Şeyx İzzəddin Həsənoğlunun bir qəzəli
haqqında
On üçüncü
yüzillikdə yazıb-yaratmış Şeyx İzzəddin
Həsənoğlu doğma dilimizdə lirik şeirləri
dövrümüzə çatmış ilk Azərbaycan
şairi kimi ədəbiyyat tariximizdə mühüm mövqe
tutur.
Hazırda elm aləminə şairin üçü Azərbaycan,
biri fars dilində olmaqla cəmi dörd qəzəli
məlumdur. Bu məqalədə biz İzzəddin
Həsənoğlunun "Necəsən, gəl ey yüzü
ağum bənüm" misrası ilə başlanan qəzəli
barədə bəzi yeni məlumatları diqqətə
çatdıracağıq.
Mətləbə keçməzdən
öncə xatırladaq ki, həmin şeiri alman şərqşünası,
Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara
çıxarmış, 27-29 sentyabr 1972-ci il tarixlərdə
Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl
Qurultayında etdiyi "Sultan Qavri divanında naməlum
şeirlər" adlı məruzəsində bu barədə
elmi ictimaiyyətə məlumat vermişdir. Dinlənilmiş
məruzələrin materialları Türkiyədə 1975-ci
ildə çap olunmuşdur və B.Flemminqin təqdim etdiyi mətn
daxilində Həsənoğlunun qəzəli də
verilmişdir (Bax:Barbara Flemming. Sultan Gavri Divanında
Bilinmeyen Şiirler. / I. Turk Dili Bilimsel Kurultayına
Sunulan Bildiriler (27-29 eylul 1972), Ankara: Türk Dil Kurumu
Yayınları,1975, s.331-341) . Həmin elmi
tədbirdə iştirak edən Azərbaycan alimi Fərhad
Zeynalov alman şərqşünası
B.Flemminqin aşkarladığı qəzəl barədə
"Ədəbiyyat və incəsənət" qəzetinin
25 noyabr 1972-ci il tarixli sayında dərc
olunmuş "Həsənoğlunun azərbaycanca yeni
şeiri" adlı yığcam məqaləsində məlumat
vermiş, şeirin mətnini də oxuculara
çatdırmışdır...
Həsənoğlunun Sultan Qavri
divanında olan qəzəlindən əvvəl şeirin
müəllifinin kimliyi
"Həsənoğlu fərmayəd" qeydi ilə
bildirilmişdir. Həmin şeir belədir:
Necəsən, gəl, ey
yüzü ağum bənüm?
Sən əritdün odlara
yağum bənüm.
And içərəm səndən
artuq sevməyəm,
Sənün ilə xoş
keçər çağum bənüm.
Hüsn içində sana
manənd olmaya,
Əsli yuca, gönlü
alçağum bənüm.
Al əlimi irəyim məqsuduma,
Qoma yürəkdə yana
dağum bənüm.
Sən rəqibə sirrini faş eylədün,
Anun ilə oldu
şiltağum bənim.
Qışladum qapunda itlərün ilə,
Oldu kuyin uşda
yaylağum bənüm.
Bən ölücək yolına
gömün bəni,
Baxa dursun yara toprağum bənüm.
Toprağumdan bitə həsrətlə
ağac,
Qıla zari cümlə
yaprağum bənüm.
Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə,
yüzi ağum bənüm.
Aşkara
çıxarılmasından ötən qırx beş ildən artıq müddət ərzində
bir sıra ədəbiyyatşünaslar İzzəddin Həsənoğlunun
"Necəsən, gəl..." mətləli qəzəl
haqqında elmi qənaətlərini
bölüşmüş, onu dolğun ədəbi nümunə
kimi yüksək qiymətləndirmişlər.
Burada biz həmin qəzələ
yazılmış nəzirəyə və şeirin digər
bir variantına diqqət yetirəcəyik. İzzəddin Həsənoğlunun
"Apardı könlümü..." şeiri
kimi, "Necəsən, gəl..." qəzəli də
poetik mükəmməlliyi ilə şöhrət
qazanmışdır. Seyfi Sarayi Misirdə Sədi Şirazidən
1391-ci ildə etdiyi
"Gülüstan" tərcüməsinin sonuna Həsənoğlunun
"Apardı könlümü..." qəzəlini
artırıb ona yazdığı nəzirəni də verdiyi
kimi, Misir hökmdarı Sultan
Qavri də özünün
şeirlər divanına şairimizin "Necəsən, gəl..."
qəzəlini və həmin şeirin təsiri ilə qələmə
aldığı nəzirəni də daxil etmişdir. Sultan
Qavrinin həmin nəzirəsi budur:
İy yüzi gül,
gülşenü bagum benüm,
Zülfünün zinciridür
bağum benüm.
Ol kadar ok urdı
gamzen bagruma,
Yüregümde kalmadı
yagum benüm.
Vasl-ı sinün Tur-ı Sinadur bana,
İy dil-aram oldı turagum
benüm.
Sen gelürsen
sinüme baş kaldurup
Ayaguna düşe topragum
benüm.
Dilbera, bin hacc u umre sayaram
Senün-ile her geçen
çagum benüm.
Şol kara
halün gibi hahi degül
Yüregümde dayima dagum
benüm.
Görk içinde olmaya hüsnün
gibi
Kadri yüce, gönli
alçagum benüm.
Husreva, lutf eyle, rahm it Gavriye,
İy gözi nerkis, yüzi
agum benüm.
(Mənbə: Orhan Yavuz. Kansu Gavrinin
Türkçe Divanı (metin-inceleme-tıpkı basım).
Selçuk Üniversitesi Türkiyat Araştırmaları
Yayını: 2. Konya: Selçuk Universitesi Basım Evi, 2002 , s.106-107)
Sultan Kansu Qavrinin haqqında
danışılan qəzəlindən söz açan
türkiyəli tədqiqatçı Orhan Yavuz öz
kitabında, çox güman ki, diqqətsizlik ucbatından
mexaniki bir yanlışlığa da yol vermiş, səhifəaltı
qeyddə Həsənoğlunun Qavri qəzəlinə nəzirə
yazdığını bildirmişdir (göstərilən
kitabı,s.105). Halbuki
təxminən 1440-cı ildə doğulan,
1516-cı ildə dünyasını dəyişən Misir məmlük
sultanı Kansu Qavriyə ondan çox-çox əvvəllər
yaşamış İzzəddin Həsənoğlu necə nəzirə
yaza bilərdi? Sultan Qavrinin divanında da əvvəl Həsənoğlu
şeiri, sonra isə Qavrinin nəzirəsi verilmişdir. Təsadüfi
deyil ki, bəzi digər türk ədəbiyyatşünasları
birmənalı şəkildə haqlı olaraq məhz Sultan
Qavrinin Həsənoğluya nəzirə yazmasını
bildirmişlər: "Sultan Gavri, Hasanoğlu'nun
"Niçesin, gel iy yüzi agum menüm, Sen eritdün odlara
yagum menüm" beyti ile başlayan şiirine, "İy
yüzi gül Gülşenü begum benüm,
Zülfünün zinciridür bağum benüm"
şeklinde başlayan gazelle cevab vermiştir"
Sultan Kansu Qavri də İzzəddin Həsənoğlu
kimi, öz qəzəlini rəməl bəhrinin III
növündə,
fAilAtün fAilAtün fAilün
təfiləsində yazmışdır.
Nəzərə alaq ki, Misirin
şair hökmdarı yalnız azsaylı ustad sənətkarlara,
o cümlədən
böyük şairimiz İmadəddin Nəsimiyə nəzirə
yazmışdı və sultanın bir sıra şeirləri
də öz növbəsində bəzi nəzirələrin
qələmə alınmasına rəvac vermişdi, o zaman
aydınlaşar ki, Kansu Qavrinin Həsənoğlu şeirindən
təsirlənməsi təsadüfi olmayıb, "Necəsən,
gəl..." qəzəlinin yüksək dəyərinə əsaslanır.
Sultan Qavrinin nəzirəsində
qafiyələrin çoxu Həsənoğlu şeirində
işlənənlərdir. Məsələn: yağum, çağum,
toprağum, ağum, alçağum, dağum... Hər
iki nümunə arasındakı mövzu, ruh, qayə, duyum və
deyim tərzinin yaxınlığı da aşkar nəzərə
çarpır. Bu oxşarlıq bəzi
beytlərdə daha qabarıqdır. Məsələn, Həsənoğlunun:
Hüsn içində sana
manənd olmaya,
Əsli yuca, gönlü
alçağum bənüm,-
beyti müqabilində Sultan Kansu Qavri
aşağıdakı beyti işlətmişdir:
Görk içinde olmaya hüsnün
gibi,
Kadri yüce, gönli
alçagum benüm.
Bunlarla yanaşı, Kansu
Qavrinin Həsənoğluya nəzirəsinin ümumən
ideya-bədii mükəmməlliyə, bir sıra orijinal
deyimlərə malik olduğunu da vurğulamaq gərəkdir. Bu baxımdan
2-ci, 3-cü, 5-ci beytlər xüsusən təqdirəlayiqdir.
Həsənoğlunun "Necəsən,
gəl..." qəzəli ilə bağlı bir maraqlı
faktı da elmi ictimaiyyətimiz üçün gərəkli
ola biləcəyindən diqqətə
çatdırmaq istərdik. Türkiyəli alim Ersen Ersoy 2013-cü ildə
yayınlanmış
"XIV-XVI. yüzyıllar
arasında yazılmış bazi şiirleri ihtiva eden bir
mecmua ve İbn-i Ömerin
şiirleri" məqaləsində Parisdə milli kitabxanada
saxlanılan bir əlyazmada bir sıra şairlərin əsərləri
ilə yanaşı, İzzəddin Həsənoğlunun
vaxtı ilə Barbara Flemminq tərəfindən
aşkarlanmış qəzəlinə
də rast gəldiyini nəzərə
çatdırmışdır. E.Ersoyun
yazdığına görə, Paris kitabxanasındakı əlyazmada
qeydə alınan Həsənoğlu qəzəli B.Flemminq
nüsxəsi ilə müqayisədə bir neçə beyt
artıqdır. İnternetdə oxuduğumuz bu məlumatı
dəqiqləşdirmək üçün tədqiqatçı
Ersen Ersoyun e-mail ünvanını tapıb onunla əlaqə
yaratdıq. Xahişimizə cavab olaraq Ersen bəy
şairimiz Həsənoğlunun "Necəsən, gəl..."
qəzəlinin Paris əlyazmasındakı variantını
yazıb bizə göndərdi (Ersen bəyə dərin təşəkkürümüzü
bildiririk- H.H.).
Həmin variantı sadəcə Azərbaycan
orfoqrafiyasına uyğunlaşdırmaqla diqqətə
çatdırırıq:
Səfa gəldün, ay yüzi
ağum bənüm,
Sən əritdün yürəgüm
yağın bənüm .
And içəm kim,
səndən artuq sevməyəm,
Sənün ilə xoş
geçər çağum bənüm.
Hüsn içində hiç manəndün
olmaya,
Əsli yüca, gönli
alçağum bənüm .
Al əlümi, irəyüm maksuduma ,
Yoxsa dağlar əridür ahum bənüm.
Ay toğıcak aləmə şölə
verür,
Karanuda şəmü, həm
çırağum bənüm.
Verr başunı, vermə sirrin kimsəyə ,
Şöylə təlim etdi
ustadum bənüm.
Bən ölicək yar yolına kon bəni,
Baxa dursun yara toprağum bənüm.
Toprağumdan nə ki, bitərsə
bənüm,
Zari kıla cümlə
yaprağum bənüm.
Ta ölincə eşqini eltəm
başa,
Gər Hasanoğlu durur adum bənüm.
Bu variantda da qəzəl
doqquz beytdən ibarətdir. Amma 5-ci və 6-cı beytlər B.Flemminq nüsxəsindən
tamamilə fərqlidir. Həmin beytlərə diqqət yetirək:
Barbara Flemminq variantında:
Sən rəqibə sirrini faş eylədün,
Anun ilə oldu
şiltağum bənim.
Qışladum qapunda itlərün ilə,
Oldu kuyin uşda
yaylağum bənüm
Ersen Ersoy variantında:
Ay toğıcak aləmə
şölə verür,
Karanuda şəmü, həm
çırağum bənüm.
Verr başunı, vermə sirrin kimsəyə,
Şöylə təlim etdi
ustadum bənüm.
Bu iki variantın fərqli beytləri
arasında da duyum
və deyim tərzi, dil-üslub xüsusiyyətləri tamamilə
eynidir. Bəlkə də,
E.Ersoy variantındakı bu fərqli beytlər vaxtı ilə qəzəlin
tərkib hissəsi olub. Maraqlıdır ki, iki
variantdakı analoji beytlər arasında məntiqi
bağlılıq da nəzərə çarpır. Məsələn, B.Flemminq nüsxəsindəki 5-ci
beytdə aşiq sirrini rəqibə faş etdiyinə görə
gözəldən gileylənir. E.Ersoy variantındakı
6-cı beytdə isə aşiq sanki bunun davamı kimi
ustadının nəsihətini xatırladır: lazım gəlsə,
başını da ver, yəni canından da keç, amma kimsəyə
sirrini vermə.
Variantların məqtə (son) beytləri də, demək
olar ki, fərqlidir. Amma onların hər ikisində
Həsənoğlu eşqdəki sədaqətindən söz
açır. Digər beytlər əsasən
eyni olsa da, bəzi kiçik fərqlər nəzərə
çarpmaqdadır. Bəlkə də, bu,
katib xətasıdır. Yaxud da dildən-dilə
keçib yayılan qəzəlin uğradığı dəyişiklikdir.
Xatırladaq ki, orta çağlarda qəzəllər həm də əzbərlənir,
şifahi şəkildə yayılır, musiqi məclislərində də oxunur, bütün bunların
gedişatı boyunca bəzən dəyişikliklərə də
məruz qalırdı. Ehtimal etmək olar ki, Həsənoğlu
qəzəlini Parisdə aşkarlanmış cüngdə
yazıya alan şəxs belə dəyişikliyə
uğramış varianta əsaslanmışdır...
Deyilənlər bir daha
göstərir ki, Şeyx İzzəddin Həsənoğlunun
şeirləri geniş şöhrət qazanmış, ədəbi
təsir dairəsinə malik olmuşdur.
Hüseyn
HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru,
professor, əməkdar elm xadimi
Ədəbiyyat qəzeti.-
2018.- 10 fevral.- S.9.