Qədim türk ədəbiyyatı:
problemlər, mülahizələr
Türk ədəbiyyatının tarixi,
mövcud ənənəyə
görə, türklərin
bir etnos olaraq formalaşdıqları
təxmin edilən e.ə. III minillikdən başlayır. Və bu tarixin qədim
dövrü eramızın
I minilliyinin sonu, II minilliyinin əvvəllərinə
qədər davam edir.
Bugünkü türkologiyada
qədim türk ədəbiyyatının XII- XIII əsrlərə aid türkdilli
mənbələri (məsələn,
Yusif Balasaqunlunun "Qutadqu bilik"i, Əhməd Yəsəvinin
"Divani- hikmət"i, Əhməd Yüqnəkinin "Atibətül-
həqaiq"i və
s.) də ehtiva etməsi fikri (və praktikası) geniş yayılsa da, həmin mövqe metodoloji baxımdan əsaslı deyil. Əlbəttə, heç bir şübhə yoxdur ki, qədim türk ədəbiyyatının
tarixi nə zamandan başlamasından
(burada təbii təxminilik mövcuddur) asılı olmayaraq, türklərin
tanrıçılıq yerinə
(onun inam prinsipləri və texnologiyaları əsasında)
müxtəlif dinləri
(islam, buddizm, iudaizm və s.) qəbul etdikləri dövrlərdə sona çatır. Və o da şübhəsizdir ki, Mahmud Kaşğarinin məşhur
"Divani- lüğat
it- türk"ü (XI əsr)
qədim türk ədəbiyyatının son, Orta
əsrlər türk ədəbiyyatının ilk əsəridir.
Qədim türk
ədəbiyyatının coğrafi
hüdudları məsələsinə
gəldikdə isə
burada da nə qədər təxminlik olsa belə, fakt zənginliyi ilə heç bir şübhə doğurmayan istinadlar vardır ki, onlardan birincisi türk etnosunun Altay dağlarının ətəklərində
formalaşaraq ətrafa
yayılması, ikincisi
isə etnik tərkibi əsasən türklərdən
ibarət
olan kütlələrin
Şərqdən Qərbə doğru köçləridir. E.ə. I
minilliyin ortalarından
başlayıb eramızın
I minilliyinin ortalarına
qədər davam edən (və bəzən geri qayıtmalarla müşayiət
olunan) bu köçlər qədim
türk ədəbiyyatının
coğrafiyası barədə
ən ümumi şəkildə təsəvvür
yaradır. Altay dağlarının
ətəklərindən Avropanın
içərilərinə qədər uzanan həmin coğrafiyanın Şimal
ilə Cənub hüdudlarını
müəyyənləşdirmək çox çətindir. Hər şeydən əvvəl ona görə ki, bu hüdudlar
daxilində bir sıra yerli ədəbiyyatların hamısında
türk təsiri olduğu kimi, türk ədəbiyyatında
da xüsusilə dini məzmunlu xarici təsirlər kifayət qədər güclüdür.
Qədim türk
ədəbiyyatının istər
tarixi və istərsə də coğrafi hüdudlarının
mümkün qədər
dəqiq müəyyənləşdirilməsi üçün ilk növbədə
həmin ədəbiyyatın ideya-estetik
əsasları üzərində daha dərindən düşünmək
lazım gəlir ki, bu da qədim türklərin dünyagörüşü barədə
aydın təsəvvürlərin olmasını
tələb edir. Əlbəttə,
nə mifologiya, nə də onun əsasında təşəkkül tapmış
din öz-özlüyündə ədəbiyyat deyil, lakin qədim türk mifologiyası kimi, qədim türk tanrıçılığı
da qədim türk ədəbiyyatının
ideya- estetik əsaslarının formalaşmasına
həlledici təsir göstərmişdir.
Qədim türk
mifologiyasının ən
məşhur əsərləri
"Həyatın (Dünyanın)
yaradılışı", "İnsanın (türklərin) törəyişi"
və "Ərgənəkon"dur
ki, bu əsərlər qədim türk mifoloji təfəkkürünün fundamentini təşkil edir. Lakin təəssüf ki, türkoloji ədəbiyyatda
həmin əsərlər
heç bir əsas olmadan "dastan" adlandırılmış, türk ədəbiyyatı tarixinə
həsr edilmiş araşdırmalarda "Qədim
türk dastanları"
başlığı altında
təqdim olunmuşdur.
İndiyə qədər biz də mövcud ənənəyə
əsaslansaq da, indi düşünürük
ki, o, doğru deyilmiş. Dastan yaradıcılığı texnologiyaları mif yaradıcılığı-metafizikasından
tamamilə (və kifayət qədər aydın poetik prinsiplərlə) fərqlənir.
İnsanın onu əhatə edən varlığa (həyata) universal idrak reaksiyası olan mif müəyyən
bədii xüsusiyyətlər
daşısa da (məsələn, obrazlar,
süjet və
s.), onun mahiyyətində, nə qədər ibtidai və ya sadəlövh
olursa-olsun, hər halda fəlsəfi təfəkkür,
yaxud təxəyyül
dayanır. Dastan (epos) isə birbaşa
bədii təfəkkürün,
yaxud təxəyyülün
məhsuludur.
Görünür, "Alp Ər
Tonqa", "Oğuz
xaqan" kimi qədim türk dastanlarının yaranmasında
dinin (tanrıçılığın)
təsiri qədim türk mifologiyasının təsirindən
daha güclü olmuşdur ki, bu da birinci
növbədə özünü
epos qəhrəmanlarının (hökmdarların)
tanrılaşdırılmasında
(Tanrı mənşəli
olmalarında) göstərir.
Qədim türk
tanrıçılığının əsaslarını izah edən müqəddəs
kitabın varlığı
barədə məlumat
olmasa da, güman etmək olar ki, təkallahlı
(monotest) bir dinin kanonlarını şərh (və təsbit) eləmək cəhdləri mövcud olmamış deyildir. Hər şeydən əvvəl ona görə ki, tanrıçılıq
ehkamlarını (və
dünyagörüşünü) həm aydın, həm də sistemli şəkildə nümayiş etdirən xeyli sayda nəinki
şifahi, eləcə
də yazılı mənbələr (məsələn,
"Kül təgin",
"Bilgə xaqan",
"Tonikuk" daş
kitabələri) yaranmışdır.
Və tarix tanrıçılıqla islamı
müqayisə edən
belə bir məlumatı da qoruyub saxlamışdır
ki,
"türklər daima tək bir Tanrıya inanırlar və ərəblərin də eyni Allaha
inanmaları onların (ərəblərin
- N.C.) dinini
qəbul etməyə
səbəb olurdu".
Qədim türk
ədəbiyyatının strukturuna 1) epos, 2) poeziya
və 3) nəsr daxildir.
Qədim türk epos təfəkkürünün
tipologiyasını, artıq
deyildiyi kimi, "Alp Ər Tonqa" ilə "Oğuz xaqan" müəyyən
edir. Lakin təəssüf
ki, birinci dastanın yalnız məzmunu (Firdovsi "Şahnamə"sinin tərkibində),
ikinci dastandan isə fraqmentlər qalmışdır.
Qədim türk
poeziyasının əsasında şifahi xalq yaradıcılığının
məhsulu olan türkülər
dayanır ki, onların çoxu Mahmud Kaşğari tərəfindən
toplanılaraq "Divani-lüğat
it-türk"də mühafizə olunmuşdur. Buraya döyüş, axın, sevgi, yas (yuğ) və s. türküləri
daxildir ki, həm ideya-məzmun, həm də poetik forma etibarilə qədim türklərin mənəvi dünyası, şeir
zövqü, türkcənin
üslubi imkanları barədə geniş təsəvvür
yaradır.
Qədim türk
nəsrinə gəldikdə
isə onun ən mühüm mənbələri qədim
türk (run) əlifbası
ilə "bəngü
daş"lara həkk
olunmuş "Kül
təgin", "Bilgə
xaqan",
"Tonikuk" kitabələridir.
Və bu kitabələr nə qədər konkret tarixi hadisələri təsvir etsə də, o qədər
də yüksək bədii ümumiləşdirmələrlə
zəngin olan ədəbi əsərlərdir.
Qədim türk ədəbiyyatının
həm şifahi, həm də yazılı təzahürlərinin
dili mükəmməl
ifadə texnologiyalarına
malik qədim türk ədəbi dilidir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-
2018.- 10 fevral.- S.13.