Hanı
Gələn dəlisin
gəzir
bəs mənim
dəlim hanı?
hamının əli göydə
bəs mənim
əlim hanı?
Gözdən kövrək
olmuşam
bəs mənim
ölüm hanı?
göz yaşlarım
dayanmır,
bəs mənim
gölüm hanı?
Düzülüb qoşa
güllər
bəs mənim
gülüm hanı?
içimdə odlanıram,
bəs mənim
külüm hanı?
Nə dəlim
üzə çıxdı,
nə ölüm
düzə çıxdı,
nə külüm
dizə çıxdı,
bəs mənim
dilim hanı?
Susqun qəm havası
Bir ay doğar
yorulan buludlar arasından,
bir Ay doğar
işıqlanar gecələr.
əllərimi, qollarımı
görərəm,
sənə gedən
yollarımı görərəm.
Qəribsəyən gecədə
yolların yanağından
tək ağlayan
qəribin
göz yaşını
silərəm,
daş qolları
qaldırıb oynayaram
içimdəki qəm havanın pəsinə,
diksinərəm lal sükutun səsinə.
Nə deyəsən
gecənin bir küncündə
için-için oynayan
bu Allah bəndəsinə...
Bir qərib
gecə
Özgə şəhərlərin
gecələrində
otaqlar qəribə
gələcək sənə.
Elə bil hansısa bir əsərdəsən.
Hər baxış
bir salam
verəcək sənə,
Baxış salamlardan yorulacaqsan.
Son günlər doğmandan eşitmədiyin
adını özündən
soruşacaqsan.
Hər addım
qapıntək döyülər
sənə,
Dayanıb baxarsan,
Ötüb gedər səs.
Qapılar üzünə baxacaq sənin.
Sənə yad otaqlar, o boz divarlar
günün bozluğunu
çıxarar üzə.
Ayağın darıxar,
izin darıxar,
içinə qısılan
səsin darıxar.
Eyvana çıxarsan
tələm-tələsik:
budur həmin
səma, həmin göy üzü.
Səni ulduz görər, Ay salamlayar
bir ayrı
baxışda, bir ayrı dildə.
Darıxıb yavaşca
geri dönərsən,
Özünə baxarsan təzə aynada
görərsən kim isə boylanır sənə.
Dözməyib keçərsən
duş otağına,
baxarsan burda da elə özgəsən.
Yükünü açarsan,
yeri açarsan,
ağappaq paltarlar
tanımaz səni,
əlini bədənə,
üzə çəkərsən
əllərin diksinər,
bədən ürpəşər.
Gecədə darıxan
bir qərib kimi
qaçmaq istəyərsən
daha özündən,
bu özgə
otaqdan, özgə gecədən.
Qəfildən astaca qapı döyülər,
Diksinib baxarsan...
Bir əlin dəstəkdə, biri açarda...
Sən qaça bilməzsən özün-özündən.
Fikirlər hissləri
yeyər gecələr,
Beləcə uzanıb
gedər gecələr
bir özgə
şəhərin tənhalığında.
Ay da bu qəribə boylanıb baxar
bu səssiz
otağın pəncərəsindən...
O əllər
Hər səhər,
hər axşam o pəncərədən
məni yola salan, mənə əl edən,
arxamca su atan, "yaxşı yol" deyən,
o əllər çağırsam gələrmi
yenə?
Üzümün sığalı
itib nə vaxtdı,
saçımın tumarı
itib nə vaxtdı,
köksümdə min qubar
bitib nə vaxtdı,
o əllər çağırsam gələrmi
yenə?
Zamanın nə fərqi, günün nə fərqi,
sevinci apardı,
vər saldı dərdi,
gedişin könlümə
bir kölgə sərdi,
o əllər çağırsam gələrmi
yenə?
Əlimə əl dəyər, üzə qan gələr,
dil açıb
danışar, cana can
gələr,
məni yuxulardan
oyadan gələr,
çağırsam gələrmi
o əllər yenə,
ömrümü bəzərmi
o əllər yenə?..
Bu da
tale havası
Bu da tale havası...
Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
İçimizdə sevinc var,
tənhalıq,
darıxmaq var,
ayrılıq var,
ölüm var...
Əlimizə gələnlər
əllərdə durmur daha,
satılan ucuz olur
alınan min qat baha.
Dərd durub özü gəlir
üstümə aram-aram.
Deyir unutmam səni,
səninlə hər
an varam.
Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
Bu da tale havası...
Ağrıların bir
öpüşlə bitən
vaxtıydı
Ağrıların bir öpüşlə bitən
vaxtıydı...
Nə qayğı
bilirdik nədir,
nə itki.
Yaxşı vaxtlar idi.
Gecələrin sakit vaxtlarıydı.
Başımızı qoyan kimi yatardıq.
Biz gecələr
gül yuxuya batardıq.
Dərdimiz uşaqlıq dərdi idi.
Ötəri bir dərd.
Qalan hər şey gözəl idi.
Sən də vardın,
Mən də,
O da,
Onlar da.
İndi o onların çoxu yoxdu.
Elə o öpüşlər də.
İndiki öpüşlər
uzaqdan gəlir:
əl öpüşləri,
səs öpüşləri,
gül öpüşləri...
yalançı öpüşlər.
Zaman Bermud üçbucağıtək
xoş olan nə vardısa
hamısını uddu
qaranlığında.
Sevincin dili,
gülüşün səsi,
xoşbəxtliyin dadı
getdi.
Adı itdi.
İndiki ağrıları öpüşlər
götürə bilmir.
İndiki ağrıları öpüşlər
itirə bilmir.
Yaxşı vaxtlar idi.
Hər şey tər-təmiz.
Hava da,
səma da,
münasibətlər də,
sevgi də...
Ağrıların bir öpüşlə bitən vaxtıydı.
Gümanların gül vuran vədəsiydi...
O yerlərdə
bir kənd var
O yerlərdə bir kənd var,
bizi xatırladacaq
kənd.
O yerlərdə bir ev var,
bizi xatırladacaq
ev,
o yerlərdə bir açıq qapı var
bizi ötürən
qapı,
bizi itirən
qapı.
o yerlərdə bir pəncərə var
yolumuzu gözləyən
pəncərə.
o yerlərdə
təpənin döşündən
bir yol gedir,
bizi aparan yol,
bizi bizdən
qoparan yol.
o yerlərdə...
o yerlərdə...
o yerlər dağım-dağımdı,
o yerlər göz dağımdı.
yolları burma-burmadı,
minalardan sapıb
gedən
yolları qırma-qırmadı.
düyünlənib düyün-düyün,
mənə deyir:
"Gəl, aç yolların düyünün,
düyündə boğulur
yollar,
addım izləriylə
təzədən doğulur
yollar.
izlərsiz yox olur,
üzülür yollar."
Ot basmış
yolları
dərədən keçən,
qapısı çərçivəsiz,
pəncərəsi şüşəsiz
bir kənd
vardı o yerlərdə.
Bizi vətəndaş
edən kənd...
Harada qalmısan
Külək dağıdardı
meşənin telin,
yarpaqlar gizlincə
öpüşərdilər,
sən baxıb
üzümə gülümsəyərdin,
bilərdim, bilərdim,
nə istəyərdin.
Arabir görünən
Aydan utanıb
qoluma girərdin,
üzüaşağı
gedərdik hardasa bir gizlin yerdə
dünyanın qəmindən
uzaqlaşardıq...
Külək tellərini
daraqlayardı,
külək məni
yaman qabaqlayardı.
Mən səni
köksümə sıxardım
ki, bəs,
külək tellərini
daraqlamasın,
yanımda o səni
qucaqlamasın.
İndisə küləkdən
yan qaçıram ki,
ötən günlərimi
varaqlamasın,
çatıb məndən
səni soraqlamasın.
Meşə həmin
meşə, çəmən
o çəmən...
yenə yavaş-yavaş
əsəcək külək,
atılan püşklərin
o tərs üzütək,
indi zamanımı
günahkar bilək?!
O Ay da gizlənib, yağacaq yağış,
ağac görən
kimə çətirin
salmış?
Hardan yağdırıldı
üstünə qarğış,
sən harda qalmısan, a tənha qalmış?!
O axşam qaranlıq ayırdı bizi,
qaranlıq gecədə
işığa düşmüş
gözlərtək görmədik
bir-birimizi.
Sən ayrı,
mən ayrı, bu tək dünyada,
harada
qalmısan, indi harada?
Rəfail Tağızadə
Ədəbiyyat
qəzeti.- 2018.- 10 fevral.- S.29.