimal ki, bu qaraçı ən
yaxşı skripkaçı-filan da deyildi, açıqca
görünürdü ki, çalmağı hafizəylə
öyrənmişdi, ancaq bu ifada elə bir qəlb atəşi
vardı ki, skripkanın canından qopardığı hər
bir notu qəlbinin içindən keçirib ifa edirdi. Skripkanın
iniltisində musiqiçinin səsi eşidilirdi, elə bir
ürək dağlayan qüssə və elə bir sevinc və
xoşbəxtlik sədası ki, bunları dünyanın
bütün qaraçılarından eşidə bilərdin.
İohann bunu bilirdi. Bunu o,
açıqca eşidirdi. Skripkanın səsini
anlayırdı.
Qaraçı da bilməmiş
deyildi, bilirdi ki, İohannla birlikdə eyni tayfanın
adamıdı, hər ikisi qəlbində musiqi olan dünyaya
aiddir. Uşağa baxdı və polonezi, sonsuza qədər
lirik və ağıl çaşdırıcı qədər
gözəl, ancaq təkəmseyrək adamların, bu
melodiyanı dinləməyə haqqı çatan
insanların anlayacağı qeyri-adi musiqini təkcə onun
üçün ifa edirdi. İohann qəfildən
anladı: bu elə onun dilidir, bu dünyada malik olduğu yeganə,
onu dünyayla birləşdirən bir dil. Dinləyə-dinləyə
musiqiylə ona göndərilən mesajı anladı. Qaraçı sadəcə hansısa musiqi
parçasını ifa etmirdi, həyatını
danışırdı. Uşaqsa gözlərini
yumub özünü bu fantaziya bulağında itirmişdi.
Gözlərinin içiylə
Bohemiyanın yollarını görürdü, üstü
qara bələnmiş küknarları, gecənin bir aləmində
tonqal başında oturmuş qaraçını,
qaraçı qadınların rəqsini görürdü. Kəndbəkənd
dolanmağın, iztirab və aclıq çəkib,
şaxtada donmağın, təhqirə tuş gəlməyin
nə demək olduğunu anlayırdı. Bunu
da başa düşürdü ki, qapının üzünə
çırpılmamağı, ocağın yanması, təbəssüm,
sadə bir kəndlinin ona bir dilim çörək
uzatmağı, ürəkləri qızdıran musiqi,
gülüş, bəzən də məhəbbət nə
böyük sevinc gətirərmiş.
İohann bütün
bunları görürdü. Gözlərindən
bilinirdi ki, görür.
Çalğısını
bitirdikdən sonra qaraçı əlində nimçə
dinləyicilərə yaxınlaşdı, sədəqələri
yığdı. Bir neçə gümüş pul
nimçənin dibinə dəyib cingildədi.
Qaraçı uşağa yaxınlaşıb diz üstə
çökdü, saçını sığalladı:
- Sənsə balaca, bu alışan
gözlərinlə bax, bütün bu adamların verdiyinin
yüz dəfə artığını
bağışladın mənə.
Və necə gəlmişdisə
eləcə də getdi.
O gündən etibarən İohann
anladı ki, musiqiçidir.
İki il
keçməmiş skripkaçı oldu.
4
Sözün hərfi mənasında
İohannın müəllimi yox idi, sadəcə skripkanı
öyrənməkdə bir neçə insan ona yardım
etmişdi. Lap uşaqlıqdan özbaşına, hətta
notsuz-filansız, ancaq zövq xatirinə çalmağı
öyrənmişdi. Bəli, bu uşaq
musiqi öyrənən digər uşaqlara heç bənzəməzdi.
Tanıyıb-bildiyi müəllimləri təqlid
edər, ifa texnikalarını eynilə tətbiq edərdi,
ancaq daxildən, ürəyində artıq çox
böyük skripkaçıydı. Musiqi
alətiylə əli yox, barmaqları yox, üəyi birləşmişdi.
Müəllimlər çox
tezliklə anladılar ki, onun üçün artıq öyrənməli
bir şey qalmayıb.
- Daha dərs keçməyin bir mənası
qalmadı, - onlardan biri İohannın anasına belə
demişdi. - Bildikərini öyrətməyin nə
faydası?
Xanım Karelskinin musiqidən
başı çıxmazdı, ancaq musiqiçinin bu sözlərinə
inandı. Onsuz heç imkanları da yoxdu, yaxında ərini
itirmişdi. Pul qazanmalıydı.
Hə, beləliklə İohann
Karelski yeddi yaşında ilk konsertini Parisdə Sən-Luizan
İl kilsəsində verdi.
O axşam kilsədə iynə atsan,
yerə düşməzdi. Ustadlarını
sürətlə ötüb keçən uşaq haqqında
söz-söhbət ildırım sürətiylə ölkəni
dolaşmışdı, hamı bu möcüzəni öz
gözləriylə görmək istəyirdi.
Əvvəlcə orkestr
simfoniya çaldı, sonda növbə İohanna
çatdı.
Səhnəyə bərli-bəzəkli donda
çıxdı - uzun qara saçları çiyinlərinə
tökülmüşdü, iri, mavi gözləri
dalmış vəziyyətdə, - bir anlığa zaldan
yüngülcə gurultu keçdi. İnsanların
üzündən heyrət oxunurdu: İohann çox
yüngül və zərif görünürdü, kəpənək
kimi. Bu balaca uşaq nə çalacaqdı ki?!
Əlində skripka, səs-küydən
qorxub-hürkmüş İohann səhnəyə qalxdı. Skripkanı
çiyninə qoydu, onu çənəsinin altına
sıxdı və çalmağa başladı. İlk notlardan hamı anladı ki,
qarşılarındakı böyük
skripkaçıdır.
Uşaq gözləri yumulu
halda, yırğalana-yırğalana çalırdı. Skripkanın
qolu boyunca barmağının hər bir hərəkəti, bədəninin
buna uyar hər bir ləngəri içində gizli
qalmış enerjinin çölə çıxmasına
şərait yaradırdı. İohannla
skripka bir bütöv idilər.
Skripkanın kristal
qədər təmiz səsi uçub gedir və buludlara
çataçatda əriyirdi. Balaca virtuoz dinləyiciləri
özünün mükəmməl texnikasıyla
ovsunlamışdı. İnsanlar yerlərində
donmuş halda qulaq kəsilmişdilər. Bu hal bir
neçə dəqiqə davam etdi və bu müddətdə
sarsıntıdan xilas ola bilmədilər. Sonuncu nota qədər belə davam elədi.
İohann ifasını bitirsə
də, zalda bir neçə dəqiqə sükut hökm
sürdü.
Sonra, sevinc dalğaları, alqışlardan zal
sökülürdü.
Konsertdən sonra təbrik
üçün hamı balaca uşağın üstünə
yürüdü. Xoşbəxtlikdən pərəstişkarların
arasında bir neçə tanınmış musiqiçi də
vardı. Onlardan biri, möcüzə
uşağın talantından heyrətə gəlmiş
musiqiçi dərhal bəyan elədi ki, xanım Karelski
etiraz etməzsə, oğlunun karyerası ilə məşğul
olmaq istərdi. Qadın əvvəlcə elə
baxdı ki, sanki etraz edəcəkdi, sonra üzündəki bu
tərs cizgilər tərəddüdə çevrildi, fikrindən
hansısa ağıl başdan çıxaran qiymət
keçdi, ancaq sonda razılıq verdi.
O vaxtdan etibarən uşağın
konsertləri eyni templə bir-birini əvəz etdi,
hamısı da uğurlu keçdi.
Bir neçə ay da keçdi, Paris
salonlarında hamı bir-birinə bu sualı verməkdən
usanmırdı:
- Kimdir bu uşaq, hardan peyda oldu, bu
ilahi çalğı nə olan şeydi?!
Vunderkind... Bu İohann
Karelski nə möcüzədir belə? Bir
azdan Fransa İohann Karelskinin talantına dar gəldi. Onu
Vyanaya, Madridə, bütün Avropa saraylarına dəvət
elədilər. İohann kölgə kimi onu izləyən
anasıyla birgə bütün Avropanı gəzib-dolaşdı.
İngiltərəyə
gedib çıxdığı ilk ölkəydi ki, burada onu
çox böyük, təsəvvürəgəlməz
uğur gözləyirdi. Deyildiyi kimi, musiqi sərhəd
tanımır, o, insanlara istənilən siyasi
çaxnaşmanı unutmağa vadar eləyir. Londondakı konserti elə bir təəssürat
yaratdı ki, düz yeddi dəfə çıxış eləməli
oldu və hər bir çıxışında bütün
biletlər əvvəlcədən satılıb qurtardı.
İohannın şərəfinə
verilən şam vaxtı hansısa qadın vəcdlə
xanım Karelskiyə yaxınlaşdı:
- Qeyri-adi oğlunuz var! Dostları yəqin ki, onunla fəxr edirlər.
Xanım Karelski lütfkar təbəssümüylə
qadına xoş sözünə görə təşəkkür
elədi:
- Bildiyimə görə,
İohannın dostu yoxdur.
Qadın çox təəccübləndi:
- Bu yaşda
uşağınızın dostu yoxdu?
- Yox. Ancaq yeri gəlmişkən,
özündən niyə soruşmursunuz?
Qadın İohanna tərəf
döndü, İohann hansısa gənc lordla yanaşı
oturmuşdu, bu dəqiqə ürəyi sıxılır,
darıxırdı. Qadın soruşdu:
- Mənim balam, ən yaxın dostun
kimdi?
İohann düşünmədən
cavab verdi:
- Skripkam.
Hər axşam konsertdən
sonra İohann özünün uşaq tənhalığına
qayıdırdı. İndi olduğu qədər
özünü heç zaman tək, tənha hiss eləməmişdi.
Yəni şöhrət gələndən
sonra.
5
Uğurlarla dolu həyat on il sürdü. Ta xanım Karelskinin
ölümünə qədər. Anasını itirdikdən
sonra İohann onu dünya və insanlarla birləşdirən yeganə bağdan
məhrum oldu və buna görə də dərin kədərə,
yasa batdı və bu hiss onu bir daha tərk eləmədi.
Bütün Avropa
saraylarında nümayiş etdirilən elm meymunlarndan biri
olmaqdan yorulmuş İohann qastrollara son qoymaq və qəti
olaraq Parisdə yaşamaq qərarına gəldi, burda o,
yalnız xeyriyyə məqsədləri ilə konsertlər
verirdi. On yeddisindəydi, əvvəlki kimi mükəmməl
ifa edirdi, ancaq bu artıq möcüzə deyildi.
Daha sonra hamı Avropanın
monarxlarının riqqətə gəldiyi uşağı
unutdu. Həyəcanlı illər gəldi, kralın
hakimiyyəti laxlamağa başladı. İnsanlar
çox çətinliklə çörək
tapırdılar və tezliklə musiqiylə də
maraqlanmamağa başladılar.
İllər keçdi.
Gündəlik çörəyini
qazanmaq üçün İohann bir neçə uşağa
skripka dərsi keçirdi. Həyatına məna
aşılamaq üçünsə musiqilər bəstələməyə
başladı.
Bu gündən sonra opera
yazmaq ehtirası bütün varlığına hakim kəsildi.
6
Ancaq sən saydığını
say... İohann Karelski yeni həyat yoluna
çıxa bilmədi. Müharibə onun əvəzində
bütün qərarları verir, hər şeyi həll edirdi,
bu, 1796-cı il, yazın ilk günlərinin
birində baş vermişdi.
Lap yaxında otuz bir
yaşı tamam olmuşdu.
Mart ayı. Sübh tezdən
yaşadığı Monmart mansardına çağırış vərəqi
gəldi. Meydana gecikmiş qar yağırdı,
sakitcə. Elə bil vaxtı
dayandırmışdılar.
Poçtalyon yeddinci mərtəbəyə
qalxdı və ağır-ağır nəfəs alaraq
musiqiçinin qapısının ağzında ayaq
saxladı. Ürəkdən gələn təəssüf
hissiylə qapını döydü. İohann
açdı və gələn adamın
baxışlarından oxudu ki, xəbər yaxşı deyil.
- Görünür, indi də
Fransanın sizə ehtiyacı var, - poçtalyon dedi.
Bir az tərəddüdlə
çağırış vərəqini ona uzatdı. İohann onun baxışlarını sakit
qarşıladı, məktubu götürüb açdı.
Oxuya-oxuya rəngi ağardı, gözlərini qaldırıb
xəbər gətirənə baxdı:
- Elədir, haqlısınız. Ölkənin mənə ehtiyacı varmış.
Ancaq həyatımdan başqa ona nə təklif
eləyə bilərəm ki?
Poçtalyon şəfqətli təbəssümüylə
ona cavab verdi, İohannsa onun gözlərində
iztiraba bənzər şeylər oxudu. Və
buna görə də azca pərt oldu.
İohann bir neçə dəqiqədən
sonra kafeyə endi, əsgərliyə yenicə
çağrılan digər uşaqlar artıq burdaydı və
onların bir çoxu Barrasın hərbi əməliyyat
aparmaq üçün yolladığı iyirmi səkkiz
yaşlı generalla birlikdə yola düşə bilməmişdi. Gecikmişdilər.
Əvvəlcə adama bir stəkan yovşan arağı
vurmuşdular, sonra ikinci, üçüncü..
stəkanı gillətmişdilər, xumar
gözləriylə kafe sahibəsinin mərmər sinəsini
sığallayır, yalayıb keçirdilər. Qadın da bəlkə
ilk dəfəydi bu uşaqlara kişi kimi baxırdı.
- Bonapartın
sağlığına!
- Bonapartın
sağlığına!
- İtalyan ordusunun
sağlığına!
İohann tost demədi. Hamıyla
birlikdə stəkanını qaldırıb içdi, sonra
aralandı və evinə qalxdı.
Otağın ortasına tərəf
addımlayıb dayandı, anasından qalma bəzi şeylərə
baxdı, xatirələrini çözələməyə
çalışdı, ancaq kədər birdən
boğazına elə tıxandı ki, özünü
çarpayısına saldı, ancaq tezliklə yorğunluq və
içkinin xumarı onu üstələdi, yuxuya getdi.
Oyandıqda, hava qaralmaq
üzrəydi.
Paris toranlığa batmışdı, pəncərələrdə
lampalar közərirdi. Hər çey
sakit idi.
İohann futlyardan
skripkasını çıxardı, kanifolla alətin qolunu təmizlədi
və çalmağa başladı. Möcüzəli
musiqi ona keçmişin uğurlarını və dəbdəbəsini
xatırlatdı.
Həyatının başa
çatdığını anlayırdı. Müharibədə
duyğularının dalınca düşüb
ehtirasını soyudacaq asudə vaxtı olmayacaqdı. Və yazmağı qəsd elədiyi operanı da
heç zaman yaza bilməyəcəkdi. Otuz
bir yaşı vardı, bütün varlığı arzu və
ehtirasla doluydu. Ancaq seçimi o yox,
müharibə eləmişdi.
7
Bonapartın ordusu
üçün toplanış məntəqəsi elan etdiyi
Nissada İohann Karelski musiqi, şöhrət və
uğurlara vida elədi. Belə bir həyəcanlı zamanda musiqi
onu müharibədən uzaqlaşdırmağı
bacarırıdı. Ancaq indi belə
deyildi.
Sərkərdənin
planına görə müharibə Vena üzərinə
sürətli yürüşlə başlamalıydı. İlk vəzifələri
Alp dağlarını aşmaq idi.
2 aprel 1976-cı ildə ordu
yürüşə başladı. İtaliya əməliyyatına start
verildi.
Ancaq İtaliya adi təsadüf ola bilməzdi.
Opera bu ölkədə
dünyaya gəlmişdi. Ancaq belə bir
şirin, melodik dil ifanın bütün gözəlliyini ifadə
edə bilərdi. İohann bu barədə
kədərqarışıq sevinclə
düşündü.
- Bu torpaqlarda yaşamaq nə
böyük xoşbəxtlik olardı!
Ancaq indi İtaliyaya o,
yaşamaq üçün yox, ölməyə gəlmişdi. Burda onu tam
başqa bir musiqi gözləyirdi. Atəş səsləriylə,
top atəşləriylə, qan və ölümlə müşayiət olunan hərbi
marş.
8
Demək, buymuş müharibə? Qan-qada, qırğın, hər
tərəfdə yaralılar və öldürülmüş
adamlar, ağzında daim palçıq və qan tamı qalır. Üst-başından cin
hürkən, üfunət qoxuyan və günlərlə yeməyə
bir tikə çörək tapmayan əsgərlər.... Və
bu qulaq batıran, az qala qulaq pərdəsini
cıran gurultu... özünü ağrıdan
bağırmaqdan güclə saxlayırsan.
Lap yaxınlarda, elə dünən
ona layla çalan skripkanın ecazı hara getdi bəs? Doğrudanmı bu, hər şeyi udub dərhal həzm-rabedən
keçirən və heç zaman doymayan müharibənin cəngiydi?
Ancaq onun müharibəsi cəmi on dörd
gün çəkdi. 16 aprel tarixində
Montenottedə döyüşün lap
başlanğıcında İohann ağır yaralandı.
Birinci xəttə doğru irəlilədiyi vaxt
Avstriya ordusunun qusarı qılıncı İohannın
sağ böyrünə soxdu. Elə həmin
anda təsadfüfi güllə qusarı yaxaladı,
qılıncın tiyəsi əlindən çıxdı,
eləcə İohannın böyründən sallana qaldı.
İndi bu dəqiqə, kimi öldürdüyünü bilmək
istəyən avstriyalı əsgər karıxmış
halda, donuq gözləriylə çevrilib baxdı,
ixtiyarsız İohanna söykəndi, dəhşətlə
xırıldadı və yavaş-yavaş atdan yerə
yıxıldı. Onun dalınca İohann da yerə
yıxıldı, o saat da huşunu itirdi.
Tezliklə döyüş
qurtardı, atışma, piyadaların yaylım atəşləri
və silahların gurultusu sakitliklə əvəz edildi.
İohann bir də gecəyarısı
özünə gəldi. Döyüş
meydanı duman içindəydi, hərdən Ay bu dumanın
içindən görünür, qorxunc kölgələr
yaradırdı. İohann ayağa qalxmaq
istədi, ancaq hər dəfə bu cəhdi dözülməz
ağrıyla əvəz edilir, yerə
yıxılırdı. Bir tərəfindən
girib o biri tərəfindən çıxmış
qılıncın qəbzəsi ölünün üstünə
çəkilən xaç kimi qarnı üstündəydi.
Ani hərəkət, hətta bədənin ani
titrəyişində belə qılıncın tiyəsi daha
dərin yara açırdı. İliyə
işləyən soyuqdan qan donmuşdu və buna görə
qanaxma da dayanmışdı. Ancaq tərpənməyə
cəhd eləyən kimi yara açılır, bu isə
ölümcül qan itkisinə səbəb ola
bilərdi.
İohann anlayırdı: ölüm
saatı yetişib. Müqavimət göstərmək
faydasızdır. Son dəfə
böyür-başına baxdı, ətrafda ölülər
tərpənmədən matəm rəqsi oynayırdılar.
Avstriyalı əsgər böyründə
uzanmışdı, əli ümidsizcəsinə
qılınca doğru uzalıydı, dişləri
ağarırdı, bu halda ölümünə
gülürdü. Sağ
tərəfdə qaya parçasının üzərində
nizəli süvari əsgər uzanmışdı, qarnı
deşilmişdi, ondan bir neçə addım aralıda
atı yerə sərələnmişdi, dəli
sıçramadan sonra burun deşiyindən hələ də
köpük gəlirdi. Sol tərəfdə isə piyada
döyüşçünün cəsədinin yarısı
ağac budaqlarından sallana qalmışdı, top atəşi
onu yarı bölmüşdü. Və
bütün bunlar küllə, tüstü burumlarıyla,
çevrilmiş arabalarla, orda-burda atılmış silahlarla,
insan bədənindən qopmuş hissələrlə
müşayiət edilirdi.
Uzaqda sanitarlar lazaretə
aparmaq üçün yaralıları axtarırdılar. Ancaq
döyüş meydanına sərilən əsgərlərin
çoxunda həyat əlaməti yox idi.
İohann sanitarların ondan
bir neçə addım aralıda gəzdiklərini
gördü.
Onları çağırmaq istədi, ancaq səsi
çıxmadı. Boğazı elə
qurumuşdu, ağzında sanardın dil yerinə qan iyi verən
daş parçası vardı. Sanitarlar
yanından ötüşüb keçdilər və yenə
hər yan sakitliyə büründü.
İohann son dəfə Aya
baxdı, qarnında parıldayan qılıncın qəbzəsinə
baxdı və gözlərini yumdu.
Birdən, bəlkə də
lap yaxında bir xışıltı eşitdi, külək dəyən
parça xışıltısı kimi. Bəlkə
bu, döyüşdə güllələnmiş qrenaderin
mundirinin titrəməsiydi? Ya bəlkə
ölümün nəfəs dərməsi?
Gözlərini
açdı.
Ona baxan bir qadın idi. Uzun qara plaşda bir atlı qadın. Qara madyanın
yüyənindən tutub tərpənməz şəkildə
ona baxırdı. İohann bu baxışları bayaqdan
hiss etmişdi. Qaranlıqda gözləri
işıldayırdı, iki köz kimi.
Səs salmadan ona tərəf
necə gələ bilmişdi? Həmin o
yüngül xışıltı olmasaydı, deyərdi ki,
bu hansısa sirli, möcüzənin təsiriylə əsən
küləyin təsiridir.
Qadınsa tərpənmirdi. Görünür onun can
verməsinə baxmağa gəlmişdi.
İohann səksəndi,
ancaq dərhal da ağlına gəldi ki, artıq
qorxmağın da faydası olmaz, gec idi, çox gec.
Tanımadığı
qadınsa atı ağaca bağladı, su qabını
götürdü, İohanna yaxınlaşdı,
başını qaldırdı və su qabını
ağzına tutdu.
Sonra qadın belə bir
apokaliptik çevrədə, dəhşət və
ölümlərin tən ortasında oxumağa
başladı.
Və elə təmiz, elə şirin səslə
oxmağa başladı ki, İohann bir anlığa
yarasını, onun verdiyi işgəncəni unutdu. Qadın oxudu, bütün gecəni, dayanmadan və
yalnız onun üçün.
Oxuyub quratrdı, əyilib
öpdü onu. Bu an, yəni dodaqları İohannın
dodaqlarına toxunduqda yenidən huşunu itirdi.
Fransız dilindən
tərümə edən: Cavanşir YUSİFLİ
Fermin MAKSANS
Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.-
S.6-7.