Mənim müəllimim
Yazıçılar Biriyinin Natəvan
klubunda Bəxtiyar müəllimin - Hacı Bəxtiyar Məmmədzadənin
xatirəsinə həsr edilmiş yığıncaq əlamətdar
bir hadisə idi: bu tədbirin miqyası, sadəcə, sevilən
bir insanı anmaqla, həyatda olmayan bir dostun xatirəsini yad
etməklə məhdudlaşmırdı. Bu həm də ədəbiyyat
elminin və fənninin, bu fənnin tədrisinin keçib gəldiyi yola baxmaq
fürsəti idi.
Bəxtiyar müəllimin portretini
canlandırmaq xeyli çətindir: hər halda, mən belə
bir çətinliyi hiss edirəm - mənim üçün
onun xarakterinin həm bir insan, həm də alim və müəllim
kimi görünməyən tərəfləri göz
önündə olan cəhətlərindən daha tutumlu və
daha dərindir. Bəxtiyar Məmmədzadə
daşıdığı elmi dərəcədən və
elmi addan, müəllimlik vəzifəsindən (filologiya elmləri
namizədi, dosent idi) qat-qat böyük İnsan idi və bu
gün də onu tanıyanlar üçün bir İnsan kimi örnəkdir...
Bəxtiyar müəllimə,
onun şəxsiyyətinə bələdliyim özü ilə
əyani tanışlığımı bir qədər
qabaqlamışdı. Mən universitetin filologiya fakültəsinə
1975-ci ildə qəbul olunmuşdum. O vaxt Azərbaycan
Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti)
özünün yetərincə maraqlı bir
dövrünü yaşayırdı: filologiya və
jurnalistika fakültələrində, əsasən, idealist tələbələr
təhsil alırdılar, xüsusilə də bu fakültələrə
daxil olan oğlanların çoxu ədəbiyyatın
"fanatı" olurdular, tələbəliyin
başlanğıcından onların ədəbiyyat və ədəbiyyatçılar,
eləcə də universitetdə ədəbiyyatdan dərs deyən
müəllimlər haqqında müəyyən meyarları
formalaşırdı.
Bizim tələbəlik
dövrümüzdə yoldaşlarımızın bir hissəsi,
konkret desək, 75 tələbədən 25-i universitetə
hazırlıq kursundan gəlirdi, onlar
çalışdıqları istehsalat müəssisəsinin
göndərişi ilə bir dərs ili ərzində
universitetin hazırlıq kursunda təhsil alır, ilin sonunda
isə buraxılış imtahanlarının nəticələrinə
əsasən, qəbul imtahanları vermədən universitetə
daxil olurdular. Ali təhsil almağa fanatikcəsinə
həvəsi və marağı olan bu "stajlı"
insanlar müxtəlif yaşları təmsil edirdilər.
Həmin təcrübəli tələbə
yoldaşlarımız
hazırlıqdan birinci kursa həm də müəyyən
"folklor" ehtiyatı ilə gəlirdilər: müəllimlər
haqqında öz "anekdotlarını" və "miflərini"
düzüb-qoşur, şifahi "xasiyyətnamələr"
yaradır, bu "yaradıcılıq" məhsullarını
bizə - təcrübəsiz tələbələrə də
ötürürdülər. Tələbə
yoldaşlarımızın hazırlıq şöbəsindən
əsatirə çevirdikləri, mütaliəsi, biliyi və
ədəbiyyata münasibəti barədə heyranlıqla
danışdıqları nadir insanlardan biri də Bəxtiyar
müəllim idi. Maraqlıdır ki, hazırlıqdan gələn
tələbələrin hamısı universitet təhsilini
başa vurana qədər Bəxtiyar müəllimlə
yaxın dost kimi görüşüb hal-əhval tutur, ona doğma
insan münasibəti bəsləyirdilər. Təhsil və tərbiyə
məsələlərində güzəştsiz olan Bəxtiyar
müəllim də həmin tələbələrdən
doğmalıq münasibətlərini heç əsirgəmirdi...
Bəxtiyar müəllimlə ilk əyani
tanışlığımın, aramızdakı birbaşa
müəllim-tələbə münasibətlərinin tarixi
isə 1976-cı ildən başlayır: həmin vaxt bizim
qrupda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi fənninin
seminarlarını Bəxtiyar müəllim aparırdı. Onunla canlı və qaynar seminar müzakirələrimiz
bəzən rəsmi proqram çərçivələrini
"sındırır", ədəbiyyat nəzəriyyəsinin
və o dövrün ədəbi prosesinin ən aktual və dəbdə
olan məsələlərinin üzərinə gəlirdi.
Bəxtiyar müəllimin böyüklüyü onda idi ki, ədəbiyyatşünaslığımızın
əsl problemlərinin nə olduğunu dərindən bilir və həmin
problemləri biz tələbələrə də hiss
etdirirdi. Öz dərslərini sadəcə bir tamaşa kimi
qurmur, tələbələrini dərs-tamaşanın
personajlarına çevirməyi bacarırdı...
Mən bu təfərrüatları
xatırlayarkən diqqətə onu çatdırmağa
çalışıram ki, hələ universitetdə müəllimliyə
təzə başlayan, ciddi elmi tədqiqatlar aparan (o vaxt Nəcəf
bəy Vəzirov dramaturgiyasının poetikasını tədqiq
edirdi) Bəxtiyar Məmmədzadə tələbələr
arasında yeni ab-hava yaratmağa müvəffəq olan şəxsiyyətlərdən
idi. O, tələbənin
düşüncəsində suallar oyatmağa
üstünlük verir, oxuduqlarını qiymətləndirə,
təhlil edə bilməsi üçün tələbədə
düşüncə formalaşdırmağa nail olurdu. Bu isə tələbəni daha şüurlu
oxumağa, axtarmağa, yenilikləri izləməyə təşviq
edirdi. Bəxtiyar müəllimin apardığı seminar
dərslərində özümüzün belə fərqinə
tam vara bilmədiyimiz mübahisələrimiz sonradan elmi
axtarış aparmaq üçün bir başlanğıca
çevrilirdi...
O vaxt bizə XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi fənnindən mühazirələri Raifə xanım Həsənova
oxuyurdu. Tələbkarlığı bəzən ifrat həddə
çatan Raifə xanımın müəllim kimi maraqlı cəhətlərindən
biri də proqramın əhatə etdiyi bütün
yazıçıların əldə olan əsərlərinin
hamısını tələbələrə zor-xoş
oxutması, tələbəni mətnlə tanış
olmağa məcbur etməsi idi. Biz onun tələbkarlığı
sayəsində ədəbiyyatın faktları ilə kifayət
qədər tanış olurduq. Bəxtiyar müəllimin seminarlarında isə XIX əsr
ədəbiyyatından mütaliə etdiyimiz əsərlərin
elmi şərhi zamanı bir çox hallarda biliklərimizdəki
çatışmazlıq, "yeni havaya ehtiyac olduğu"
üzə çıxırdı. Oxuduqlarımızın
proqram və dərslik çərçivələrinə
"sığmadığını", bir çox
mövzulara yeni baxış və münasibətlə
yanaşmağın zəruri olduğunu görürdük.
Daha doğrusu, bunu bizə Bəxtiyar müəllim
böyük bir pedaqoji ustalıqla hiss etdirirdi...
Mərhum Yaşar Qarayevin Azərbaycan
ədəbiyyatında maarifçi realizmin estetikası barədə
tədqiqatları məhz həmin illərdə elmi ictimaiyyət
arasında müzakirə mövzusuna çevrilməkdə
idi. Lakin ədəbiyyatşünaslığımızda
ciddi çevriliş yaradan həmin ideyaların universitet
auditoriyalarına nüfuz etməsi sərt müqavimətlə
qarşılaşırdı. Ədəbiyyatşünaslıqdan
mühazirələr oxuyan professorlardan biri buna "zərərli"
bir iş yanaşırdı. Bu ondan irəli gəlirdi ki, ədəbiyyatşünaslığımızda
realizm haqqında müəyyən bir ehkam mövcud idi və
o vaxt o ehkamı yerindən tərpətməyə, ona
toxunmağa az qala "təhlükəli"
bir təmayül kimi baxanlar var idi.
Digər tərəfdənsə,
universitetdə "maarifpərvər realizm" XX əsrin əvvəllərinə
aid hadisə hesab edilirdi. Nəzəri təsnifatlarda
"XIX əsr Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində
V.İ.Leninin rus inqilabi hərəkatına verdiyi qiymət"
əsas götürülür, XIX əsrə isə mücərrəd
şəkildə "realizm ədəbi məktəbinin
yaranması" dövrü kimi yanaşılırdı. (Dırnaq arasında kursivlə verilən sitatlar
universitet tələbələri üçün
hazırlanmış və 1978-ci ildə nəşr
olunmuş "Azərbaycan ədəbiyyatı tarixi
proqramı"ndan götürülüb). Qədim və
Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixinin tədrisi
isə ayrı-ayrı şəxsiyyətlərin arasıkəsilməz
tarixi proseslərdən təcrid olunaraq öyrədilməsinə
əsaslanırdı. Tədris zamanı ən yaxşı
halda Nizaminin "Leyli və Məcnun"u ilə Füzulinin
"Leyli və Məcnun"u arasında müqayisə aparmaq
təklif edilir, yaxud Nizamidən sonrakı dövrün ədəbiyyatı
az qala "Nizami məktəbi" kimi təqdim olunurdu. Belə
bir mühitdə Bəxtiyar müəllim ikinci kursda təhsil
alan tələbələrin təsəvvüründə
ədəbiyyat tarixinin təkamülü haqqında obyektiv qənaət
yarada biləcək nəzəri toxumlar səpməyə
müvvəffəq olurdu. Onu da qeyd etmək yerinə
düşər ki, Bəxtiyar müəllimin təşəbbüsü
ilə sonradan XIX əsr Azərbaycan ədəbiyyatı tarixi
fənninin tədrisinə "realizmin tipologiyası",
"maarifçi realizm" kimi anlayışlar daxil edildi ki,
bu da ədəbiyyat tarixi kursunun daha obyektiv və mükəmməl
öyrənilməsi üçün son dərəcə qiymətli
bir yanaşma idi.
Ədəbiyyatşünas
alim kimi Bəxtiyar müəllimin ən böyük keyfiyyətlərindən
biri onun həm Şərq, həm də Qərb ədəbiyyat
nəzəriyyəsini dərindən bilməsi və öz tədqiqatlarını
bu bilgi təməli üzərində yaratmağa müvəffəq
olması idi.
Ümumiyyətlə, Bəxtiyar müəllimin
xarakterində və insani keyfiyyətlərində maraqlı
bir Şərq-Qərb uzlaşması var idi. Bu mənada, Bəxtiyar müəllimin şəxsiyyəti,
bir qədər mücərrəd görünsə də,
Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin
qovşağı olan Bakıya daha çox
oxşayırdı. Genetik baxımdan əsl
bakılı balası olan, Bakının tarix boyu
formalaşdırdığı mədəni keyfiyyətlərin
iqlimi içində yetişmiş Bəxtiyar Məmmədzadə
Avropa sivilizasiyasına da kökündən bələd idi,
yeniliklərə, müasirliyə dərindən bağlı
idi. Avropa və Şərq mədəniyyətinin
müqayisəsindən söz düşəndə zarafatla
M.F.Axundzadənin "Hekayəti-Müsyö Jordan..."
komediyasının qəhrəmanı Hatəmxan ağanın
mülahizələrini misal gətirməyi sevirdi...
Şərqə və Qərbə bələdlik onun, xüsusi olaraq, Seyid Əzim Şirvani divanının poetikası barədə apardığı tədqiqatda daha miqyaslı və qabarıq şəkildə özünü göstərir. Ümumiyyətlə, Bəxtiyar Məmmədzadənin Seyid Əzim Şirvani divanının poetikasına həsr etdiyi tədqiqatı ədəbiyyatşünaslığımızın indiyə qədər əldə etdiyi ən böyük nailiyyətlərindən biridir. Lakin təəssüflər olsun ki, bu qiymətli elmi əsərin təqdimatı Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasındakı müzakirə ilə məhdudlaşdı. Bəxtiyar müəllim qiymətli doktorluq tədqiqatını ilkin müzakirədən sonra müdafiə üçün Elmi Şuraya təqdim etmədi. O, əsəri müdafiə üçün təqdim etmiş olsa idi, heç inanmıram ki, hansısa mərhələdə kimsə ona mane olmağa cəhd göstərə bilərdi. Ancaq o vaxt mövcud olan son dərəcə qəliz prosedurlar, mürəkkəb bürokratiya maşını xarakterinə uyğun olmadığına görə Bəxtiyar müəllim başını cəncələ salmadan əsərin müdafiəsindən imtina elədi. Belə hesab edirəm ki, Bəxtiyar müəllimin doktorluq işi kimi yazdığı həmin əsərin nəşri ədəbiyyatşünaslığımız üçün, eləcə də Azərbaycan ədəbiyyatı tarixinin tədrisi üçün qiymətli bir mənbə ola bilər və bu iş bilavasitə təhsil qurumlarının nəzarəti ilə həyata keçirilməlidir. Bunu aktuallaşdıran səbəblərdən biri də budur ki, divan ədəbiyyatı poetikasının tədrisi ilə bağlı problem indi özünü daha ciddi nümayiş etdirməkdədir.
Bəxtiyar
müəllim həyatdan, öz yaxınlarından, onu sevən
tələbələrindən çox erkən
ayrıldı. Üz döndərib vaxtsız
ayrıldığı zaman isə onun xeyrinə işləyir,
aylar-illər keçdikcə Bəxtiyar müəllimin şəxsiyyətinin
miqyasları, həyatdakı və elmi mühitdəki yeri daha
aydın görünür...
Məti
OSMANOĞLU
Ədəbiyyat qəzeti.-
2018.-10 fevral.- S.25.