Vətənin "Vətəni"
Təkcə Kanadada yaşayan həmvətənimiz,
Azərbaycan-Kanada ticarət palatasının
yaradıcısı, Azərbaycan Federasiyasının rəhbəri
doktor Səid Kazımi qaçqın, xəstəxana, uşaq
evləri və əsgərlərimizə gətirdiyi dava-dərmandan
əlavə Azərbaycana sonrakı səfərində
Bakıda Onkoloji Mərkəzin açılması
üçün 500 min ABŞ dolları gətirdi. Həmvətənimizlə
«Vətən» cəmiyyətində mətbuat konfransı
keçirildi. «Vətən» cəmiyyətinin vasitəçiliyilə
onun prezident Heydər Əliyevlə görüşü təşkil
edildi.
Cəmiyyət həmvətənlərimizin
arzu-istəklərini nəzərə alaraq onlara musiqi alətləri,
milli rəqs geyimləri, dərsliklər də göndərirdi.
İncəsənət institutunun (hazırda Mədəniyyət
və İncəsənət universiteti) professoru
Hüseynağa Hüseynov Almaniyaya ezam edilmiş Berlindəki
həmvətənlərimizə milli və dünya
xalqlarının rəqslərindən məşğələlər
keçmiş, Ü.Hacıbəylinin «O olmasın, bu olsun»
operettasından bir hissəni həmvətənlərimizin
iştirakı ilə tamaşaya qoymuşdu.
Həmvətənlərdən sənət
adamlarını da ölkəmizə dəvəti ictimaiyyət
tərəfindən maraqla qarşılanmışdı.
Almaniyada səfərdə olan cəmiyyətin sədri
Elçinin ölkəmizlə bağlı o ölkədə
çap olunan qəzet, jurnal səhifələrindəki
materialları ilə yanaşı müğənni Yaqub
Zurufçunun videokasetini də gətirmişdi. Müğənnini
ilk dəfə tamaşaçılar Az.TV-də yayımlanan
«Vətən» verilişində görüb tanıdılar.
Qarmonçalan Rəhman Əsədullahi də «Vətən» cəmiyyətinin
xəttilə ölkəmizdə oldu. Hər iki sənətkar
ayrı-ayrılıqda bölgələrimizdə oldular,
düşmənlə üz-üzə duran əsgərlərimiz
qarşısında çıxışlar etdilər.
Təəssüflər olsun ki,
qonşu dövlətin notasından sonra televiziyadakı «Vətən»
verilişi bağlandı.
Az zaman çərçivəsində
«Vətən» Cəmiyyəti çox işlər
gördü. Xarici ölkələrdə 200-ə qədər
Azərbaycan mərkəzlərinin qurulması, sonradan bəzilərinin
birliklər ətrafında birləşmələri, o
cümlədən İsveçdə Malmö, Göteborq,
Linköpinq, Lyustal, Stokholm şəhərlərindəki dərnəklər
birləşərək Azərbaycan Türk Dərnəkləri
Birliyi – ATDB-ni yaratdılar.
Qeyd etmək yerinə düzər
ki, 2000-ci il fevral ayının 20-24 tarixlərində
Belçikada yaşayan soydaşımız Bülənt
Gürcam və onun rəhbərlik etdiyi Zafər Aydas, Vakkur
Kaya, Məmməd Yıldız, İbrahim Alagöz və
Volkan Ağırkayadan ibarət nümayəndə heyəti
ölkəmizə 10 t 400 kq humanitar yardım gətirdilər.
«Vətən» Cəmiyyətindəki görüşdən
sonra hava limanındakı yük birbaşa rayonlara
daşınaraq, bilavasitə onların iştirakıyla
qaçqın və köçkünlərə paylandı.
Humanitar yardımın
paylanmasında Qaçqınlar Komitəsinin sədr
müavini Sahib Rəhimov da yaxından iştirak etdi. Sonradan
Bülənd Gürcamın rəhbərlik etdiyi nümayəndə
heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər,
İncəsənət muzeyində oldular, Gömrük komitəsində
görüşdə və televiziya kanallarında
çıxışları oldu.
2001-ci il iyun ayının 6-da
Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Kanci
İşimoto və rəhbərlik etdiyi 25 nəfərlik qrup
«Vətən» Cəmiyyətinin təşkilatçılığı
və köməyi sayəsində ölkəmizdə Yaponiya
mədəniyyəti və mətbəxi günləri
keçirdilər.
Sonralar Türk-Amerika
Assosiasiyaları Assambleyasının nümayəndə heyəti
Azərbaycana səfər etdi. «Vətən» Cəmiyyətinin
proqramı əsasında onlar Hava limanında
qarşılandı.
Türk Amerika Assosiasiyaları
Assambleyasının Prezidenti, doktor Tamer Açkalin və onun
rəhbərlik etdiyi nümayəndə heyəti Xarici işlər
nazirliyində, Baş nazir Artur Rasi-zadənin, Milli Məclisin
spikeri Murtuz Ələsgərovla görüşlərdə
oldular.
Sonra onları ölkə
başçısı Heydər Əliyev qəbul etdi.
Nümayəndə heyəti
Hacıqabul rayonunda məskunlaşmış qaçqın və
köçkünlərin düşərgəsində
oldular. Şəhidlər Xiyabanını ziyarətdən
sonra Xarici İşlər Nazirliyində Kütləvi
İnformasiya Vasitələrinin onlarla görüşü
keçirildi. Baş nazirin müavini «Vətən» Cəmiyyəti
rəyasət heyətinin sədri Elçinlə
görüş qonaqlarda nikbin əhval-ruhiyyə yaratdı.
«Vətən» Cəmiyyətinə
təkcə xarici ölkələrdən deyil, eyni zamanda
ölkə daxilindən də saysız məktublar gəlirdi.
Bu məktubların heç biri cavabsız qalmırdı.
Müraciətlərdəki problemlərin həlli cəmiyyətin
sədri Elçinin nəzarətində idi. Cəmiyyətin
məsulları görülən işlərə görə
şəxsən ona məlumat verirdilər. Məktubla «Vətən»
Cəmiyyətinə müraciət edən bir ananın
körpəsini cəmiyyət öz hesabına İngiltərəyə
– Londona göndərdi. Körpə qız ürək əməliyyatından
sonra vətənə sağlam döndü.
«Vətən» cəmiyyəti 20
yanvar, Dağlıq Qarabağ və onun ətrafında
yaralanan mülki və hərbçilərdən bir neçə
nəfəri Türkiyədə müalicə
alınmasına müvəffəq oldu.
Əsirlikdə olan uşaqlar və
onların xilası üçün «Vətən» Cəmiyyəti
İsveçdən gələn «Həyatın sözü»
qrupunun vasitəsilə 94 uşağın adı keçən
siyahını o ölkədəki Uşaq Komitəsinin rəhbərinə
göndərərək bu müqəddəs işdə
köməklərini xahiş etdi.
Xaricdə yaşayan Həmvətənlərlə
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti –
«Vətən» Cəmiyyətinin gördüyü
çeşidli işlərin tam mündəricatı hələ
ki, yazılmayıb.
Hazırda Millət vəkili olan
Aqil Abbas bir vaxtlar yazırdı: «Vətən» Cəmiyyəti
bu gün lazımdır. Özü də çox
lazımdır. Yeni yaranan lobbiləri bir-birilə əlaqələndirmək
üçün. Yenilərinin yaranması, köhnələrinin
inkişafı üçün. Erməni diasporunun, erməni
lobbisinin qabağına qoz çıxarmaq üçün
lazımdır «Vətən» Cəmiyyəti. Xaricdə
yaşayan bütün azərbaycanlıları birləşdirmək
üçün lazımdır «Vətən» cəmiyyəti…»
P.S. Ölkəmizin müstəqilliyinin
20 illiyi münasibəti ilə medallar təsis olundu. «Vətən»
Cəmiyyətinin bir əməkdaşı da yada düşmədi.
Yaxşı olardı ki, o medalların siyahısını
hazırlayanlar 1988-ci ilin yanvar ayından və sonrakı illərdə
çap olunan «Vətən» Cəmiyyətinin orqanı olan
«Odlar Yurdu» qəzetini tapıb oxusunlar. Maariflənmək
heç vaxt gec deyil…
«Vətən» cəmiyyətinin
yaranma tarixi 1987-ci il, dekabrın 28-dir.
Ölkəmizin
düşdüyü olduqca ağır vəziyyəti barədə
«Vətən» Cəmiyyəti Rəyasət Heyətinin Həmvətənlərə
elə o illərdəki müraciətini hörmətli
oxucular üçün yazının sonuna saxladım. Mənə
belə gəlir ki, «Vətən» Cəmiyyətinin bu
Müraciəti bu gün üçün də aktualdır…
«İstəkli
soydaşlarımız, əziz həmvətənlər!
Keçmiş imperiya daxilindəki
və kənardakı irticaçı qüvvələr tərəfindən
qızışdırılan, silahlandırılan və
müdafiə olunan Ermənistan hökuməti və onun
Dağlıq Qarabağda yuva salmış quldur dəstələri
heç bir insanlıq ölçüsünə
sığmayan təcavüzlərini bu gün də doğma
yurdumuza qarşı durmadan yeridirlər.
Bu gün Azərbaycan xalqı yeni
tarixinin çox gərgin, bəlkə də sınaq mərhələsini
yaşayır. Bir tərəfdən ölkəmizdə yeniləşmə
prosesi gedir, demokratiya ənənələri bərqərar
olur, xalqımızın öz maddi sərvətlərinə
tam sahib olması və həmin sərvətlərdən
hamının rifahı naminə istifadə etməsi
üçün gərgin iş aparılır, digər tərəfdən
isə bütün vətəndaşlarımız təcavüzə
məruz qalaraq Azərbaycan respublikasının ərazi
bütövlüyünü bərpa etmək məcburiyyətində
qalmışdır.
Dünyanın bir çox ölkələrinə
taleyin hökmü ilə səpələnmiş
soydaşlarımız da belə gərgin şəraitdə
xalqımızın bu günü və gələcəyi
naminə əllərindən gələni əsirgəməməlidirlər.
Çox qədim tarixə, böyük bəşəri əhəmiyyətli
mənəvi sərvətə, dövlətçilik ənənələrinə
malik olan dünya mədəniyyətini və elminin Nizami, Nəsimi,
Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Füzuli, Fətəli
xan kimi dahi simalarla zənginləşdirmiş Azərbaycan
xalqı haqqında uzun illərdən bəri qərəzkar
erməni millətçiləri və havadarlarının bəd
əməlləri dünya ictimaiyyətində yalnız
Dağlıq Qarabağ hadisələri ilə əlaqədar
yox, ümumiyyətlə xalqımızın tarixi, mədəniyyəti,
coğrafi ərazisi, milli mənliyi ilə bağlı təhrif
olunmuş, hətta eybəcərləşdirilmiş təsəvvür
yaradılır.
Əziz həmvətənlərimiz!
Hər hansı bir məmləkətin
tam müstəqilliyi, həqiqi azadlığa və
demokratiyaya qovuşması, bir sözlə, üstündə
yaşadığı torpağın ixtiyarlı sahibi
olması böyük olduğu qədər də mürəkkəb
məsələdir. Xüsusilə uzun illər boyunca hökm
sürən, bu və ya digər xalqın mənəvi
özülünü, özgünlüyünü
darmadağın etməyə yönəldilmiş siyasət
yeridən imperiyanın qaynaqlarından qoparaq böyük
azadlıq yoluna çıxmaq millətin dönməz
oğullarından ardıcıl mübarizə, əzablı
sınaqlara dözmək mərdanəliyi tələb edir. Bu
gün Azərbaycan xalqı məhz azadlığın çətin
yolunu seçmiş, gələcək nəsillərə azad
bir məmləkət qoyub getmək qərarını
vermişdir.
İstəkli
soydaşlarımız! Xalqımızın özünüdərk,
özünütəsdiq yolunda qazandığı bu qələbənin
sevincini sizinlə bölüşərkən üzərimizə
düşən məsuliyyət yükünün
ağırlığını da hiss edirik. Atalarımız
demişkən, halva-halva deməklə ağız şirin
olmur. Xalqın böyük azadlıq tam müstəqillik
arzusu onun sıx birliyi ilə addım-addım
reallaşmalı, iş və əməllə təsdiq
olunmalıdır. İnanırıq ki, müstəqil Azərbaycanın
irili-xırdalı bütün problemlərinin aradan
qaldırılması yolunda əlinizdən gələni əsirgəməyəcək,
azad respublikamızın pərvəriş tapması yolunda var
qüvvənizi bu müqəddəs işə, amala sərf
edəcəksiniz.
Əkrəm Qaflanoğlu
Ədəbiyyat
qəzeti.- 2018.- 10 fevral.- S.22.