Xatirələrdə, ürəklərdə yaşayan
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
ilə şəxsən tanış deyildim. Amma elə tələbəlik
illərindən başlayaraq bütün şeir
kitablarını əldə eləmiş və bir oxucu kimi
onun çoxsaylı pərəstişkarlarından birinə
çevrilmişdim. Yetmişinci ildə Filarmoniyanın yay
klubunda Əliağa Kürçaylının "Poeziya gecəsi"ndə
onun öz dilindən şeirlərini eşitdim. Musiqili Komediya Teatrında onun "Ləpələr",
"Nənəmin şahlıq quşu", "Boşanaq,
evlənərik" pyeslərinin tamaşaçısı
oldum.Sonralar, ədəbi aləmə qovuşduğum illərdə
mən onu Yazıçılar Birliyində, ədəbi məclislərdə,
şeir gecələrində, hətta küçədə,
yolda dəfələrlə gördüm. Amma
yaxınlaşmağa, onunla tanış
olmağa cəsarət eləmədim. 1979-cu
ilin dekabrında-"Azərbaycan" jurnalında təzəcə
işə götürülmüşdüm -
Kürçaylı bu jurnalın redaksiya heyətinin
üzvü idi. Bir gün
Ə.Kürçaylı redaksiyaya gəldi. Eşitmişdim ki, xəstədir, Moskvadan-müalicədən
təzəcə qayıtmışdı. O, içəri girdi,
hamımızla salamlaşdı, sonra baş redaktorun
otağına keçdi. Bu mənim
Ə.Kürçaylı ilə sonuncu
"görüşüm" oldu. Fevral
ayında o, dünyasını dəyişdi. İndi təəssüf edirəm,
yanıb-yaxılıram, mən Ə.Kürçaylı ilə
görüşə bilərdim. Məni
düşündürən, sırf onun
yaradıcılığı ilə bağlı suallar verərdim
ona.
Otuz səkkiz il
keçir onun vaxtsız vəfatından. Əlli iki il
yaşadı, ömrünün son illərində sağalmaz
bir xəstəliyə tutuldu, üz-gözündən
sağlamlıq yağan, yanaqlarının
qırmızılığı əksilməyən bir
insanın ölümünə indi də inanmıram.
Əliağa
Kürçaylı necə şair idi, bir şəxsiyyət
kimi onu başqalarından fərqləndirən hansı
özünəməxsus xasiyyətləri vardı? Mən Ə.Kürçaylı
haqqında həm onun sağlığında, həm də vəfatından
sonra qələmə alınan bütün yazılarla tanış oldum. Və gözlərim
qarşısında şair-şəxsiyyət Əliağa
Kürçaylı obrazı canlandı.
Əliağa
Kürçaylı müharibədən sonra ədəbiyyata
gələn nəslin sırasında idi. O nəsil böyük Səməd
Vurğunun qayğısını, mənəvi dəstəyini
hiss edirdi. 1976-cı il, "Azərbaycan" jurnalının
2-ci nömrəsində Ə.Kürçaylının "Səməd
Vurğun taleyimizdə" xatirə yazısında Səməd
Vurğunun onun həyatında, şairlik taleyində necə
önəmli rol oynadığından söz açır.
1946-cı il.
Salyan dram teatrında mühasib işləyən, amma ürəyi,
hissi, duyğusu şeirlə dolu Əliağa
Kürçaylının - on səkkiz yaşlı bir
cavanın "Azərbaycan gəncləri" qəzetində
"Sənin gözlərin" adlı ilk şeiri çap
olunur. Həmin gün özünü
dünyanın ən xoşbəxt bir adamı sayan
Əliağanın gələcək uğurlarının
başlanğıcı qoyulur.
1947-ci ilin iyun ayı. Salyan rayon
partiya komitəsinin birinci katibinin qəbulu. Katib ona bir məktub
oxuyur. "Rayon
partiya komitəsinin birinci katibi Məmməd Bağırov
yoldaşa. Gənc şair
Əliağa Kürçaylını bir həftəlik
çörək kartoçkası ilə təmin edib, 1947-ci
il iyun ayının 16-da
Yazıçılar İttifaqında keçiriləcək Gənc
yazıçıların birinci respublika müşavirəsinə
göndərməyinizi xahiş edirik. Azərbaycan
Sovet Yazıçıları İttifaqının sədri Səməd
Vurğun".
Bu da Bakı. Yazıçılar
İttifaqı. Cavan yazarlar bir-bir
kürsüyə qalxır, ya ilk qələm təcrübələrini
- şeirlərini, kiçik hekayələrini oxuyur, ya da Səməd
Vurğunun suallarına cavab verirdilər. Səməd
Vurğun şeir oxumaq üçün ona söz verir.
"Ayağım ayağıma dolaşa-dolaşa xitabət kürsusünə
tərəf gedirəm. Öz adını Səməd
Vurğunun dilindən eşitmək adi bir kəndli balasına
necə təsir edə bilər? Sifətim
alışıb-yanır. Ürəyimin
qanı gicgahlarıma vurur. Xitabət
kürsüsündəyəm. İndi Səməd
Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd
Vurğuna baxıram.
- Danışım, ya şeir oxuyum?
- Şeir oxu, natiqimiz onsuz da az deyil.
"İlk bahar çiçəyi"
adlı şeirimi oxuyuram:
Yadımdadır, güllələr
şığıyıb keçən zaman
Səni qanlı otların
üzərindən dərdiyim.
O incə tellərini mərmilər
biçən zaman
Xatirə dəftərimin
arasına sərdiyim.
Qayıtmışam cəbhədən,
indi yenə bahardır,
Bitmisən çəməndə
sən, ləçəklərin qan kimi.
Üzündə nə həyəcan,
nə qorxu izi vardır,
Mən qorudum güllədən
səni qəhrəman kimi.
Şeiri oxuyub gah salona, gah da
Səməd Vurğuna baxıram.
-Birini də oxu.
Bu, onun səsidir.
Bu dəfə adını elan etmədən
"Qurtardı" şeirini oxuyuram:
Hərbin alovu söndü,
Gedənlər geri
döndü.
Çölüm əkilməməkdən,
Qəlbim dardan qurtardı
İntizardan qurtardı.
Şeiri oxuyub qurtaran kimi,
birbaşa danışığa keçirəm. Səməd
Vurğun qəflətən sözümü kəsir.
- A bala, harda oxuyursan?
- Oxumuram.
- Harda işləyirsən?
- Dəmir yolunda.
- Nə işində?
- Hesabdar.
Salondakılar
gülüşür. Mən tez əlavə edirəm:
- Hesabdar idim. İndi fəhlə
işləyirəm.
- Gəl səni düzəldim
universitetə.
- Götürməzlər.
- Niyə?
- Kamal attestatım yoxdur. Mən 9-cu sinfi bitirmişəm.
Rəyasət heyətində
oturanlardan kimsə əyilib onun qulağına nəsə
deyir. Görünür, Səməd Vurğuna kamal attestatı
olmadan universitetə qəbul edilməyin qeyri-mümkün
olduğunu söyləyir.
- Uşaq oxumalıdır.
Sonra mənə
baxır".
Məhz Səməd
Vurğunun dəstəyi və köməyi ilə
Əliağa Kürçaylı Salyandan Bakıya
köçür, fəhlə-gənclər məktəbinin
son sinfini bitirir, ADU-nün filologiya fakültəsinə daxil
olur. Yenə S.Vurğunun dəstəyilə
Moskvaya-Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna
göndərilir, amma səhhəti ona imkan vermədiyi
üçün Bakıya qayıdır, ADU-da təhsilini
davam etdirir. Səməd Vurğunun
qayğısını o, sonralar da hiss edir. Xalq yazıçısı
Hüseyn Abbaszadə yazır ki: "1954-cü ildə o,
"Muğan axşamları" adlı poema
yazmışdı. Əliağa poemanı rusca
çap olunmaq üçün "Literaturnı Azərbaycan"
jurnalına təqdim eləmişdi. Jurnalın
baş redaktoru İmran Qasımov əsərə rəyini
bildirmək üçün Səməd Vurğuna
vermişdi. Bir
gün Əliağanın sevincinin həddi-hüdudu yox idi.
İmran Qasımov onu çağırıb
demişdi ki, Səməd Vurğun poemanı bəyənib,
çox müsbət rəy yazıb".
Əksər cavan şairlər o illərdəı Səməd
Vurğun yolunu tutur, onun kimi yazmağa can atırdılar. Hətta təqlid
edirdilər onu, amma illər keçdikcə hərə öz
yolunu tapır, öz fərdi üslubunu yaradır. Əllinci illər bu mənada Əliağa
Kürçaylının özünü təsdiq etmək,
axtarış illəri olur. "Kommunist", "Ədəbiyyat
və incəsənət", "Azərbaycan gəncləri"
qəzetlərində, "Azərbaycan" və
"Literaturnı Azerbaycan" jurnallarında ədəbi işçi,
şöbə müdiri, məsul katib kimi
çalışdığı , Azərnəşrdə və
"Yazıçı" nəşriyyatında işlədiyi
60-70-ci illərdə ədəbi həyatın ən fəal
üzvlərindən biri də Əliağa
Kürçaylı idi. Sağlığında
14 şeirlər, 4 tərcümə kitabları çapdan
çıxan, pyesləri teatrlarda tamaşaya qoyulan
Ə.Kürçaylı artıq yetkin bir şair və tərcüməçi
kimi tanınırdı. Onun
yaradıcılığı tənqidçilərin və qələm
dostlarının diqqətindən kənarda qalmır.
Ə.Kürçaylı etiraf edirdi ki, onun bir şair kimi
formalaşmağında Səməd Vurğunla yanaşı
, Süleyman Rüstəmin də böyük rolu olub. Süleyman Rüstəm Ə.Kürçaylının
"Kənd işıqları" poemasını bəyənmiş
və ona demişdi ki, sən gün-gündən inkişaf
edirsən. Görkəmli tənqidçi Əkbər
Ağayev 1970-ci ildə Ə.Kürçaylının "Seçilmiş əsərləri"
kitabı haqqında çox dəyərli bir məqalə
yazmışdı ("Yetkinlikdən kamilliyə"). Bu məqalə ədəbi tənqidin Əliağa
Kürçaylını etiraf etməsinin bariz nümunəsi
demək idi. "Seçilmiş əsərləri"n
müəllifi Ə.Kürçaylının bir şair kimi
inkişafı təbii yolla gedir, istedadı orijinaldır,
kitabdan-kitaba daha da parlayır və öz yeni xüsusiyyətlərini
büruzə verir".Anadan olmasının 50 illiyi münasibətilə
ən yaxın dostlarından biri - Qabil yazmışdı ki:
"Siz hansı mövzuda şeir
yazırsınızsa-yazın, oxucuları
düşündürən mətləblərə toxunur, həmin
mətləbləri öz üslubunuza məxsus ustalıqla
poeziya dilinə çevirirsiniz". Xalq
yazıçısı İlyas Əfəndiyev
Ə.Kürçaylının "Daşlar" silsiləli
şeirlərini
"müasir fikrin, müasir hisslərin qüvvətli
təlatümündən doğan həqiqi poeziya"
nümünələri kimi dəyərləndirirdi:
"Dostum Əliağa! Sənin bu il "Ədəbiyyat və
incəsənət" qəzetində çıxmış
"Daşlar" silsiləsi ona görə mənə
çox təsir elədi ki, "daşların lal
baxışında" mən əsl
insanın, həyatı çıraq kimi xalq
üçün yanan insanın
kədərini duydum. Daşa dönmüş fədakarlığını
duydum. Elmi-texniki inqilab əsri bizim müasirimizin
poeziyaya, sənətə olan tələbini, onun bədii-estetik
zövqünü
çox dəyişmişdir və mən çox
şadam ki, sən istedadlı bir şair kimi bunu hiss edirsən.
Bu hiss sənin poeziyanın ən yaxşı nümunələrinə
yeni, məhz bizim əsrimizə məxsus təzə bir ahəng,
təzə bir ruh verməkdədir".
Ə.Kürçaylının
yaradıcılığı haqqında yazıların
sayı çoxdu. Təkcə sağlığında deyil,
ölümündən sonra da o, unudulmadı. Bəkir Nəbiyev,
Nəbi Xəzri, Elçin, Xəlil Rza Uluturk, Mahmud Mahmudov,
Sevda Əliyeva Kürçaylı poeziyasından söz
açdılar, vaxtsız vəfatına təəssüfləndilər.
Bəs insan kimi necə
xatırlanır? Muğan elinin mənəvi ağsaqqalı (ruhu şad
olsun) İmamverdi Əbilov (o, canlı ensiklopediya idi) Əliağa
Kürçaylı haqqında gözəl bir xatirə
yazıb. Onu təkcə şair kimi deyil, həm
də həssas qəlbli bir insan kimi xatırlayır İmamverdi
müəllim.
"Bu, həmin Əliağa idi ki,
1945-ci ildə Salyan stansiyasında onunla
qarşılaşanda uşaq
kimi ağlayan görmüşdüm. Qucaqlaşdıq,
göz yaşının səbəbini soruşdum.
Stansiya binasının tininə
söykənib hönkürən on-on iki yaşlı oğlanı göstərdi, sonra
titrək səslə nağıl elədi ki, həmin
uşağın atası müharibədən
qayıtmayıb, xəstə anasını, nənəsini və
özündən kiçik
bacısını dolandırmaq üçün gecələr
yatmır, səhəri Aqquşa çayının
üstündə açır ki, üç-dörd
balıq tutub satsın, evdəkilərə
ruzi pulu qazansın. Bu gün, hansı namərdsə onun
balığını oğurlayıb, uşağı belə
ağlar qoyub... Kaş əlimə düşəydi
o dəyyus".
Əliağa
Kürçaylının çox kövrək, sevincə də,
qəmə də şərik bir insan olduğunu, kimsəsizlərə
hayan durduğunu İmamverdi müəllim dönə-dönə
xatırlayır. Onun uşaqlığı və ilk gənclik illəri
maddi ehtiyac içində keçib:
Yetimlik çəkmişəm...
Bəlkə yetimlik
Belə sərt yoğurub təbiətimi?
Yediyim dərd olub, bir də ki yemlik,
Fəqət qorumuşam
heysiyyətimi.
Yerimdən durmuşam dan qızaranda,
Bəzən naharımı əvəz
edib şam.
Özgə uşaqları konfet
soranda
Mən konfet yerinə barmaq
sormuşam.
İmamverdi müəllim
Ə.Kürçaylı - ən yaxın dostu ilə son
görüşünü belə xatırlayır: "1980, 8
fevral. Yanına kimsəni buraxmırdılar.
Qapının zəng düyməsi
kağızla örtülmüşdü. Şəhla xanım və Ülfət məni
içəri dəvət etdilər. Aman
Allah. Bu Əliağa idimi? Bircə yuxarı dartılmış qaşlarının qapqara rəngi
dəyişməmişdi. Sifətində həyat əlaməti yox idi.
Əllər, qollar, qupquru... Nədənsə mənə elə
gəldi ki, heç nə üçün, heç kim
qarşısında, heç vaxt əyilməyən məğrur Əliağa məhz indi - ölümlə əlbəyaxa
olduğu məqamda ölümə meydan oxuya-oxuya yaşamaq
üçün insanlardan imdad istəyir. Birdən,
yaddaşında itirdiyini tapmış bihal adamlar kimi sifətində
güclə sezilən ani bir tərpəniş hiss etdim. Qupquru dodaqlar zorla bir-birinə yaxınlaşdı, elə
bil qeybdən gələn
qırıq-qırıq kəlmələr eşidildi:
"Ge-di-rəm, el-oğ-lu. Məndən sə-nə əmanət.."
Sözünün ardını deyə bilmədi, buna taqəti
çatmadı, zorla açılan gözlər
yavaş-yavaş qapandı..."
Xatirələr çoxdu. Hamısında
Kürçaylıya böyük məhəbbət hissi
yaşayır. Xalq şairi Xəlil Rza Uluturk yazır ki,
böyük rəssam Mikayıl Abdullayev Nəsiminin portretini
yaradarkən ondan altı yüz il sonra ömür sürmüş
Əliağa Kürçaylının üz cizgilərindlən,
qaşlarından istifadə etmişdir. Xalq şairi Nəbi Xəzri yazırdı
ki, biz Əliağa ilə birlikdə Yazıçılar
İttifaqının Rəyasət heyətinə ərizə
yazdıq ki, Sergey Yeseninin kitabını nəşriyyat
planına salmaqda bizə kömək etsinlər. Rəyasət
heyətinin iclasında hörmətli yazıçılardan
kimsə təklif edir ki, Nəbi Xəzri də, Əliağa
Kürçaylı da İttifaqdan çıxarılsın,
ona görə ki, S.Yesenin öz şeirlərində əxlaqsızlığı
vəsf edlib, əxlaqsız şairi tərcümə edənlər
də elə əxlaqsızdırlar. Yaxşı ki, İlyas Əfəndiyev o
yazıçının cavabını verib.
Yeri gəlmişkən,
burada qeyd etməyi lazım bilirəm ki, Əliağa
Kürçaylı nadir istedada malik tərcüməçi
idi. Onlarla rus və dünya ədəbiyyatından
gözəl poetik tərcümələrin müəllifiydi.
Elə ikicə nümunə göstərmək
kifayətdir. Dahi italyan şairi Dantenin "İlahi
komediya"sını, rus şairi S.Yeseninin şeirlərini,
poemalarını dilimizdə
sanki azərbaycanca
yazıblarmış kimi səsləndirib və bu tərcümələrin
elə bilirəm, alternativi -əvəzi yoxdur.
Bu yazıda xatirələr
işığında Əliağa Kürçaylını yad etdim... Onun bir şair və
tərcüməçi kimi bənzərsizliyindən, nəğmələrindən, bir
publisist kimi fəaliyyətindən söz açmadım. Onsuz da onu sevənlər çoxdur, şeirləri
indi də oxunur. Kürçaylı
poeziyasını təbliğ eləməyə ehtiyac
duymadım. Amma son olaraq bu yazını onun çox
sevdiyim bir şeiri ilə bitirmək istəyirəm:
Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu,
Bir söyüd
yarpağı ver.
Canımdan əziz olan,
Üstündə çiçək
solan
Şor Muğan
torpağı ver.
Mən onda hara düşsəm,
Hansı diyara düşsəm,
Deyərəm vətəndəyəm.
Sən ey Milim, Muğanım,
Doğma Azərbaycanım,
Deyərəm ki, səndəyəm!
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.- S.24-25.