Yaqut Paşazadə: Mənim küskünlüyüm Vaqif İbrahimoğlundan oldu

 

"Ədəbiyyat qəzeti"nin "Dördüncü divar" lahiyəsinin budəfəki qonağı əməkdar atrist Yaqut Paşazadədir.

Onu ilk dəfə bir kitab təqdimatında görmüşdüm. Zərifliyi və şarmı ilə məni heyran etmişdi. Sonralar tamaşalarına getdim. İlk dəfə "Mərc"də rastlaşdıq... Tamaşadan çıxandan sonra hər tərəfi sanki bulanıq şüşə arxasından görürdüm. Tamaşalardakı rollarını izlədikcə teatr sənətimizdə öz dəsti-xətti olan Yaqut Paşazadəni daha yaxından tanımağa başladım. Və bu tanışlıq hər zaman bir tamaşaçı kimi məni qürurlandırdı.

Bu gün "Dördüncü divar" lahiyəsinin qonağı əməkdar atrist, pedaqoq, gözəl xanım aktrisa Yaqut Paşazadədir.

- Yaqut xanım, bir neçə dəfə vədələşsək də, müsahibəmiz baş tutmurdu. Buna bir az da sizin çətin dövr yaşadığınız zamanlar tuş gəlirdi. Çətinliklərin öhdəsindən gələ bildinizmi?

- Bu çətinliklər daha çox teatrımızla bağlı oldu. Teatr söküldü, hansısa teatrda sığınacaq tapdıq. Başqa teatra uyğunlaşmaq, tamaşaları uyğunlaşdırmaq və bundan yaranan gərginlik təbii ki, münasibətlərə də öz təsirini göstərdi. Yaranan çətinlikdə isə artıq insanlar sınaqdan çıxmağa başladılar.

- Dediyiniz sınaqdan insanlar necə çıxdılar?

- Hərə özü kimi çıxdı. Və yaxud da kim necə idisə elə də çıxdı. Deyim ki, hamı yaxşı çıxdı, ya mən kiməsə görə onun sınağından yaxşı çıxdım. Bu mümkün deyil. Ancaq Vaqif İbrahimoğlunun yoxluğu çox şeyləri, insanları, münasibətləri ələkdən keçirdi. Bunun da kökü gedib başqa məsələlərə çıxır. Teatr bizim birbaşa şəxsi həyatımızdan keçib gedir. Amma bu sənətdə teatr prinsiplərinin özünün də yönləri var. Repertuar teatrı var ki, teatrın tərəqqisi də, tənəzzülü də repertuara bağlı olur. Ustad teatrı var ki, burda da teatr birbaşa fərdlərə, yəni ustadlara bağlıdır. Bir də var müqaviləli teatrlar ki, aktyorlar müqavilə əsasında bir yerə cəm olub hansısa proyekti həyata keçirirlər, daha sonra da ayrılırlar. Bu, bütün dünyada da, bizdə də belədir.

Ustad teatrı kimi teatr Azərbaycanda yeganə olaraq "Yuğ" teatrı idi ki, Vaqif İbrahimoğlunun şəxsiyyətinin, istedadının, arzularının nəticəsində yaranmışdı. Onun şəxsiyyətinin ətrafında da digər şəxsiyyətlər böyümüşdü. Vaqif İbrahimoğlu gedəndən sonra biz bir müddət həmin ab-havanı, enerjini saxlamağa müvəffəq olduq. Amma sonra məlum oldu ki, sən demə bizdən asılı olmayan çox şeylər var... Lakin yenə də təkarar edirəm. Ustad teatrında ustad olmayandan sonra onun nəfəsini saxlamaq mümkün olmur.

- Amma Vaqif müəllimin davamçıları vardı...

- Davamçıları yenə də var. Biz hamımız onun davamçılarıyıq. Və həmin tələbələrin, yəni bizlərin öz dünyası, öz cərəyanları yaranmalıdır. Bu mütləq belə olmalıdır. Fərd olaraq kimin gücü nəyə çatırsa, onu yaratmalıdır. Vaqif İbrahimoğlu Tofiq Kazımovun məktəbini yaşatmaqla onun davmçısıyam deyib ancaq onunla məhdudlaşmadı. Öz nəzəriyyəsini və dünya üçün açıq olan bir şeyi yaratdı. İndi bir az çox ağrılı qəbul edirlər ki, "Yuğ" teatrı yoxdur. İstər-istəməz düşünürlər ki, axı teatr var, yuğçular var və s. Təbii ki, dövlət müəssisəsi kimi "Yuğ" teatrı fəaliyyət göstırir, amma bayaq mənim qeyd etdiyim ustad teatrı olaraq yox.

- Ötən müsahibəmizdə demişdiniz ki, Allah eləməsin ki, "Yuğ" teatrından ayrılım. Amma Allah elədi ki, teatrdan ayrılmalı oldunuz. Nə baş verdi?

- Mənim özüm üçün də bu qərarı vermək çox çətin oldu. Bunu həmişə demişəm, yenə də deyirəm, Vaqif İbrahimoğlu və "Yuğ" teatrı olmasaydı, yəqin ki, mən də aktyor olmayacaqdım. Çünki öz xasiyyətimlə, kaprizlərimlə bəlkə də, özümü təsdiq edə bilməyəcəkdim. Məhz "Yuğ" teatrı, Vaqif İbrahimoğlu ailəsi mənə Yaqut kimi, aktrisa kimi, sənətçi kimi ayaq üstə durmaqda kömək oldu.

Mən ağlıma gətirə bilməzdim ki, iyirmi beş ildən sonra belə bir hal baş verəcək. Amma Vaqif müəllim yoxdursa, deməli, dünya da fanidir, heç nə ömürlük deyil. Və görəndə ki, teatrda artıq mənim istədiyim ortam, on il bundan əvvəlki ortam, ailə deyil, Vaqif İbrahimoğlu da yoxdur, o zaman teatrdan ayrılmaq qərarını verməli oldum.

- Amma Yaqut xanım, Vaqif müəllim artıq yeddi ildir ki, həyatda yoxdur...

- Hər şeyi zaman ələyir. Birdən-birə heç nə olmur axı... Yavaş-yavaş qərara gəlirsən ki, gördüklərin görmək istədiklərin deyil. Hətta mən tamaşada oynayan zaman düşünürdüm ki, beş il bundan əvvəlki kimi səhnəyə çıxırammı? Həmin şərtlər altında işləyirəmmi? Özüməmi xəyanət edirəm, yoxsa sənətə?

Yəni mən bir aktrisa kimi hansısa tamaşanın hazırlıq prosesini tam keçmirəmsə, nələrinsə üstündən ötməli oluramsa, bir müddət sonra anlayıram ki, bütün bunlar mənim istədiklərim deyildi. Əlbəttə, səhnəyə çıxıb bildiyim texnika ilə o halı, ovqatı yaradıb tamaşaçını aldada bilərəm. Bəs özüm? Özümü aldada bilmərəm axı. Əgər tamaşaçı mənim ifamdan zövq aldısa, bəs mən özüm nədən zövq aldım? Onda belə çıxır ki, mənim işim tamaşaçını əyləndirməkdən, nələrisə imitasiya etməkdən ibarət olur. Axı psixosof poetikasının məğzi bu deyil. Axı mən də qidalanmalıyam. Mən yalnız tamaşa oynamaqla məşğul olmaq istəmədim. O zaman anladım ki, mən artıq hansısa tamaşda, hansısa rejissora nələrisə güzəştə getməyə başlayıram, onda istəmədim. Özümü rahat olmadığım mühitdə görmək istəmədim. Bunu həmişə tələbələrimə də deyirəm ki, istəmədiyiniz, bacarmadığınız yerdə olmayın.

- "Yuğ" teatrının keçmiş direktoru və sizin həyat yoldaşınz Tərlan müəllimin teatrdan gedişinin sizin də gedişinizə təsiri oldumu?

- Tərlan müəllim heç vaxt mənə get, ya qal deməyib. Əslində mənim getməyimə təkan bizim əvvəlki binamızdan köçməyimiz oldu. Çünki mən "Abdulla Şaiq adına Kukla Teatrı"nın zalında özüm iştirak etdiyim və etmədiyim heç bir tamaşanın bərpasını bəyənmirdim. Heç bir tamaşanın bərpası uğurlu alınmadı. Tamaşa xətrinə tamaşalar oynandı. Yeganə o zala uyğunlaşan tamaşa "Medeya" oldu.

- Küskünlüyünüz var?

- Mənim küskünlüyüm, əslində, Vaqif İbrahimoğlundandır. Məhz bu zamanda, məqamda ondan küsdüm.

- Niyə?

- Bilmirəm. O, nə etdiyini bilirdi. Amma mən hərdən öz tərəfimdən düşünürəm, ona suallar ünvanlayıram ki, niyə filan şeyi filan cür etdin? Etməsəydin, başqa cür olardı axı...

Yəni indi real, gerçək insanların nəyindən küsüm? Hamımız eyni dünyada, cəmiyyətdə yaşayırıq.

- Sizcə, o, nələrsə edə bilərdi?

- Yox. Çünki elə şeylər var ki, bizdən asılı deyil. O, sadəcə olaraq xəstələnməyə, bizi tərk etməyə bilərdi. Onu çox vaxtsız itirdik. Onun hələ görəcəyi çox işlər var idi.

- Bu yaxınlarda sosial şəbəkədə Vaqif müəllimin şəklini paylamışdınız, altından da təxminən belə yazmışdınız: "Mən hardayamsa, Vaqif müəllim də ordadır". Həqiqətən də ordadı?

- Ordadı. Çünki elə gün yoxdur ki, mən onu xatırlamayım, onun haqqında düşünməyim. Kiminləsə zarafat edəndə yada düşür, hansısa səhv edəndə yenə yadına düşür, yaxşı iş görəndə yenə də Vaqif müəllim xatirə gəlir. Yəni nə iş görürsənsə-gör, sanki ona xitabən edirsən.

O, mənim mənəvi atam olub. Özümü bu baxımdan bəxti gətirmiş insan hesab edirəm ki, onunla nəinki bir dövrdə yaşamışam, həmçinin eyni məkanda, bir otaqda nəfəs almışam.

- Pedaqoq kimi də burda İncəsənət Universitetində fəaliyyət göstərirsiniz. Burda işləriniz necədir?

- Burda vəziyyət çox yaxşıdır. Əslində, mən elə birinci kursda oxuyanda Vaqif müəllim məni müəllimə deyə çağırırdı. Çünki özümdən asılı olmayaraq, müəllim nəsə iş görəndə kənardan nəsə deyirdim. O, da üstümə qışqırırdı ki - müəllimə, səsini kəs. Həmişə mənə deyirdi ki, "sən müəllimə olacaqsan." Mən də deyirdim ki, "mən müəllimə olmayacam." Bilmirəm sonradan bu şüuraltı oldu, ya necəsə, doğurdan da müəllimə oldum. Artıq yeddi ildir ki, burda işləyirəm. İki kurs buraxılışım olub. Bu ildə həm qiyabi, həm də əyani kurslarım var. Tələbələrimə də hər zaman Vaqif müəllimin bizə öyrətdiklərini öyrətməyə çalışmışam. Həmişə onlara deyirəm ki, böyük şəxsiyyət olmasanız, böyük aktyor ola bilməyəcəksiniz. Maraqlı, istedadlı aktyorlar çoxdur. Amma o insanlar ayaq üstə dayanıb böyüyürlər ki, onların şəxsiyyəti var. Bunun üçün də birinci olaraq özünə hörmət daha sonra düşüncəli və gözüaçıq olmaq lazımdır. Bütün sahələrdə həmişə özünü təsdiq edən insanlar böyük şəxsiyyətlər olur. Tələbələrimə birinci dərs günündən bunları deyirəm. Sonra artıq istedadı, işgüzarlığı, bacarığı tələb edirəm. Bu sənətdə, yalan və saxtakarlıq işləmir. Heç indiki uşaqlar, tələbələr də bunu qəbul etmir.

Bu mənada universitetimizdə istedadlı, sənətdə nəsə eləmək istəyən iddialı tələbələrimiz çoxdur. İrəli getmək üçün bu çox yaxşı göstəricidir.

- Sizin aktrisa olmağınıza səbəb həm də Həsənağa Turabovun sizə yazdığı imtahan qiymətinin də rolu olub...

- İmtahan verəndə komissiyanın sədrinin Həsənağa Turabov kimi böyük sənətkar olduğunu görəndə özümü elə itirdim ki, biletdəki sualı "Həsənağa Turabovun həyat və yaradıcılığı" kimi oxudum və öz-özümə fikirləşdim ki, indi onun özünün qarşısında dayanıb, özü haqqında necə danışacam? Həsənağa müəllim gördü ki, özümü itirmişəm. Bileti məndən alıb sualı oxudu: "Hökümə Qurbanovanın həyat və yaradıcılığı". Mən Hökümə xanıma aid nə bilirdimsə, danışdım. Üz ifadəsindən hiss etdim ki, danışdıqlarım onu qane etmədi. Həsənağa müəllim dedi ki, - üç alırsan. Amma sənə heyfim gəlir...

Ancaq sonradan bildim ki, mənə dörd yazıb. Sonralar da kurs rəhbərimiz oldu.

- Bəs aktyor, aktrisa kimi nə zamansa qarşılaşmısınız?

- 2002-ci ildə Vaqif müəllimin quruluşunda "Otello" tamaşasında iştirak edirdim. Həmin tamaşa uzun illər Yuğ teatrının siması oldu. Həsən müəllim bir dəfə o tamşaya baxmağa gəlmişdi. Həm də lap qarşıda əyləşmişdi. Həmin tamaşada Dezdemonanın üç ədəd şamın qarşısında monoloqu vardı. Həmin monoloqu deyən zaman hiss etdim ki, Turabov mənə çox diqqətlə baxır. Tamaşadan sonra əli ilə məni çağırıb dedi: "Mən sənin gözlərindən qorxdum qız…" Başqa heç nə demədi. Elə bu sözləri deyib getmişdi. Sonradan bildim ki, o, mənə dediyi sözləri eyni ilə Vaqif müəllimə də deyib. Turabovla həmişə maraqlı söhbətlərimiz olub. Dərslərimizə gəlirdi, otururdu. Bizimlə söhbət edirdi. Amma onun mənə dediyi həmin sözləri heç vaxt unutmayacağam.

- Yaqut xanım, gələcəyə dair nələr düşünürsünüz, nə kimi yaradıcılıq işləriniz olacaq?

- Bölüşdüyümüz, ortaq məxrəcə gəldiyimiz bir çox məsələlər olsa da, yaratdığımız "Spontan teatr poetikası"nın ideyası Tərlan Rəsulova məxsusdur. Amma təbii ki, bir yerdə addımlayacağıq.  İncəsənət platformasında yaranan bu teatr poetikası artıq birbaşa psixasof poetikasından sonrakı mərhələni əhatə edəcək. Və burada klassik teatr ənənələrinə birləşmiş, onunla bərkimiş aktyor tam şəkildə var ola bilməz. Burada birbaşa yeni aktyorlar yetişdirilməlidir ki, bu da birbaşa psixasof teatr poetikasına köklənir. Artıq XXI əsrin 20-ci illərini yaşayırıq. Mütləq yeni nələrsə gəlməli, yaranmalıdır. Vaqif İbrahimoğlu həmişə deyirdi ki, hər bir izmin, hər bir cərəyanın yaranmasının, özünü təsdiq etməsinin iyirmi il müddəti var. İyirmi ildən sonra isə artıq çiçəklənmə və irəli getmə dövrü başlanır. Psixasof poetikası da bu cür yol keçdi. Yarandı, mükəmməl yol keçdi, öz yetirmələrini yetişdirdi. Və artıq həmin yetirmələr əsas bünövrəyə xələl gətirmədən istədikləri formada bundan istifadə edə bilərlər. Mən bunu həmişə demişəm yenə də deyirəm. Vaqif müəllim həmişə deyirdi ki, mən sizə öyrətdiklərimi başqalarına öyrətməsəniz və üstünə nələrsə əlavə etməsəniz halal etmirəm. Onun təbirincə irəli getməmək, yerində saymaq qəbulolunmaz idi. İnşallah, zaman, ömür vəfa etsə, onun arzularını da tələbəsi kimi həyata keçirməyə cəhd edəcəyik.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.- S.8.